Şeir gərək haqdan
gələ...
Xanəli
Kərimli 1951-ci il noyabr ayının 27-də Şahbuz
rayonunun Mahmudoba kəndində anadan olub.
O, Naxçıvan Dövlət
Universitetinin dosenti və həmin universitetdə Əcnəbi
tələbələrlə iş üzrə dekan, Naxçıvan MR-in
Əməkdar müəllimi,
Azərbaycan Yazıçılar
Birliyinin üzvü,
100-dən artıq elmi
və publisist məqalələrin, "Ay işığında"
(1998), "Anamdan məktub"
(2001), "Bu da bir nağıldı..." (2004), "Mənə elə gəlir ki..." (2008),
"Bir ümmandır..."
(2011) şeir kitablarının, "Ali və
orta məktəblərdə
Cənubi Azərbaycan
ədəbiyyatının tədrisi
metodikası" (2000) metodik
vəsaitin müəllifidir.
Haqqında "Şairə
məktub" (2007), "Bir
ömrün nağılı"
(2011), "Sözün Əlincə
yaddaşı"(2011), "Duyğularım, düşüncələrim"
(2011) , "Bir ömrün
işığı"(2016) və s. kitabları nəşr edilib. O, Türkiyə, İran, Gürcüstan, Hollandiya, Pakistanda keçirilən
bir sıra Beynəlxalq tədbir, konfrans və simpoziumların iştirakçısıdır.
65 yaşın astanasında
olan şair Xanəli Kərimli klassik Azərbaycan və dünya poeziyasından bəhrələnməklə
çağdaş ədəbi
prosesin tələblərini,
istəklərini duyaraq
öz sözünü
deməyi bacaran söz adamlarındandır.
Xanəli Kərimlinin bir sənətkar kimi yüksəlməsinə özünə
qarşı tələbkarlığı,
yazdıqları ilə
kifayətlənməməsi, daim məsuliyyət hiss etməsidir. O, tələbkarlığı
nəticəsində daim
təkmilləşib və
bu təkmilləşmə
prosesində yeni-yeni kəşflər edib, bu gün yazdıqları
ilə kifayətlənməyib,
sabah üçün
axtarışlar aparıb,
əsərlərini ümumbəşəri hisslərlə
rövnəqləndirib. Məhz bunun
nəticəsidir ki, Xanəli Kərimli özünəməxsus istedadı
ilə müasirləri
arasında tanınıb.
Akademik İsa Həbibbəyli Xanəli Kərimli yaradıcılığına
yüksək qiymət
verərək yazır:
"Xanəli Kərimli
yeni dövr Azərbaycan şeirində
vətəndaşlıq lirikasının
əsas yaradıcılarından
biridir".
X. Kərimli ədəbiyyatımızda
həm də sevilə-sevilə oxunan, yolu gözlənilən şairdir. Bəs onu oxucularına
sevdirən nədir?
Məncə poetik təfəkkür
aləmində özünəməxsusluğu,
orijinallığı ilə
seçilməsi. Poetik sözün
müqəddəsliyini, paklıq
və duruluğunu qoruyub saxlamaq qabiliyyəti. Yaşadığı aləmdə duyub-düşündüklərini,
müşahidə etdiklərini,
poeziya dili ilə oxucularına çatdırmaq ustalığı.
Ümumiyyətlə, təbiilik,
səmimiyyət Xanəli
müəllimi oxucularına
sevdirən əsas cəhətlərdəndir.
X.Kərimli yaradıcılığının bütün mərhələsində
sənəti, əqidəsi,
poetik amalı ilə vətənə həqiqi övlad olmaq idealı ilə yaşamış, yazıb-yaratmışdır. X.Kərimli
bununla fəxr etməyə haqlıdır
ki, onun bircə misrası belə vətən torpağına məhəbbət,
doğma xalqa sevgi, bəşəri ideala məftunluqdan kənarda yaranmamışdır:
Hələ bir kimsədən
minnət çəkmədən
Beləcə bir ömür yaşayıram mən.
Odu səngiməyən şam
ürəyimi,
Ey Vətən, səninçin
daşıyıram mən.
Əsl şair
heç zaman özünü düşünmür. Əsl şair
əksər vaxt öz qayğılarını,
dərdlərini unudur.
Cəmiyyətlə, həyatla, mühitlə
nəfəs alır.
Bu mənada, Xanəli
Kərimlinin şeirləri
göstərir ki, o, cəmiyyətdən, həyatdan,
mühitdən təcrid
olunmağı sevmir.
Ona görə də onun poetik "mən"i o qədər
tələbkardır ki,
onun heç ölçüsünü də
müəyyənləşdirmək mümkün deyildir.
Onun poetik "mən"i nəinki insanları, həm də dünyanı imtahana çəkir, az qala dünyaya meydan oxuyur, onu qınaq
yerinə çevirir.
Biz Xanəli Kərimlini
həm bir şair, həm də bir alim
kimi tanıyırıq. Əlbəttə, şairlik vergidir, alimlik isə onun həyatda zəhmətlə əldə
etdiyidir. Mən onun
şairliyi ilə alimliyini müqayisə etmək istəmirəm.
Ona görə ki, o, şair və alim kimi bütövdür.
Ancaq bununla belə, Xanəli Kərimli deyəndə, mənim gözlərim önündə
bir şair obrazı canlanır.
Məncə, o, nə qədər
elmi yaradıcılıqla
məşğul olsa da, 100-dən artıq elmi məqalələr yazsa da, namizədlik
işini çox uğurla müdafiə edib, doktorluq işi üzərində işləsə də daha çox şairdir. Nə yazırsa, yazsın, şairlik sehrindən azad ola
bilmir, hissiyyatına, duyğusuna və təbinə üstünlük
verir. Odur ki, X.Kərimlinin
tərəzisinin şeir
gözü daha ağır gəlir.
O, doğrudan da şair kimi daha odlu, alovlu,
üsyankar və mübarizdir, zamanın sərhəddinə sığmayandır,
dünyanın dərdlərinə
dözməyəndir, hər
şeyə "mənə
nə" deyənlərlə
barışmazdır:
Çin
tasdan qorxan kimi
Üşənirik tənqiddən,
Qorxuruq ki, desək ki,
Bu əsər, əsər deyil
Sən yazdığın fikri
Deyibdir filan şair.
Və ilaxır və sair...
Kimlərsə küsər bizdən
Sən də denən-mənə nə?!
Mən də deyim-mənə nə?!
O, da desin-mənə nə?!
Bəs görəsən-Kimə
nə?!
Dünyanın əl içi boyda bir yerində,
ulu Məmməd Araz torpağında dünyaya göz açan Xanəli Kərimlinin şeir-sənət
dünyası kökü
min illərin o üzündə
dayanan qan yaddaşına söykənir. Onun şeirlərini oxuyanda adama elə gəlir ki, o şeirlər bir sənətkarın, şairin
qələmindən yox,
yazı-pozu bilməyən,
fəqət fitrətən
şeir deməyi, sözə eyha verməyi bacaran, ilahi verginin pıçıltılarını
poeziyaya, söz düzümünə çevirən
ululardan ulu bir kişinin sinəsindən süzülüb
gəlir. X.Kərimlinin mayası sözlə
yoğrulub, sözlə
tutulub, nağıl, bayatı ilə cilalanıb.
Onun poeziyasının
hər sətrindən
nənələrimizin bişirdiyi
çörəyin ətri,
ulu babalarımızın
canları bahasına qoruduğu torpağın qoxusu hopub. X.Kərimli
iliyindən tutmuş sümüyünədək kənd
ruhunda köklənib,
torpağa bağlı
bir şair kimi torpaq ətirli,
torpaq bərəkətli
şeirlər yazıb:
Mənə məlhəm olan,
mənə can olan
Mənə ilik olan, mənə qan olan,
Səhlab
çiçəyinin, kəklikotunun,
Baldırğan, ələyiz, bulaqotunun,
Cacığın, zirincin, çaşır,
bolunun,
Quzuqulağının, yarpız kolunun
Gözün yolda qoyub, qəlbin qırmışam
Axı bu şəhərdə nə qazanmışam?...
Bu misralarda çoxumuzun unutduğu, həmişə kövrək, xoş duyğularla xatırladığımız kəndin, torpağın qoxusu bizi vurur. Bu misralar bizi bir anlıq da olsa, doğma yurda, keçmişimizə qaytarır. Onun yaradıcılığında təbiət şeirləri öz ecazkarlığı ilə seçilir. Şairi məftun edən təbiət görüntüləri öz təravətində şeirə gətirilə bilir.
Vətənin könül oxşayan təbiəti, doğulub boya başa çatdığı Mahmudoba kəndinin gözəllikləri hər an X.Kərimlinin gözünün qabağındadır. O, təbiətin özünə layiq söz donu biçir. Hissin təsirilə özü necə dəyişirsə, oxucusunu da elə cığır-cığır, qaya-qaya, kol-kol gəzdirir və etiraf edək ki, insan elə gözəl yerlərdən ayrıldığına təəssüf edir. Sanki yenidən qanadlanıb o təbiətin ağuşuna qayıtmaq istəyir. Bəlkə yalnız o müqəddəslikdə qırılan, yanan, məhv olan arzularına qovuşa biləcəyinə inanır. Ümumiyyətlə, təbiət daim şairin hisslərinin tərcümanı olur, içindəki yanğı ilə dağa-daşa can verməyə çalışır. Yaradıcılığının əvvəlində olduğu kimi, 65 yaşında da onun poeziyasında təbiət yenə də əvvəlki kimi canlı və qüvvətlidir.
Hətta fikirlərinin arxaik formada ifadəsi də onun gözəlliyinə və orijinallığına xələl gətirmir. Yaddan çıxmış, bir növ unudulmaqda olan ifadələr X.Kərimlinin təbiət şeirlərində daha çox yada salınır. O, sərraf dəqiqliyi ilə seçdiyi həyat hadisələrindəki sərraflıq missiyasını təbiətə münasibətində də qoruyub-saxlayıb. Sözlərin zərgər biçimi, misraların poetik yükü heyrət doğuracaq qədər dəqiq olduğu üçün insana sonsuz zövq bəxş edir.
X. Kərimli yaradıcılığında çox azlı q təşkil edən sevgi şeirlərinin əksəriyyətində ifadə olunmuş hisslər dərindən yaşanmış, ömrün sevdalı çağlarının fikir və mühakimələrindən hasil olmuşdur, ancaq qəlbin və ağlın vəhdət prizmasından keçib büllurlaşan hiss və düşüncələridir. Elə olmasaydı sevdiyi qadına sevgimdən duyuq düşüb isti od-ocağı soyuyar deyə, gündə yüz yol qarşılaşsa da gözucu və gözüdolusu baxmaqdan ehtiyac etməzdi:
Yüz kərə gəlsək də gündə üz-üzə
Sənə gözucu da baxmadım belə.
Qorxdum ki, sevgimdən duyuq düşəsən
İsti od-ocağın soyuya bilə.
Xanəli Kərimli poetik istedadının qədrini bilən, özünə güvənən, başlıcası isə sözün qeyrətini çəkən şairdir. Bəlkə elə buna görə də şair yazır:
Şeir gərək haqdan gələ,
Zorla şeir yazmaq olmaz.
Haqdan gələn bir sözün də
Mizanını pozmaq olmaz.
Odur səni səndən sonra
Ağladan da, güldürən də.
Səni min il yaşadan da,
Səni vaxtsız öldürən də.
Fikrimizcə, ədəbiyyatda əsas meyar və göstərici istedaddır. Şair X. Kərimlinin şeirləri bir daha sübut edir ki, istedadı olan, yaradıcı insanın şeirləri bütün zaman kəsimlərində yalnız bahar təravətli olur.40 ilə yaxındır ki, sənətin əzablı, əzablı olduğu qədər də şərəfli yolu ilə uğurla addımlayaraq, minlərlə oxucu qəlbinə yol tapan Xanəli Kərimli ömrünün kamillik dövrünü yaşayır. Onun indiyə qədər çap olunan kitabları da kamil bir şair ömrünün təsdiqidir. Azərbaycan ədəbiyyatında özünəməxsus dəsti-xətti və yeri olan Xanəli müəllimə daha böyük yaradıcılıq uğurları, 65 yaşın mübarək olsun deyirik! Azərbaycan naminə yaşanan bu ömrün işığı gur, ocağı sönməz olsun Xanəli müəllim!
Aypara BEHBUDOVA
Filologiya üzrə fəlsəfə
doktoru, dosent
525-ci qəzet.- 2016.- 1 noyabr.- S.8.