Tarixin Muğan səhifəsi
MUĞANIMIZ -
TARİXİMİZ, SƏRVƏTİMİZ
O taylı-bu taylı Muğan düzü
Muğan düzü Kür-Araz ovalığının bir
hissəsidir. Şimal-qərbdə Araz çayı
vasitəsilə Mil, Kür
çayı vasitəsilə
Şirvan düzündən
ayrılır. Cənub və
cənub-şərqdə Lənkəran
ovalığına, Salyan
düzünə qədər
uzanır. Qeyd edək
ki, düzün böyük hissəsi Cənubi Azərbaycanın
payına düşür.
Buradan Kür və Araz çaylarının
keçməsi əkinçiliyin
inkişafı üçün
geniş imkanlar yaradıb. Bu çaylardan
çəkilən arxların
köməyi ilə süni suvarma sistemləri yaradılıb.
Əhali
əkinçilik, maldarlıq,
eləcə də digər fəaliyyətlərlə
məşğul olub.
Muğan
xalçaçılıq məkanı kimi
Muğan həm də Azərbaycanın xalçaçılıq
mərkəzlərindən hesab olunur.
Ərazi baxımından Muğan xalçaları Şirvan
xalçasıdır, toxunma
texnikasına diqqət
yetirdikdə isə Qarabağ xalçalarına
aid edilir. Azərbaycanda təxminən 17 kənd Muğanla bağlıdır. Xalçaların adısa Muğan düzü ilə əlaqədardır. Yaşlı xalçaçıların
sözlərinə görə,
Muğan xalçaları
Şirvan xalçalarına
nisbətən daha yüksək keyfiyyətli
hesab edilir. Yumşaqlıq, zəriflik, hamarlıq
və rənglərin
ahəngdarlığı Muğan
xalçaları üçün
səciyyəvidir.
Müxtəlif format və proporsiyalara malik xovlu Muğan
xalçaları əsasən
iki üsulla toxunub. Birinci üsulla toxunan
xalçalar "Qarmaqlı
xalça", ikinci üsulla toxunan xalçalarsa "Çiçəkli
Muğan" adlanır.
Muğan
- qədim tarixin şahidi...
Tarix elmləri üzrə fəlsəfə doktoru Pirağa İsmayılzadə
Muğan düzü haqqında ətraflı məlumat verib, tarixən burada yaşayan əhalinin məşğuliyyəti, həyat
tərzi haqqında xeyli danışıb:
" Azərbaycanın ən
qədim tarixi etnoqrafik bölgələrindən
olan Muğan düzünün 4 min yaşı
var. 1982-ci ildə Muğanda
eramızdan əvvəl
beşinci minilliyə
aid əhliləşdirilmiş at başının tapılması
burada qədim sivilizasiyanın olmasını
göstərən əsas
amillərdəndir. İkincisi isə
Cəlilabadda tapılıb.
Atın Midiya atlarının cinslərinə uyğun olduğu müəyyənləşdirilib.
Bu da Muğan
ərazisinin qədim zamanlardan əhalinin məişət və mədəniyyətində mühüm
yer tutduğunu göstərir. 1864-cü ildə Parisdə Melik Sarkisyanın "Muğan düzü" kitabı çıxıb.
Həmin
kitabda göstərilir
ki, Muğan düzü insanların yaşadığı ən
qədim ərazidir".
Tarixçi alim Muğanın
qədim tarixinə
aid maraqlı faktlar da dilə gətirib:
"Beyləqan ərazisində
Örənqala adlı
qədim yaşayış
məskəni var. Orada
Gavurarx deyilən su arxı var. Bu arxın yaşı 5000 ildir. Arxın adını ərəblər
veriblər. "Düşmən arxı",
"Yad arxı" mənalarını ehtiva edir. Bu gün
də həmin arxa Gavurarx deyilir.
Bu ərazidə tarixən təsərrüfat
həyatının inkişafı
birinci növbədə
əhalinin əkinçilik,
maldarlıq, balıqçılıqla
məşğul olması
ilə bağlıdır".
Muğan
düzünün ayrılmaz
ikilisi - Kür və Araz çayları
P.İsmayılzadə burada əhalinin məskunlaşmasında
Kür və Araz çaylarının rolunun danılmaz olduğunu hesab edir: "Bu ərazinin qədimliyini sübut edən əsas amillər Kür və Araz çaylarıdır.
Yəni milyon illər boyu o ərazinin təbii coğrafi şəraitinin, torpağının
münbit olmasını
şərtləndirən əsas
amil Kür və Araz kimi
iri çayların bu ərazidən axmasıdır. Çayların tərkibində olan inqridiyentlər bu torpağın münbitləşməsinə
şərait yaradıb.
Dünyanın ən qədim
dövlətçilik tarixi
Misirdən başlayır.
Misiri Misir edən də Nil çayıdır.
O, misirlilərin həyatında
hansı rolu oynayırdısa, tarixən
Kür və Araz çayları da muğanlıların həyatında həmin rolu oynayıb. Kürlə Arazın birləşdiyi yerdə Muğaniyyə şəhəri olub.
Ərəb mənbələrinə əsasən Muğaniyyə
şəhərinin tarixi
4000 ildir. Amma onun
4000 yaşı olması
haqqında hələ
ki, arxeoloji nümunə tapılmayıb.
Muğaniyyə şəhər-dövlət olaraq muğanlıların,
Muğan ərazisində
yaşayan yerli əhalinin dövləti olub və bu
dövlətin yaranmasının
əsas səbəblərindən
biri də əhalinin sıx məskunlaşması olub.
1896-cı ilə qədər
Arazın ayrıca qolu varmış, o gedib Xəzərə çıxırmış. Bu ərazilərin çay şəbəkəsi, şirin
su hövzəli olması ərazinin qədim məskən olmasını göstərir.
Muğanda böyük meşəliklər
olub. Ağaclardan Kürdə bənd
qurmaq məqsədilə
də istifadə edilib. Daşqın nəticəsində torpaq münbitləşdiyindən
həmin ərazilərdə
əkinçilik və
maldarlıq inkişaf
edib.
Ərəb Xilafətinin ilk yürüşləri
Muğana olub. Bu ərazilərdə məskən
saldıqdan sonra sonrakı dövrlərdə
sosial iqtisadi həyatda mühüm əhəmiyyət kəsb
edən bir sıra qalalar tikiblər. Yəni şəhər mədəniyyətinin
olmasını şərtləndirən
əsas amillərdən
biri İslamın yayılmasıdır".
Muğan
düzü - açıq
hava altında muzey...
P.İsmayılzadə Muğanda açıq hava altında muzey yaradılması fikrini də irəli sürdüyünü qeyd
edib: "Muğanın
özünəməxsus xalçaları,
ənənəvi geyim
xüsusiyyətləri var. Bütün bunları, o cümlədən, arxeoloji
nümunələri qorumaq,
turistlərini diqqətini
cəlb etmək üçün açıq
hava altında muzey yaratmaq mümkündür. Məsələn, Salyan qədim şəhərdir. Bu yaxınlarda hətta yaşının 2500 olduğu
irəli sürüldü.
Salyanda qədim məhəllələr
- Zərgərlər, Balıqçılar
məhəllələri, Kürqırağı
deyilən ərazi
var. Yaxud Əli bəy Hüseynzadə önəmli tarixi şəxsiyyətlərimizdəndir. Onun xatirə muzeyi daha da genişləndirilə,
Cümhuriyyətlə, eləcə
də sonrakı dövrlə əlaqədar
muzey yaradıla bilər. Həm gənc nəslin
tərbiyəvi inkişafında,
həm də tariximizin öyrənilməsində
mühüm addım olar.
Bundan başqa,
Salyanda tapılmış
küp qəbirlərdən
əldə olunmuş
maddi-mədəniyyət qalıqlarının
müqayisəli təhlili
onların digər bölgədəki eyni tipli qəbirlərdən daha qədim olduğunu söyləməyə
əsas verir. Babazanlı
küp qəbirləri
şimal rayonlarından
tapılan eyni tip qəbirlərdən də
daha qədimdir".
Muğanın incisi - Saatlı
Muğanın daha bir əhalinin
sıx məskunlaşdığı,
qədim yaşayış
məskənlərindən biri də Saatlıdır. Burada daha
çox tatlar yaşayıblar. Eramızdan əvvəl
VII əsrdə çarlıq
da yaradıblar. Burada eyni zamanda, skiflər,
saklar da məskunlaşıb, başqa
millətlər, tayfalarla
iqtisadi əlaqələr
qurublar. Saatlı həmin
ərazinin bir hissəsidir. Gavurarxın da
bir hissəsi rayon ərazisindən keçir.
Etnonim olaraqsa
"Saatlı" XIV əsrin
sonunda Arpaçayın
aşağı axarı,
Araz çayının
sağ sahilində yerləşən Çuxur
Səəd adlı əyalətdə yaranıb. Saatlı tayfasının
adı Çuxur Səəddə yaşayan
tayfanın, yaxud Əmir Səədin adını daşıyan,
Ağrıdağ vadisində
yaşamış Azərbaycan
türklərinin - Saadlı
tayfasının etnik adıdır".
Saatlı rayon kimi İkinci Dünya Müharibəsi illərində təşkil edilib. 1941-1945-ci illərdə Saatlıdan 1600 nəfər cəbhəyə göndərilib. Onlar 77-ci, 223-cü, 402-ci, 416-cı diviziyalarda döyüş yolu keçib, müxtəlif qəhrəmanlıqlar göstəriblər. Yeni yaradılan rayon ilk şəhidlərini də elə bu müharibədə verib. Cəbhəyə gedən 1600 nəfərin təxminən üçdə biri həlak olub.
1949-cu ildə Ermənistan SSRİ-nin bir sıra rayon və kəndlərindən qovulan azərbaycanlıların əksəri, 1953-cü ildə Mərkəzi Komitənin xüsusi göstərişi ilə köçürülən Cəlilabad rayonunun 7 kəndinin əhalisi, 1958-1959 və 1989-cu illərdə Orta Asiya respublikalarından Axıska türkləri, 1988-1989-cu ildə başlanan Qarabağ hadisələri nəticəsində Qərbi Azərbaycandan didərgin salınan həmvətənlərimizin bir qismi Saatlıda məskunlaşıblar. 1943-cü ildə rayon statusu aldıqdan sonra iyirmi il müstəqil inzibati ərazi kimi fəaliyyət göstərib. 1963-cü ildə isə Sabirabad rayonunun tərkibinə qatılıb. 1965-ci ildən yenidən müstəqil rayon statusu bərpa edilib.
Qarabağ müharibəsində Saatlı gəncləri də qəhrəmancasına döyüşüblər. Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda rayon 116 şəhid verib. 1995-ci ilin mart hadisələrində - dövlət çevrilişinə cəhd zamanı - həlak olmuş Hüseynov Elşən İbrahim oğlu Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.
Saatlının inkişafında Heydər Əliyev amili
Rayonun sosial-iqtisadi və mədəni-siyasi həyatının bütün sahələrində dirçəliş və inkişaf, əhalinin həyat səviyyəsinin yüksəldilməsi 1970-ci ildən sonra başlanılıb. Mərhum prezident Heydər Əliyev Azərbaycan KP MK-nın birinci katibi işlədiyi zaman 1974, 1976 və 1980-ci ildə, Azərbaycan prezidenti olduğu dövrdə isə 1998-ci ildə Saatlıya səfər edib, rayonun iqtisadiyyatının dirçəldilməsi, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması üçün ardıcıl addımlar atıb.
Məhz Heydər Əliyevin xidmətləri sayəsində XX əsrin 70-80-ci illərində Saatlı rayonunda 19 məktəb binası, 390 çarpayılıq mərkəzi xəstəxana, 450 yerlik mədəniyyət sarayı, 11 kənd həkim məntəqəsi, musiqi məktəbi, 450 yerlik məktəbəqədər müəssisə, 32 mənzilli beşmərtəbəli 2 yaşayış binası, ikimərtəbəli univermaq, universam, bir sıra idarə və müəssisələr üçün yeni inzibati binalar, pambıqtəmizləmə və süd zavodları, çörəkbişirmə kombinatı tikilərək istifadəyə verilib, çoxsaylı sənaye, nəqliyyat və xidmət təşkilatları yaradılıb. Müstəqillik illərində rayonda tikinti-quruculuq, abadlıq işləri daha geniş vüsət alıb. Həmin illərdə Araz çayı üzərində uzunluğu 238 və 320 metr olan iki böyük körpü, 800 yerlik "Came" məscidi, 2030 yerlik 8 məktəb binası, 750 yerlik iki şadlıq sarayı, şəhidlərin xatirəsinə abidə kompleksi, 31 Mart azərbaycanlıların soyqırımı xatirə kompleksi, 3 park, 5 yeni həkim məntəqəsi, stadion, idman meydançaları, quşçuluq-broyler fabriki, çoxsaylı sosial obyektlər, eləcə də özəl istehsalat müəssisələri inşa edilib.
Heydər Əliyevin siyasi-iqtisadi və sosial rifah kursu davam etdirilir
Son illər Saatlının inkişafı, iqtisadi irəliləyişi də diqqət mərkəzindədir. Əsası Heydər Əliyev tərəfindən qoyulan, prezident İlham Əliyev tərəfindən davam etdirilən daxili və xarici siyasət kursu ölkəmizi nəinki regionun liderinə, eyni zamanda dünyanın inkişaf etməkdə olan dövlətlərindən birinə çevirib. Bu siyasət nəticəsində Azərbaycanın bütün guşələrində tərəqqi hiss edilməkdədir. Dövlət başçısının imzaladığı "Regionların sosial-iqtisadi inkişafı" Dövlət Proqramı (2004-2008-ci illər) Azərbaycanın inkişafına təkan verib.
Onu da qeyd edək ki, prezidentin tapşırığına əsasən yeni torpaqlar əkin dövriyyəsinə cəlb edilib. Hazırda təyinatı dəyişdirilmiş 3335 hektar ərazidə kollektor-drenaj şəbəkəsi qurulub, su kanalları çəkilib, şlüzlər quraşdırılıb. 2014-cü ildə kollektor-drenaj şəbəkəsində 324,94 kilometr məsafədə 949,57 min kubmetr sahə lildən təmizlənib. Ümumi uzunluğu 662 kilometr olan suvarma kanallarında 1722 min kubmetr lildən təmizləmə işləri aparılıb, 172 hidrotexniki qurğu, 10 istehsalat binası, 30 hidropost və 10 nasos stansiyası cari təmir edilib. Aşağı Muğan Kanalının 9-cu və 26-cı kilometrində səviyyə qaldıran qurğular əsaslı təmir edilib, yanında xidməti bina tikilib.
Bir sözlə, başdan-ayağa şoranlıq olan həmin düz indi bol- bəhrəli Muğan düzünə çevrilib. Muğanın incisi Saatlıda isə saatlar inkişaf vaxtını göstərir.
Cavid ŞÜKÜROV
Yazı Mətbuat
Şurası və Saatlı Rayon İcra Hakimiyyətinin
"Muğanımız - tariximiz, sərvətimiz"
mövzusunda keçirdiyi
müsabiqəyə təqdim olunur.
525-ci qəzet.- 2016.- 1 iyun.- S.6.