Türk dilində ilk mətbuat orqanı
"TƏQVİMİ -VƏKAYİ" QƏZETİNİN NƏŞRƏ BAŞLAMASINDAN 185 İL KEÇİR
“Bu qəzet
müqəddəs şəriətə və dövlət
quruluşumuza toxunmamaq şərti ilə mənim iqtidarıma çox
yardımçı olacaqdır”.
Sultan II
MAHMUD
Türkiyə
mətbuatı böyük və
mürəkkəb yol keçmiş, sultan II Mahmudun
dövründə mətbuatın inkişafı və
jurnalistlərin fəaliyyəti üçün
"yaşıl işıq" yandırılmış onun
vəfatından sonra hakimiyyətə gələn
Əbdülməcid "yaşıl işığı"
"qırmızı işıqla" əvəz etmiş,
cəmi üç ay hakimiyyətdə olan Əbdüləziz
"qırmızı işığı"
yığışdırmış, II Əbdülhəmid
Türkiyənin jurnalistika tarixində mətbuat üzərində
misli görünməmiş qadağalar qoymuş, jurnalistlərin
və onların təmsil etdikləri mətbuat
orqanlarının gərgin mübarizəsi nəticəsində
elan olunmuş konstitusiyanı ləğv etmiş, mətbuat
işçilərinin bir çoxunu ölkənin ucqar yerlərinə sürgünə
göndərmiş,jurnalistlərin ən fəalları isə
xarici ölkələrə köç etməyə və
orada jurnalistika sahəsində çalışmağa məcbur
olmuşlar.
"Gənc
türklər" ilk vaxtlar mətbuat azadlığına
lazımi şərait yaratsalar da, sonralar "peşmançılıq"
çəkərək,qəzet və
jurnalların fəaliyyətini məhdudlaşdırmağa
başlamışlar. Kamal Atatürkün
yaratdığı Türkiyə Respublikasında mətbuat azadlığı mövcud olsa da,
ondan sonra hakimiyyətə gələnlər qəzet və
jurnalların fəaliyyəti üzərində ciddi nəzarət
qoymuş və jurnalistlərin təqib olunmasını davam
etdirmişlər.
Bütün
əngəllərə
və maneələrə baxmayaraq, Türkiyədə
jurnalistika daim inkişaf
etmiş, milli ənənələr çərçivəsində
Avropanın və Amerikanın müsbət təcrübəsindən
bəhrələnmişdir. Bu gün türk mətbuatı
özünün forma və məzmununa, maddi - texniki
bazasının zənginliyinə, jurnalist kadrlarının
hazırlıq səviyyəsinə görə dünyanın
aparıcı ölkələrinin mətbuatı ilə rəqabət
aparmağa qadirdir.
Bəs Türkiyədə mətbuat necə
yaranmışdır?
Bu
gün, noyabrın 1- də İstanbulda ana dilində ilk mətbuat
orqanı - "Təqvimi -vəkayi" qəzetinin nəşrə
başlamasından 185 il keçir. Bu, elə
bir dövr idi ki, imperiya daxilində çox böyük hadisələr
baş verirdi və əhali
bunlardan xəbərdar deyildi. Doğrudur,Türkiyədəilk
kitab 1729-cu ildə çap edilmişdi. XVIII əsrin
axırlarında ölkədə fransız dilində qəzetlər
çıxmağa başlamışdı.1827-ci ildə Misir
valisi Məhəmməd Əlinin təşəbbüsü və bilavasitə iştirakı ilə ərəb
və türk dillərində "Qurnal əl- Hediv"
adlı qəzet işıq üzü görmüşdü.
Lakin bunu türklər nadir hallarda oxuyurdular; ərəb və
fransız dillərini
yalnız yüksək vəzifəli məmurlar və onların ailə
üzvləri bilirdilər.
Böyük
Fransa inqilabı zamanı təqiblərdən yaxa qurtaran Aleksandr Blak adlı fransız İzmirdə
məskunlaşaraq jurnalistika ilə məşğul olmağa
başladı. Onun yaratdığı və birinci sayı
1821-ci il martın 24-də çapdan çıxan
"Spektator Oriyental" ( " Şərq qəzeti") qəzeti
Osmanlı hökumətinin lehinə, ingilislərin və
rusların əleyhinə yazılar verirdi. Osmanlı
imperatorluğunun mənafeyini hər şeydən üstün
tutan və bunu dünyaya çatdıran, ümumən siyasi məzmunlu
materiallar çap edən qəzet Türkiyə mətbuatı
tarixində əhəmiyyətli yer tutur.
Osmanlı
tarixində yeniliklər və islahatlar müəllifi kimi
tanınan, mətbuatın cəmiyyətdəki rolunu dərindən
dərk edən sultan II Mahmud
Aleksandr Blakın jurnalistlik fəaliyyəti
ilə maraqlanırdı. O, Aleksandr Blakı saraya dəvət
etmiş və İstanbulda qəzet yaratmağı təklif
etmişdir.Təklifdən razı qalan naşir "Montitor Ottoman"
("Osmanlı qəzeti") qəzetini
fransız dilində buraxmağa başladı.
Sultan II Mahmud türk dilində qəzetin zəruriliyini
gözəl dərk edirdi. Xalq kütlələrinə siyasi,
sosial və iqtisadi hadisələr haqqında məlumat vermək,
cəmiyyətin istək və arzularını, hökumət
işlərinin gedişini əhaliyə çatdırmaq vacib
hesab olunurdu və beləliklə də Almaniyada (həm də
bütün dünyada) ilk çap qəzetinin nəşrə
başlamasından 222 il, Fransada ilk qəzetin
yaranmasından 200 il, Rusiyada
"Vedomosti"nin işıq üzü görməsindən
129 il sonra türk dilində ilk qəzet yarandı.
Mətbuat
orqanının yaradılmasında məqsəd bütün
Osmanlı vətəndaşlarının həm ölkə
daxilində, həm də dünyada baş verənləri
öyrənmələrinə şərait yaratmaq, yalan xəbərlərin
yayılmasının qarşısını əvvəlcədən
almaqla asayişin pozulmasına mane olmaq, sənət, sənaye və ticarətə
dair məlumatları xalqın malına çevirmək,
dövlət qərarlarının əhali arasında təbliğini
gücləndirmək idi. Bunlarla yanaşı, "Təkvimi
-vəkayi" maarifçilik ideyalarını yaymaq kimi
mühüm bir vəzifəni də yerinə yetirməli idi. Təhsil məsələsi ön plana çəkilirdi.
Bu təhsillə bağlı 1824-cü ildə
elan edilmiş fərmana tamamilə uyğun gəlirdi. Qeyd etmək lazımdır ki, həmin fərmanda
uşaqların təhsilə cəlb edilməsi sahəsində
mühüm tədbirlər nəzərdə tutulurdu.
Qəzetin buraxılması üçün "Təqvimxaneyi
amirə mətbəəsi" və "Təqvim nəzarəti"
nəşriyyatı yaradıldı. Bunlara rəhbərlik
bir zamanlar Məkkə qazisi olmuş Seyid Məhəmməd
Əsədə tapşırılmış, buraya xeyli
mütəxəssis cəlb edilimşdi. II
Mahmud qəzetə mühüm əhəmiyyət vermiş və
olduqca böyük bir təşkilat yaratmışdı.
Əsəd əfəndidən başqa, qəzetdə
çalışan və xəbər toplamaqla məşğul
olan daha iki şəxs fəaliyyət göstərirdi: daxili xəbərləri
Sərim əfəndi, ordu xəbərlərini isə Səid
bəy hazırlayırdı.
Qəzeti
çox yüksək qiymətləndirən II Mahmud deyirdi:
"Bu qəzet müqəddəs şəriətə və
dövlət quruluşumuza toxunmamaq şərti ilə mənim
iqtidarıma çox yardımçı olacaqdır". Qəzetin
adının seçilməsi haqqında sultandan göstəriş
alanların heç birinin təklifi bəyənilməmişdi.
Sultanın özünün təklifi ilə "Təqvimi-vəkayi"
adının müəyyənləşdirilməsi
faktının özü də II Mahmudun mətbuat orqanına
necə böyük əhəmiyyət verdiyini sübut edir.
Qəzetin
ilk sayı 8 səhifə mətn, ayrıca 2 səhifə də
ön söz olaraq çıxmış, yazılar 6
şöbədə: "Daxili xəbərlər",
"Xarici xəbərlər", "Ordu işləri",
"Elmlər", "Din adamlarının təyinatları",
"Ticarət və qiymətlər" şöbələrində
verilmişdir.
Qəzet həftəlik olsa da, müntəzəm
çıxmamış, bəzi illərdə 8-12 nömrə,
ən çox çıxdığı illərdə isə
nömrələrin sayı 35 və ya 46 olmuşdur. Əlbəttə,
belə vəziyyətdə olan qəzet yeni xəbərlər
vermək imkanından məhrum idi. O zamanlar Məclisi Valə
başqanı olan Rüfət paşa qəzetin fasilələrlə
çıxmasını tənqid etmiş, "tarixi lap yeni,
məzmunu isə lap köhnə qəzet" demişdir.
Bunun bir sıra səbəbləri vardı. Başlıca
səbəb isə redaksiyada peşəkar jurnalist
kadrlarının olmaması idi. Bu azmış kimi, burada
çalışan əməkdaşların böyük əksəriyyəti
əvvəlki iş yerlərində də fəaliyyət
göstərirdi.
"Təqvimi-vəkayi" qəzetinin birinci sayı
haqqında danışarkən orada çap edilmiş
materiallardan söz açmamaq olmaz. "Daxili xəbərlər"
şöbəsində sultan II Mahmudun Çanaqqala gəzintisi,
Tatavlada yanğın, nişan mərasimi, şahzadə Məcid
əfəndinin dərsə başlaması, barıtxanaya dair
bir əhvalat, Albaniyada üsyan, bir təyinat, Üsküdarda
padşahın iştirakı ilə keçirilən əsgəri
Mansurayi-Mühəmmədiyə təlimləri, əsgəri
bir xəbər, Bağdad valisi Davud paşanın həbs edilməsi
və s. "Xarici xəbərlər" şöbəsində
isə maraqlı bir məlumat çap edilmişdir. Həmin məlumatda deyilir ki, Fransa öz ölkəsində
istehsal olunan tüfəng kifayət etmədiyinə görə
İngiltərədən tüfəng satın
almışdır, əsgərlərin sayını getdikcə
artırır. İndi Fransanın 500.000 nəfər
əsgəri vardır. Əsgərlərin
bir qismi şimal sərhədlərində yerləşdirilmişdir.
Prussiya dövləti buna uyğun olaraq öz sərhədlərinə
çoxlu əsgər yığmışdır.
Sultan II Mahmud qəzetin
fəaliyyəti ilə yaxından maraqlanır, onun dilinin sadəliyinə
böyük əhəmiyyət verirdi. Bunu belə bir
faktdan da görmək mümkündür ki, qəzetin rəhbəri
Əsəd əfəndi sultanın gəzintisini əks etdirən
yazını qəzet çapa getməzdən əvvəl
padşaha vermiş və hökmdardan belə bir cavab
almışdı: "Hamı üçün nəşr
olunan şeylərdə yazılacaq sözlər hər kəsin
anlaya biləcəyi şəkildə olmalıdır. Çətin anlaşılan sözlərin türkcə
izah edilməsi zəruridir". Bu göstərir
ki, o dövrdə qəzetin dili xalqın asan oxuması və
anlaması üçün əlverişli deyildi. Mədrəsə
məzunlarının ərəb və fars
ibarələri ilə dolu yazılarını, uzun və
yorucu cümlələrini oxucunun anlaması vəziyyəti
mürəkkəbləşdirirdi. Bunları
anlamaq üçün xüsusi təhsil almaq tələb
olunurdu. Türk mətbuatının ilkini
"Təqvimi-vəkayi" haqqında danışarkən
onunla bağlı bəzi məsələləri qeyd etmək
yerinə düşərdi. Türkiyənin
bir çox mətbuat orqanları kimi, həmin qəzetin də
bəxtinə vaxtaşırı bağlanmaq
düşmüşdür. 1879-cu ildə
bağlanmış və 12 il
çıxmamış, 1891-ci ildə yenidən nəşrə
başlamış, on iki aydan sonra bir daha
bağlanmışdır. 1908-ci ildə yenidən
nəşrə başlayan "Təqvimi-vəkayi" 1922-ci
ilədək, yəni İstanbul hökuməti süquta
uğrayanadək çıxmışdır. Türkiyə
Böyük Millət Məclisi tərəfindən 1920-ci ildə nəşrə
başlayan "Cərideyi-rəsmiyyə" bir növ həmin
qəzetin davamı olmuşdur. 1922-ci ildə qəzet "Rəsmi cəridə",
1928-ci ilin yanvarında isə "Rəsmi qəzetə"
adlandırılmışdır. Həmin qəzet
hazırda Ankarada öz nəşrini davam etdirir.
Qəzetin hər cür nöqsanlarına baxmayaraq, uzun
müddət yeganə türk qəzeti kimi fəaliyyət
göstərmiş, Türkiyə cəmiyyətinin həyatında
müsbət rol oynamışdır. Türkiyə mətbuatı tarixinin
araşdırıcılarından bəziləri "Təqvimi-
vəkayi"dən danışarkən onu rəsmi qəzet
olduğuna görə ilk mətbuat orqanı hesab etmək istəmir,
mətbuat tarixini xeyli geri çəkməyi, ilk sayı
1860-cı ildə işıq üzü görmüş
"Tərcümani-əhval" və ya 1862-ci ildə əsası
qoyulmuş "Təsviri əfkar" qəzetindən
başlamağı təklif edirlər. Bu fikirlərdə
müəyyən həqiqət olsa da, onu qəbul etmək
düzgün hesab edilməzdi. Dünya təcrübəsində
yaranan ilk mətbuat orqanları da hökumətin nəzarəti
altında olmuş və hökumət tərəfindən
maliyyələşdirilmişdir. 1631-ci ildə
nəşrə başlayan ilk fransız qəzeti -"La
Qazett" də, 1702-ci ildə Rusiya imperatoru I Pyotrun
yaratdığı ilk rus qəzeti "Vedomosti" də belə
olmuşdur. Fikrimizcə, "Təqvimi-vəkayi"
ilk türk qəzetidir və Türkiyə
jurnalistikasının tarixi məhz onun nəşrə
başlaması günündən hesab edilməlidir,
çünki həmin qəzetdə sultanın fərmanları,
digər rəsmi materiallarla yanaşı, saysız-hesabsız
qeyri-rəsmi materiallar da çap olunmuşdur. Bəlkə
də bütün bunları nəzərə alan
türk mətbuatı tarixinin məşhur tədqiqatçısı
Sərvər İskit yazır: "Biz belə hesab edirik ki, mətbuatımızın
tarixi "Təqvimi-vəkayi"nin nəşri ilə
başlanmışdır. Doğrudur, bu qəzet
rəsmi dövlət orqanı idi və bu, digər ölkələrdə
olduğu kimi, inkişaf etməkdə olan milli ideya hərəkatının
ifadəçisi və carçısı olmamışdır.
Bununla belə, dilimizdə çıxan bir qəzet
olub, qeyri-rəsmi yazılara da yer verirdi".
Həmid VƏLİYEV
Bakı
Dövlət Universiteti Beynəlxalq jurnalistika
kafedrasının müdiri, professor
525-ci qəzet.- 2016.- 1 noyabr.- S.5