Musiqi sahəsində Azərbaycan-İtaliya
əlaqələri genişlənir
Bugünlərdə İtaliyanın
Espressione d`Arte assosiasiyasının təşəbbüsü
ilə Ü.Hacıbəyli
adına Bakı Musiqi Akademiyası (BMA) və
Luigi Cherubini Konservatoriyası arasında ERASMUS proqramı
çərçivəsində İtaliya ilə Azərbaycan musiqi mədəniyyəti və
təhsilinin mübadiləsinə
əsaslanan layihə həyata keçirilib.
Layihədən məqsəd tələbə
və müəllimlərin
mübadilə proqramı
və konservatoriyalar arasında təhsil əlaqələrinin inkişafıdır.
Layihə
çərçivəsində İtaliya nümayəndə
heyəti - Florensiyanın
Luigi Cherubini konservatoriyasının
prorektoru, I Briconcello
Ensemble-nin üzvü,
vokal ifaçısı
professor Leonardo de Lisi (tenor), Espressione d`Arte assosiasiyasının direktoru,
I Briconcello Ensemble-nin üzvü, violonçel ifaçısı Pierluigi
Ruggiero və konservatoriyanın
tələbələri Daria
Neçayeva (violin), Giuseppe Sturace (tenor), eləcə də Luigi Cherubini konservatoriyasının
tələbələri ilə
BMA-nın professorları
- Fidan Qasımova və Fatima İdiatulina və Akademiyanın tələbələrinin iştirakı
ilə ustad dərsləri təşkil
olunub.
BMA-nın Beynəlxalq
əlaqələr və
tərbiyə işləri
üzrə prorektoru, Xalq artisti Yeganə
Axundova və Akademiyanın professoru Zəhra Quliyeva İtaliya musiqiçiləri
ilə birgə Azərbaycan, italyan və digər Avropa bəstəkarlarının
əsərlərindən ibarət
konsert proqramı ilə çıxış
ediblər. Öncə
Leonardo de Lisi, Giuseppe Sturace
və Yeganə Axundovanın müşayiəti
ilə İtalyan bəstəkarı Francesso
Paolo Tostinin romansları
səsləndirilib. Vokalistlər
solo və duet şəklində
olduqca təsirli romansları çox böyük ustalıqla ifa ediblər. F.P.Tostinin "Good-bye" əsəri
isə italiyalı
ifaçıların birgə
ifasında səslənib.
Violonçel ifaçısı Pierluigi Ruggieronun ifasında Xalq artisti Sevda İbrahimovanın
"Əzizlərimin xatirəsinə"
silsiləsindən violonçel
və piano üçün
2 pyesi ifa olunub. Azərbaycan musiqisini italiyalı
ifaçının interpretasiyasında
eşitmək dinləyicilərdə
maraqlı təəssürat
yaradıb. Konsertdə macar
bəstəkarı F.Listin
iki əsəri -
"Rumın rəqsləri"
Luigi Cherubini konservatoriyasının tələbəsi Daria Neçayevanın ifasında
(violin), "Libestraum" isə
vokal, violin, cello və
pianonun birgə təqdimatında dinlənilib.
Tədbirin ən önəmli
məqamlarından biri
italiyalı ifaçıların
dahi bəstəkar Ü.Hacıbəylinin "Sevgili
canan" və "Aşıqsayağı" əsərini
səsləndirməsi olub.
Bu, heç də təsadüfi
bir məqam deyildi. Hər iki konservatoriyanın birgə əməkdaşlığına
həsr olunmuş konsert çərçivəsində
Azərbaycan Dövlət
Konservatoriyasının - indiki
Bakı Musiqi Akademiyasının əsasını
qoymuş dahi bəstəkar Ü.Hacıbəylinin
əsərlərinə müraciət
etməklə onun xatirəsi bir daha yad edilib.
Səslənən ifalar
auditoriya tərəfindən
gurultulu alqışlarla
qarşılanıb.
Sonda Leonardo de Lisi
və Pierluigi Ruggiero zalda əyləşən
dinləyicilərə, eləcə
də BMA-nın rəhbərliyinə dərin
minnətdarlıq bildirərək
layihə barəsində
qısa məlumat veriblər. Layihənin davamı olaraq azərbaycanlı musiqiçilərin
İtaliyaya səfər
edəcəkləri vurğulanıb.
Bu səfərin 1-5 noyabr tarixlərində gerçəkləşməsi nəzərdə tutulur.
Səfər zamanı
professorlar Yeganə Axundova və Zəhra Quliyeva Luigi
Cherubini konservatoriyasının tələbələri ilə,
BMA-nın tələbəsi
Mahir Tağızadə
isə Luigi Cherubini Konservatoriyasının
professorları ilə
ustad dərslərində
olacaq. Həmin günlərdə Roma və Florensiya şəhərlərində Azərbaycan
və İtaliya musiqiçilərinin birgə
konsertinin keçirilməsi
planlaşdırılıb.
Lalə NAMİQQIZI
525-ci qəzet.- 2016.- 1 noyabr.- S.7.