Ankarada Azərbaycan
yazıçılarının kitabları təqdim olundu
Mayın
25-də Ankarada Avrasiya
Yazarlar Birliyinin təşkilatçılığı ilə Xalq yazıçısı
Anarın türkcəyə
çevrilmiş "Göz
muncuğu", Rəşad
Məcidin "Bir daha gəlməyəcək"
və Pərvinin
"Anar dünyası"
kitablarının təqdimat
mərasimi keçirilib.
Avrasiya Yazarlar Birliyinin başqanı Yaqub Öməroğlu tədbiri
giriş sözü ilə açaraq hər üç yazıçının yaradıcılığı,
türkcə yayımlanmış
əsərləri barədə
danışıb: "Anarın
"Göz muncuğu"
əsəri onun uzun illik təcrübəsinin,
həyata və dünyaya aid dərin qənaətlərinin ifadəsidir.
Bu əsər məni çox təsirləndirdi. Rəşad Məcidin
"Bir daha gəlməyəcək" kitabını
daha öncələr
nəşr etdik, amma oxuculara təqdim etməyə imkanımız olmadı.
Son dərəcə maraqlı bir kitabdır. Pərvinin "Anar dünyası"
kitabı isə bu günlərdə çapdan çıxıb,
türk dünyasının
böyük yazarı
Anarın əsərlərini
incələyən, onu
oxuculara anladan qiymətli bir əsərdir. Bu gün Azərbaycan ədəbiyyatının üç
nəslindən olan yazarları siz oxuculara təqdim etməkdə məqsədimiz
ədəbiyyatlarımız arasında əlaqələri
genişləndirməkdir".
Sonra Rəşad Məcid çıxış edərək
Avrasiya Yazarlar Birliyinin türkdilli xalqların ədəbiyyatlarının
inkişafı, tanınması,
ədəbi əlaqələrin
genişlənməsi üçün
gördüyü işlərdən
danışıb: "Artıq
bir neçə ildir ki, Dərgilər
simpoziumunda, Kitab sərgilərində iştirak
edirik. Müxtəlif türkdilli ölkələrdən
redaktor həmkarlarımla
məhz bu tədbirlərdə tanış olmuşuq,
işbirlikləri qurmuşuq.
Yaqub bəyin
rəhbərliyi ilə
Avrasiya Yazarlar Birliyinin təşkil etdiyi Mahmud Kaşğarlı
hekayə yarışması
xüsusən gənclərin
yaradıcılığa marağının
artmasına səbəb
olub. Bütün bu gözəl
işləri sadalamaqla
bitirmək olmaz.
Mən
ilk növbədə bunlara
görə Yaqub bəy başda olmaqla Avrasiya Yazarlar Birliyinə təşəkkür edirəm.
Yaqub bəy sürprizlər etməyi, insanları sevindirməyi yaxşı
bacarır. Mənim kitabımı
da hörmətli tərcüməçi Seyfəddin
Altaylı çevirmişdi,
amma tezliklə kitab kimi nəşr
olunacağını bilmirdim.
Bakıda Beynəlxalq Kitab
Sərgisində Yaqub bəy kitabı mənə təqdim edəndə çox sevindim. Anar müəllimin "Göz muncuğu" kitabı son illərdə
yazılmış və
ən çox marağa səbəb olan əsərlərdir.
Anar müəllim türk dünyasına xidmət edən bir yazardır,
ziyalıdır, əminəm
ki, bu yeni
əsərini də türk oxucuları bəyənəcəklər. Və bu yolda oxuculara
Pərvinin "Anar dünyası" kitabı
da yardım edəcək. Pərvin Azərbaycanın
ən istedadlı gənclərindəndir, zəhmətkeşliyi,
ağlı, iradəsiylə
uğurlara imza atıb, bu növbəti
uğuruyla onu təbrik edirəm və sizlərin hər birinizə təşəkkür edirəm".
Xalq yazıçısı Anar
Türkiyəylə bağlı
xatirələrindən danışıb
və Azərbaycan ədəbiyyatına sayğıya
görə minnətdarlığını
bildirib: "Uzun illərdir, burda kitablarım yayımlanır,
bura sonsuz səfərlərim olub, hər dəfə də özümü xoşbəxt hiss etmişəm.
Bu gün üçqat
artıq xoşbəxtəm.
Təvazökarlıqdan uzaq olsa da, deyim ki,
hər üç kitab dəyərlidir, türk oxucuları üçün maraqlı
olacaq. Avrasiya Yazarlar Birliyi başçısı Yaqub
bəyə içdən
təşəkkürlərimi bildirirəm, dəyərli
dostum, həmkarım Rəşad Məcidin bu cür nəfis,
sanballı kitabını,
mənim yazdığım
son, yeni romanımı
və haqqımda yazılan ən gözəl kitabı nəşr etdiyinə, türk
oxucularına çatdırdığına
görə. Zaman keçdikcə, yaşım artdıqca dostlarımı itirirəm,
amma belə gənc dostlar qazanmağımdan məmnunam".
Pərvin
Türkiyədə Anar
haqqında yazılmış
kitablardan, məqalələrdən
faydalandığını söyləyib: "Bir neçə ildir ki, Anar müəllimin
yaradıcılığını araşdırıram və
onun haqqında bütün əsərləri
oxumuşam, türk tənqidçilərinin də
əsərlərindən çox
faydalanmışam. Bu illər
ərzində Anar müəllim haqqında kitabımın Türkiyədə
çıxacağını mən sadəcə xəyal edə bilərdim, amma sayın Yaqub bəyin, tərcüməçi
Aysun xanımın və “Bengü” yayınlarının sayəsində
bu xəyallarım gerçək oldu. Bu zəhmətlərinizdən dolayı hamınıza minnətdarlığımı bildirirəm".
Bir neçə il
Bakıda Türkiyə
Səfirliyinin Mədəniyyət
müşaviri kimi çalışmış Seyid
Əhməd Arslan Bakı ilə, Azərbaycan yazıçıları
ilə bağlı təəssüratlarını, xatirələrini bölüşüb:
"Bu gün hər biri öz nəslinin
ən yaxşılarından
olan üç Azərbaycan yazarı önümüzdədirlər. Üçü də türk
dünyasına faydalı
ziyalılardır. Azərbaycanda işlədiyim vaxtlar bir nağıl kimi qalıb yaddaşımda. Anar müəllimin
qayğısı, dəstəyi
hər zaman üzərimizdə olub.
Rəşad bəylə, Pərvin
xanımla bərabər
çoxlu gözəl
layihələrə imza
atmışıq. Bu gün dostlarımı görməkdən məmnunam,
onlara azərbaycanlıların
sözüylə “Öz
evinizə xoş gəlmisiniz” deyirəm".
TÜRKSOY-un Baş Katibinin müavini Fırat Purtaş, qurumun Azərbaycan üzrə nümayəndəsi Elçin Qafarlı,
türk tənqidçiləri, yazarları kitablar haqqında fikirlərini tədbir iştirakçıları ilə bölüşüblər.
Sonra Xalq yazıçısı Anar üzərində Azərbaycanın böyük şairləri Nizami, Füzuli və Məhsəti Gəncəvinin rəsmləri əks olunmuş lövhəni Avrasiya Yazarlar Birliyinin sədri Yaqub Öməroğluna təqdim edib. Tədbirin sonunda hər üç müəllif oxucular üçün kitab imzalayıblar, xatirə şəkilləri çəkdiriblər.
Mayın 26-da isə İLESAM-ın təşkilatçılığı ilə Türk tarix qurumunda Anarın "Yaşamaq haqqı", Pərvinin "Sevdim səni" kitablarının təqdimat mərasimi baş tutub.
Tədbiri İLESAM rəhbəri Məhməd Nuri Barmaqsız açaraq Azərbaycan Yazıçılar Birliyi ilə müqavilədən danışıb: "Ötən il Azərbaycan Yazıçılar Birliyində bir razılaşma imzaladıq ki, hər il iki türk yazıçının kitabı azəricə Bakıda, iki Azərbaycan yazarının kitabı türkcə Ankarada nəşr olunsun. Mənim "Aşk və sükut" kitabım Bakıda işıq üzü gördü, oxuculara təqdim olundu, imza günü keçirildi. İndi iki yazarın kitabını sizlərə təqdim edirik. Hər iki kitabla tanışam, hər ikisi dəyərlidir. Anar ustadın əsəri türk dünyasını anlamaq, öyrənmək üçün son dərəcə vacibdir. Pərvinin isə mövzusu sevgi olduğu üçün həmişə aktualdır, maraqlıdır".
Professor Nurulla Çətin Anarın kitabı haqqında geniş məruzə edib. Bu əsərin çağdaş türk gəncliyinə faydasından danışıb: "Anarın türk dünyası qarşısında xidmətləri danılmazdır. Hələ çətin Sovetlər dönəmində o türklüyü təbliğ edirdi. Dədə Qorqud dastanının təbliğatı üçün gördüyü işlər çox böyükdür. Düşünün ki, Anar o
zaman "Türk dünyası" ifadəsini işlədə bilmirdi, onun əvəzinə "Dədə Qorqud" dünyası yazırdı və bununla türklüyü təbliğ edirdi".
Dosent Aydır Yılmaz Pərvinin kitabı haqqında geniş çıxış edərək əsərin sevginin ən müxtəlif qatlarının incəliyini söyləyib: "Mənə ən xoş gələn o oldu ki, Pərvin xanım sadəcə, öz yaşantılarını, hisslərini yazmaqla kifayətlənməyib, həm də eşqin, sevginin fəlsəfəsini anlamağa çalışıb və bunu gözəl şəkildə qələmə alıb".
Sonra Azərbaycanın Türkiyədəki Səfirliyinin nümayəndəsi, TÜRKSOY nümayəndələri, türk yazarlar çıxışlar edərək kitabların əhəmiyyətindən danışıblar.
Xalq yazıçısı Anar çıxışında hər iki kitabın təqdimatına görə təşəkkürlərini bildirib: "Nə mənim, nə də Pərvinin bu kitablarımız Azərbaycanda nəşr olunmayıb, ilk dəfə türkcə çapdan çıxır. Buna görə əməyi keçən hər kəsə minnətdaram".
Pərvin türk şairlərinin şeirlərinə də müraciət etdiyi üçün kitabının Türkiyədə çapına xüsusi məsuliyyətlə yanaşdığını söyləyib və Aşıq Veysəlin şeirindən yazdığı esseni tədbir iştirakçıları üçün oxuyub.
Hər iki kitabın tərcüməçisi Məhməd Rza Qoçi tərcümə zamanı qarşılaşdığı maraqlı məqamlardan söz açıb: "Ustad Anarın və istedadlı gənc Pərvinin əsərlərini çevirərkən fərqli duyğular yaşadım. Bu gözəl duyğularıma görə müəlliflərə minnətdaram".
Sonda müəlliflər kitablarını oxucular üçün imzalayıblar, təşkilatçılarla xatirə şəkilləri çəkdiriblər.
NƏZRİN
525-ci qəzet.- 2016.- 28 may.- S.12