Həssas və prinsipial
insan
Vilnüsə təyyarədən bir saat öncə
enmişdim. Viza məsələsini aeroportdaca həll eləməliydim.
Ona görə də ləngiyəsi oldum. Söhbət 2005-ci ilin dekabrından gedir. Çölə çıxanda o, məni
qarşıladı.
- Mənə
sizi qarşılamaq və müşaiyət eləmək həvalə
olunub.
Onun mənə ilk sözü belə oldu. Sonra isə özünü
təqdim elədi:
- Mahir Həmzəyev,
Litva Azərbaycanlıları Cəmiyyətinin sədri.
İlk
söhbətdən anladım ki, qarşımdakı bu adam hədsiz dərəcədə diqqətli
və məsuliyyətlidir, qayda-qanuna əməl etməyi
özünə borc bilir. Məni buradakı
qaydalara da o dəvət elədi. Onu da
başa düşdüm ki, bu şəxs Vətənini
layiqincə təmsil və təqdim edir, bu cür davrananlara
da hədsiz sayğı göstərir. Elə buradaca
qeyd edim ki, Mahir bəylə ikinci dəfə bir il sonra görüşdük, yəni 2006-cı
ilin dekabrında. Düzü, xronoloji
ardıcıllıq həm məni, həm də sizi yora bilər.
Ona görə də yadımda qalan təəssüratları
sizinlə bölüşsəm, hər mənada ədalətli
olardı. Onu da xüsusi vurğulayım
ki, bu yazı mənim həm də Vətən yolunda
çalışan dostumuza bir soydaşlıq və vətəndaşlıq
borcumdur. Çünki 37 ildir ki, Litvada və
onun paytaxtında ölkəmizi ləyaqətlə təmsil və
təbliğ edir, hər yerdə öz həyasızlığı
ilə ad çıxarmış erməni diasporuna və
Litvanın ermənipərəst qüvvələrinə
qarşı barışmaz mübarizə aparır.
Mahir Həmzəyev
Azərbaycanın Litvada fəaliyyət göstərən
daşnaklarla döyüşən silahıdır
Mən "Postsovet məkanında bizi nə birləşdirir,
nə ayırır" tədbirinə dəvət
almışdım. Avropa Birliyində anlamışdılar
ki, millətlərarası münaqişələri həll
etmək üçün söz və sənət
adamlarının imkanlarından da bəhrələnmək
lazımdır. Əslində məni tədbirdən
daha çox Litva və onun paytaxtı
maraqlandırırdı. Həm birinci, həm də
ikinci görüşümdə Mahir bəy məni şəhərlə,
onun qədim abidələrilə tanış
elədi. Biz Vilnüsün içəri şəhərini
də gəzdik, Gediminas qəsrini də seyr etdik, Vilnüsdən
xeyli aralı yerləşən Trakay qəsrində də
olduq. Katolik kilsələrini gəzdik,
şəhərin müxtəlif dəyərli insanları ilə
görüşdük. Mahir bəyin
köməyilə bir sıra redaksiyalara müsahibə verdim.
Ən yadımda qalan isə kəraim türklərinin
məzarlığını ziyarət etməyim oldu. Onu
da deyim ki, ən xoş təəssüratlardan biri Litvanın
Azərbaycanda və Türkiyədə səfiri omuş,
sonralar Litva Prezidentinin müşaviri işləmiş, kəraim
türkü Halina xanım
Kobetskayte ilə bağlıdır. O da Mahir Həmzəyev
kimi Azərbaycan Yazıçılar Birliyinin fəxri
üzvüdür. Üzvlük vəsiqəsini
mən ona 2006-cı ildə AYB rəhbərliyi adından
Vilnüsdə təqdim etmişəm.
Mahir Həmzəyev
həm də ona görə dəyərli ziyalı və
şəxsiyyətdir ki, onun vətənini sevənlərə
xüsusi rəğbəti var. Və belə insanlardan biri də
ictimai-siyasi xadim, ötən əsrin əvvəllərində
Bakıda yaşamış, Abdulla Şaiqlə şəxsən
dostluq etmiş Litva ədəbiyyatının klassiki Vintsas
Krevedir. Məhz Mahir Həmzəyevin sayəsində onun əsərləri
Azərbaycan türkcəsinə çevrilmiş, Bədii Tərcümə
və Ədəbi Əlaqələr Mərkəzinin sədri,
tanınmış şair-tərcüməçi Səlim
Babullaoğlunun "Books" seriyasından "Azəristan
ölkəsi" adıyla kitab şəklində nəşr
olunmuşdur. Ona qədər isə həmin
hekayələr "Ulduz" dərgisində işıq
üzü görmüşdü.
Mən
Vilnüsdə olarkən Vintsas Krevenin ev
muzeyini ziyarət etmişəm və orada ədibin
yaradıcılığı, həyat və fəaliyyətilə
ətraflı tanış olmuşam.
Düşünürəm ki, bu qısa qeydlərdən
sonra Mahir Həmzəyevin öz keçmişi barədə xəsis
məlumat vermək olar. Onun öz keçmişi böyük bir
kitab boydadır. Ona görə də onu bu
qısa məqalədə işıqlandırmaq,
gördüyü işləri və qazandığı
uğurları sadalamaq mümkün deyil. Amma
oxucularımız üçün aydın olsun deyə
qısa bir bilgi verməyim də yerinə düşər.
Mahir Həmzəyev 1958-ci ildə Quba rayonunun Digah kəndində
anadan olub. 1974-cü ildə həmin kənddə orta məktəbi
bitirib. Sonra ordu sıralarında xidmət
edib, 1983-cü ildə Azərbaycan Dövlət Universitetinin
(indiki BDU) Filologiya fakültəsini qiyabi bitirib.
1984-1989-cu illərdə V. Kapsukas adına Vilnüs Dövlət
Universitetinin Litva filologiyası şöbəsində
litvaşünaslıq ixtisası üzrə aspiranturada təhsil
alıb.
O,1988-ci ildə Litvada başlanmış Milli
dirçəliş və Dövlət müstəqilliyinin bərpa
olunması hərəkatının Litva milli azlıqları
arasında ilk təşəbbüsçülərindən
və 1988-1991-ci illərdə Vilnüsdə fəaliyyət
göstərmiş "Millətlərarası Əlaqələndirmə
Assosiasiyası"nın təsisçilərindən biri olub.
Həmçinin 1990-1992-ci illərdə Litva
Sayudis Seyminin üzvü seçilib (1988-1990-cı illərdə
bu Xalq azadlıq hərəkatının lideri məşhur
siyasət və Dövlət xadimi Vitautas Landsbergis olub.
O, hazırda bu təşkilatın Fəxri sədridir).
1988-ci ildə Litvada Azərbaycan Dirçəlişinin
ideoloqu olaraq Litva Azərbaycanlıları Cəmiyyətinin
yaradıcısı olub və həmin ildən indiyədək
bu təşkilatın sədridir.
6 oktyabr
1992-ci ildən 27 noyabr 1995-ci ilə qədər Azərbaycan
Respublikasının Litvada səlahiyyətli nümayəndəsi
olub.
1991-ci ilin yanvar ayından Litva Hökuməti yanında
Litva Milli İcmalar Şurasının üzvüdür.
Burda bir
haşiyə çıxaq
Mahir
güləyən adam deyil, amma qəfil və
ürəkdən gülməyi də var.
Vilnüsə ikinci səfərimdə şəhərə
bərk qar yağmışdı. Vilnüslülər
maşınların üstündə, pəncərələrində,
əlçatmaz yerlərdə sevgi məktubları
yazırdılar. Belə deyək: qar qraffitisi.
Həmin
vaxt yoldan keçərkən iki gözəl qadının
oturduğu maşın bizə yol verdi...
"Sənin tanışlarındı e, yəqin", -
deyə zarafat elədim, - "bəlkə biz də minək?"
Mahir heç nə demədi və yolu
adlayandan sonra qəhqəhə çəkdi. "Yox əşi hardan?"
"Ordan
ki, dedim, sənə görə maşını
saxladılar". Yenə də ürəkdən
güldü və təbii ki, zarafat elədiyimi başa
düşdü.
Mahir Həmzəyev ailəsinə bağlıdır. Hər dəfə
Bakıya gələndə hökmən Qubaya tələsir,
valideynlərini ziyarətə.
Həddən artıq nəzakətlidir. Uzun illərin
dostu-tanışı olmağımıza baxmayaraq, məktubun
sonunda mütləq belə yazır: hörmətlə, Mahir Həmzəyev.
Əla zövqü var. Ədəbiyyat bilicisi demək
olar. Eyni sözü Halina xanım barədə də demək
mümkündür. Hər ikisi sözə
çox həssas yanaşır. Mən
çox məmnunam ki, hekayələrimi bu iki zövqlü ədəbiyyat
bilicisi hövsələylə Litva dilinə çevirir.
Lazım olanda (bu dəfələrlə olub) hər
hansı sözün mənşəyini, etimologiyasını
dəqiqləşdirirlər. Çətini
isə realiyaların tərcüməsidir. Elə sözlər var ki, litvaca anlaşılmır
(başqa dillərdə olduğu kimi), ancaq alternativlər həmişə
tapılır. Və onlar da həmin
alternativi axtarıb tapmağa çalışırlar.
Yenə də
keçmişə qayıdaq
Mahir Həmzəyevin 1980-2016-cı illərdə Azərbaycan-Litva
tarixi, ictimai-siyasi, ədəbi əlaqələri barədə
yazdığı 350-dən artıq məqaləsi Litvada və
Azərbaycanda işıq üzü görüb.
Azərbaycan
ədəbiyyatı, mədəniyyəti, maarifi, mətbuatı,
teatrı, kinosu və xoreoqrafiyası haqqında, eləcə
də Azərbaycan yazıçı və şairləri - Cəlil
Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Abbas Səhhət,
Osman Sarıvəlli, Mikayıl Rzaquluzadə, Süleyman Rəhimov,
Rəsul Rza, Nigar Rəfibəyli, Xəlil Rza Ulutürk, Sabir
Rüstəmxanlı və Anarın
yaradıcılığı barədə 25 adda ensiklopedik məqalələr
hazırlayaraq Ümumdünya Litva Ensiklopediyasının 2002,
2008, 2011 və 2012-ci illərdə çıxmış II,
XIV, XX və XXI cildlərində çap etdirib.
Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvüdür
(Xalq yazıçısı Anarın təqdimatı ilə qəbul
edilib), həmçinin "Ədəbiyyat qəzeti"
redaksiya Şurasının üzvüdür və AYB-nin
sonuncu qurultayının nümayəndəsidir.
1982-2016-cı
illərdə litvalı müəlliflərlə birgə Azərbaycan
ədəbiyyatından xalq nağıllarını, Nizami,
Abdulla Şaiq, Bəxtiyar Vahabzadə, Gülhüseyn
Hüseynoğlu, Məmməd Namaz, Eldar Nəsibli, Elçin
Hüseynbəyli, Rəşad Məcid, Vahid Qazi və Pərvinin
yaradıcılığından bir sıra əsərləri
Litva dilinə tərcümə edib.
16 mart 2016-cı ildən Litva Ədəbi Tərcüməçilər
İttifaqının üzvüdür.
Mahir Həmzəyev
barədə yazılanlar və deyilənlər
Unudulmaz
Xalq şairimiz Bəxtiyar Vahabzadə onu hələ çox
illər bundan qabaq "Litvada bizim səsimiz olan gözəl
bir gənc" adlandırıb (16 iyun 1982-ci il).
Xalq
şairi Sabir Rüstəmxanlı isə hesab edir ki, "Mahir
Həmzəyev ömrünü Azərbaycan və Litva mədəni-ədəbi
əlaqələrinin öyrənilməsinə,
dünyanın iki gözəl xalqının daha da
yaxınlaşdırılmasına sərf edib"( 24 iyul 1985-ci il).
Xalq
şair Xəlil Rza onu "Turan dünyasının qüdrətli,
cəsur, şair ürəkli, alim zəkalı
övladı" adlandırıb (15 iyul 1991-ci il).
Xalq
yazıçısı Anar "Mahir Həmzəyevi
mühüm və xeyirli işlərlə məşğul
olan ziyalı" kimi dəyərləndirib (16 may 2005-ci il).
Əlbəttə,
bu fikirləri
artırmaq da olar. Amma
düşünürəm ki, Mahir Həmzəyev kimi dəyərli
insanlar barədə xoş fikirlər həmişə olub və
olacaq.
Mahir Həmzəyevin
keçmişindən qeydləri davam etdirək
O,
prezident Heydər Əliyevin 1990-cı il 20 Yanvar təcavüzünün
geosiyasi təhlilinə həsr olunmuş
çıxışlarını, azərbaycanlıların
soyqırımı tarixi ilə bağlı
imzaladığı rəsmi sənədləri, akademik Ramiz
Mehdiyevin "Azərbaycanlılara qarşı soyqırım
gerçəklikləri" və "XXI əsrdə Azərbaycan
ideyası kreativ millət kontekstində" adlı tarixi,
siyasi və sosial-fəlsəfi oçerklərini litvalı həmkarı
Edita Ratkuvene ilə ortaq Litva dilinə çevirərək
2014-2015-ci illərdə Vilnüsdə nəşr etdirib.
Azərbaycanla Ermənistan arasında başlanmış
müharibənin əvvəlindən azərbaycanlıların
soyqırımı və Qarabağ münaqişəsi barədə
həqiqətlərin Litvada yayımlanması istiqamətində
Baltik xalqlarının düçüncə tərzinə və
milli ruhuna uyğun formada yazdığı çoxsaylı məqalələri
Litvada və Avropanın bir sıra aparıcı mətbu
orqanlarında nəşr olunub.
Maraqlıdır
ki, Mahir Həmzəyev Azərbaycan, Qarabağ həqiqətlərini
təkcə Litvada və Avropada yaymır, həm də Litvada
və ölkənin Parlamentində fəaliyyət göstərən
erməni diasporunun pozuculuq əməllərinə
qarşı qətiyyətlə çıxır, onların
Qarabağla bağlı yalanlarını tarixi faktlar, elmi
ümumiləşdirmələr və geosiyasi konsepsiyalarla əsaslandırılmış
şəkildə darmadağın edir. Bu istiqamətdə
də onun onlarca məqaləsi işıq üzü
görüb.
Mahir Həmzəyev 2001, 2006 və 2011-ci illərdə
Bakıda Dünya Azərbaycanlılarının I, II və
III qurultaylarında Diasporun Litvadan təmsilçisi olaraq
iştirak edib və 3 dəfə Dünya Azərbaycanlılarını
Əlaqələndirmə Şurasına üzv seçilib.
Onun məqsədyönlü və uğurlu ictimai-mədəni
fəaliyyəti dəfələrlə Litva və Azərbaycan
dövləti tərəfindən qiymətləndirilib. O, 1991-2014-cü illərdə
Litva Respublikası Seyminin Sədri, Litva Respublikasının
Baş naziri və Litva Respublikasının mədəniyyət
naziri tərəfindən dəfələrlə fəxri fərmanlara
layiq görülüb.
19 noyabr 2004-cü ildə Litva Respublikası Hökuməti
yanında Milli Azlıqlar və Emiqrasiya Departamentinin "Xidmətlərə
görə" gümüş medalı ilə
mükafatlandırılıb.
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin 2006-cı il 13 mart tarixli Sərəncamı ilə "Tərəqqi"
medalına layiq görülüb.
Litva
Respublikasının Prezidenti Valdas Adamkusun 2006-cı il 7 iyun
tarixli Fərmanı ilə "Litva qarşısında xidmətlərinə
görə" Dövlət medalı ilə təltif olunub.
Qeyd edim
ki, V.Adamkusla məni Vilnüsdə olarkən Mahir bəy
özü tanış etmişdi və bu
sadə insanın Azərbaycana qarşı rəğbəti
diqqətimi çəkmişdi. Deməli, bu rəğbət
hissinin yaranmasında Mahir dostumun da əməyi
böyükdür.
O, Litva
Respublikasının Baş naziri Andryus Kubilyusun 2009-cu il 18
dekabr tarixli Qərarı ilə Litva milli
azlıqlarının mədəni və ictimai həyatının
zənginləşdirilməsinə yönəldilmiş
orijinal tədbirlər təşkil etdiyi üçün və
Litva-Azərbaycan mədəni əlaqələrinin təbliğatı
sahəsində göstərdiyi xidmətlərə görə
xüsusi Fəxri fərmana layiq görülüb və Litva
adının 1000 illiyinə həsr olunmuş Fəxri ulduz
Hökumət nişanı ilə təltif edilib.
Prezident İlham Əliyevin 2011-ci il 4 iyul tarixli Sərəncamı ilə ona Azərbaycanın Əməkdar jurnalisti fəxri adı verilib.
Yuxarıda dediyim kimi, Mahir Həmzəyev məni Litvanın qədim abidələrilə tanış edib və onların mədəniyyətlərinə sayğısı barədə ürək dolusu danışıb. Məsələn, o, Gediminas qəsrini göstərib deyirdi ki, həmin qəsr Birinci Dünya müharibəsi zamanı almanlar tərəfindən qismən dağıdılıb və litvalılar onu qədim şəkillərə baxaraq, olduğu kimi bərpa ediblər. İçəri şəhəri gəzərkən isə deyirdi ki, bura olduğu kimi qalıb, divarlardan bir daş da qoparılmayıb, əgər qopubsa da, dərhal bərpa edilib. O, Vətənin qədim abidələrinin də beləcə qorunmasını arzulayır.
Mahir Həmzəyev Vətənə xidmət etməklə qürur duyur, onun bayrağını daim yüksəklərə qaldırır.
Mahir Həmzəyev haqqında gen-bol danışmaq və yazmaq üçün imkanlar böyükdür. Amma hələlik burda dayanaq və bircə onu deyək ki, xaricdə yaşayan və diaspora işimizə böyük töhfələr verən insanları qiymətləndirmək lazımdır. Onlardan biri də Mahir Həmzəyevdir: Vətən və Milli məsələlərdə həssas və prinsipial.
2016-cı il, may
Elçin Hüseynbəyli
525-ci qəzet.- 2016.- 1 iyun.- S.5.