Xalq yazıçısı İlyas Əfəndiyevin kino yaradıcılığı

 

 

Bugünlərdə - mayın 26-da anadan olmasının 102-ci ildönümü tamamlanan görkəmli ədibimiz, XX əsr Azərbaycan ədəbiyyatının klassiki, ustad nasir və dramaturq, qüdrətli qələm sahibi İlyas Əfəndiyevin çoxşaxəli yaradıcılığında onun kino yaradıcılığı da xüsusi yer tutur.

 

Məlum olduğu kimi, İlyas Əfəndiyev 1940-cı illərdə, cavan yaşlarında üç il kinostudiyada ssenari şöbəsinin müdiri vəzifəsində çalışıb. 30-cu illərin sonlarında yazıçının qələmə aldığı məqalələrindən biri də kinoya həsr olunub. Həmin illərdə Bakı kinoteatrlarında nümayiş etdirilən “Bataqlıq saldatları” filmi barədə yazıçı eyniadlı məqalə yazıb  və “Yeni yol” qəzetində çap etdirib. Sonra “Gənc işçi” qəzetində “Yadigar” adlı ssenaridən parçalar dərc etdirir. 1942-ci ildə isə onun “İradə” kinossenarisi və “Balıqçılar” adlı kinonovellası işıq üzü görür. Sonralar “Tufandan sonra” adlı kinonovellası  “Qaçaq Süleymanın ölümü” adlı bir kinopovesti çapdan çıxır.

 

İlyas Əfəndiyevin bədii əsərləri əsasında bir neçə bədii və televiziya filmləri çəkilib: “Yun şal” (1965. Rej. R.Kazımovski), “Körpüsalanlar” povestinin motivləri əsasında çəkilmiş “Çarvadarların izi ilə” (1974. Rej. T.İsmayılov), “Bizi dağlarda axtarın” (1976. Rej. N.Abbasov), “Mahnı dağlarda qaldı” pyesinin motivləri əsasında istehsal olunmuş “Gözlə məni” (1981. Ssenarist Elçin, rej. K.Rüstəmbəyov), “Sarıköynəklə Valehin nağılı” romanının motivləri əsasında “Bircəciyim” televiziya filmi (1986. Rej. Ə.Əbluc), “Hökmdar və qızı” pyesinin motivləri əsasında “Hökmdarın taleyi” (2009. Ssen. Elçin, rej. R.Fətəliyev, D.Fatxulin).

 

İlyas Əfəndiyev kino sənətinə dair diqqəti cəlb edən bir sıra maraqlı məqalələrin də müəllifidir. O “Bakıdan Göygölə”, “Sovet Azərbaycanı”, “Qara daşlar”, “Xəzər neftçiləri haqqında dastan” filmlərinə dair məqalələr yazaraq müxtəlif ədəbi dərgilərdə çap etdirmişdir.

 

Elmi-nəzəri fikirdə dəfələrlə qeyd edildiyi kimi İlyas Əfəndiyevin çoxşaxəli yaradıcılığı olduqca zəngindir. Görkəmli sənətkarın yaradıcılığının tədqiq edilməli hələ çox tərəfləri var.

 

1991-ci ildə hələ Sovet ideologiyasının hakim olduğu bir dövrdə xalq yazıçısı “Mənliyimiz və mədəniyyətimiz” adlı məqaləsində yazırdı: “Son yetmiş ildə Stalin repressiyası insanlarda bütün müqəddəs duyğulara, müqəddəs ideyalara inamı məhv etdi. İş o dərəcəyə çatdı ki, hətta genlərin təsirinə, kibernetikaya inanmaq qadağan edildi. Stalinin zorla yaratdığı kollektivləşmə, yalançı beynəlmiləlçilik, kobud ateizm adamlarda paxıllıq, ikiüzlülük, közü öz qabağına eşmək, yaltaqlıq, satqınlıq kimi keyfiyyətləri sürətlə artırdı. Qardaş qardaşa, ata oğula inanmadı. Beləliklə, dəmir hasara alınmış Sovet cəmiyyətində insanın daxili-ülvi mədəniyyətini cəhənnəm adamının soyuq amansızlığı əvəz etdi. Cəmiyyətin insani müvazinəti pozuldu”. Adını çəkdiyimiz məqalədə yazıçı göstərirdi ki, nə üçün İtaliyada, Amerikada olduğu kimi bizdə də yüksək bədii dəyərə malik, həqiqi sənət əsəri olan filmlər yaranmır? Müəllif öz fikrini əsaslandıraraq yazır: “Məncə, əsl səbəb odur ki, Azərbaycan kinosu öz milli ruhunun, milli koloritinin tələb etdiyi müstəqil yaradıcılıq mövqeyinin sahibi olmalıdır. Kinostudiyada heç zaman ssenarini özü müstəqil qəbul eləyib, özü müstəqil çəkməmişdir (indi, yəni, bu son vaxtlar necə olduğunu bilmirəm, çünki kinostudiyanın biz yazıçılarla bir o qədər münasibəti, “get-gəli” yoxdur”). Dünya, o cümlədən, Azərbaycan kinematoqrafiyası yarandıqdan sonra daim ədəbiyyata müraciət etmiş və ədəbi əsərlərin ekranlaşdırılmasını ön plana çəkmişdir. Kino sənətinin özülünü əsasən bədii ədəbiyyat təşkil edir. Milli kinomuzda yazıçılarımızın bədii əsərləri əsasında onlarla dəyərli film çəkilmişdir. Ssenari bir bədii forma kimi yetkin səviyyəyə çatanacan həm ədəbi, həm də ekran əsərlərinin ifadə vasitələrindən xeyli bəhrələnmişdir.

 

“Azərbaycan kino sənəti nə üçün geridə qalır?” məqaləsində yazıçı əsas səbəblərdən biri kimi kino sənətinin inkişafını ədəbiyyatın ümumi inkişaf prosesindən kənarda qalması ilə səciyyələndirir. Həmçinin studiyanın bədii şurasında gedən ssenari müzakirələrinin aşağı səviyyədə keçirilməsi, rejissorların bu müzakirələrdə dayaz fikirlər söyləməsi xüsusi qeyd edilir. Yazıçı fikrini davam etdirərək yazır: “Azərbaycanda kino sənətinin geridə qalmasının səbəblərini araşdırarkən, birinci növbədə, ədəbiyyatla əlaqədar məsələlərdən danışmaq daha doğru olardı. Hamıya məlumdur ki, mükəmməl bədii ssenari olmadan film yaratmaq mümkün deyildir. Bədii ssenari ədəbiyyatın nisbətən gənc janrıdır. Ssenari yazıçıdan son dərəcə ciddi, gərgin əmək və fədakarlıq tələb edir”. Bədii əsərin (romanın, povestin, hekayənin) əsasında yazılmış ssenarinin əsas məqsədi ekranda görünən  eşidilən hər bir hadisənin əhatəli təsvirini verməkdir. Əslində ədəbi ssenari hazır filmin ətraflı və obrazlı yazısı olmalıdır. Yazıçının fikrincə “məsələ ssenarilərin sayca çox olmasında deyildir. Yazılan ssenarilərin yüksək keyfiyyətli olmasına, bədii cəhətcə mükəmməl yazılmasına çalışmaq lazımdır”. Ədəbi əsərlərin ekranlaşdırılmasında ssenariçi istedadı ilə rejissor, operator, bəstəkar, rəssam və aktyor ilişgiləri birləşəndə ekranda əsl əsrarəngiz mənzərə yaranır. Çünki ssenariçi əsərin ideya-estetik məzmununu dərindən duyaraq hər bir obraz üzərində işləyərkən onun hərəkətlərini, hiss və duyğularını, canlı nitq üslublarına dair olan elementləri və ifadə formalarına xüsusi diqqət yetirir. Yüksək bədii dəyərə malik ssenarilərdə böyük xarakterlər açılır, zəngin hisslərin, ehtirasların mənbəyi çözülür, fəlsəfi-ictimai mənalar açılır. Ədib belə qənaətə gəlir ki, yazıçılarla kino sənəti mütəxəssisləri arasında sıx əlaqə yaranmalı, ardıcıl və müntəzəm təcrübə mübadiləsi aparılmalıdır.

 

“Bunun üçün :

 

a) ssenari üzərində çalışan yazıçıların işləri daima diqqət mərkəzində tutulmalıdır;

 

b)yaxşı ssenarilər çap olunmalıdır ;

 

v)respublikamızda kino sənətini yüksəltmək üçün lazım gələn perspektiv məsələlər ətrafında tənqidi fikri gücləndirmək, ssenaristlərin qarşısında duran vəzifələri dərin, nəzəri təhlillər keçirərək aydınlaşdırmaq lazımdır”. Məqalədə studiyanın ən böyük çətinliyi isə rejissorların öz üzərində az işləmələri, bədii şurada gedən ssenari müzakirələrində hazırlıqsız iştirak etmələri, “dayaz fikirlərlə dolu standart nitqlər söyləmələri”, bütövlükdə nəzəri biliklərinin və dünyagörüşlərinin lazımi səviyyədə olmaması ilə izahlanır. Digər çətinliyi isə yaradıcı kollektivin öz ixtisaslarını sistemli olaraq davam etdirməməkdə görürdü. Bu çətinliklərin aradan götürülməsinə rəğmən müəllif kino sənətini yüksəltmək üçün aşağıdakı tədbirlərin həyata keçirilməsini zəruri sayırdı:

 

 “a) kino sənətinin görkəmli ustalarından birini Bakı kinostudiyasına bədii rəhbər dəvət etmək;

 

 b) kino istehsalı işini ardıcıl və müntəzəm bir şəklə salmaq. İstehsalat planına böyük kinofilmlərlə bərabər, iki-üç hissəli qısametrajlı filmlər də daxil etmək;

 

v)kino işçilərini başqa şəhərlərə, böyük kinostudiyalara, görkəmli kino ustalarının yanına yaradıcılıq təcrübəsinə göndərmək;

 

q)studiyada çalışan bütün yaradıcı işçilərin öz üzərlərində müntəzəm surətdə işləməsini, siyasi və nəzəri biliklərini, sənətkarlıqlarını artırmasını təmin etmək”. Tənqidi səpkidə yazılmış məqalənin sonunda yazıçı yazır: “Biz əl-ələ verməli, kino sənətimizi irəliyə aparmalı, ssenarilər yazmalı, filmlər çəkməli, xalqımızın həyatını yüksək sənətkarlıqla əks etdirən əsərlər yaratmalıyıq”. Yazıldığı zamandan xeyli keçməsinə baxmayaraq məqalədəki kino sənətinə dair elmi-nəzəri fikirlər öz aktuallığını bu gün də saxlayır. Bütün yaradıcılığı boyu yalnız müasirlik duyğusu ilə yaşayan, qəlbinin səsinə qulaq asan, həqiqətə tapınan, heç bir zaman “sözə-qələmə xəyanət etməyən” qüdrətli sənətkar “uzaq və yaxın dünənimizə, milli-mənəvi mənliyimizə mən heç vaxt direktivlərin, proqramların, ayrı-ayrı dövlət rəhbərlərinin iradəsinin və istəyinin tələbi ilə yanaşmamışam”- əqidəsində olmuşdur.

 

1956-cı ildə Xalq yazıçısı Mehdi Hüseynin ssenarisi əsasında Ağarza Quliyev “Qara daşlar” filmini ekranlaşdırdı. Film ekranlara çıxandan sonra seyrçilər tərəfindən maraqla qarşılandı, haqqında məqalələr və resenziyalar yazıldı. Filmə həsr etdiyi eyniadlı məqaləsində dramaturq yazırdı: “Qara daşlar” filmi qəhrəman Bakı neftçilərinin  həyatına həsr edilmişdir. Bu çox ciddi, şərəfli bir mövzudur. Bizim incəsənətimiz Bakı fəhləsinə, onun fədakar həyatına çox borcludur. Biz bu həyatın gözəllik və şeiriyyətini, cəmiyyətin səadəti üçün gördüyü böyük işi çox az əks etdirmişik. Bu nöqteyi-nəzərdən yazıçı Mehdi Hüseynin ədəbi fəaliyyəti təqdirəlayiqdir. O, Bakı fəhləsinin həyatını, onun inkişaf yolunu müvəffəqiyyətlə təsvir edir. Ədəbiyyatımızı Bakı neftçilərinin yeni, təravətli surətlərilə zənginləşdirir”. Məqalənin sonunda yazıçı bu filmi “şöhrətli Bakı neftçisinin qəhrəmanlığını həyəcanlı, real səhnələrdə göstərən müvəffəqiyyətli bir film” kimi dəyərləndirir.

 

Xalq yazıçısı filmin ərsəyə gəlməsində və uğurlu alınmasında rejissor əməyinə xüsusi qiymət verirdi. Çox zaman çəkilən filmlər isə Moskvaya göndəriləndən sonra onun üzərində  ciddi “əməliyyatlar”, ixtisarlar və redaktələr edilirdi. Ona görə də rejissorlar məcburiyyət qarşısında qalaraq mərkəzin tələblərini yerinə yetirməli oldular.” Beləliklə, həm ssenaristin, həm də rejissorun fikri-zikri qalırdı Moskvadakı məsləhətçinin, ya hansısa rəisinsə yanında: necə etməli ki, ssenari, film bəyənilsin? Yəni, Moskvadakıların zövqünə və “devizinə” uyğun gəlsin”.

 

“Sarıköynəklə Valehin nağılı” romanının ekran təcəssümündən bəhs edən yazıçı əsərinin rejissor tərəfindən bərbad bir hala salındığını təəssüf hissilə xatırlayaraq yazır: “Kinostudiyadan cavan bir rejissor bir gün zəng eləyib mənə dedi ki, sizin “Sarıköynəklə Valehin nağılı” romanının əsasında film çəkmək istəyirəm. Ssenarini də özüm yazmışam. Mən rejissoru yaxşı tanımasam da, çox təkid elədiyi üçün etiraz eləmədim. Ancaq dedim ki, “ssenarini özüm oxumaq istəyirəm”. Rejissor ssenarini mənə göndərmədi. Mən də fikir elədim ki, yəqin hələ hazır deyil. Bu əhvalatı da yaddan çıxardım. Ancaq günlərin birində qəzetlərdə oxudum ki, mənim “Sarıköynəklə Valehin nağılı” romanım əsasında telefilm çəkilib. Və çox çəkmədi ki, həmin filmi televiziyada görəndə həm təəccüb elədim, həm də əsəbiliyimdən bilmədim neyləyim: bu filmdə mənim romanımdan demək olar ki, heç nə qalmamışdı, qalanlar da çox əcaib bir hala salınmışdı. Studiyaya zəng eləyib rejissordan soruşdum ki, hörmətli dost, nə üçün mənim əsərimi bu kökə salmısınız?

 

And içdi ki, mənə Moskvadan bir əlavə müəllif caladılar, ssenarini də o, təzədən işlədi... Soruşdum ki, o adam romanı oxumuşdu? Dedi ki, yox. Soruşdum ki, Bakıda olmuşdu? Dedi ki, yox, mən yazdığım ssenarinin üzərində işləyib “Sosialist mədəniyyəti ehkamının elə prinsipləri, meyar və tələbləri var idi ki, sənəti məhdud çərçivəyə salırdı, ədəbiyyatda, incəsənətdə, ümumən kinoda konyuktur mövzuların rəvacına gətirib çıxarır, gerçəkliyin həqiqi mənzərəsini verməyin qarşısını alırdı. Milli kinomuzun inkişaf tendensiyaları, cəmiyyətdə onun yeri və rolu, kinorejissor və ssenari müəlliflərinin yaradıcılıq üslubları həmişə İlyas Əfəndiyevin diqqət mərkəzində olmuşdur. “...Beləliklə, biz kino sahəsində də, teatr aləmində də birbaşa “mərkəzə” baxan, onların çaldıqları ilə oynayan, heç bir müstəqilliyi olmayan əyalət miqyasında idik”. Ədib öz fikir və mülahizələrini davam etdirərək daha sonra yazır: “...Yetmiş ildə bizim mənəviyyatımız və həmin mənəviyyatın bədii yaradıcılıq dünyası heç bir zaman azad, müstəqil olmamışdır, heç bir zaman “yuxarısız”, “Mərkəzi komitəsiz” olmamışdır”.

 

Milli kinoşünaslıq elmimiz istiqlal dövrünə yeni bədii-estetik yaradıcılıq uğurları ilə daxil olub. Çağdaş kino sənətinin bədii-estetik problemlərini, mövcud prinsiplərini elmi-nəzəri cəhətdən araşdırmaq üçün geniş imkanlar yaranıb. Bu baxımdan zəngin yaradıcılıq arsenalına malik əbədiyaşar sənətkarımız İlyas Əfəndiyevin kinoşünaslığın nəzəri problemlərini və poetik xüsusiyyətlərini özündə ehtiva edən məqalələri elmi-nəzəri  siqləti və konseptuallığı ilə əhəmiyyətlidir. Xalq yazıçısının hekayə, povest, kinonovella, roman və pyesləri Azərbaycan kinematoqrafçıları üçün geniş imkanlar açır. Dramaturqun nəsr əsərləri kinematoqrafik ifadələrlə zəngindir. Ədibin elə nəsr əsərləri var ki, onlar “oxunmur”, sanki “baxılır”.

 

 

 

Vəfa XANOĞLAN

Bakı Xoreoqrafiya Akademiyasının elmi katibi, filologiya üzrə fəlsəfə doktoru

525-ci qəzet.- 2016.- 28 may.- S.19