Maarifçilik, vətənpərvərlik
və insanpərvərlik
BİLİK FONDUNUN BU YÖNÜMDƏ GÖRDÜYÜ İŞLƏR
Əlifba “A”dan başladığı kimi maarifçilik
ədəbiyyatdan və mədəniyyətdən
başlayır.
Ən güclü siyasi qüvvələrin illərlə
həyata keçirə bilmədiklərini bir kino, bir
tamaşa, yaxud 2 dəqiqəlik videoçarx bir neçə
dəqiqənin, saatın içində eləyə bilər.
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik
Fondunun əsas missiyası maarifçilikdir. Geniş
ictimaiyyəti, yəni əhalinin bütün təbəqələrini
həyatın, elmin, məişətin müxtəlif istiqamətlərində
məlumatlandırmaq, maarifləndirmək.
Çoxşaxəli maarifçilik missiyasının bir
istiqaməti də təbii ki, mədəniyyətin və ədəbiyyatın
dili ilə həyata keçirilir. Fond muzeylərlə,
teatr və kino müəssisələri ilə,
ayrı-ayrı yazıçı, şair, elm və mədəniyyət
adamları ilə işini məhz bu yönümdə qurur.
Teatrlarımızın səhnəsində qoyulan Azərbaycan
və dünya klassikasını əhalinin içinə, ali və orta məktəblərə, uşaq və
qocalar evlərinə, hərbi hissələrə, hətta cəzaçəkmə
müəssisələrinə aparır.
Ötən
ilin sonlarından ali və orta məktəblərdə
aktyorluq dərnəklərinin yaradılmasına
başlamışıq. ADPU-də
yaratdığımız “Mizan” aktyorluq dərnəyində
ADMİU-nin dosenti Məmməd Səfanın quruluşunda
M.F.Axundovun “Müsyo Jordan və Dərviş Məstəli
Şah” tamaşası hazırlanır. Gələcəyin
müəllimləri tədris edəcəkləri klassik ədəbiyyatımızın
bu nümunəsini əyani surətdə səhnədə
göstərəcəklər. Bu həm o tamaşada rol alan tələbələr, həm də tamaşaya
baxacaq tələbə və yeniyetmələr
üçün yaddaqalan əyani vəsaitdir.
ADMİU-nin
son kurs tələbələrinin diplom tamaşası olan, C. Məmmədquluzadənin
ölməz “Ölülər” əsərinin
tamaşasının bir neçə ali və
orta məktəbdə oynanılmasına nail olmuşuq.Tədbirlərdə
universitetin rektoru Fərəh Əliyeva da iştirak edib.
Tamaşa Bilik Fondunun həyata keçirdiyi “Auditoriya +” layihəsi
çərçivəsində ADPU-nun tələbələri
üçün oynanılıb.
Əsası
1873-cü ildə qoyulan Azərbaycan Milli Teatrının 143
illiyinə təsadüf edən tədbirdə Azərbaycan Mədəniyyət
və İncəsənət Universitetinin IV kurs tələbələri
Cəlil Məmmədquluzadənin “Ölülər” əsəri
əsasında səhnələşdirdikləri eyniadlı
tamaşanı Bakı Slavyan Universitetinin Filologiya və
Jurnalistika fakültəsinin tələbələri, Məktəb
Lisey Kompleksinin yuxarı sinif şagirdləri
qarşısında oynayıblar və gənclər öz həmyaşıdlarının
ifasında klassikanı böyük maraqla
qarşılayıblar. Tədbirdə Bilik Fondunun
icraçı direktoru Oktay Səmədov, Bakı Slavyan
Universitetinin prorektoru Telman Cəfərov, Mədəniyyət
və İncəsənət Universitetinin Elmi-tədqiqat
şöbəsinin müdiri Nigar Sultanlı, Bakı Slavyan
Universitetinin Məktəb Lisey Kompleksinin direktoru İlahə
Carçıyeva, məktəblilər və tələbələr
iştirak ediblər. Sonda Fondun “Auditoriya+” layihəsində
fəal iştirak etdiklərinə görə tələbə-aktyorlara
təşəkkürnamələr təqdim olunub.
Bilik Fondu
“Auditoriya+” layihəsi çərçivəsində paytaxtla
yanaşı, bölgə gənclərini də klassiklərin
əsərlərinin səhnə həlli ilə tanış etməyi planlaşdırır.
Vətənpərvərlik və xeyriyyəçilik, yəni
vətənə sevgi, ahıllara və uşaqlara, əhalinin
aztəminatlı zümrəsinə qayğı əslində
maarifçiliyin tərkib hissəsidir. İnsanlar bu
yönümdə də maarifləndirilməlidir ki, gələcək
bu gündən yaxşı bünövrə üzərində
bərqərar olsun.
Bilik Fondu
tarixi faktları əcnəbi tələbələrə mədəniyyətin
dili ilə çatdırır
Azərbaycan
Respublikası Prezidenti Administrasiyası rəhbərinin Sərəncamı
ilə təsdiq edilmiş “20 Yanvar faciəsinin iyirmi
altıncı ildönümünün keçirilməsi ilə
bağlı tədbirlər planı”na müvafiq olaraq, Azərbaycan
Respublikasının Prezidenti yanında Bilik Fondu ilə AMEA
Milli Azərbaycan Tarixi Muzeyi 20 Yanvara həsr edilmiş birgə
tədbir keçirib.
Tədbirdə
Bakıda təhsil alan Türkiyə, Türkmənistan, Rusiya,
Özbəkistan, Peru, İndoneziya, İraq, Myanma, Çin tələbələri,
paytaxt məktəbliləri, KİV və QHT nümayəndələri,
Bilik Fondunun və Tarix Muzeyinin əməkdaşları
iştirak ediblər.
Əcnəbi tələbələrə 20 Yanvar hadisələri
ilə bağlı çəkilmiş sənədli film
ingilis dilində nümayiş olundu.Yaxın
keçmişimizdə baş verən bu qanlı hadisə
kinonun dili ilə tədbirdə iştirak edən xarici tələbələrə
çatdırıldı.
Faciənin ildönümü ərəfəsində
Bilik Fondunun yerli nümayəndələrinin təşkilatçılığı
ilə Qax və Oğuz Bilik Evlərində, həmçinin
Şamaxı, Beyləqan, Ağstafa və digər rayonlarda məktəblilərin,
yerli ziyalıların iştirakı ilə toplantılar
keçirilib.
Bütün ümumtəhsil məktəblərində
Qanlı Yanvar hadisələrinə həsr edilmiş
xüsusi dərslər aparılıb, sinif divar qəzetləri
faciənin 26-cı ildönümünə həsr edilib,
ümumtəhsil məktəblərində tariximizin bu
şanlı səhifəsini əks etdirən guşələr
tərtib edilib, şagirdlərin əl işləri və rəsmlərindən
ibarət sərgilər təşkil olunub.
20 Yanvar həqiqətlərinin dünyaya
çatdırılması məqsədilə Fondun rəsmi
elektron ünvanından onun əməkdaşlıq etdiyi 200-dən
çox xarici təşkilat və şəxsə 20 Yanvar
faciəsi haqqında sənədli film və tarixi faktlarla zəngin
məlumatlar göndərilib.
Azərbaycan Respublikasının Prezidenti
Administrasiyası rəhbərinin Sərəncamı ilə
“Xocalı soyqırımının iyirmi dördüncü
ildönümünün keçirilməsinə dair tədbirlər
planı” təsdiq edilib. Bilik Fondunun təşkilatçılığı
ilə Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan
Tarixi Muzeyində Xocalı soyqırımının 24-cü
ildönümünə həsr olunmuş “Əsrin faciəsi”
mövzusunda tədbir keçirilib.
Mərasimdə
Bakı Dövlət Universiteti, Neft və Sənaye Universiteti,
Ali Neft Məktəbi, Qafqaz Universiteti, Dillər Universiteti, Xəzər
Universiteti və Bakı Slavyan Universitetində təhsil alan
xarici ölkələrdən olan 80-dək tələbə
iştirak edib.
Xocalı
faciəsini əks etdirən sənədli filmin
nümayişi, xüsusilə Pakistan, Əfqanıstan,
Zimbabve, Çexiya, Fələstin, Polşa, İtaliya,
Portuqaliya, Rusiya, Türkmənistan və Yəməndən
olan tələbələri təsirləndirib.
Bilik
Fondunun təşkilatçılığı ilə Beynəlxalq
Muğam Mərkəzində Şuşa
Musiqili Dram Teatrının ifasında Xocalı həqiqətlərindən
bəhs edən “Ağ qayıq” tamaşası göstərilib.
Elnurə Abdullayevanın pyesi əsasında
Samir Qulamovun quruluş verdiyi tamaşaya Fondun
“Qardaşlaşmış məktəblər” layihəsinin
iştirakçısı olan Bakı şəhər 275, 245,
45, 18 nömrəli tam orta məktəblərin şagirdləri,
BSU və BDU-nun tələbələrindən ibarət
könüllülər baxıblar.
Fondun təşkilatçılığı ilə
Avrasiya Universitetində keçirilən anım tədbirində
də soyqırım qurbanları yad edilib, Xocalı faciəsinin,
ümumilikdə xalqımıza qarşı törədilən
vəhşiliklərin tarixi kökləri ilə bağlı
faktlar səsləndirilib.
Bilik Fondu Gənc Tamaşaçılar Teatrında da
Xocalı şəhidlərinin xatirəsini yad edib. Tədbirdə
Sevinc Elsevərin “Ürəyində arzu tut” pyesi əsasında
hazırlanmış “Arzu və Murad” tamaşası təqdim
olunub.
Xocalı soyqırımı ilə bağlı həqiqətlərinin
dünyaya çatdırılması məqsədilə Bilik
Fondunun rəsmi elektron ünvanından onun əməkdaşlıq
etdiyi 200-dən çox xarici təşkilat və şəxsə
Xocalı faciəsi haqqında sənədli film və tarixi
faktlarla zəngin məlumatlar göndərilib.
Ahıllar
və Uşaq evləri ilə görülən işlər
Fond yarandığı gündən əhalinin müxtəlif
zümrələri arasında yalnız maarifləndirmə
işləri aparmaqla kifayətlənmir, həm də xeyriyyə
tədbirləri həyata keçirir.
Ahılları unutmuruq, Bilik Fondu hər bayram yolunu Bilgəhdəki
Əmək və Müharibə Veteranları pansionatından
salır.
“Fikir şənbəsi” klubunun tədbirlərindən
birini Müəllimlər günü ərəfəsində
bu pansionatda keçirmişik, Novruz bayramı ərəfəsində
ahılları ziyarət etmişik. Pansionatın
kitabxanasına da 250-dən artıq kitab hədiyyə
etmişik.
Eyni diqqəti Bilik Fondu Uşaq evlərinə, həmçinin
SOS Uşaq kəndinə də göstərir. Mütəmadi
olaraq onların görüşünə teatr
tamaşaları, yeni kitablarla gedirik. Hər ay SOS-da
böyüyüb tərbiyə alan
uşaqların ad günlərini təbrik edir, onlara müxtəlif
hədiyyələr aparırıq.
Muzeylərə
və tarixi yerlərə ekskursiyalarımız
davamlıdır
Bilik Fondu və AMEA-nın birgə təşkilatçılığı
ilə Sabunçu rayonundakı Nardaran qəsəbə 295
nömrəli tam orta məktəbin şagird və müəllim
kollektivi Akademiyanın qonağı olub.
Nardaran məktəbliləri AMEA-nın 70 illik yubileyi ilə
əlaqədar olaraq, Milli Elmlər Akademiyasının elmi
bölmələri və institutlarının keçirdiyi sərgidə
iştirak ediblər. Şagirdlərə bölmə və
institutların fəaliyyəti, AMEA-nın Azərbaycan elminin
inkişafında oynadığı rol barədə geniş
bilgilər verilib.
Sərgi şagirdlərin böyük marağına səbəb olub, onlar alimlərlə ünsiyyət yaradıb, suallarına cavablar alıb. Mərkəzi Elmi Kitabxanada tanınmış alimlərin kitablarlı ilə tanış olublar.
Nardaran qəsəbəsindəki 295 və 130 nömrəli tam orta məktəblərin 9-cu sinif şagirdlərini öz istəklərinə görə “Azər-ilmə” xalçaçılıq şirkətinə və Hərb Tarixi Muzeyinə apardıq. Xalçanın toxunması prosesini öz gözləri ilə görən şagirdlər toxuculara və bələdçiyə bu sənətin incəlikləri ilə bağlı müxtəlif suallar veriblər.
Bilik Fondu vaxtaşırı tələbələrin və məktəblilərin Hərb Tarixi Muzeyinə ekskursiyalarını təşkil edir. Bu tədbirlər həm yeniyetmə və tələbələrin hərb tariximizi əyani surətdə öyrənməsinə şərait yaradır, həm də onlarda vətənpərvərlik duyğularını cilalandırır.
Məktəblər Bilik Fondunun xətti ilə Hərb Tarixi Muzeyində, Xalça, Teatr, İncəsənət, Azərbaycan Tarixi muzeylərində, Atəşgah məbədində, Muğam Mərkəzində, Quba soyqırımı Memorial Kompleksində, Kümrük məbədində və digər tarixi yerlərdə ekskursiyalarda olublar.
Gənclər günündə kitab aksiyası keçirdik
“Oxuyaq - oxudaq” adlı aksiyada gənclərə yaşıdları olan yazarların kitabları hədiyyə edilib.
Aksiya tikinti materialları satılan “Dərnəgül”
bazarından başlayıb. Satıcı gənclər
kitablara böyük maraq göstəriblər. Eyni mənzərə yeməkxanalarda və
yanacaqdoldurma məntəqələrində də
yaşanıb. Kitabları alan gənclər
hədiyyədən məmnun qaldıqlarını bildirib, bu
kitabların ev kitabxanalarını bəzəyəcəyini
deyiblər.
Bilik Fondu
“Vətən dərsi” deyir
Bilik
Fondu, Şuşa Musiqili Dram Teatrı və
Şuşa Rayon İcra Hakimiyyətinin “Vətən dərsi”
adlı layihəsinə start verilib. Layihənin
məqsədi məktəblilərdə və gənclərdə
vətənpərvərlik ruhunun aşılanmasıdır.
Layihə
çərçivəsində müxtəlif təşkilatlarda,
ali və orta ixtisas məktəblərində
Şuşa Teatrının bir dərs saatı həcmində
hazırladığı “Aprelin dörd günü” adlı ədəbi-bədii
kompozisiya nümayiş edilib.
Gənclərə
vətənpərvərlik ruhu aşılanmalıdır
Bilik Fondu və Milli Aviasiya Akademiyasının birgə təşkilatçılığı
ilə II Fəxri Xiyabanda şəhid pilotların anım mərasimi
keçirilib.
Mərasimdə
Fondun aparat rəhbəri İsaxan Vəliyev, aparıcı məsləhətçi
Ramilə Qurbanlı, Milli Aviasiya Akademiyasının, Müdafiə
Nazirliyinin müvafiq strukturlarının nümayəndələri,
kursantlar, tələbələr və Fondun
Könüllülər Birliyinin üzvləri iştirak ediblər.
Tədbir iştirakçıları II Fəxri
Xiyabanda şəhid zabitlərimiz Təbriz Mustafazadə, Urfan
Vəlizadə və Bəkir İsmayılovun məzarlarına
çiçək dəstələri düzüblər.
Pilotlar 2-4 aprel tarixlərində erməni silahlı
qüvvələrinin təxribatına cavab olaraq düşmən
hücumunu dəf edərkən şəhid olublar.
Sadalanan bütün bu işlər yalnız paytaxtda həyata
keçirilmir.
Hər bir addım Fondun 76 rayon və şəhərdə
fəaliyyət göstərən yerli nümayəndələri
və bölgələrdəki Bilik Evləri tərəfindən
davam etdirilir.
Ramilə QURBANLI
Azərbaycan Respublikasının Prezidenti
yanında Bilik Fondunda aparıcı məsləhətçi
525-ci qəzet.- 2016.- 28 may.- S.14