19 yaşlı şəhid Rəvan Nurayevin ömür
nağılı
Şəhid evlərini soraqlaya-soraqlaya
gəzdiyim rayonlarda, ünvanı soruşanda, qarşılaşdığım insanların əksəriyyəti
eyni sözü deyir: "... O qapısında
Azərbaycan bayrağı
asılan ev şəhidin evidir".
Qapısında bayraq asılan evləri, məhəllələrin
sakinlərini həm qürurlu, həm də gözü yaşlı gördüm. Ocağını yandıracaq, yurduna sahib olacaq tək övladlarını itirən
analarla üz-üzə
gəlmək nə qədər çətin
olsa da, o uca şəhidlərimizin
ruhu şad olsun deyə, məndən güclü analarla görüşmək
Tanrı qarşısında
mənəvi borcumdur.
May ayı sərin
nəfəsi ilə təbiəti nazlandırdığı,
şər qarışan
bir vaxtda Zaqatala rayonunun Muxax kəndindəki Nurayevlərin məhəlləsini
tapmaq çətin olmadı. Axırdan gələn heyvanları həyətə salan bir kişi
bizi evə apardı. Məlum oldu ki, şəhid Rəvan İsmayıl oğlu Nurayevin bacısının
əri Qəhrəman
Ramazanovdur. Həyətin
içərisində təzə
ev tikirdilər.
Bizi eyvanına dəvət etdikləri evin isə divarları çat-çat idi.
Bildik ki, 2013-cü ilin may ayında baş verən zəlzələdən sonra
bərbad olan evdir.
Eyvandan içəri otağa keçəndə, yerimdəcə
qurudum... Qarşımda məni aprel
ayının 4-ü axşamı
heyrətə gətirən
qara paltarlı, həmin arıq və sısqa qadın dayanmışdı.
Həmin vaxt televiziya ekranından onu oğlunun tabutunun altına çiyin verərək, oğlunun tabutunu aparan əsgər yoldaşlarına qoşulub,
hər kəsdən qabaqda gedən görmüşdüm... Və o gecəni
səhəri diri açan azərbaycanlılarımın,
türk dünyamızın
bütün vətəndaşları
kimi mənim də gözümə yuxu getməmişdi.
Qovrulmuşdum için-için,
parçalanmışdı qəlbim ...
Həvva bacının əvəzinə
yaxın qohumları Tamam Ramazanova danışmağa başladı.
- Həvvagillə həm qonşuyuq, həm də qohum. Onun böyük qızı mənim gəlinimdir.
Çox
gözəl, namuslu ailədirlər. 2 yaşından Rəvanı
və qızını
yetimliklə böyüdüb.
Aprelin 3-ü gəlinim
Fatma dedi ki, qardaşımın əsgərliyinin 1 ili keçdi, 6 ayı qalıb... Şəklini əlinə
götürüb , başladı ağlamağa. Dedim niyə ağlayırsan ki, şükür Allaha gəlib çıxacaq da... Axşamüstü də qudam Həvva gəldi. Dedi ki, heç
özümə yer tapa bilmirəm. Bilirdik ki, ara qarışıb,
aləm dəyib bir-birinə, ermənilər
yenə bizim tərəfə atırlar.
Ancaq Rəvan heç ağlımıza da gəlmirdi. Çünki biz onun Mingəçevirdə
hərbi təlim keçdiyini bilirdik.
Oturub
samovar çayı içə-içə
söhbət edirdik.
Həvva dedi ki, ürəyimin içi yanır, bilmirəm, canımı hara qoyum. Elə bu
vaxt kəndin icra nümayəndəsi girdi həyətimizə.
Həvva dəli kimi yerindən durub onun üstünə
qaçdı, qışqıra-qışqıra
dedi ki, Rəvandan xəbər gətirmisən, nə olub ki?! Vallah
bilmədim ki, bu arvada
bir dəqiqənin içində nə oldu.... Bu necə hiss eləmişdi o icra nümayəndəsinin qara
xəbər gətirdiyini?..
Hönkürən Həvva Nurayeva
özü söhbətə
davam etdi:
- Bilirsən nədən bildim?! Çünki birdən ikiyə bizim qapımızı kənd sovetindən döyən olmayıb. Özü də o kişi evə girəndə salam vermədi. Ehtiyatla ətrafına baxırdı. Ondan şübhələndim... Eyyyyy... Mən oğlumu cavan ölmək üçün böyütməmişdim. Axı Rəvan mənə deyirdi ki, ay ana, böyüyüb bütün zəhmətlərinin əvəzini verəcəm. Atası rəhmətə gedəndə Rəvanın 2, böyük qızımın 5 yaşı var idi. Onları bu kənd yerində zəhmətlə böyütdüm. Kimsənin qazanına, çörəyinə göz dikməyə qoymadım. Aclığımızdan, toxluğumuzdan kimsənin xəbəri olmadı. 2015-ci ilin aprel ayında əsgər yola saldım. O əsgər getdiyi gündən dolu zənbillərlə Tərtərə, Goranboya... iki-üç aydan bir görüşünə getdim. Evdə tək qala bilmirdim. Elə bilirdim ki, bütün evi yığıb aparıb Rəvan. Deyirdi ki, ay ana, mən balaca deyiləm, əziyyət çəkmə. Kaş axırıncı dəfə 10 gün balamın yanında qalaydım, doyardım bəlkə ətrindən...
Yoldaşım İsmayıl da kənddə çörəkli kişi olub. Qapımızdan girənə süfrə açmaq adətimiz olub. 1999-cu ildə rəhmətə getdi. Ötən günlər ərzində bu həyətimdə oğlum üçün bir mağar quruldu ki, gəl görəsən... Gələn-gedənlərə dedim ki, hamınız balamın süfrəsindən yeyin... Bu həm toy mağarıdır, həm əsgərlikdən gəlməyini qeyd edirəm, həm də yasını verirəm... Bundan sonra nəyimə lazımdır bu həyət-baca... O zəlzələ olan vaxtı, biz bu evdə qorxa-qorxa yaşadıq. Görürsünüz də, zəlzələdən uçub dağılandı. Evin təməlini qoyduq, sonrasına da pulumuz çatmadı. Kaş balam sağ olaydı, bir çadırda da yaşayardım. Kaş şikəst qayıdaydı, ölən gününə kimi, qulluğunda durardım...
Oğlumun üç mərasimini verən günü - aprelin 7-də Mehriban xanım Əliyeva Bakıda şəhid ailələrinin anaları, bacıları, qızları ilə görüş keçirirdi. Rəvanımın bacısı Fatmanı göndərdik. Orda Fatma heç nə danışa bilməyib. Amma sonradan Mehriban xanımın köməkçisi qızıma zəng vurub, problemimizin olub-olmamasını soruşub, qızım da deyib ki, zəlzələdən ziyan çəkmişik. Bizə Mehriban xanım Əliyeva təşəbbüsüylə maddi yardım da edildi. İndi bu həyətmizdə gördüyünüz evi də təzə tikməyə başlayıblar. Usta briqadası ayırıblar.
19 yaşlı şəhid Rəvan Nurayevin bacısı Fatma heç nə danışmadı. Elə məlul müşkül, ağlar gözlə üzümüzə baxırdı. Qaynanası, Tamam xanım yenə söhbətə qoşuldu:
- Rəvanın əsgərliyindən heç narazılığı olmamışdı. Deyirdi ki, bu zənbilləri mənə gətirməyin, bizə əsgərlikdə ev yeməyi verirlər. Arzuları yarımçıq qaldı uşağın. Onu dəfn edəndə, bu həyətdə iynə atsan yerə düşməzdi. Belə şəhid dəfn edildiyini görməmişdik. Adam bəy duranda sağında-solunda xalaoğlusu, əmioğlusu sağdış-soldış durar, Rəvanın da sağında-solunda Azərbaycan əsgərləri dayanmışdı. İndi onlar ona keşik çəkirdilər. Sağ olsun dövlətimiz, Rəvan şəhid olan gündən anasını da diqqətdə saxlayırlar ki, nə istəyi olsa, yerinə yetirsinlər. Fatmanın iki uşağı var. Dünyada kim əbədidir ki... Bu da bir yazı, bir qismət idi. Ölənlə ölmək nə dinimizə yaraşar, nə də inancımıza. Allahdan bütün şəhid ailələrinə səbr diləyirəm. Biz də burdayıq. İndi Həvva özü necə desə, elə də quracağıq düzənimizi. Fatma, nəvələrimiz nə vaxt istəsələr, gəlib gedəcəklər. Qonşularımız da mehribandırlar. Həvvanı biz tək qoymarıq.
Cəmi 19 il ömür sürən Rəvanın albomlarından şəkil axtardım. Qonşunun Aida adlı qızı dedi ki, Rəvanın oxuduğu kənd məktəbində onun xatirəsinə ehtiram olaraq anım günü keçirilib. Həmin anım günündə çıxış edən müəllimlərdən birinin ürək sözlərini bizə təqdim etdi:
"Geridə qoyduğumuz hər gün tarixə dönür. Elə günlər var, onlar unudulub gedir, elə günlər də var ki, onları heç zaman unutmursan. Belə günləri tarixə yazan qəhrəmanlardır şəhidlər! Allah, Vətən və millət yolunda canından keçən insanların fəth etdiyi ən yüksək, şərəfli zirvədir şəhid olmaq! Canlarından keçməklə xalqın qəhrəmanlıq dastanını, azadlığını canı ilə qazanıb, qanı ilə yazanlardır, şəhidlər! Belə ayrılıq əslində yoxluq və heçlik deyil, əbədi cənnətə səfərdir.
Şəhidlər şərəf, qeyrət, ucalıq zirvəsidir,
Şəhidlər azadlığın od-şimşək zərrəsidir.
Şəhidlər tarixləşən istiqlal türbəsidir,
Şəhidlər ölməzdirlər, şəhidi ağlamazlar!"
Şəhid Rəvan İsmayıl oğlu Nurayevin Vətən
qarşısında canından keçməsi yüksək
qiymətləndirildi. Onun layiq
olduğu "Hərbi xidmətdə fərqlənməyə
görə" 3-cü dərəcəli medalı ailə
üzvlərinə təqdim olundu. Rəvan
indi təkcə Zaqatalanın Muxax kəndinin deyil, bütöv Azərbaycanın oğludur.
Bunu
artıq Muxax kəndinin məktəbliləri
bilirlərsə, deməli, şahidi
olduqları tarix dərsini gələcək
nəsillərə söyləyəcəklər. 2-5 aprel tarixini dastana çevirənlər xalqın əbədi
yaddaşına yazılıblar - Azərbaycan torpaqlarının
azadlığı uğrunda canından
keçən bütün şəhidlərimiz
kimi!
Aida Eyvazlı
525-ci qəzet.- 2016.- 1 iyun.- S.8.