Ədəbiyyatımızın - mənəvi
həyatımızın bölgələrdəki mənzərəsi
Ədəbiyyat - söz sənəti zaman və məkan
hüdudlarına sığmayan, əsrlər və nəsillər
sınağından keçən, hər hansı xalqın mənəvi
həyatının yol yoldaşı olan milli sərvətdir.
Dünya xəritəsində bir bənövşə
yarpağı qədər yeri olan Azərbaycan bəşər
mədəniyyəti tarixinə elə sənətkarlar-söz
ustaları bəxş etmişdir ki, onların
yaratdıqları əsərlər bu gün də Şərqin
və Qərbin bədii idrak sərhədlərini
dolaşmaqdadır. Qətran Təbrizi, Xətib Təbrizi, Xaqani Şirvani,
Nəsimi Şirvani, Məhsəti Gəncəvi, Nizami Gəncəvi,
Füzuli Bağdadi...
Təbriz,
Gəncə, Bağdad, Şirvan adları ilə təmsil
olunan Azərbaycan ədəbiyyatı ayrı-ayrı mədəniyyət
mərkəzlərinin - ədəbi regionların çevrəsində
yaranmış, dünya mədəniyyətinə də ilkin
olaraq elə bu ərazilərin adları ilə daxil
olmuşlar. Lakin bu ədəbi məkanları
bütünlükdə özündə birləşdirən
böyük-ulu bir məkan var ki, o da tarix boyu ərazilərinin
çox hissəsini itirsə də, dünya mədəniyyəti
çevrəsində həmişə öncül
mövqeyini hifz edən Azərbaycan və onun mədəni sərvətləridir.
Ona görə də bizdə ayrıca Gəngə ədəbiyyatı,
ayrıca Şirvan ədəbiyyatı, ayrıca Təbriz ədəbiyyatı,
ayrıca Naxçıvan ədəbiyyatı, ayrıca Quba ədəbiyyatı
deyilən anlayış yoxdur, o taylı-bu taylı vahid Azərbaycan
ədəbiyyatı reallığı var. Kiçik
çaylar böyük çaylara, o böyük çaylar
da dənizə qovuşduqları kimi, bölgələrdə
yaranan ədəbiyyat da böyük Azərbaycan ədəbiyyatının
tərkib hissəsinə çevrilir. Amma təbiətin
pozulmaz bir qanunu var: ən dərin dəryalar öz mənbəyini
çaylardan götürür, meşələr, ormanlar ayrı-ayrı
ağacların, bitki örtüyünün, quşların,
heyvanların vəhdətini özündə əks etdirir,
bunların biri olmazsa, ekoloji faciə baş verər.
Çayları qorumaq, ağacları, quşları hifz
eləmək lazımdır ki, dəniz qurumasın, meşə
gözəlliyini itirməsin.
Ədəbiyyata da bu meyarla yanaşsaq, bölgələrdə
yaranan ədəbiyyatı, bu ədəbi nümunələri
meydana gətirən yazarları unutmaq olmaz, çünki ədəbiyyat
təkcə qaynar ədəbi mühit olan Bakıda
yaranmır, həm də bölgələrdə yaranır. Məlumat
üçün deyim ki, Azərbaycan Yazıçılar
Birliyinin ayrı-ayrı bölgələrdə və həmçinin
Azərbaycandan kənarda iyirmiyə yaxın bölməsi fəaliyyət
göstərir. Naxçıvan, Gəncə,
Qarabağ, Qazax, Lənkəran, Şəki, Quba, Aran, Mingəçevir,
Sumqayıt, Şirvan, Şamaxı, Muğan, Beyləqan - bu
bölmələr ayrı-ayrı rayonlarda yaşayıb-yaradan
ədəbi qüvvələrin yaradıcılıq səylərini
bir araya gətirir, ədəbi həyatın bölgələrdə
reallığını təmin edir. Bundan
başqa Yazıçılar Birliyinin Gürcüstanda,
Moskvada, İstanbulda və Pribaltikada da bölmələri fəaliyyət
göstərir və bu faktın özü də son dərəcə
əhəmiyyətlidir. Çünki Azərbaycan
hüdudlarından kənarda da hansı dildə
yazılmasından asılı olmayaraq milli-mənəvi dəyərlərimizi
yaşadan ədəbiyyat mövcuddur. Daha bir faktı da
qeyd etməyi lazım bilirəm - Azərbaycan
Yazıçılar Birliyində uzun illərdir Cənubi Azərbaycan
ədəbiyyatı şöbəsi fəaliyyət göstərir
ki, böyük Azərbaycan ədəbiyyatının iki
ayrılmaz qolunu -Cənubu və Şimalı bir məcraya
qovuşdurur.
Sənətin əsas qanunlarından biri və bəlkə
də birincisi istedad amili ilə bağlıdır. İstedad elə bir mayeyi-cövhərdir
ki, o, fitri qabiliyyətlə zəhmətin vəhdətindən
yaranır, Abdulla Şaiqin təbirincə desək:
"Dünyada istedad, hər böyük hünər, daima vərdişlə
inkişaf edər". Mehdi Hüseyn bir məqaləsində
yazırdı ki: "Ancaq Səməd Vurğunun bir
misrasını yazmaq üçün gərək onun kimi
nadir bir istedad olasan". Və istedad
üçün məkan məfhumu şərti məna
daşıyır. Dahi Nizami Gəncəvi dünya ədəbiyyatının
nadir incisi olan "Xəmsə"ni
kiçik bir məkanda-kənddə qələmə
almamışdımı? Nobel
mükafatçısı Mixail Şoloxov ömrü boyu
doğulduğu stanitsada yaşadı. Yəni
böyük istedadlar üçün harada-kənddə ya
şəhərdə qərar tutmaları elə bir əhəmiyyət
daşımır.
Məsələyə
bu yönümdən yanaşanda Azərbaycanın
ayrı-ayrı bölgələrində yazıb-yaradan, lakin
təkcə yaşadıqları məkanda deyil, bütün
ölkədə tanınan, sevilən istedadlı yazarlar az deyil. Musa Yaqub (İsmayıllı), Asim
Yadigar, Yavuz Axundlu, Hüseyn Həşimli, Rəhilə
Elçin, Qafar Qərib, Xanəli Kərimli, İbrahim
Yusifoğlu, Hüseyn Bağıroğlu (Naxçıvan), Qərib
Mehdi, Xəzangül, Bahadur Fərman (Gəncə), İltifat
Saleh, Tərlan Əbilov, Anar Həbiboğlu, Ağamir Cavad (Lənkəran),
Barat Vüsal, Saqif Qaratorpaq, Məhəmməd Astanbəyli
(Qazax), Vaqif Aslan, Qoca Xalid (Şəki), Böyükxan
Bağırlı, Əlirza Həsrət, Ədalət Salman,
Əlizadə Nuri (Cəlilabad), Məmməd Kazım, Arif Fərzəli
(Masallı), İsmayıl İmanzadə, Elşən Əzim
(Mingəçevir), Ramiz Qusarçaylı, Zakir Məmməd
(Quba), Məzahir Hüseynzadə (Şəmkir), Sabir Sarvan,
Əşrəf Veysəlli, Zirəddin Qafarlı, Əyyub
Qiyas, Ofeliya Babayeva, Məmməd İlqar, İbrahim
İlyaslı, Rafiq Oday, Gülnarə Cəmaləddin
(Sumqayıt), Nisə Bəyim (Sabirabad), Mirdaməd Əziz
(Ağdaş), Ağasəfa Yəhyayev (Xızı), Aydın
Tağıyev, Novruz Nəcəfoğlu, Aybəniz Əliyar
(Şabran), Qədiməli Əhməd (Lerik), Məmməd Qədir
(Xaçmaz), İsa Sevər (Bərdə), Valeh Bahaduroğlu
(İmişli), Aslan Quliyev, Sakit İlkin (Yardımlı), Tofiq
Hüseyn (Şirvan), Rafiq Hümmət, Səməd
Qaraçöp (Gürcüstan), Tofiq Məlikli, Nəsib Nəsibzadə,
Afaq Şıxlı (Moskva) ...
adlarını çəkdiyim bu müəlliflərin əksəriyyəti
müasir ədəbi prosesdə fəal iştirak edirlər. Musa Yaqub İsmayıllıda-Buynuz kəndində
müasir Azərbaycan poeziyasının ən gözəl
incilərini yaratmaqda davam edir.
Görəsən,
mən niyə tənhayam, təkəm,
Mən gərək
yanımda bir ağac əkəm;
Əllərim
isinsin budaqlarıyla,
Silim gözlərimi yarpaqlarıyla.
Müasir
Azərbaycan poeziyasında təbiət lirikasının
oynadığı rol, tutduğu mövqe gün kimi
aydındır: təbiəti sevmək, onun
qayğısına qalmaq, ekoloji fəlakətlərdən
qorumaq, insanla təbiətin ünsiyyətinə, birliyinə
nail olmaq! Axı, təbiət mehriban bir
anadır, öz sərvətlərini insandan əsirgəmir.
Təbiət-həm də tarixdir, insanın,
onun əcdadının keçib gəldiyi yolu təbiət qədər
özündə əks etdirən bir güzgü varmı?
"Mənəvi həssaslıq, əxlaqi
kamillik, sədaqət, hünər, cəngavərlik hisslərinin
tərbiyəsində təbiət poeziyaya müharibədən
az mövzu vermir. Məhz təbiət
meyarının sınağında insanın təbiiliyi və
gözəlliyi bütün həqiqiliyilə üzə
çıxır" (Yaşar Qarayev).
Bölgələrdə
XIX əsrin ədəbi məclislərinin ənənələrini
davam etdirən ədəbi birliklərin - Qubada "Ay
işığı"nın, Sumqayıtda "Əli Kərim
poeziya klubu"nun, "Zərif qadınlar məclisi"nin, Cəlilabadda
"Söz işığı"nın illərdən bəri
davam edən toplanışları bir daha sübut edir ki,
bölgələrdə ədəbi həyat səngiməmişdir.
Bunu bir də onunla izah etmək olar ki,
vaxtaşırı olaraq bölgələrin ədəbi həyatını
canlandıran toplular nəşr olunur. Xaçmaz ədəbi
mühitini əks etdirən "Duyğu yarpaqları"
kitabı nəşr edilib. Qubada"Ay
işığı" ədəbi məclisinin
yaradıcılığı artıq iki kitabda öz əksini
tapmışdır. İsmayıllıda
yaşayan şair və nasirlərin "Dağ çiçəkləri"
ədəbi toplusu çap olunub. Lənkəranda
yaşayan ədəbi qüvvələrin "Ömürdən
yarpaqlar" toplusu hər beş ildən
bir işıq üzü görür. Masallıların
"Masallının söz çələngi",
ucarlıların "Həbibiyurdunun nəğmələri",
yardımlıların "Dağların söz xəzinəsi",
qubadlıların "20 il Qubadlı həsrəti ilə",
laçınlıların "Laçın
antologiyası", leriklilərin "Lerikin söz ətri"
topluları bölgələrin ədəbi həyatı barədə
mükəmməl təəssürat yaradır. Cəlilabadın Alar kəndində iyirmidən
artıq yazarın yaradıcılığını əks
etdirən ona yaxın kitabın çap olunmasını da
buraya əlavə etsək, bu ədəbi mənzərənin
necə xoş bir təəssürat yaratdığını
söyləmək olar. Şair Əkbər
Qoşalının layihəsi ilə "Bölgələrdən
səslər" adlı toplu da nəşr edilib ki, burada
bölgələrdə yaşayan gənc şair və nasirlərin
şeir və nəsr nümunələrindən seçmələr
təqdim edilir.
Yeri gəlmişkən
qeyd edim ki, bəzi bölgələrdə, məsələn,
Naxçıvanda və Lənkəranda ədəbi
jurnalların nəşri də az əhəmiyyət
daşımır. Nəhayət, belə bir
faktı da qeyd edim ki, son illərdə Azəırbaycanın
ayrı-ayrı bölgələrinin ədəbi həyatı
elmi tədqiqat əsərlərində də öz əksini
tapır. Akademik İsa Həbibbəylinin
"Naxçıvandan Naxçıvana" 850 səhifəlik
monoqrafik tədqiqatında 200 səhifə - böyük bir fəsil
Naxçıvan ədəbi mühitinə həsr
olunmuşdur. Bu sırada İlham Məmmədlinin
"Kəlbəcər ədəbi mühiti",
Mirhaşım Talışlının
"Fövcül-füsəha" ədəbi məclisi",
Kamil Adışirinovun "XX əsr Şəki ədəbi-mədəni
mühiti" tədqiqatları son dərəcə əhəmiyyətlidir.
Əlbəttə,
ədəbiyyatda əsas məsələ
yaradıcılıqdır, istər qaynar Bakı mühiti
olsun, istərsə də bölgələrdə yaşanan ədəbi
həyat, əsas odur ki, kim nə yazır,
necə yazır və ədəbiyyatımızı zənginləşdirən
əsərlər yaranırmı? Mən burada
bölgələrdə yaşayan bütün yazarların
yaradıcılığını əhatə edə bilmərəm,
janrlar üzrə də təsnifat aparmaq fikrində deyiləm,
lakin ədəbi -tənqidi yazılarda adları unudulan
yazarların bir neçəsi haqqında söz açmaq istərdim.
Sumqayıtda yaşayan Əşrəf Veysəlli ədəbiyyata
60-cı illərdə gəlib, ancaq kifayət qədər təbliğ
olunmayıb. "Kirpiyimlə ocaq çatıb, od
götürürəm, Deyilməli bir kəlməni deyənə
kimi"- bu misralar təsadüfi qələmə
alınmayıb və doğrudan da, o, əlli ildən
artıqdır ki, sözün əzabına dözə-dözə
yazır. Yolu ənənəvi şeir
yoludur. Bu yolda onun bir müəllim kimi qəbul etdiyi və
təsirləndiyi şairlər olub: B.Vahabzadə, X.Rza, Qabil,
M.Araz, H.Arif, S.Tahir. Amma Ə.Veysəlli elə
ilk şeirlərindən özü olmağa
çalışıb. Mən onun
Qarabağ həsrəti ilə bağlı şeirləri
üzərində dayanmaq istəyirəm.
...Dünyanın
özündən əzəl Qarabağ,
Düşmən
tapdağında xəzəl Qarabağ.
Gözəl sözündən də
gözəl Qarabağ,
Yanır, tüstülənir,
uçur, göynəyir.
... Ay
Əşrəf, taleyim hey döyür məni,
Dağılmış bir səhman gözləyir məni.
Atamın
məzarı səsləyir məni,
Mənimçün burnunun ucu göynəyir.
Başqa
bir şeirində:
Gözəl
Qarabağın acı həsrəti,
Ömrümü talayır, könlümü didir.
Orda
uşaqlığım əsirlikdədir,
Burda qocalığım xəcalət çəkir.
Çoxları elə fikirləşir ki, indii "yeni
şeir" axtarışlarında poeziyamızda əsrlər
boyu yaranan bir çox yaşarı ənənələrdən
üzülüşmək vaxtıdır. Onların
fikrincə, "yeni şeir" mütləq dərəcədə
"modern" olmalıdır və bu tipli şeirlər isə
müasir dövrün qloballaşma səviyyəsinə
uyğunlaşdırılmalıdır. Yəni Azərbaycan
şeiri Avropa şeirinin dəbdə olan "izmləri"
ilə "zənginləşməlidir". Təbii
ki, hər hansı milli poeziya dünya poeziyasında baş verən
yeniliklərə biganə qalmamalıdır, lakin əsas
özül milli şeirin yaşarı ənənələri
və ən başlıcası, özünün novatorluq,
yenilikçilik meylləridir. Kənardan, dəb
xatirinə Azərbaycan poeziyasının "ərazisində"
əkilən hər hansı "izm" ağacı bar verməz
və biz bunu poeziyamızın tarixi boyu müşahidə
etmişik. Lənkərandan (çox təəssüf
ki, artıq mərhum!) Anar Həbiboğlunun bir
şeirindən bu iki bəndə diqqət yetirin:
Bəmbəyaz
qar yağdı, bürüdü kəndi,
Ac quşlar torpaqda qaraltı gəzir.
Hardasa
quşbeyin qızlara indi,
Dən səpir hansısa xırman yiyəsi.
Ac
quşlar, qar sizi sevindirmədi,
Mən də sevinmirəm builki qara.
Gözümün
nurunu taxıl eylədim,
Əkdim
buğda-buğda ağ varaqlara.
Bu, sırf Azərbaycan şeiridir, misralara bir zərrəcik
də yad nəfəs qatılmayıb. Həm də
obrazlı şeirdir.
Siz intihar edən qar dənəciyi
görmüsünüzmü? Əvvəla, bunun
özü obrazlı bir ifadədir. Şeirin
müəllifi Gülnarə Cəmaləddindir (Sumqayıt).
Qadın yazarlar arasında özünəməxsus
fərdi deyim tərzi ilə seçilir. Gülnarənin
həmin şeirində bir qar dənəciyi yer üzünə
özünü atıp ki, onu çirkabdan təmizləsin,
dünyaya bir saflıq yaysın. Amma qar dənəciyinin
ömrü nə qədərmiş ki? Doğrudanmı
onun ölümü - "intiharı" insanları
müdhiş olan ölüm barədə düşünməyə
sövq edir?
İntihar
eləyən qar dənəciyi,
Çırpırsan özünü torpağa, suya.
Qorxuram
hamını çəkə intihar,
Dünyada
bir təmiz adam qalmaya.
Bu da təmiz Azərbaycan şeiridir. Milli poetik ənənələrimizlə
bağlı daha iki şairdən qısaca söz açmaq
istəyirəm. Elşən Əzimdən (Mingəçevir; əslən kəlbəcərli)
və Hüseyn Bağıroğlundan (Naxçıvan). Bu iki şairin şeirlərində bir-birinə
doğma, məhrəm duyğular gördüm. Bu doğmalıq nə eyni mövzuda, nə eyni vəzndə,
nə də eyni şeir formasında yazdıqları şeirlərdədir.
Yox, mətləb tamam ayrıdır. Mətləb ondadır ki, onların hər ikisi
dilimizin gözəlliyini, zərifliyini,
obrazlılığını yaşadırlar.Sadə
yazırlar, amma bu sadəlikdə primitivlik, bəsitlik nəzərə
çarpmır. Şeirdə fikirlə
hissin, ürəklə ağlın vəhdəti yaranırsa,
deyirik ki, səslərdən sözlərə, sözlərdən
şeirə, şeirdən poeziyaya gedən yolun başlanğıcı
da, sonu da budur. Sonra gəlir o şeirin oxucuda
oyatdığı emosional hiss və duyğular.
Bir dəryadan
üzüb keçdim,
Batdığım günaha qədər.
Tamahın
içindən keçdim,
Diş
altdan iştaha qədər...
Bir
olanı bir istərəm,
Pir
olanı pir istərəm,
Elşənə
ömür istərəm,
Ölümdən Allaha qədər.
Elşən Əzimin bu şeirində ömrün on iki
misraya sığışan keçmişi və bu
günü öz əksini tapır. "Ölümdən
Allaha qədər" gedən yol isə sufiyanə
düşüncə tərzinin ən sadə modelidir. Elşən Əzimin şeirlərində kifayət
qədər poetik yükü ilə seçilən nümunələr
var və deyim ki, bu şeirlərdə qətiyyən əllaməçilik,
sözlə "oyun oynamaq" iddiası yoxdur.
Hər təzə şair və hər təzə
şeirlə tanışlıq oxucu üçün gözlənilməz
bir hadisə təsiri bağışlayar. Bu
tanışlıq ani deyilsə, sonralar da davam edirsə, deməli,
yeni bir şair doğulur oxucu üçün.Dünyadakı
bütün mövzular tükənmiş kimidir; daha nədən
yazasan ki? Amma ŞAİR üçün
işlənmiş mövzu anlayışı yoxdu.
Hüseyn Bağıroğlunun şeirlərində də
hamımızın tanış olduğu
mövzularla qarşılaşırıq.Məsələn,
ilin payız fəsli haqqında nə qədər
yazarlar...
Təbii ki, payızdan yazılan hər şeir də
ŞEİR deyil. Hüseynin təsvir etdiyi payız isə
təzə boyalarla diqqəti cəlb edir.
Həsrətin
boynuma elə sarılar,
Sinəmdən qılınctək bir ah sıyrılar.
Mənim
gözlərimin kökü saralar,
Ağacların yarpaqları payızda.
Əslində, burada əsl payızdan deyil, qəlbin,
hisslərin, duyğuların payızından söhbət
gedir. Əlbəttə, Elşən Əzimin də,
Hüseyn Bağıroğlunun da şeirlərində zəif
nöqtələr tapmaq olar. Amma məsələ
burasındadır ki, onlar şeirə - Füzuli demişkən:
bu "xirəndməndlər sənətinə" məsuliyyətlə
yanaşırlar. Mən bölgələrdə yaşayan Məmməd
İlqarın, Sabir Sarvanın, Tərlan Əbilovun, Nisə Bəyimin,
Asim Yadigarın, Arif Fərzəlinin, Zakir Məmmədin,
Əlizadə Nurinin, Məhəmməd Astanbəylinin, Bahadur
Fərmanın şeirlərindən də beləcə
misallar gətirə bilərəm. Xalq
yazıçısı Elçinin Qazaxda yaşayan Məhəmməd
Astanbəylinin şeirləri haqqında ayrıca məqalə
yazması,digər müəlliflərin Məmməd
İlqarın, Sabir Sarvanın, Tərlan Əbilovun, Nisə Bəyimin
şeirləri barədə mətbuatda çap olunan təqdiredici
məqalələr yazıldığından bu xüsusda
söhbəti uzatmaq istəmirəm.
Bölgələrdə
yaşayıb-yaradan yazarlar arasında Qərib Mehdi, Aslan
Quliyev, Aydın Tağıyev, Novruz Nəcəfoğlu,
Əyyub Qiyas kimi tanınmış nasirlər də var. Oxucular
Qərib Mehdinin "Rast", "Ucalan dağlar", "Təmiz
hava", "Müsabiqə" və s.povest və
romanları ilə tanışdırlar, son illərdə də
bu 80 yaşlı sənətkar yorulmaq bilmir. "Azərbaycan"
jurnalında Qəribin "Skripka üçün mi simi"
adlı maraqlı bir povesti ilə tanış
olduq.
Şabranda yaşayan Aydın Tağıyev də
müasir nəsrimizdə istedadlı bir hekayəçi kimi
diqqəti cəlb edir. Aydın kiçik şəhərin
yetirdiyi, amma istedadı və bacarığı ilə bu
kiçik şəhərin hüdudlarından kənarda
tanınan, sevilən nasirdir. Onun hekayələri
çox vaxt 2-3 səhifədən ibarət olur, amma bu hekayələr
son dərəcə maraqlıdır, psixoloji anların təsviri,
mahiyyətə, alt qata enmək məharəti, dilinin, təhkiyə
tərzinin təzəliyi onun özünəməxsus
üslubunu səciyyələndirir.
Əyyub Qiyas (Sumqayıt) və Aslan Quliyev (Yardımlı)
müasir nəsrimizdə bir romançı kimi
tanınırlar. Əyyubun "Qara işıq",
"Sonuncu büt" və "Köpək
bürcü" romanları çap olunub və bu romanlarda
artıq püxtələşmə hiss edilir. Eyni fikri Aslan Quliyevin "Yazıçının
savaşı", "Payız" romanları haqqında da
söyləyə bilərik. Yeri gəlmişkən deyim
ki, bugünkü roman bolluğunda seçilmək,
özünü bir romançı kimi təsdiq etmək
çətindir, hamı roman yazmağa girişib və ortada
nə "Qətl günü", nə "Mahmud və Məryəm",
nə "Fətəli fəthi", nə də
"Dünyanın arşını" səviyyəsində
roman görünmür.
"Bölgələrdə
ədəbi həyat" mövzusunda bu qeydlərimi başa
çatdırarkən bir daha vurğulamaq istəyirəm ki,
Azərbaycan ədəbiyyatının inkişafında
bölgələrdə yaşayan yazarların da rolu var və
gəlin, onları unutmayaq...
Vaqif YUSİFLİ
Filologiya elmləri doktoru
525-ci qəzet.- 2016.- 26 may.- S.6.