"Gold Stück" - "Qızıl
Parçası"
İSTEDADLI GƏNC PİANOÇU MURAD ABASOVUN PARLAQ UĞURLARI BÜTÖVLÜKDƏ AZƏRBAYCAN MUSİQİ SƏNƏTİNİN MÜHÜM NAİLİYYƏTİDİR
Bu
yazıda gənc bir istedad - respublika və beynəlxalq
miqyaslı müsabiqələrin laureatı, adı Azərbaycanın
gənc istedadlarının "Qızıl kitabı"na
daxil edilən, prezident təqaüdçüsü olan
pianoçu Murad Abasov haqqında söz açacağam.
Murad Eldar
oğlu Abasov 25 aprel 1998-ci ildə Bakı şəhərində,
musiqiçi ailəsində həyata göz açıb,
kiçik yaşlarından musiqiyə meylli olduğundan
valideynləri orta musiqi təhsilini Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Orta ixtisas
musiqi məktəb-studiyasında almağını məsləhət
biliblər. Əməkdar incəsənət xadimi, sənətşünaslıq
üzrə elmlər doktoru, professor Tərlan Seyidovun təsis
və rəhbərlik etdiyi bu məktəbə fortepiano
ixtisası üzrə daxil olan Murad təcrübəli pedaqoq
Ayşə Əliyevanın sinfində 11 il təhsil alıb. Burada oxuduğu illər ərzində müəllimlərinin
sevimli və istedadlı şagirdlərindən biri olub, fəallığı
ilə seçilib. Qeyd etmək lazımdır ki,
professor T.Seyidovun məktəbdə qurduğu nizam-intizam,
yaradıcı ab-hava, şagirdlərə xüsusi tələbkarlıqla
yanaşması, onların hərtərəfli musiqiçi
kimi yetişməsinə şərait yaratması, müxtəlif
müsabiqə və festivallarda iştiraka həvəsləndirməsi
Muradın da bir musiqiçi kimi inkişafına öz təsirini
göstərib. Belə ki, o, kiçik
yaşlarından respublikamızda və kənarda keçirilən
müxtəlif müsabiqələrin laureatı,
tanınmış pianoçu-pedaqoqların ustad dərslərinin
uğurlu iştirakçısı, bir sıra konsertlərdə
alqışlanan ifaçı olub. Hələ 15
yaşında ikən Ü.Hacıbəyli adına Dövlət
simfonik orkestri ilə Azərbaycan Dövlət
Filarmoniyasında və Qəbələdə keçirilən
VI Beynəlxalq festivalda macar bəstəkarı F.Listin mürəkkəb
konsertini ifa edərək, bu yaşda hər ifaçıya nəsib
olmayan müvəffəqiyyət qazanıb. Onun
müxtəlif ölkələrdə qazandığı
nailiyyətlər xarici mətbuatda da işıqlandırılıb.
2015 -
2016-cı tədris ilini Murad üçün həm mürəkkəb,
həm də ən uğurlu il kimi qeyd etsək,
yanılmarıq. O, 2015-ci ildə orta təhsilini başa
vuraraq, sevimli müəllimi A.Əliyeva ilə bərabər
güclü hazırlıq, böyük əmək və səylər
nəticəsində, Almaniyanın Trossingen Dövlət Musiqi
Universitetinə qəbul olundu. Orada oxuduğu bu bir il ərzində
daha neçə müsabiqə iştirakçısı
olaraq, yüksək
nəticələr əldə etdi. Bu ilin 23 - 27 may tarixində
Almaniyanın Myulakker şəhərində
"Baden-Vyurtenberqdə musiqi istedadları" adlı Beynəlxalq
müsabiqədə iştirak etdi və ən yüksək
mükafata - "Absolyut" ödülünə layiq
görüldü. Müsabiqənin münsiflər heyətinin
üzvü Tamara Poddubnaya onun ifasını yüksək qiymətləndirdi
və öz sinfində təhsil almaq üçün
ABŞ-nın "Loung Island Conservatory"na
dəvət etdi. Həmçinin, Murad münsiflər heyəti
tərəfindən Almaniyanın Myulakker şəhərində
solo konsert vermək üçün təklif aldı, eləcə
də 28-31 iyul tarixində yenə də Almaniyada keçirilən
beynəlxalq müsabiqəyə dəvət olundu və orada
növbəti uğura imza atdı.
Əslində söhbətimizin əsas qayəsi olan və
bizi bu məqaləni yazmağa ruhlandıran son uğurlu
müsabiqə üzərində daha ətraflı
danışmazdan əvvəl Muradın mühiti və şəxsi
keyfiyyətlərinə toxunmaq istərdim. Murad Abasov
dedikdə, gözlərimin önündə həssas ruhlu, qayğıkeş
təbiətli, cəsarətli, vətənpərvər,
işində məsuliyyətli və daim axtarışlarda
olan, sənətdə yeniliklərə açıq, öz
üzərində yorulmadan çalışan bir gəncin
siması canlanır. Onun arzusu böyük
səhnələrdə ifaçı kimi uğurlar qazanmaq və
vətəninə sadiq bir sənətkar kimi onu layiqincə təmsil
etməkdir. Özünəinam
uşaqlıqdan başlayaraq insanın yüksək zirvələrə
ucalmasında böyük əhəmiyyəti olan bir hissdir.
İnsanın inkişafı üçün
vacib olan bu hissi onda aşılayan ilk növbədə
valideynləri və müəllimləridir. İnsanın şəxsiyyət kimi yetişməsində
"müqəddəs üçbucaq" - valideynlər,
müəllim və fərdin özü mühüm yer tutur.
Bu baxımdan Murad hərtərəfli münbit
mühitdə boy atmış, bir yaradıcı fərd,
musiqiçi olaraq gözəl ab-havada formalaşıb.
Genetik köklərilə musiqiyə bağlı olan bu gənc
pianoçunun ata tərəfdən babası da Azərbaycanda
ilk ali təhsilli musiqiçilərdən
biri kimi zərb alətlərinin mahir ifaçısı olub. Musiqiçi ailəsində böyüməsi də
vacib şərtlərdən biridir, onun hər iki valideyni
musiqiçi-pedaqoq olduqlarından, övladlarında işinə
məsuliyyət aşılayaraq, tutduğu yolda daim ona dəstək
olmaqdadırlar.
Bununla bahəm, Murada sözün həqiqi mənasında
ana qədər doğma olan, onun bütün nailiyyətlərinin
və bu mürəkkəb yolda belə cəsarət və
inamla addımlamağının əsas səbəbkarı,
kiçik yaşlarından məzun olanadək əlindən
tutub irəliyə aparan və sonadək uğurlarına inanan
ixtisas müəllimi Ayşə xanımdır. A.Əliyevanın
onun bir ifaçı kimi yetişməyində, müsabiqələrdə
uğur qazanmağında bilavasitə əməyi
danılmazdır. Gənc ifaçı
Abasovun hər hansı bir ölkədə
çıxışını izləmək
üçün valideynləri ilə bərabər müəlliminin
də mütləq şəkildə iştirakı hər
zaman şagirdinə əlavə stimul, güc verib.
İlk ustadı Ayşə Əliyevadan öyrəndiklərini
ikinci ustadı, Almaniya Trossingen Universitetinin professoru Tomislav Baynovdan
yiyələndiyi biliklərlə zənginləşdirərək
Murad özünü daha da təkmilləşdirməyə
doğru irəliləyir. Tomislav Baynovun bir
pedaqoq kimi üstün xüsusiyyəti tələbələrinə
istiqamət verməklə bərabər onlara özünəməxsus
ifa tərzini və öz dəsti-xəttini yaratmaq üçün
də sərbəstlik verməkdir. Murad ilə
mövzu ətrafında müzakirə zamanı Almaniya
Universitetində təhsil haqqında danışarkən
maraqlı məqamlara toxunduq. Belə ki, həmin
universitetdə ixtisasla yanaşı digər fənlərə
də geniş yer ayrılır. Burada tələbələrə
"Akustika", "Musiqi təbabəti", "Alman
dili" kimi yüksək keyfiyyətli dərslər tədris
edilir. Bundan başqa, müəllimlərin
ünsiyyət və rəftarı da olduqca səmimi və sərbəstdir.
Dərslərə münasibətin ciddi
olması tələbə-müəllimarası kommunikasiya sahəsində
heç bir sədd yaratmır və bu da tələbələrin
öz təhsilinə daha da fəal yanaşmasına
böyük təkan verir. Sovet və Avropa
təhsil sistemini pianoçu-tələbənin nəzər
nöqtəsindən müqayisəli təhlil etdikdə belə
bir nəticəyə gəlmək olur ki, bu iki musiqi təhsil
sisteminin sintezi, hər iki məktəbin metodlarının vəhdəti
sayəsində daha uğurlu bir nəticə ərsəyə
gəlir. T.Baynov özü də
keçmiş Sovet məktəbinin yetirməsi və Avropa məktəbinin
pedaqoqu olaraq, Muradın ifaçı kimi hərtərəfli
inkişafında böyük təsirə malikdir.
İndi isə Muradın iştirak etdiyi hələlik
son müsabiqə üzərində daha ətraflı dayanmaq
istərdim.
Dəfələrlə müsabiqələrdə
iştirak etməyinə baxmayaraq, məhz bu müsabiqənin
məsuliyyəti gənc ifaçı-tələbəni daha
çox həyəcanlandırırdı. Çünki
o, müsabiqədə yaş məhdudiyyəti olmayan kateqoriya
üzrə və dünyanın istənilən ölkəsindən
gələn mahir pianoçularla yarışırdı.
Ancaq Murad yarışmaya çox böyük əzmlə
hazırlaşdı.
Proqramı
İ.S.Baxın "Prelüd və fuqa"sı ilə
açdı, daha sonra
F.Şopenin "Etüd"ü ilə daha da
canlanma yaratdı və çıxışını
F.Şopenin "Ballada"sı
ilə tamamlayaraq münsiflər heyətini, o cümlədən,
bütün dinləyiciləri riqqətə gətirdi. Beləliklə,
Almaniya Trossingen Musiqi Universitetinin tələbəsi,
iştirakçılar arasında ən kiçik - 18
yaşlı ifaçı və yeganə azərbaycanlı
Murad Abasov Geilenkirchen şəhərində "Euregio Piano
Award" adlı IV Beynəlxalq musabiqəsinin laureatı
olaraq, ən yüksək - 95 balla I yerə layiq
görüldü, bununla da öz karyerasında
dördüncü dəfə birinciliyə imza atdı.
Yarışmanın ciddi və dürüst
qaydalarına əsasən heç bir münsif
iştirakçıya müsabiqə bitmədən
yaxınlaşıb fikir və rəy bildirməməli və
nəticələr yalnız son Qala konsertə qədər məxfi
saxlanılmalıydı. Lakin Muradın bu
çıxışı onları o qədər təəccübləndirmişdi
ki, hətta münsiflər heyətinin üzvlərindən
biri, Köln konservatoriyasının professoru şəxsən
özü fasilə zamanı Murada yaxınlaşaraq, onun
ifası haqqında müsbət rəyini bildirmişdi. Şopenin "Ballada"sını səsləndirməsi
Almaniya mətbuatında "Ən böyük alqışa səbəb
olan ifa" başlığı ilə dərc olunan məqalədə
işıqlandırıldı ki, bu da mühüm faktdır.
Hazırda
dərs aldığı müəllimi T.Baynov Murada tələbə
kimi deyil, artıq öz yolu və dəsti-xətti olan bir
ifaçı kimi yanaşır, ona böyük ümidlər
bəsləyir: "Şopeni Muradın interpretasiyasında
olduqca çox bəyənirəm. Mən onu
böyük konsert səhnələrində mahir pianoçu
kimi görürəm. Onda bu potensialı
açıq-aydın hiss etmək olur. Murad, mənim
nəzərimdə, Gold Stück - Qızıl
parçasıdır".
Muradın uğurları həm də onun valideynlərinin
və müəllimlərinin, məzunu olduğu hər iki məktəbin,
nəhayət, Azərbaycan musiqi sənətinin, pianoçuluq
məktəbinin uğurlarıdır. Qazandığı nailiyyətlər
münasibətilə Muradı hamılıqla ürəkdən
təbrik edir, ona tutduğu yolda daha böyük uğurlar diləyir,
tezliklə Azərbaycanın və dünyanın "Brend
musiqiçi"si olaraq tanınmasını
arzulayırıq!
Vəfa
HƏMİDOVA
Üzeyir
Hacıbəyli adına BMA-nın "Orta ixtisas musiqi məktəb-studiyası"nın
müəllimi
525-ci qəzet.- 2016.- 3 noyabr.- S.8.