Üzeyir bəy
Hacıbəyli dünyasının sehrində
YAXUD ÖMRÜ XƏZİNƏLƏRDƏ KEÇƏN ADAMIN HEYRANLIĞI
"Xalq
qəzeti"nin 18 sentyabr tarixli sayında Milli Musiqi
Günü ilə bağlı görkəmli bəstəkar,
Xalq artisti, professor Tofiq Bakıxanovun "Dahi bəstəkar
Üzeyir bəy Hacıbəylini hər zaman böyük
ehtiram və rəğbətlə xatırlayıram"
adlı məqaləsi verilmişdi.
Məqalə ilə birlikdə verilən şəkildən
belə məlum olurdu ki, gənc skripkaçı Tofiq
Bakıxanov Üzeyir bəyin önündə dahi bəstəkarın
əsərini ifa edir. Hamı tərəfindən maraqla qarşılanan həmin
rəsm əsərinin kim tərəfindən
çəkildiyi isə qeyd edilməmişdi.
Ertəsi
günü redaksiyamıza zəng edən Tofiq Bakıxanov məni
Heydər Əliyev Fondu ilə Mədəniyyət və Turizm
Nazirliyinin birgə təşkil etdiyi "VIII Üzeyir bəy
Hacıbəyli Beynəlxalq Musiqi Festivalı" çərçivəsində
(On gün davam edən festival 24 tədbirdən ibarət idi)
Milli Kitabxanada təşkil olunmuş sərgiyə dəvət
etdi. Məmnuniyyətlə getdim. Sən demə, həmin sərgidə əsərini
qəzetdə verib, özünü təqdim etmədiyimiz
müəllifin - ölkənin ən tanınmış kitab rəssamlarından
olan Hüseyn Hacıyevin onlarca əsəri nümayiş
etdirilirmiş. Hüseyn müəllim Üzeyir bəy
dünyası üçün nələr etməyibmiş,
İlahi!
"Sərgiyə baxıb mat qaldım" - desəm, qətiyyən
ifrata varmaram.
Üstəlik, Üzeyir bəyin ev muzeyində
keçirilən bütün mədəni-kütləvi tədbirlərdə
bəstəkarın əsərlərinə çəkilmiş
illüstrasiya və portretlər silsiləsi həmin muzeyin
daimi ekspozisiyasını təşkil edir.
Tamaşaçı bu rəssamın "Bəstəkarın
portreti", "Sənsiz", "Musiqi qanadlarında",
"Məşədi İbadın toyu" və digər əsərlərindən
həqiqətən gözünü çəkə bilmir. Həmin əsərlərə qiymət verərkən
üç istiqaməti xüsusilə qeyd etməliyik.
Birinci, orada Abşeron rəngkarlıq məktəbinin daha bir
istedadlı nümayəndəsinin yaşadığı hisslərlə,
özünəməxsus dünyası ilə tanış
oluruq. İkinci, azərbaycanlı rəssamın
rənglərlə musiqi ifa etdiyinin şahidinə
çevrilirik və bu barədə aşağıda söhbət
açacağıq. Üçüncü,
rəssamın ürəyində Üzeyir bəy Hacıbəyli
dühasına olan sevginin, məhəbbətin, ehtiramın
ölçüyəgəlməz miqyası
gözümüz önündə canlanır. Hüseyn Hacıyev sözün həqiqi mənasında
ürəyindəki Üzeyir bəy sevgisini ustalıqla maddiləşdirməyi,
kağıza, kətana çevirməyi bacarır.
Tofiq
Bakıxanov danışdı ki, Hüseyn Hacıyevi Üzeyir
Hacıbəyli mövzusunda bu qədər əsər
yaratmağa görkəmli fırça ustamız, SSRİ
Xalq rəssamı, milli mədəniyyətimizin bütün
tarixi mərhələlərinə dərindən bələd
olan Mikayıl Abdullayev
ruhlandırıb:
- Dahi bəstəkarın
100 illiyində onun əsərlərini çapa hazırlayan
"İşıq" nəşriyyatı bu kitabların bədii
tərtibatını Mikayıl Abdullayevə sifariş verir.
Üstəlik də, həmin iş tezliklə başa
çatdırılmalı idi. Həmin günlər
Mikayıl Abdullayev başqa bir dövlət sifarişini yerinə
yetirirmiş. Ona görə də nəşriyyatın
bu sifarişini öhdəsinə götürə bilmir.
Ancaq Mikayıl Abdullayevin ürəyində Üzeyir bəy
dünyasına olan sevgi nəşriyatın köməyinə
çatır: "O işi rəssam Hüseyn Hacıyev həm
yüksək səviyyədə, həm də tezliklə
görə bilər"- deyə tərtibçiləri
doğru istiqamətə yönəldir. Beləliklə,
nəşriyyat dahi bəstəkarın kitablarının bədii
tərtibatını Hüseyn Hacıyevə etibar edir və nəticədən
hamı razı qalır. Onu da əlavə
edək ki, Mikayıl Abdullayev Hüseyn Hacıyevi hələ
Bakı metropoliteninin "Nizami" stansiyasının bədii
tərtibatının verildiyi günlərdən
tanıyırdı. O zaman hələ tələbə
olan Hüseyn böyük rəssama kömək etmiş və
öz məsuliyyəti, sənətə olan marağı ilə
onun hədsiz rəğbətini qazanmışdı. Rəssamın
özünün dediyinə görə tərtibat verdiyi 200-dən
çox kitab arasında onu ən çox sevdirən və
sevindirən "Qurani-Kərim"in 1984-cü ildə Azərbaycan
dilində çıxan nəşrində ( Oqtay Sadıqzadə
ilə birlikdə) və Üzeyir bəyin 100 illiyi münasibətilə
gördüyü işlərdir.
Mərhum
bəstəkarımız , Respublikanın Xalq artisti Nəriman
Məmmədov deyirdi ki, Üzeyir bəy Hacıbəyli
dühasından daha çox bəhrələnən biz - bəstəkarlar
olsaq da, onun irsinin qorunmasında və təbliğində rəssam
Hüseyn Hacıyev bizdən qat-qat artıq iş
görüb.
Bakı
Musiqi Akademiyasının professoru, fəlsəfə elmləri
doktoru Telman Hacıyev isə bu məzmunlu söhbətimizdə
dedi ki, Hüseyn Hacıyevin
yaradıcılığını təkcə Üzeyir bəyin
əsərləri ilə bağlamaq, yekunlaşdırmaq qətiyyən
mümkün deyil. Çünki o, Üzeyir bəyin əsərlərindən
başqa SSRİ Xalq artisti Bülbülün tərtib etdiyi
"Azərbaycan xalq mahnıları" toplusuna, Qara Qarayevin
"Don Kixot" əsərindəki 8 qravürə, Arif Məlikovun
"Məhəbbət əfsanəsi" baletinin klavirinə,
Lütviyar İmanov haqqında alboma, Elza İbrahimovanın
"Mahnılar" toplusuna, Asəf Zeynallının və Sərdar
Fərəcovun musiqi əsərlərinə və bir
çox başqa kitablara yüksək səviyyəli bədii
tərtibat vermişdir. Üstəlik, bu rəssam
Dövlət Filarmoniyasının və Opera və Balet
Teatrının emblem, möhür və ştampının
eskizlərini vermişdir. Eləcə də, Hüseynin
tərtibat verdiyi başqa bir çap məhsulu - Şah
İsmayıl Xətainin "Musiqi və şeir məclisi"adlı
miniatur kitabı beş il ölkəmizin
Fransadakı səfirliyində nümayiş etdirilmişdir.
AMEA Nizami
Gəncəvi adına Milli Ədəbiyyat
Muzeyinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə
doktoru Gülzar İbrahimqızının Hüseyn Hacıyev
barədə fikirləri də maraqlı məqamlardan xəbər
verirdi: - Rəssamlığın bir çox sahələri
var ki, orada müəllif kifayət qədər müstəqil
olur. Tutaq ki, bir rəssam təbiəti,
dağı, dərəni çəkəndə və ya
konkret bir insanın portretini yaradanda sırf öz istəyini əsas
götürür. Hüseyn Hacıyevin
seçdiyi yol isə isə müstəqillikdən çox
uzaq, deməli, həm də olduqca məsuliyyətli bir yoldur.
Məsələn, Üzeyir bəy Hacıbəylinin
hansısa əsərinə tərtibat verərkən, rəssam
mütləq bəstəkarın həmin əsərinin
ideyasını, hadisələrin cərəyan etdiyi
dövrü, Azərbaycan insanının həm bəstəkara,
həm də həmin əsərə münasibətini nəzərə
almalı və eyni zamanda öz fərdi
yaradıcılığını da nümayiş etdirməlidir.
Eləcə də, " Qurani-Kərim"
kimi milyonlarla insanın diqqət mərkəzində olan kitaba
bədii tərtibat vermək və hamının müsbət
rəyini eşitmək...
çox çətin vəzifədir. Allaha
şükür ki, Hüseyn müəllim bu işlərin
öhdəsindən bacarıqla gəlib.
Azərbaycan
Dövlət Mədəniyyət və İncəsənət
Universitetinin dosenti, görkəmli qarmon ifaçısı
Zakir Mirzəyev Hüseyn Hacıyevin 1980-ci ildə Moskvada elan
edilmiş "Olimpiada -80" Beynəlxalq Plakat Müsabiqəsindəki
"təsadüfi" iştirakından və müsabiqənin
qalibi olmasından danışdı: - Nə üçün
təsadüfi deyirəm indi izah edim. Hüseyn həmin
müsabiqədə iştirak etmək üçün əvvəlcə
Bakı mərhələsindən keçməli idi.
Bakı mərhələsinə "Olimpiya
çağrışı" ( rus,
ingilis və ərəb dillərində) adlı
plakatını təqdim edən Hüseyn Hacıyev münsiflərdən
belə bir cavab alır: "Sənin plakatında kilsə zənginin
şəkli var. Ateist ölkədə kilsə zənginin
şəklini təbliğ etmək olmaz". Hüseyn
də "tutar qatıq..." deyə həmin işi
poçtla Moskvaya göndərir. Bir
neçə müddətdən sonra Moskvadan məhz
poçtla Hüseynə məlumat gəlir ki, siz SSRİ
miqyasında müsabiqənin qalibi olmusunuz, gəlin
mükafatınızı götürün". Ona görə deyirəm ki, Hüseyn Moskva müsabiqəsində
təsadüfən iştirak edib.
Rəssamın özü ilə söhbətimizdə isə
məlum oldu ki, öz əsərləri ilə böyük
bir auditoriyanı heyran edən sənətkarın özü
də heyrandır. Amma nəyə? Özü belə
izah etdi: - Məni həmişə Azərbaycan mədəniyyətinin
və ədəbiyyatının zənginliyi və Üzeyir bəy
Hacıbəyli yaradıcılığının möhtəşəmliyi
heyran edib. Üzeyir bəy mövzusu üzərində
işləyərkən isə, üçüncü dəfə
heyran oldum. Bu heyranlığım isə bəstəkarın
100 illiyini təşkil edən komissiyanın üzvü,
yazıçı Anarın həmin yubileyə nə qədər
önəm verdiyini görəndə yaranmışdı.
Anarın ürəyində olan Üzeyir zirvəsinin
ucalığını görəndən sonra məndə
yaranan heyranlıq daha qeyri-adi dərəcədə idi.
Sonda, rəssamın
özü barədə: 1947-ci ilin fevralında Bakıda
dünyaya gəlib. Azərbaycan Dövlət
İncəsənət İnstitutunun Rəssamlıq fakültəsini
bitirib. İnstitutun sonuncu kursundan etibarən beş il 16 nömrəli musiqi məktəbinin
fortepiano sinfində, oranı da başa vurandan sonra isə
beş il Konservatoriyanın bəstəkarlıq fakultəsində
oxuyub. Məhz ona görə də ölkənin
"Musiqiçi rəssamlar" toplusuna düşüb.
1984-cü ildən Rəssamlar
İttifaqının üzvüdür.
Diqqət edin. Onun bəxtinə
beş il rəngkarlq, 15 il musiqi təhsili almaq , Mikayıl
Abdullayev kimi rəng dahisinin yanında - üstəlik, Nizami
mövzusunda işləmək, Üzeyir bəy Hacıbəyli
dünyasının ənginliklərinə baş vurmaq,
"Qurani -Kərim" başda olmaqla 200-dən çox
kitaba tərtibat vermək kimi həyat səhifələri
düşüb. Yəni ömrünün həmin günlərinin
hamısı bəşər övladının
yaratdığı mənəvi sərvətlər xəzinəsində
keçib. Ancaq onunla söhbətimizdə başqa bir xəzinənin
adını daha önə çəkdi. Ona elə gəlir
ki, bu yetmiş ildə "baş vurduğu" ən
böyük xəzinə elə indi
çalışdığı Milli Kitabxanadır: "Kitabxanaya heç bir iş görmədən -
bəlkə də, iş görmədiyimiz bir gün olmur - gəlib
getdiyim günlər də sanki
məni zənginləşdirir, sənət və sənətkarlar
barədə biliyimi artırır, məlumatlarımı zənginləşdirir".
İttifaq
MİRZƏBƏYLİ
525-ci qəzet.- 2016.- 1 noyabr.- S.6.