Afaq Məsud dünyası
Altıncı yazı
Bütün
həqiqi yazıçılar kimi Afaq Məsudun
“uydurmalar”ı da yazıçının daxili
dünyasında məskunlaşmış “həyatın
dibi”ndən gəlir...
“Şənbə gecəsi” yazıçının ən
yaxşı hekayələrindən biridir. Və burada qadın qəhrəmanın
ən azı dörd missiyası həm ziddiyyətdə, həm
də üzvi vəhdətdə təzahür edir...
“...Hə,
belə getsəydi, anası mütləq yorğan- döşəyə
düşəcəkdi. Bunu dəqiq bilirdi.
Bunu anasının yeriməkdən balacalaşan ayaqlarına
baxanda bədəninin hansı toxumasıylasa necəsə hiss
eləyirdi.
Axır
vaxtlar anasının gözləri də əvvəlkindən
xeyli kiçilmişdi, əlləri də kiçilib uşaq
əllərinə bənzəməyə
başlamışdı”...
Bu, hekayənin qadın qəhrəmanının
övladlıq hissiyyatlarıdır. Və bunun ardınca analıq
hissiyyatları gəlir:
“Dilini
döyənək eləmiş nağılların içində
uşaqlardan qabaq özü itib- batırdı,
paltarlı-corablı, kipriklərinin sürməsi
süzülüb gözünün altına yayıla-
yayıla yatıb qorxulu nağılları yuxulara qərq
olurdu... Həmin o yuxularda uşaqlarını paltar kimi əyninə
geyirdi, corab əvəzinə qıçlarına çəkirdi,
sonra ha çalışırdı onları soyuna, soyuna
bilmirdi”...
Qadın qəhrəman anasına övladlıq eləməyə
qarşı olduğu qədər də övladlarına
analıq eləməyə qarşıdır. Və onun təbii
insan vəzifəsinə, məsuliyyətinə bu dərəcədə
“üsyan”ı, daxili etirazı normal mənəvi- əxlaqi
mövqedən qəribə görünməyə bilməz.
Ancaq nəzərə alsaq ki, həmin qəhrəman “anormal
bir dünya”nın adamıdır, onun
üzərindən “anormaldır” deyib keçmək də
mümkün deyil.
Ərinə
arvadlıq missiyasına gəldikdə isə... “Fikirləşdi
ki, əslinə qalsa, axı həmin bu yarlı-
yaraşıqlı, qolu qüvvətli Azad onun heç nəyinə
lazım deyildi?!. Azad üçün
uşaqlar oyuncaqdan savayı başqa bir şey deyildilər”...
Anasına,
övladlarına, ərinə bu soyuq, laübalı münasibətin
bircə səbəbi var ki, o da yazıçılıq “xəstəliyi”dir.
Və bu “xəstəlik” artıq şiddətli bir ehtiras səviyyəsindədir:
“Bütün
şəhər səsini içinə çəkib ona diqqət
kəsilmişdi... Onun yazmağını
gözləyirdilər. Çox
atılıb-düşürdü, uşaqlarına, ərinə,
evinə maneə, əngəl kimi baxırdı. Guya
onlar olmasaydı, uca dağlar yaradacaqdı...
Anası da onun istedadsız olduğunu bilirdi, Azad da, elə
o birilər də. Sadəcə ürəyini sındırmaq, xətrinə
dəymək istəmirdilər”...
...Hekayənin
qadın qəhrəmanı bütün bunları hansısa təhtəlşüurla
duyub özünü öldürmək qərarına gəlir.
Və bu zaman “o biri otaqdan uşaqların hansınınsa səsi
gəldi...
...Kiçik
qızı yerinin içində oturmuşdu, balaca əllərini
ona sarı uzadıb “ma- a- a...” deyə- deyə ağlamağa
başladı.
...Uşağı
qucağında yelləyə- yelləyə həzin- həzin
fikirləşdi ki, bəlkə də, ondan sonra həyat
olduğu kimi davam edəcək, amma uşaqları anasız
böyüyəcək”...
Qadının
(insanın) onu başdan ayağa sarmış təhtəlşüur
maraqları, istəkləri və həmin maraqlardan, istəklərdən
əl çəkdikdə məhv olacağı qənaəti
nə qədər güclü, qarşısıalınmaz
olsa da, yazıçı nəticə etibarilə, bu fikrə
gəlir ki, həmin qadının (insanın) daha həlledici
olan missiyaları da var... Onlardan biri də
dünyaya gətirdiyi övladla bağlı bütün cəmiyyət
qarşısındakı məsuliyyətidir. Əslində,
bu məsuliyyətin kökündə dayanan təhtəlşüurluluğun
“doza”sı da az deyil, ancaq
yazıçı məsələnin həmin tərəfini
o qədər də qabartmır... “Qabardılan” hisslərin təlatümü
və ya əzablardır ki, bunun avtobioqrafik kökləri
olmamış deyil...
Yazıçı
müsahibələrindən birində həmin köklər
barəsində danışır:
“ - Siz
Tanrı tərəfindən yox, həyati əzablarla məhkum
olunmusunuz elə bil...
- Atam
dünyasını dəyişəndə, mənim on beş yaşım vardı, amma həmin o on
beş yaşımda artıq o qədər əzab çəkmişdim
ki, atamın ölümünü o əzablardan növbətisi
kimi qəbul etdim.
- O nə
əzablar idi?
- Dəqiq
deyə bilməyəcəyəm. Çünki
özüm də bilmirəm. Mən şəhərin
mərkəzi küçələrindən birində,
tanınmış ədəbiyyatşünas alim Məsud
Əlioğlunun ailəsində doğulmuşam. Geniş, işıqlı bir mənzildə
yaşamışam. Evin sonbeşiyi kimi,
ailənin ərköyünü olmuşam. Maddi korluq çəkməmişəm. Amma həm də, görünür, nədənsə
korluq çəkmişəm. Bunun, nəyin
korluğu olduğunu uzun müddət anlaya bilmirdim. Bir
müddət bunu, atamın yaşadığı zəmanə
ilə, cod cəmiyyət qadağaları ilə yola getməməsiylə,
canında gəzdirdiyi dissident sıxıntılarını
bütün evə çökdürməsi ilə
bağlayırdım. Sonralar daha ayrı bəhanələr
tapırdım. İndi isə anlayıram
ki, bütün o əzabları mənə öz içimdə
veriblər. Olsun ki, bu, mənim hədsiz azad ruhumla bu
dünyanın miskin darısqallıqlarına
sığınmaq məhkumluğu olub”...
“Şənbə gecəsi” bir də ona görə
mükəmməl əsərdir ki, müəllifin
yazıçı (və insan) “əzablar”ı ilə bilavasitə
bağlıdır. Və bu bağlılıq olduqca təbii, səmimidir...
Afaq Məsud ədəbiyyatşünas Nərgiz Cabbarlı ilə
söhbətində “yaradıcılıqda yazıçı
şəxsiyyətinin, eqosunun təzahürü məsələsinə
necə baxırsınız?” sualına belə cavab verir:
“Bunlar qarşılıqlı vəhdətdə olan
şeylərdir. Yaradıcılıqla yazıçının şəxsiyyəti
həmişə əlaqədədir”... Və əlavə
edir:
“Mənim yazdıqlarımı şəxsi həyatımın
davamı, daha doğrusu, bəlkə də, bir hissəsi hesab
etmək olar.
Hətta elə əsərlərim var ki,
bioqrafik xarakter daşıyır”.
Əlbəttə, bu və ya digər əsərin
avtobioqrafik xarakter daşıması bir, onun nə dərəcədə,
hansı səviyyədə avtobioqrafik, başqa sözlə,
səmimi olması ikinci məsələdir. Və Nərgiz Cabbarlı
ilə söhbətdə yazıçı bu məsələyə
də aydınlıq gətirir:
“...Hər
əsərimdə mən öz sirlərimi mərhələlərlə
açıram. Bəzən mənə deyirlər
ki, yazılarımda həddindən artıq
açıqlıq edir, öz daxilimi çox büruzə
verirəm. Hərdən bunu nöqsan da
tuturlar. Amma mən həmişə öz
düşündüklərimi, hiss etdiklərimi
yazmışam. Və bundan çəkinməmişəm”...
Niyə?.. Yazıçı cavab verir: ona
görə ki, “mənim qəhrəmanlarım özlərini
dərk etməyə çalışan insanlardır”...
Afaq Məsudun
yaradıcılığında təzahür edən
avtobioqrafiklik ənənəvi ədəbiyyatdakından onunla
fərqlənir ki, bu, sosial (ütülü!) yox, “hisslərin
tərcümeyi- halı”na əsaslanan
psixoloji avtobioqrafiklikdir. Yazıçı “mənim
yazdıqlarım düşündüklərimin deyil,
duyduqlarımın məhsuludur. Əslində,
nəyi hiss etmişəmsə, onu da yazmışam” deyəndə,
heç şübhəsiz, bunu nəzərdə tutur.
“Şənbə
gecəsi”ndə ənənəvi ədəbiyyat
poetikasının qəbul etdiyi mənada “yekun”, yaxud “sonluq”
yoxdur... Burada da yazıçının öz
poetikası özünü göstərir. Və Afaq Məsud
bunu belə şərh edir:
“Yazıçının işi dərk etmək,
insanı açmaqdır. Hətta bunun sonu olmasa
belə. Əgər bunun nə zamansa sonu
olacağını düşünsəydim, bəlkə də,
yazmazdım”.
Nərgiz
Cabbarlı soruşur:
“Səhv
etmirəmsə, “Şənbə gecəsi” hekayəsindədir:
yaradıcı qadın elə bilir ki, yazacağı bir
şey olacaq. Hətta ailəsini,
uşaqlarını, işini də günahlandırır yaza
bilmədiyi üçün. Hər şeydən təcrid
olunmağa çalışır və... Məlum olur ki, onun
yaza biləcəyi, deyə biləcəyi bir şey yox
imiş əslində”...
“Şənbə
gecəsi”nin müəllifi cavab verir:
“O,
yaradıcı adamın bir əhvalı, ovqat
yazısıdır. Bəlkə, elə həmin qadın əlini
o kağızlara atanacan məhv ediblər yaza biləcəyini...
Bir vaxt ədəbiyyatın vətəndaşıyam
demişdim və inanın ki, ədəbiyyat insanı uzun
müddət qəbul etmir. Hələ indi- indi istədiyim
kimi, istədiyim vaxt yaza bilirəm”...
İstər
yazıçılıq olsun, istər rəssamlıq, istər
müğənnilik... qadının kişidən fərqli
olaraq, özünü realizə etməsi qarşısında
həmişə təbii əngəllər, maneələr
var... Hətta bunu onun özünə bildirməsələr,
elan etməsələr, mövcud ailə qayda- qanunları,
ritualları əsasında başa salmasalar belə...
Qadın
üçün ən ağrılısı, əzablısı
isə odur ki, o, həmişə (təbiətən) daxili
yaradıcılıq ehtirası ilə xarici məsuliyyət
(və mənəvi borc) arasındadır...
Afaq Məsudun hekayələrində ailə, xüsusilə ər- arvad münasibətlərinin çoxspektrli psixoloji analizi ənənəvi (və milli!) ədəbiyyatdakından əsaslı şəkildə fərqlənməklə yanaşı qeyri- adi bir “poza” da və ya rakursdan təqdim olunur ki, bu da yazıçının, ümumən, insanı tədqiq (və dərk) metodunun xarakterindən irəli gəlir. Yəni hər hansı mənada ekspromt və ya eksperiment deyil.
“Uydurma” hekayəsinin qəhrəmanı fiziki olaraq “problemli” adamdır. Və onun “problem”i ağzında ərindən xəbərsiz gəzdirdiyi protezdir... Nə zamansa (hətta öləndən sonra “qəbri hansısa təsadüf üzündən qazılıb açılanda”) sirrinin ortaya çıxacağı fikri onu əməlli- başlı narahat edir...
“...Fikirləşdi ki, bəlkə də Toğrul heç iyrənməyəcəkdi?!.. Niyə də iyrənməliydi axı? Protezdə iyrənməli nə vardı axı?.. Toğrul sadəcə, onun qocalmağından duyuq düşəcəkdi. Otuz beş yaş qadın üçün çox da üzağardan yaş həddi deyildi axı?! Bir də, olsun ki, həmin o protezdən sonra Toğrul onun hər tərəfinə- saçlarına da, gözlərinə də, döşlərinə də şübhəylə baxacaqdı”...
Fiziki “problem”, tamamilə təbii olaraq, mənəvi-psixoloji
“problem”ə çevrilir.
Toğrulla
onların kəndlərinə toya gedirlər... Və
bütün etnoqrafik təfsilatıyla təsvir olunan bu toyda
kompleksli xanım öz ərinə, gözləmədiyi
halda, “rəqib” tapır... Oynaya-oynaya
görür ki, “hamıdan arxada, əlləri cibində
dayanıb əl çalmadan ona baxan alagöz oğlan”ın
gözləri yaşarıb.
Cəmilə biri digərini təqib edən fikirlər, xəyallar aləminə düşür. Oğlanın ona vurulduğu, bunun isə tamamilə təbii olduğu qənaətinə gəlir... Axı ona vurulmamaq olmazdı... Həmin məqamda nə üçünsə sevmədiyi Toğrula ərə getdiyinin səbəbi barədə düşünməyə başlayır. Və “kompleks”dən “kompleks” doğulur...
Niyə Toğrulu seçmişdi?.. Çünki o vaxt “qabağına çıxanlardan ən üzüyolası, həlim xasiyyətlisi o idi... Görünür, hiss eləmişdi ki, Toğrulu istədiyi vaxt - tanış darısqallıqlara düşüb boğula- boğula çabalayanda, divar radiosunu söndürən kimi, söndürə bilər... İstəsə uzun müddət yandırmaz”...
Gecə, qonaq olduqları evdə gəlin otağında yatır. Və xəyalla yuxunun təmasında özünü “alagöz oğlan”ın ağuşunda hiss edir.
Toğrulla şəhərə qayıdanda yenə rastlaşırlar... “Bu, o idi... Dünən axşam toy mağarının qapısından ona zillənən, gecə yuxuda qucağında çırpındığı həmin bozumtul gözlü oğlan... İndi bu gözlər toz- torpaqlı sifətə səhvən düşmüş kimi əcaib görünürdülər...
Əsəbilikdən, ya sarsıntıdan ürəyi bulandı”...
Və hekayə bitir:
“...Toğrula nifrətlə baxdı. Belə baxanda Toğrulun üzü həmişə elə əyilirdi, elə bil üstünə güclü təzyiqlə su buraxırdılar.
Necə də nifrət eləyirdi bu dəqiqə ona?!.. Bütün günahlar ondaydı. Payızın bu cod bozluğunda bu mənasız kəndçilərin arasına gəlməyi də, gecəki o ətürpədən yuxusu da, özü üçün uydurduğu o şit məhəbbət macərası da, ağzında gecə-gündüz şaqqıldadıb damağını yara eləyən protez də - hər şeyin, hər şeyin baiskarı o idi”...
Nizami Cəfərov
525-ci qəzet.- 2016.- 28 may.- S.15