“Azərbaycan” qəzetində
parlament hesabatları və şərhlər
Azərbaycan Xalq
Cümhuriyyətinin 100 illiyi qarşısında
Araşdırıb
toplayanı, ərəb əlifbasından latın
əlifbasına çevirəni, ön sözün müəllifi,
lüğətin tərtibçisi: Şirməmməd
Hüseynov
Transliterasiya
redaktorları: professor Şamil Vəliyev, elmi işçi
Samir Xalidoğlu (Mirzəyev)
I cild
(noyabr 1918 - aprel 1920)
Xarici işlərə gəldikdə, belədə
keçmişdən şikayətə məcburam. Şimdiyə
qədər xaricdə lazım gələn qədər tədabir
ittixaz edilmədi.
Bu gün qonşularımızdan Ermənistan ilə
bizim yekdigərimizə mürəxxəs göndərməmiz
lazım idi (Soldan - doğrudur). Fəqət bu edilmədi.
Halbuki erməni-müsəlman
münasibatını düzəltmək və bütün
Qafqasiya millətlərini barışdırmaq bizim
üçün ən mühüm məsələ, ən
birinci vəzifədir (Alqışlar). Bu da hər iki tərəfdən
nümayəndə olmaması ilə başa gələn bir
iş degildir. Bundan əlavə biz istiqlaliyyətimizi
Avropaya tanıtdırmalı idik. Bunu etmədik.
Azərbaycan bir coğrafi isim degil, bu yerin üzərində
yaşayan bir millətin adı olduğunu Avropanın
qulağına yetişdirmədik. Azərbaycan
öz mövcudiyyətini bu vəqtədək Avropaya
andırmamışdır. (Soldan - vəqtləri
yoxdur). Bəndən iləriki rəfiqim bir az idealist olaraq demokrasi əsaslardan, demokratizmdən
bəhs ediyor, böyük iman bəsliyor. Fəqət heyhat! Zənn ediyoram ki, kəndisini tanıtdırmayanlar
üçün böylə bir nemətin əldə edilməsi
bəiddir, mühaldır. Kimin dostu,
nüfuzu var, o tanılır, dostluqdan da iləri qüvvət
də düşünülüyor. Binaənileyh
Avropada sakin təbliğat vasitəsilə kəndimizə
nüfuz qazanılmadığına bəyani-təəssüf
etməmək qabil degildir, Avropaya yolumuz bağlıdır.
Orada nə olduğunu belə bilmiyoruz. Halbuki Avropada vüqu bulan hadisatdan bizim də müqəddəratımız
asılıdır. Avropada nələr
olduğunu bilməli, siyasətimizi də ona münasib və
müvafiq bir surətdə yürütməliyiz. Ona görə də Avropa ilə Azərbaycan
arasında qasidlərimiz bulunmamasına da təəssüf
etmək məcburiyyətindəyəm. Burada
yaşıl mahutlu masalar ətrafında oturub kənardan xəbərsiz
olaraq siyasət aparılamaz.
Bütün keçmişə aid bu xətaları
söyləməkdən məqsədim atidə bunların bir
daha təkrar olmaması üçündür. Ümid edirəm
ki, yeni hökumət daha böylə-böylə xətaları
işləmiyəcəkdir. Son
sözüm olaraq bunu diyoram ki, hökumət öz
deklarasiyasının həyata tətbiqində tamamən onu təsdiq
etməklə əzmkar olmasını diləyərək bitərəflər
naminə bəyani-etimad edirəm. (Alqışlar).
Bundan sonra “Əhrar” firqəsi tərəfindən Abdulla
bəy Əfəndiyev kürsiyi-xitabətə
çıxaraq əvvəlcə bir deklarasiya oxumağa
başlıyor. Sədr deklarasiya oxumaq vəqtinin
keçdiyini bəyanla bu gün ancaq mənsub olduğu
fraksiyanın hökumət proqramı həqqindəki nəzəriyyatını
söyləməsi icab etdigini bildirdikdə Abdulla bəy cənabları
bəyan ediyor ki, onun fraksiyası o vəqt ümumfirqələr
deklarasiya oxuyan zaman qəflət etmiş olduğundan bu
gün fürsətdən bilaistifadə deklarasiyasını
oxumaq istiyor. Nəhayət, məclisin
müsaidəsilə sədr izin veriyor. Abdulla
bəy deklarasiyasını oxuyub qurtardıqdan sonra axırda
“Əhrar” firqəsi tərəfindən hökumətə bəyani-etimad
ediyor.
Bədə
“İttihad” firqəsi namindən doktor Qarabəyli Qara bəy
nitq söyləyərək diyor ki:
- Bu gün bu minbərə çıxıb yenə söyləmək istiyoruz, zira görüyoruz daima söylüyorlar. Acı-acı sözlərdə söyləniliyor. Gələcəgi yaxşı görənlər də bulunuyor. Natiqlər həpsi haldan söylüyorlar. Nə qədər ciddi olduğunu təsvir ediyorlar. Hətta Əhməd bəy əfəndi bizi taxta paraya mindirib dənizə tulluyor. Doğrudur halımız fənadır. Hər kəs çalışıyor ki, aradakı qara divardan bir işıq nöqtə bulsun. Bizi xilas edəcək bir qüvvə arayır. Onu da hökumət şəxsində buluyor. Hökumətin borcudur böyləlik ilə bulunmuş yol ilə getsin. Millət də onu mütəaqibən nicat tapsın. Fəqət baxalım bu asanmı? Biz hökumətin söylədiklərini eşitdik. Fəqət bunu keçmişdə də eşitmişdik: əhval fəna imiş, ölkəmizdə bir şey yoxmuş, ovza namüsaid imiş və qeyrə. Biz hökumətdən hələ böyük məsələlərin həllini istəmiyoruq. Fəqət bəzi şeylər vardır ki, tələb etməgə həqliyiz. Öylə kiçik binalar var ki, hökumət onu qoymalı idi. Fəqət qoydumu? Xayır. Hökumət bunu etməmişdir. Bunu yapmamaq böyük məsələlərə nisbətən əfv edilməz günahi-kəbirdəndir. Andronik macərasından milləti azad, Ermənistan hökumətilə əlaqeyi-siyasiyyə peyda etmək keçmiş hökumətin işi idi. Fəqət bunları etmədi. Şimdi ümid edəlim ki, yeni hökumət bunu düşünəcəkdir. Bu millətə xidmət etmək lazımdır. Bu millət sahibsizdir. Bu millət ingilis degil, fransız degil. Hökumət başında duranlar sidqi-dil ilə vəqtlərini millətə sərf etməli, öhdəsinə ağır vəzifəhlər götürərək gecə-gündüz səy və qeyrət etməlidir. Biz ümid ediriz ki, böylə də olacaqdır. Biz gözlüyoruz hökumət əməlində özünü göstərsin. Baxalım hökumət bir iş görəcəkmi, bir şey yapa biləcəkmi? Yapa bilərsə bizim firqəmiz o vəqt hökumətə bəyani-etimad edəcəkdir. Vüzəra kabinəsində sabiq hökumət əzasından bəziləri baqi qalmışlardır. Biz onların keçmişindən bir şey görmədik, bəlkə gələcəkdə bir şey yapacaqlar. Baxalım. Şimdi biz etimadnaməmizi cibimizə qoyub saxlıyoruz. Nə vəqt hökumət layiqli olduğunu göstərsə biz də o vəqt etimadımızı bəyan edəriz.
Məhərrəmov - Parlamanda təşkil olunmuş sosialistlər fraksiyası tərəfindən yeni hökumətə etimadımızı bəyan edəriz (Alqışlar).
Şeyxülislamov - Parlamanın “Hümmət” fraksiyası yeni hökumətə etimadını izhar edir (Alqış).
Sədr - Danışmaq istəyən yoxsa “Müsavat” fraksiyası tərəfindən idxal edilmiş təklifi elam edəlim.
Əhməd Cövdət - (Formulayı oxuyur) Hökumət bəyannaməsini dinləyərək Azərbaycan Məclisi-Məbusanı Fətəli xan Xoyski hökumətinə etimad elədigini bəyanla növbədəki məsələlərin müzakirəsinə keçiyor.
Təklif səsə qoyularaq “İttihad” firqəsi iştirak etməmək üzrə ittifaqı-ara ilə formula qəbul ediliyor.
Bundan sonra komisyonlar intixabına şüru ediliyor. Komisyonlara seçilən zəvat
bunlardır:
Maliyyə
komissiyasına:
“İttihad”dan
Miryaqub Mirmehdiyev, “Əhrar”dan Hacı Molla Əhməd Nuruzadə,
“Sosialistlər” ittifaqından Məhərrəmov,
“Müsavat”dan Nərimanbəyov, “Hümmət”dən
Şeyxülislamov, bitərəflərdən Əli Ağa Həsənov,
azlıqda qalan millətlər fraksiyasından Quxman.
Fəhlə
komissiyasına:
“İttihad”dan
Heybətqulu Məhəmmədbəyov, “Əhrar”dan Bayram
Niyazı Kiçikxanov, “Sosialistlər” ittifaqından Rza
Qaraşarov, “Müsavat”dan Məlik-Yeqanov, “Hümmət”dən
Əliheydər Qarayev, bitərəflərdən Abuzər bəy,
azlıqda olan millətlərdən Tsixaqaya.
Məclisi-Müəssisan
hazırlığı komissiyasına:
“İttihad”dan
Qazı Əhməd Məhəmmədbəyov, “Əhrar”dan
Abdulla bəy Əfəndiyev, “Sosialistlər” ittifaqından
Camal bəy Hacınski, “Müsavat”dan Məhəmməd
Əmin Rəsulzadə, “Hümmət”dən
Şeyxülislamov, bitərəflərdən Teymur bəy
Makinski, azlıqda qalan millətlər fraksiyasından
Vanseviç.
“Azərbaycan”,
30 dekabr 1918, ¹74
Əxəss
- xüsusi seçilmiş, seçmə
Mühazi
- qarşı-qarşıya, qarşısında olan
Bəid -
uzaq, qəribə, yad
Mühal
- mümkün olmayan, çətin
Sakin -
sakit, sükunlu
İstiqlal
və istiqbal ümidi
Cahan Sülh Konfransının vəqti yaxınlaşmaq
üzrədir.
Hər yerdə tədarükat görülməkdə
olub, dövlətlərdən bir çoxu öz mürəxxəslərini
seçib, o məclisi-kübrayə tərəf yola
salmaqdadırlar. Hər dövlətin bir dərdi var, dərmanını
haman məclisdə arayacaqdır. Özgələrin dərdi nədən ibarət
olduğu həqqində baş işlətmək işini
öz dərd çəkənlərinə buraxıb da, biz
öz dərdlərimizin fikrində olaq. Çünki
bizim də dərdimizin dərmanı haman
məclisi-kübradan hasil ediləcəkdir. Biz də
dərdimizə dərman tapa bilən adamlarımızi
seçib, oraya göndərməliyik.
İstiqlal
və istiqbal məsələmizin “hə”, ya “yox” nəticəli
halı - haman məclisin hökmündən
asılıdır. Fəqət bu hökmün
məclis tərəfindən “hə” və ya “yox” surətdə
həll edilməsi - orada çalışmağa göndərilən
adamlarımızın himmət və ya himmətsizlik fəaliyyət
və ya fəaliyyətsizliginə bağlı olacaqdır.
Çalışırlarsa himmət və fəaliyyət
göstərərlərsə “hə” alıb, vətən və
millət qabağında üzüağ olarlar, əks surətdə
“yox” hökmünün yaman xəbərini millətə və
vətənə nə üzlə gətirəcəklərini
özləri mülahizə etsinlər.
Lakin Allah
eləməsin ki, “yox” xəbəri ilə qayıtsınlar! O
halda bütün ümüdlərimiz, bütün amal və
arzumuz məhv və nabud olub da, əvəzində qeyri-qabil təsəlli,
bir hüzn və olduqca dərin bir yas və ələm əmələ
gəlib, artıq dünya üzündə yaşamaq həvəsindən
düşərik və yaşasaq da ölü olduğumuzun və
ya diri qaldığımızın heç bir fərqi olmaz,
çünki hüquqi-siyasiyyə və milliyyəsindən məhrum
edilmiş olan bir millətin ölülügü diriliginə
və diriligi də ölülügünə müsavidir. Böylə
bir millət həqqində:
“Zindəənd,
vəli mordə,
Mordəənd,
vəli zində”
demişlər...
“Şər deməsən, xeyir olmaz” sögləmişlər. Lakin qara fikirlər
ilə əhvalımızı “piş əz vəxt” pərişan
və mükəddər etməyək və hissiyatə yol
vermiyib də əql və dərrakə ilə hal və
övzamızın necəligini biduni-təhəyyüc və
iztirab təsəvvürə gətirib, sülh konfransında
istiqlalımızın təsdiqi səadətinə nail olsaq
vətən və millətimizi nə tövr böyük bəlalardan
qurtaracağımızı bir balaca mülahizədən
keçirək.
Hər bir fərdimizin məlumu olduğu üzrə,
Rusiyada hüquqi-milliyyə və siyasiyyəmizi iqrar və
etiraf edən və Rusiyadan ayrılıb da müstəqil
yaşamaq arzumuza ruyi-riza göstərən və bu əmrə
xoşluq ilə qol qoya bilən bir fırqə və ya bir
partiya təsəvvür etmək - məhəl xaricində bir
şeydir.
Bolşevik olsun, menşevik olsun, eser olsun, es-deq olsun, monarxist
olsun, hətta anarxist olsun - heç biri bizim
istiqlalımızı razı olacaq və bugün bilfel
müstəqil yaşamağımıza kin və küdurətsiz
baxacaq degildirlər!
Əgər biz bugün bolşeviklərlə
hüquqi-siyasiyyə və milliyyəmiz müdafiəsi yolunda
müharibə etmiriksə - səbəbi bolşeviklər
başının monarxistlər hücumu dəfinə
qatışmış olduğudur. Və genə biz haman
hüquqlarımızın mühafizəsi yolunda monarxistlər
ilə cəngü-cidal etmiriksə - bunun da səbəbi
monarxistlər başının bolşevikləri süqut etmək
işinə məşğul olduğudur.
Deməli,
bir gün olacaqdır ki, Rusiyada monarxistlər və ya
bolşeviklər hakimi-mütləq olmaq ixtiyarını bir kərəlik
ələ alıb da, ondan sonra Rusiyadan ayrılmış olan
“üsyançı”lar üzərinə tökülüb,
onları təkrar itaətə məcbur etmək işinə
uğraşacaqdırlar. “Üsyançı”ların
da ki biri bizik, binaənileyh bizim də üstümüzə
töküləcəkdirlər. O halda biz iki əmrdən
birini qəbula məcbur olacayıq, ya boyun əgib itaət etmək
və ya hüququmuzu qılınc gücü ilə müdafiəyə
durmaqdır.
Əvvəlinci
təqdirlə - genə əsirlik! İkinci təqdirdə
isə nə qədər fədakarlıq göstərsək
də, müvəffəq olacağıq, ya olmayacağıq və
ya bəlkə də ümum Qafqaz millətləri xüsusi ədavətlərini
unudub, bu ümumi fəlakət dəfində bizə kömək
durmaqla, qətiyyən müvəffəq olacağıq - hər
halda təkrar qurbanlar verib, çaylarca qan axıtmağa məcbur
olacağımız şübhəsizdir. O surətdə
sair təsadüfi nəticələrdən səlamət
qurtarsaq da, məmləkətimizin bir tərəfdən məişət
və güzəranı və digər tərəfdən
islah və tənziminin işlərin nə qədər
çətinlik və nə dərəcədə
müşkülata düşürüləcəgi hər kəscə
etiraf ediləcək təbii bir əmrdir.
Halbuki
hüquqi-istiqlaliyyəmizi qan tökməksizin, millətimiz və
məmləkətimiz başına təkrar-təkrar
ağır bəlalar açmaqsızın bir surətdə
müdafiə və mühafizə etmək üçün
başqa bir çarə yolu vardır ki, o da sülh
konfransı məclisi-kübrasında çalışmaq və
qılıc əvəzində söz ilə müharibə
edib, əməl və arzumuzun həqq olduğunu hər kəsin
iqrar edə biləcəgi bir surətdə aşkar və bəyan
etməkdir.
Bizim və bizim kimi xırda millətlərin xoşbəxtligindəndir
ki, cahan sülh konfransı təhti-əsarətdə olan
ümum millətlərin müqəddəratını həll
etmək məsələsini dəxi vilsonların və digər
sahibi-nüfuz hürriyyətpərəstlərin iradəsilə
öz proqramina daxil edib, əsarətdən xilas olmaq
imkanına yol verir. Adam istər ki, bu xoşbəxtlikdən və bu gözəl
fürsətdən layiqincə istifadə edə bilsin!
Ona görədir ki, sülh konfransına adam seçib göndərmək işində nə qədər diqqət və nə qədər ehtiyat ilə iş görsək, bir o qədər qazanmış olarıq. Vacib-vacib işlərimiz içində daha bundan vacibini mən təsəvvür edə bilmirəm. Və zənnim budur ki, bu işlərə ən cüzi səhlənkarlıq ən ağır günahlarımıza mucib olacaqdır. Sülh konfransına göndərmək üçün adam seçənlərin də, seçilən adamların da boynuna düşən olduqca ağır və ağırlığı qədər də müqəddəs olan vəzifəni hər iki tərəf dürüst mülahizə etməlidir. Seçənlər adamlarımızın qabiliyyət və ləyaqətini və seçilənlər də bu qabiliyyət və ləyaqətə dara olduqlarını kamalınca dərk edib, nəzəri-etinayə almalıdırlar. Seçən seçdiginə və seçilən də özünə arxayın olmalıdır.
Vəilla bu işdə də adi seçki işlərimizdə olan kimi bəzi arzu olmayan hərəkətləri rəva görsək və ba diqqət və ciddyət əvəzində bilkəs “indifrentizm” göstərsək, o halda istiqlal və istiqbala istehqaq qazanmaq istədigimiz yerdə, daha da cəhalət və ləyaqətsizligimizi aşkar edib, əlimizdəkini də əldən buraxmağa məcbur olarıq. Onda vay bizim halımıza! Zənciri-əsarəti millət tazədən boynuna salsın və ya qüdrəti xaricində olan mübarizələr nəticəsində məhv olub getsin.
Lakin ümidvarıq ki, mühüm və əhəm sayılan bu böyük işi səhvsiz və xətasız surətdə icra edə biləcək əqli-səlimə və zəkavətə malik olan adamlarımız millət və vətəni istiqlal və istiqbal ümumidən məyus və mərhum etməgi heç bir vəchlə rəva görməzlər.
Tövfıq Allahdandır.
Üzeyir Hacıbəyli
”Azərbaycan”, 30 dekabr 1918, ¹74
Biduni-təhəyyüc - nahaqdan həyəcanlanma
Ruyi-riza - razılıq üzü
Bilfel - həqiqətən
(Ardı var)
Şirməmməd
HÜSEYNOV
525-ci qəzet.- 2016.- 28 may.- S.21