Azərbaycan yazıçıları
Kırşehir bələdiyyə başqanı ilə
görüşüblər
Xəbər verdiyimiz kimi, mayın 23-də Türkiyədə
Kırşehir Kitab Sərgisi açılıb. Kırşəhər Kitab günlərində Azərbaycanı şair və yazıçıları
da iştirak edirlər.
Mayın 24-də Azərbaycan nümayəndə
heyətinin Kırşehir
bələdiyyə başqanı
Yaşar Bahçeçi
ilə görüşü
baş tutub.
Bələdiyyə başqanı Kırşehirlilərin
kitab sərgisinə marağından danışıb,
ilk dəfə təşkil
olunan bu kitab bayramının hər il
keçiriləcəyini, həmçinin,
Azərbaycan yazıçılarının
kitablarının burda
təqdim olunmasının
ədəbi əlaqələrin
qurulması baxımından
faydalı olduğunu söyləyib.
Azərbaycan Yazıçılar Birliyinin
(AYB) və Türkdilli
Ölkələr Yazarlar
Birliyinin rəhbəri,
Xalq yazıçısı
Anar Azərbaycan miniatürləri əks olunmuş hədiyyəni bələdiyyə başqanına
təqdim edib.
Söhbət əsnasında Kırşehir
ziyalıları, yazıçıları
ilə Azərbaycan yazıçılarının birgə tədbirlərinin
Bakıda və Kırşehirdə görüşləri
planlaşdırılıb.
Görüşdən sonra yazıçı-tərcüməçi İmdat Avşarın moderatorluğu ilə
"Azərbaycan ədəbiyyatında
nəsillərarası əlaqələr"
mövzusunda Xalq yazıçısı Anarın,
AYB katibi, "525-ci qəzet"in
baş redaktoru Rəşad Məcidin və yazıçı Pərvinin iştirakı ilə müzakirələr
olub.
Azərbaycan yazıçılarını oxuculara təqdim edən İmdat Avşar ədəbiyyatın
sərhədlər tanımamasını
söyləyib, eyni zamanda, hər bir qələm adamı üçün özündən əvvəlki
nəsli öyrənməyin
vacib olduğunu diqqətə çatdırıb,
Azərbaycan ədəbiyyatından
etdiyi tərcümələrdən
danışıb:
"Azərbaycan ədəbiyyatının
bir çox incilərini türkcəyə
çevirmişəm. Mirzə
Fətəli Axundzadənin,
Mirzə Cəlilin, Rəsul Rzanın, Nigar Rəfibəylinin, Mövlud Süleymanlının,
Anarın, Rəşad
Məcidin, gənc yazıçılardan Günel
Anarqızının, Pərvinin
və başqalarının
kitablarını tərcümə
edəndə unudulmaz hisslər keçirmişəm.
Bu gün bu
yazıçılardan üçü
sizlərin görüşünə
gəlib. Bu, burada iştirak edən tələbələr,
gənclər üçün
xüsusi fürsətdir".
Sonra Anar Azərbaycan və türk ədəbiyyatı
haqqında geniş çıxış edib. Ortaq türk abidəsi olan "Kitabi-Dədə Qorqud" dastanının
bədii özəlliklərindən
danışıb:
"Bunu hər zaman
söyləyirəm ki,
türk dünyasında
ingilislərin Şekspiri
səviyyəsində dramaturq,
ispanların Servantesi,
fransızların Balzakı,
rusların Tolstoyu, Dostoyevskisi səviyyəsində
romançılar yoxdur,
amma bu saydığım
millətlərin heç
birində “Kitabi Dədə Qorqud” möhtəşəmliyində ədəbi abidə yoxdur".
Daha sonra Rəşad Məcid 60-cı illər Azərbaycan nəsrinin sonrakı nəsilə təsirindən söz açıb:
"Bilirsiz ki, Sovetlər dönəmində
ədəbiyyat da ideologiyaya xidmət edirdi. Amma 60-cı illərdə mülayimləşmə dövründə
yeni ədəbiyyat yarandı, Anar müəllim də həmin ədəbi nəsilə aiddir. Bizim və bizdən sonrakı nəsillərin
tərbiyəsində məhz
60-cıların xidməti danılmazdır".
Pərvin
çağdaş Azərbaycan
ədəbi gəncliyinin
əvvəlki nəsillərlə
əlaqələrindən danışıb:
"Azərbaycan Yazıçılar
Birliyində gənclər
üçün fəaliyyət
göstərən ədəbi
məktəblər bizə
son dərəcə faydalı
olub. Burda keçirilən görüşlərin gənclərin
ədəbi bilgilərinin
artırılmasında, yazı
vərdişlərinin itilənməsində
xüsusu rolu var".
Sonra yazıçılar oxucuların suallarını cavablandırıb, Anar "Yaşamaq haqqı", Rəşad Məcid "Bir daha gəlməyəcək", Pərvin "Balerin" kitablarını oxucular üçün imzalayıblar.
Kitab günləri çərçivəsində unudulmaz, oxucular üçün xüsusi maraqlı görüşlərdən biri də əslən Kırşehirli yazıçı İmdat Avşarın "Ədəbiyyatda çöl" mövzusunda görüşü olub.
İmdat Avşar "Çiydəmləri solan Bozqır", "Soyuq röya" kitablarını oxuculara təqdim edib, əsərlərinin yazılma tarixçələrindən danışıb:
"Mənim əsərlərimin qəhrəmanları Kırşehirdə küçələrdə dolaşan, hamınızın gündəlik gördüyünüz, bir az fərqli, bir az qəribə adamlardır. Məqsədim insan mənzərələrini yumorla yumşaldaraq oxucuya çatdırmaqdır".
İ.Avşarın qarşılaşdığı fərqli adamlar barədə gülməli əhvalatlar danışması kırşehirlilərin xüsusi coşqusuyla qarşılanıb.
Sonra yazıçı
oxucularla polemikalar edib, kitablarını imzalayıb.
NƏZRİN
525-ci qəzet.- 2016.- 26 may.- S.7.