GÖZLƏRİMDƏN BOYLANIR

 

Duman çökür zirvə boyu, şiş boyu,

Kəhər atlar, göy ürgələr köç boyu.

bulaqlar axıb gedir döş boyu,

Anam Şuşa gözlərimdən boylanır.

 

Mamırlanıb qaya üstü, daş altı,

Duman alıb kirpiyimi qaş altı.

Yaddaşımda qəhqəh çəkir Daşaltı,

Anam Şuşa gözlərimdən boylanır.

 

atdılar, başım üstə ələndi,

Səhərlərim axşamıma bələndi.

Bir üzü qız, bir üzü gəlindi,

Anam Şuşa gözlərimdən boylanır.

 

Bu dağ-dərə həsrətimə yad gəlir,

Nəfəsimdən alov çıxır, od gəlir.

İllər keçir, adım üstə ad gəlir,

Anam Şuşa gözlərimdən boylanır.

 

Göy qaralır, şimşək olub çaxıram,

Yağış gəlir, selə dönüb axıram.

Hansı dağa, hansı daşa baxıram,

Anam Şuşa gözlərimdən boylanır.

 

Bir şəhərdi, şəhərlərin məbədi,

Qalanları bənzəyişi, mabədi.

Bir adı var, Şuşa adı-əbədi,

Anam Şuşa gözlərimdən boylanır,

Anam Şuşa gözlərimdən boylanır.

 

Lahıc-Babadağ yolları

16.08.2015

 

O KÖHNƏ KİŞİLƏR

 

Bu mövzuya Məmməd Aslanın təkidi ilə qayıtdım.

 

O köhnə kişilər çıxıb gediblər,

O köhnə kişilər yoxalıb indi.

Hər biri bir ulduz - axıb gediblər,

Gədələr-güdələr çoxalıb indi.

 

Çoxalıb gədələr göbələk kimi,

Elə bil göylərdən gədə tökülür.

Hərəsi özündən bir fələk kimi. . .

Danışır, ağzından hədə tökülür.

 

Gözümdə sayrışır köhnə kişilər,

Hər biri bir işıq - saçılıb gedir.

Cavanlar əlində düyünlü işlər,

Köhnələr əlində açılıb gedir.

 

O buna arxaydı, bu ona arxa,

Hər biri bir qeyrət misalı idi.

Ölərdi istidən, açmazdı yaxa,

Yaxalar bir abır timsalı idi.

 

Baxmazdı bir kimsə ötən yaşına,

Kimsəsiz həyətlər çəpərlənərdi.

Sığal çəkərdilər yetim başına,

Yetimlər sığaldan təpərlənərdi.

 

Hiyləni, kələyi unamazdılar,

Mizan - tərəziydi iti gözləri.

qələm, kağız tanımazdılar,

Qanundan ötəydi kişi sözləri.

 

O köhnə kişilər yoxalıb indi,

O köhnə kişilər çıxıb gediblər.

Gədələr - güdələr çoxalıb indi,

Köhnələr ulduzdu - axıb gediblər.

 

Mən ki danışmıram indikilərdən,

Hazırıq şeytanın gülləsi üçün.

Elə iyrənmişəm dindikilərdən,

Ölürəm bir kişi şilləsi üçün.

   

27.05.2015

 

GEDƏNDƏ...

 

İnsan işıqlanır ölümqabağı,

Saralmış çöhrəsi elə nurlanır...

Güllənir bənizi, yoxalır ahı,

Baxırsan, elə bil bir çıraq yanır.

 

Bu nurun sirri , möcüzəsi ,

Xəyallar yerimdən qoparır məni.

Vardıqca bu sirrin möcüzəsinə

Cavabsız suallar aparır məni.

 

Qaraya-quraya biz ki dözürük,

Çirkaba, çamura daim hazırıq.

İşıqlı olana ağız büzürük,

İşıqlı olana quyu qazırıq.

 

Kölgələr gəzirik ağlığımızda,

Kölgəli həyatdan heç bezmirik .

İşığa dönmürük sağlığımızda,

İşığa dönməyə tələsmirik .

 

Vaxt olur, fil yükü daşıyırıq biz,

Ölümü həmişə uzaq sanırıq.

Qaralı bir ömür yaşayırıq biz,

Gedəndə biz ancaq işıqlanırıq.

 

20.10.2015

 

GÜL ŞƏKLİNDƏ

 

Yaxşının qəbri çiçək bitirər,

Ləçəyi zərifcə-tül şəklində.

Kimlər ki, qəlbində sevgi gətirər,

Görər yaxşıları gül şəklində.

 

05.09.2015

 

AĞA OCAĞI

 

Seyid Yusif ağanın ruhuna

 

Bəlkə yüz dəfə gəlmişəm bura,

Bu ocaq könlümə çıraq kimidi.

Zərrəcə xeyri yox inamsızlara,

İnamsız, imandan qıraq kimidi.

 

Ruhuna layladı Arazın səsi,

Bu həyət həmişə bahar qoxuyur.

Kəsilmir quşların burda nəğməsi,

Torağay susanda bülbül oxuyur.

 

Allaha tez çatır burda sənalar,

Kərəmlər duaya bürünüb gəlir.

Allahı, bəndəni tanımayanlar

Bura dizin-dizin sürünüb gəlir.

 

Dərd məni ikiqat əyib-bükəndə

Vaxt kimi daralıb sıxılıram mən.

Şeytanlar üstümə hücum çəkəndə

Gəlib bu ocağa sığınıram mən.

 

Yaxın da gəlməyir şeytanlar bura,

Adlaya bilməyir çəpərdən bəri.

Bura bir adadır sığınanlara

Allahın cızdığı o həddən bəri.

 

Getməyə tələsmir burda yaz-bahar,

Bu həyət beləcə mirasdı bizə.

Qıraqdan o axan dolu arx ki var,

Dəli Kürdü bizə, Arazdı bizə.

 

Sözümü haqq bilən bilir haqlıyam,

Məni kimlər duya, kimlər sevinə...

Mən ki bu ocağa belə bağlıyam,

Elə bil gəlirəm Allah evinə.

 

03.03.2016

 

lll

 

Bir kaman simitək az sızla, zarı,

Çəkdirən çəkdirir hey zilə səni.

Sən ki unudursan yaxşılıqları,

Hamı da unudur, bax, belə səni.

 

17.03.2016

 

lll

 

Doğma bildim yadımı,

Əymədim, əyilmədim.

Uca tutdum adımı,

Əyilən deyilmədim.

 

06.05.2016

 

YAŞIMDAN UTANIRAM   

     

Mənə yüz il ömür arzulamayın”.                                                                                                      Vahid Əziz

 

Daha utanıram mən öz yaşımdan,

Yanımda görmürəm bir tay-tuşumu.

Sırsıra sallanıb kiprik-qaşımdan,

Yaman aparıbdı illər huşumu.

 

Harasa getməyim yadımdan çıxır,

Qırılır xatirəm çürük sap kimi.

Gəncliyim uzaqdan boylanır, baxır,

Yuyur qocalığım xəcalətimi.

 

Hər sözüm bir cürə gülüş doğurur,

İrişmə, gülüşmə qəpiyə  dönür.

Yaddaşım dumana düşür, boğulur,

Xatirəm sularda köpüyə dönür.

 

Heç sözüm qalmayır güləyənlərə,

Bir sözü bəlkə min yol deyirəm.

Bir dəfə yaxşılıq eləyənlərə

Hər dəfə görəndə sağ ol deyirəm.

 

Yay gəlir, özümdən söhbət yayıram,

Elə bil sıldırım dağdan enirəm.

Payızda günləri bir-bir sayıram,

Hər qışdan çıxanda heyrətlənirəm.

 

Əllərim titrəyir son yarpaq kimi,

Baxıram, ayrı cür ad gəlir mənə.

Tanıya bilmirəm gördüklərimi,

Tanıya bilmirəm - yad gəlir mənə.

 

Deyirəm illərə yumaq olunca,

Arzuya, diləyə yetmək yaxşıdı.

Qalıb bu dünyaya yamaq olunca,

Dünyadan vaxtında getmək yaxşıdı.

 

Ağaran zirvəni mən necə danım,

Sırsıra sallanır kiprik-qaşımdan.

Məni bağışlasın qoy yaradanım,

Daha utanıram mən bu yaşımdan.

 

28.04.2016

 

DAHA GETMƏK VAXTIDI

 

Yatan yatıb, oyaq yox,

Gedən gedib, dayaq yox.

Ürək çəkir, ayaq yox,

Daha getmək vaxtıdı.

 

Otururuq - yatırıq,

Toz-dumana batırıq.

Qalıb nəyə çatırıq?-

Daha getmək vaxtıdı.

 

Unuduruq hər sözü,

Çeynəyirik bir sözü,

Yaratmırıq tər sözü,

Daha getmək vaxtıdı.

 

Gərək elə solaqmı,

İyə yumaq olaqmı?

Qiyamətə qalaqmı?

Daha getmək vaxtıdı.

 

Gedən gedir, gələn yox,

Güldürən yox, gülən yox.

Bu dünya, bilən yox,

Daha getmək vaxtıdı.

 

Göz sulanır, yaş qalır,

Huş dağılır, baş qalır.

Baş da elə boş qalır,

Daha getmək vaxtıdı.

 

Günəş doğur, dağ aşır,

Əl uçunur, göz çaşır.

Dünya da xəyallaşır,

Daha getmək vaxtıdı.

 

Çox yalmana yatmışıq,

Yalmanda ox atmışıq.

Qardaş, yüzə çatmışıq,

Daha getmək vaxtıdı,

Daha getmək vaxtıdı.

 

29.04.2016

 

QƏZƏL

 

O qədər var görmüşəm,

əlimdə, bax, kiri qalıb,

Kir olanı dərk etməyən

bir o qədər geri qalıb.

 

Çəkmişəm bəs qədəri ağlı gödək tənəsini,

Demişəm ötüb keçər, ötməyib heç,

yeri qalıb.

 

Bir yetimin bir uğuru

çox yandırıb çoxlarını,

Gözləri heyrət yuvası - zillənib hey,

iri qalıb.

 

Gah göyərib, gah qaralıb xəbis olan

ilmizalım,

Vücudu çöpə dönüb, bir sümük,

bir dəri qalıb.

 

Çoxunu az görənin daş əridər iştahası,

Azını çox bilənin gövhəri, zəri qalıb.

 

Əltutan əllərini kəsmə, Cavad,

kimsədən heç,

Sən görən köhnələrin qoy desinlər

biri qalıb.

 

17.04.2016

Cavad Zeynal

525-ci qəzet.- 2016.- 28 may.- S.23.