"Karmen"in
yeni tamaşası: sevgi və cəsarətin
təntənəsi
"Karmen" hər zaman böyük maraqla izlənilən , dahi fransız
bəstəkarı Jorj
Bizenin dünya opera səhnəsinə hədiyyə
etdiyi mükəmməl
bir əsərdir.
19-cu əsrdə yaşayıb-yaratmış,
yaradıcılığında opera janrı mühüm yer tutan Bize
öz məşhur əsəri "Karmen"i
görkəmli fransız
yazıçısı Prosper Merimenin eyniadlı novellası əsasında
yazıb. Libretto müəllifləri
Lüdovik Halevi və Anri Melyakdır.
Karmen 4 pərdəli, faciəvi məzmunlu bir operadır. "Üvertura"
, "Habanera", "Sequidilla" ,
"Qaraçı qız
mahnısı" , "Toreadorun
kupletləri", "Xozenin
çiçəklə ariyası"
kimi hissələrdən
ibarət opera 1874-cü ildə
yazılıb , 1875-ci il
martın 3-də Parisdəki
"Opera Komik" Teatrında
səhnəyə qoyulub.
Karmen - çılğın, ehtiraslı , sərbəst bir qadın kimi verilib. O, tütün fabrikində çalışan
qaraçı qızıdır.
Operanın əsas ideyasını
azad sevgi təşkil edir. Karmen 1-ci pərdədə
əsgər Xozeyə , 3-cü pərdədə
matador Eskamilyoya aşiq
olur. O, əsərin sonunda keçmiş sevgilisi Xozenin sevgisini rədd etdiyi üçün onun tərəfindən öldürülür. "Karmen" operasının
gözəl və yaddaqalan, təsirli və heyranedici musiqisi onu bütün
dünyada sevdirən və məşhurlaşdıran
əsas cəhətdir.
Əfsuslar olsun ki, bəstəkarın belə
bir mövzuya müraciət etməsi öz dövrünün insanları tərəfindən
yaxşı qarşılanmayıb.
Bu operaya görə
müəllif tənqidlərə,
mənəvi təzyiqlərə
məruz qalıb.
Operanın ilk tamaşası o qədər uğursuz olub ki, Paris teatrının repertuarından
silinib. Onu həyat yoldaşı
və yaxın dostları da anlamayıb, tərk ediblər. Bize "Karmen" operasına
görə hətta üzr istəməli olub. İlk uğursuz tamaşadan
3 ay sonra Bize vəfat edib. 36 yaşlı bəstəkarın
ürəyi bütün
bu sıxıntılara
davam gətirməyib.
Amma cəmi bir neçə
ay da yaşasaydı, sonsuz ümidlə yanaşdığı operasının
necə müvəffəqiyyət
qazandığını görə
bilərdi.
Dahi rus bəstəkarı Çaykovski "Karmen"
operası haqqında yazırdı: "Mən
böyük inamla deyə bilərəm ki, "Karmen" musiqi dünyasının mütləq şedevri kimi seviləcək". Böyük alman bəstəkarı Brams isə məktublarının
birində yazıb:
"Kaş Bize sağ olaydı , dünyanın qurtaracağında da olsa, gedib onu
bağrıma basardım".
Onlar haqlı idi. "Karmen" operası
dünya səhnələrində
möhtəşəm zəfər
əldə etdi, dünya musiqi mədəniyyətində əvəzsiz
mövqe tutdu.
Nə xoş ki, Azərbaycan səhnəsində də "Karmen" operasının hər zaman xüsusi yeri var. "Karmen"in yeni izlədiyim tamaşası Bizenin doğum gününə təsadüf etdi. Bu
günlərdə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində "Karmen"ə yeni nəfəs verildi. Əsas obrazı Xalq artisti, istedadlı opera müğənnisi Fidan Hacıyeva canlandırdı. O, güclü səs tembri, təcrübə və məharəti ilə Karmen obrazının öhdəsindən yenə də uğurla gəldi. Xoze obrazını Əməkdar artist Fərid Əliyev, Eskamilyonu isə Əməkdar artist Cahangir Qurbanov ifa etdi. Tamaşanın dirijoru Xalq artisti, professor Cavanşir Cəfərov, quruluşçu rejissoru Xalq artisti, professor Hüseyn Əliyevdir.
Ən təsirləndiyim məqam operanın sonunda Karmenin ölüm səhnəsi oldu. Karmen ölümündən qorxmayaraq ona doğru tuşlanan qılıncın üzərinə gedir. Elə ariyanın mətnindəki "Kimi istəyərəm, onu da sevərəm, Azadlığım üçün ölümə də gedərəm..." devizi ilə:
Sevgi azad bir quşdur,
Heç kəs onu ram edə bilməz.
Onu səsləməyin əbəsdir,
Əl çəkəsən gərək .
Əbəsdir hədələr və yalvarmalar,
Kimi tərif edir, kimisi susur.
Mən susanı seçirəm.
Bir söz deməsə də, mənə xoşdur...
Sevgi! Sevgi! Sevgi! Sevgi!
Bir anlıq real dünyadan
ayrılıb tamaşanı həqiqət kimi
dərk etmişdim ki,
alqışları eşitdim və bu kövrək hisslərimin səbəbini Fidan Hacıyeva ilə Fərid Əliyevin
yüksək aktyorluq məharətində
tapdım, dərhal da alqışlayanlara qoşuldum. Musiqişünas,
bəstəkar, yazar kimi
həssaslıqla izlədiyim bu
tamaşanın hələ əsrlər boyu
yaşayacağına, Karmenin
ölümsüzlüyə qovuşacağına böyük inam hissi ilə yanaşıram. Bir
daha bütün heyəti
təbrik edir, sənətkarlarımıza
uğurlu səhnə fəaliyyəti
arzulayıram.
Aysel
KƏRİM
525-ci qəzet.- 2016.- 1 noyabr.- S.7.