Eynəli bəy Sultanovun "Hekayələr"
kitabı haqqında qeydlər
Naxçıvanın yetirdiyi görkəmli ziyalılar
sırasında Eynəli bəy Sultanovun da diqqətəlayiq
mövqeyi var.
O,
çoxşaxəli yaradıcılıq fəaliyyəti ilə
xalqımızın ədəbi-mədəni tərəqqisinə
layiqli xidmət göstərib. 5 may 1866-cı ildə
dünyaya gələn maarifçi-ziyalının şəxsiyyətinə
hörmət və ehtiram nümunəsi olan, onun irsinin hərtərəfli
şəkildə öyrənilməsi və təbliğ
olunması məqsədi ilə Naxçıvan Muxtar
Respublikası Ali Məclisi Sədrinin 15 fevral 2016-cı il tarixdə
imzaladığı "Eynəli bəy Sultanovun 150 illik
yubileyinin keçirilməsi haqqında" Sərəncam da
bu baxımdan böyük əhəmiyyət
daşıyır.
69 illik
ömrünün 27 ilindən çoxunu anadan olduğu
doğma Naxçıvanda, qısa bir müddətini isə
Qars və İrəvanda keçirən Eynəli bəy
Sultanov (1866-1935) 1908-ci ildən etibarən düz 32 il o vaxt
Qafqazın mədəniyyət mərkəzi hesab olunan Tiflis
şəhərində yaşayıb,
yaradıcılığını davam etdirib.
E.Sultanov hələ Naxçıvanda
yaşadığı illərdə - XIX əsrin sonları,
XX əsrin ilk illərində yazıçı-publisist kimi
tanınırdı. O öz hekayələrinin əksəriyyətini Tiflisdə
yaşadığı dövrdə yazmışdır.
Yazıçının sağlığında bu hekayələrin
bir qismi o dövrün "Novoye obozreniye", "Dan
yıldızı", "Yeni yol", "Yeni fikir" kimi
mətbuat orqanlarında dərc olunmuş, "Seyidlər"
hekayəsi 1926-cı ildə Tiflisdə ayrıca kitab şəklində
çap edilmişdir. Vəfatından 31 il
keçəndən sonra -1966-cı ildə filologiya elmləri
namizədi, dosent İzzət Maqsudovun tərtibi ilə
Bakıda "Azərnəşr" tərəfindən
"Seçilmiş hekayələri" (12 hekayə)
çap edilmişdir. Bəlkə də
çoxlarına bəlli deyil ki, əsərlərinin toplu
halında çap edilməsinin ilk təşəbbüskarı
elə müəllifin - E.Sultanovun özü olmuşdur.
E.Sultanovun ədəbi irsi ilə bağlı bir məqaləsində
Mərhum tədqiqatçı şair Müzəffər Nəsirlinin
"Cəlil Məmmədquluzadənin dostu və qələm
yoldaşı" adlı məqaləsində verdiyi məlumata
görə o (Eynəli bəy Sultanov), əsərlərini
öz müqəddiməsi ilə 437 səhifəlik kitab
şəklində çapa hazırlayıbmış. Bu məlumatı təsdiq edən dosent
İ.Maqsudovun öz namizədlik dissertasiyasında yazır ki,
"ədibin əsərlərini sonradan - 1937-ci ildə
oğlu Çölü qaydaya salmış, “Azərnəşr”ə
təqdim etmiş, lakin məlum olmayan səbəblərə
görə yazıçının əsərləri nəşr
edilib oxuculara çatdırılmamışdır".
Şübhəsiz ki, həmin təşəbbüs
1937-ci ilin repressiyasının mənəvi qurbanlarından
biri olmuşdur.
Ədibin
hekayələrinin 1966-cı il nəşrindən 50 il sonra
Eynəli bəy Sultanovun folklorşünaslıq irsini
araşdıran gənc tədqiqatçı, AMEA
Naxçıvan Bölməsinin elmi işçisi Elxan
Yurdoğlu - Məmmədov yenidən bu məsələnin
üzərinə qayıtmış, yazıçının
vaxtilə müxtəlif mətbuat orqanlarında dərc
olunan, həmçinin bu günədək qeyri-mətbu qalan
hekayələrini toplayaraq İ.Maqsudovun təqdim etdiyi hekayələrlə birlikdə
kitab şəklində (Hekayələr. Bakı: "Elm və
təhsil", 2016, 288 s.) çap
etdirmişdir. Bu kitabı E.Sultanovun hekayələrinin
"külliyyatı" hesab etmək olar. Həmin "külliyyat" onun Azərbaycan bəbii
nəsrindəki rolu və mövqeyini müəyyənləşdirməyə
imkan verir. Bu baxımdan kitaba "Yeni mərhələ,
uğurlu addımlar" sərlövhəli ön söz
yazan akademik İsa Həbibbəylinin ilk təşəbbüs
kimi heç bir etiraz və əlavəyə yer qoymayan qətiyyətli
və inandırıcı elmi qənaəti öz yeniliyi ilə
diqqəti cəlb edir: "Bir yazıçı kimi E.Sultanov
Azərbaycan ədəbiyyatında maarifçi realist
dünyagörüşlə tənqidi realizmin arasında olan
ədəbiyyatın yaradıcılarındandır. Daha doğrusu, o, maarifçi realist düşüncəli
tənqidi realist yazıçıdır".
E.Yurdoğlu-Məmmədovun
gərgin zəhməti nəticəsində ərsəyə
gələn "Hekayələr" kitabı oxucular və tədqiqatçılar
üçün elə bir töhfədir ki, məhz onun sayəsində
E.Sultanovun hekayələri ilə hamı tanış
olma imkanı tapır. Həmin kitab bundan sonra
E.Sultanovun bədii yaradıcılığı haqqında
araşdırmalar aparacaq tədqiqatçılara da yeni fikir və
mülahizələr söyləmək üçün
geniş üfüqlər açır. Elə tərtibçinin
özü də bu imkandan istifadə edərək
topladığı və oxucuların ixtiyarına verdiyi 21
yeni hekayəni bu ilin aprel ayında, Bakıda uğurla
müdafiə etdiyi "Eynəli bəy Sultanovun
folklorşünaslıq irsi" adlı fəlsəfə
doktorluğu dissertasiyasının əsas tədqiqat obyektlərindən
birinə çevirmişdir.
Kitabda yazıçının oxuculara təqdim olunan
yeni hekayələri öz dövrü üçün aktual
olan müxtəlif mövzuları əhatə edir. Bu hekayələrdə
yazıçı oxucularının diqqətini adi məişət
məsələlərindən tutmuş, zamanının
böyük ictimai-siyasi hadisələrinədək cəlb
etməyi bacarır, öz maarifçi ideyalarını
oxucularına çatdırmağa nail olur. Həmin hekayələrində
ədib bir tərəfdən açıqfikirli, sərbəstdüşüncəli,
namuslu, vicdanlı, məhəbbətinə sadiq, avam, lakin təmizqəlbli,
igid, mərd, qisası qiyamətə qoymayan insanlara öz rəğbətini
bildirirsə, digər tərəfdən nainsaf, zalım, qəddar,
xain, tüfeyli, xudbin, riyakar, şorgöz, əxlaqsız,
fırıldaqçı və məsləksiz adamları tənqid
atəşinə tutur. Beləliklə, müəllif hekayələrinin
əsas qəhrəmanları olan Gözəl
("Naxırçı qızı Gözəl"),
kürd qızı ("Kürd qızı"), Hacı Məmməd
("Həsən xan"), Dünyamalı
("Dünyamalı xan"), Səfərxan ("Dərviş
Nurəli"), Hüseyn dayı ("Əmələ ailəsi"),
Mirzə Məmməd ("Xan nə xan"), Hacı Əli
("İnsafsız kimdir?") və Kərim xanın
("Qurd balası") müsbət keyfiyyətlərini,
Qulaməli ("Disizin öhdəsindən imansız gələr"),
Mehmanlı ("Qəbahət balası"), Lətif
("Aşiq üz görən yerdə"), dəftərxana
müdiri ("Arxı keç, sonra bərəkallah deyərsən"),
şəhər qazısı ("İnsafsız kimdir?"),
Məmməd Çələbi ("Silistçi dəftərxanasında"),
Həsən ("Sağ ölü") və Nurəlinin
("Dərviş Nurəli") mənfi simasını oxucuların
təsəvvüründə canlandıra bilir.
E.Sultanovun
kitaba daxil edilən bu günədək oxuculara tanış
olmayan hekayələrində rast gəldiyimiz bəzi qeydlər
bir daha onu sübut edir ki, bu əsərlərdə baş verən
hadisələrin az qala hamısı onun vaxtilə
Naxçıvan, İrəvan və Tiflisdə müşahidə
etdiyi əhvalatların, yaxud müasirlərindən
eşitdiyi söhbətlərin əsasında qələmə
alınmışdır. Müəllif bəzi hekayələrində
bəhs etdiyi hadisələrin məkanını və
vaxtını da oxucuların diqqətinə
çatdırmışdır (bu danışıq 1921-ci il
fevral ayının 24-də Tiflis şəhərində,
Tamaşov meydanında, axşam saat yeddidə... iki
tanışın arasında olmuşdu - s. 86, çar
zamanı idi - s. 75, Naxçıvan - s. 187, Keçili - s.123 ,
Sirab - s. 266, Şıxmahmud - s. 51, Sədərək - s. 79,
Şərur - s. 76 və s.).
Dediklərimizi
əsaslandırmaq üçün onu da əlavə edə
bilərik ki, professor A.Zamanov E.Sultanovun bəzi hekayələrinin
"həqiqətən həyatda baş vermiş əhvalatlar"
olmasına dair bir neçə maraqlı faktı da oxuculara
çatdırmışdır. Alimin fikrincə,
"axtarılsa, E.Sultanovun bütün hekayələrinin
izini real həyatda tapmaq olar".
E.Sultanovun
hekayələrində rast gəldiyimiz atalar sözləri,
aşıq şeirləri, Şərq klassiklərinin misra və
beytləri, dünya yazıçılarının kəlamlarından
seçilən epiqraflar, təbiət təsvirləri, folklor
materiallarından istifadə, kənd həyatının təsviri,
erməni riyakarlığına nifrət, mətnin
ayrı-ayrı hissələrə bölünüb xüsusi
başlıqlarla təqdimi, Azərbaycan, Türkiyə,
İran, Gürcüstan və Rusiya ərazilərinə aid
toponimlər və s. yazıçının öz ədəbi
irsinə sadiqliyini bir daha təsdiq edir.
E.Sultanovun hekayələri arasında ən çox bənzərlik
müəllifin atalar sözləri və məsəllərə
bol-bol müraciətidir. Kitabda toplanan 33 hekayədə
yazıçı yüzlərlə atalar sözü və məsəllərdən
istifadə etmişdir. Bu hekayələrin
içərisində elələri də vardır ki,
yazıçı fikrini oxuculara daha təsirli şəkildə
çatdırmaq üçün bir neçə atalar
sözünü ard-arda işlətmişdir. Məsələn,
o göstərir ki, bəzi zalım xanların üzünə
ağ ola bilməyən avam camaat ancaq bunu bilir:
"Böyüyünü tanımayan, Allahını
tanımaz", "Tanrısız yerdə otur,
böyüksüz yerdə oturma", "Bəy dediyin nədir,
bəyənmədiyin nə?", "Xan kəsən
başın qanı çıxmaz",
"Böyüyünə kəm baxanın gözlərinə
qan damar".
E.Sultanovun hekayələrində çar hökumətinə,
zalım və müftəxorlara dərin nifrət hissi ifadə
olunmuşdur.
"Çar hökumətinə hər nə desən
yaraşardı" deyən müəllif bu hekayələrində
"zalım hökumətin qulluqçuları"
adlandırdığı insafsızları,
fırıldaqçıları ifşa edir, "zülm və
əsarət əleyhinə olub azadlıq və ürfan
yolunda çalışanları", bu yolda "əlindən gələni
əsirgəməyənləri" alqışlayır.
E.Sultanov
hekayələrində sosializm cəmiyyətini
alqışlasa da, oğlunun əsl
adı Çölü olmasına baxmayaraq Sovet hökumətinin
şərəfinə məişət zəminində həmişə
ona "Şura" deyə müraciət etsə də biz
belə bir qənaətdəyik ki, onun qəlbinin dərinliklərində
Sovet hakimiyyətinə qarşı dərin rəğbət
olmamışdır. Əgər belə olmasaydı,
"Əmələ oğlu" hekayəsində komsomol Həmidin
öz atası "ixtiyar fəhlə", övladlarına
"həm atalıq, həm də analıq edən"
Hüseyn kişiyə "dediyim odur ki, Allaha-zada inanmayasan...
qocalmısan ağlın qaçıb... aləm dəyişib,
sən hələ qaranlıqdasan" sözlərinə
Hüseyn kişinin dilindən belə cavab verməzdi: "O
Allah ki sən ona inanmırsan, o, mənim məbudumdur... Onu mən təzyiq və zülm zamanında
tapmışam, odur ki, yaxasını əldən qoymuram,
boşlayıb-tullaya bilmərəm. Sən ona
inanmırsan, inanma, amma onu mənim əlimdən tutub alma". Bəli, bu idi E.Sultanovun
oğulu ataya qarşı qoyan allahsız bolşeviklərə
və onların hökumətinə qarşı əsl
mövqeyi.
Şübhə
etmirik ki, E.Sultanov bir neçə il də
yaşasaydı, mənfur Sovet rejiminin iç üzünü
daha dərindən görəcək, nahaq yerə ona
inandığını anlayacaq və peşman olacaqdı. Lap Mirzə Cəlilin özü kimi. O Mirzə Cəlil ki, vaxtilə dostunun
"huşyar" olduğunu etiraf etmişdi. Bəlkə
də 37-ci il repressiyasının növbəti
qurbanı olacaqdı.
E.Sultanov
hekayələrində o vaxt ədəbi dilimizdə işlək
olan ərəb və fars sözləri, arxaizm, dialektizm,
türk kəlmələri, bugünkü ədəbi dilimizin
lüğət tərkibinə daxil edilməyə layiq olan əsl
Azərbaycan sözləri də işlətmişdir ki, bu
sözlər dilçi alimlərimiz üçün qiymətli tədqiqat materiallarıdır.
Budur həmin sözlərdən bəziləri: bəzirgan,
mürəxxəs, naqafil, şəffak, meypuş, kəlləpəz,
xamuşluq, təqqülbab, hakəza, əmələ, hezan,
dolax, şüərinə (şüuruna), qəmərə
(kamera), latayır, incəvara, qırsaq, lüleyin,
sillabladılar, çadı, üzükmək, sum qalmaq,
tor-toz, bəkləyin, olay, piyadalanmaq, naharlıq, salamlıq,
unluq.
Kitabın ayrı-ayrı səhifələrinin ətəyində
müasir oxucu üçün anlaşılmaz olan söz və
ifadələrə aid lüğətlər də
dilçilik baxımından maraq doğuran faktlardır.
Hekayələrdə yazıçının
oxucuların diqqətini cəlb etmək üçün
onlarla əlaqə yaratmağa təşəbbüs göstərməsi
də diqqəti cəlb edir. Ayrı-ayrı hekayələrdən
seçdiyimiz aşağıdakı nümunələr
fikrimizi əsaslandırmaq üçün kifayətdir:
"Dünyamalı xanı tanıyanınız
varmı?", "Qulaq asın deyim, bu da bir eşitməli əhvalatdır",
"Burada çox nöqtələr qoyuram və mənim
axıradək demədiklərimi təxmin etməyi
oxucuların öhdəsinə buraxıram", "Ə,
noolsun?- deyə oxucu soruşur. Nə olduğunu
aydınlaşdıraq".
"Silistçi dəftərxanasında"
hekayəsində isə ədib hekayəni bitirəndən
sonra "Yazıçının tərəfindən"
başlığı altında qeyd edir ki, "bu hekayəni
oxuyan yoldaşlardan bir neçə suala cavab vermək
xahiş olunur". Sonra müəllif hekayənin
mövzu, məzmun və ideyası ilə bağlı oxuculara
beş sual ünvanlayır. Bu
suallar ətrafında düşünməyə məcbur olan
oxucu hekayənin mahiyyətini daha dərindən dərk etməyə
səy göstərir.
Kitabda rast gəldiyimiz üç hekayə ("Arxı
keç, sonra bərəkallah deyərsən", "Həsən
xan", "Novruz ağa") 1891, 1892 və 1893-cü illərdə
"Novoye obozreniye" qəzetində dərc olunmuşdur. Tədqiqatçı
A.Feyzullayeva "Maarif carçıları" adlı
kitabında bu hekayələrin ətraflı təhlilini versə
də, indiyədək müəllif tərəfindən rus
dilində qələmə alınmış həmin hekayələrin
Azərbaycan dilinə tam tərcüməsi yox idi. Bu işi ilk dəfə yerinə yetirən AMEA
Naxçıvan Bölməsinin böyük elmi
işçisi, sənətşünaslıq üzrə fəlsəfə
doktoru, dosent Ələkbər Qasımov olmuşdur. O, tərcümələrini
yazıçının Azərbaycan dilində
yazdığı hekayələrindəki üslubuna, həmçinin
müəllifin yaşadığı dövrün ədəbi
dilinə uyğunlaşdırmağa tam nail
ola bilmişdir. Həmin tərcümələrin
mətni, milli koloriti və dili E.Sultanovun ana dilindəki hekayələrindən
demək olar ki, fərqlənmir. Bunu da tərcüməçinin
müstəsna uğuru hesab edirik.
Kitabın sonunda "İzahlar" hissəsində tərtibçinin-Elxan
Yurdoğlu-Məmmədovun hekayələrin mənbələrini
göstərməsi maraqlananlar, xüsusilə tədqiqatçılar
üçün böyük əhəmiyyətə malikdir.
Haqqında bəhs etdiyimiz "Hekayələr"
kitabı heç şübhəsiz ki, akademik İ.Həbibbəylinin
ön sözdə yazdığı kimi "həm Eynəli
bəy Sultanovun həyatı və
yaradıcılığını, həm də ümumən
XX əsrin əvvəlləri Azərbaycan bədii nəsrini
müstəqillik işığında yenidən
araşdırıb qiymətləndirməyə imkan
yaradacaqdır".
Fərman
XƏLİLOV
filologiya üzrə
elmlər doktoru
525-ci qəzet.- 2016.- 27 may.- S.4.