Vəli Xuluflu nümunəsi: fədakar
alim, ziyalı və şəxsiyyət kimi
O, Azərbaycanın
ən tanınmış alimlərindən,
folklorşünaslarından biri idi. Keçən
əsrin 20-30-cu illərində Salman Mümtaz və Hümmət
Əlizadə kimi yorulmaz tədqiqatçılarla birgə el
sənətinin tədqiqi, təbliği və toplanıb
yazıya alınması üçün var qüvvəsini sərf
edirdi.
Türk
dünyasına möhkəm tellərlə bağlı olan bu
insan ensiklopedik biliyə malik idi - ərəb, fars,
rus, türk dilləri ilə yanaşı, alman, türkmən,
tacik dillərini də bilirdi. İsmayıl bəy
Qaspralının "Dildə, fikirdə, işdə
birlik" ideyasının reallaşması uğrunda qətiyyətlə
mübarizə aparırdı- Yeni Türk Əlifbası komitəsinin
fəallarından biri idi.Şura inqilabına qədər belə
düşünürdü ki, Azərbaycanın istiqlalı
müstəmləkə əsarətindən xilas
olmağındadır. Ancaq çox
keçmədən fikrini dəyişir, bolşevizmin təsirilə
Rusiya Sosial-Demokrat Fəhlə partiyasının
sıralarına daxil olur. Sanki gələcək
qırmızı fırtınanın Azərbaycandan yan
keçməyəcəyini dərk edir. İnqilab
baş verdikdə Gəncədə Qəza Komitəsində
çalışır, siyasi fəallığı ilə
seçilir. Amma yaxın qohumlarından
biri qaçaq idi, ona görə də tezliklə bolşeviklərin
gözündən düşür, tutduğu vəzifədən
azad olunur, firqə üzvlüyündən
çıxarılır. Bu məlumatlar
filologiya üzrə fəlsəfə doktoru, bir neçə
sanballı elmi və publisistik əsərlərin müəllifi
Rəhman Salmanlının "Gizli güllələnən
alim" kitabından götürülüb. Rəhman müəllim bundan əvvəl Əhməd
Cavadın həyat və yaradıcılıq yolunu əks
etdirən bir kitab çap etdirmişdi, istiqlal şairinin həyat
yolunun bir sıra açılmamış səhifələri
canlandırmışdı. Ümumiyyətlə,
Rəhman müəllim keçən əsrin əvvəllərində
Gəncə bölgəsində baş verən hadisələri
jurnalist inadkarlığı əks etdirməyə çox
israrlıdır. Vəli Xulufluya həsr
etdiyi kitabında da bu inadkarlıq öz bəhrəsini verib.
Vəli Xuluflu heç şübhəsiz, Azərbaycanın
XX əsrdə yetirdiyi böyük ziyalılardan biridir. Xüsusilə,
folklorşünaslığın təməl
daşlarını qoyan, bu təməl daşları üzərində
yeni bir elm məbədinin ucaldılmasında əsl memar əməyi
sərf edən bir fədaidir. Təbii ki, ədəbiyyatşünas
alimlər - folklorşünaslar Vəli Xuluflunun elmi fəaliyyətini
az-çox işıqlandırmışlar (2015-ci ildə
Folklor İnstitutunda Vəli Xuluflunun anadan olmasının 120
illiyi təntənə ilə qeyd edildi). Lakin
onun bir insan kimi keçdiyi çətin və mürəkkəb
həyat yolunun lazımınca və layiqincə əks
olunmaması indiyə qədər narahatlıq doğururdu.
Hər bir tanınmış elm və sənət
adamının həyatının gizlinləri çoxdur və
təkcə Vəli Xuluflunun deyil, başqa şəxsiyyətlərin
də mükəmməl tərcümeyi-halının
yaradılması mühüm məsələlərdən
biridir. Rəhman Salmanlı bu işin
öhdəsindən gəlməyə
çalışmış, nəticədə Vəli Xuluflu
obrazını canlandıra bilmişdir.
Vəli
Xuluflu Şəmkir rayonunun Xuluf kəndində
doğulmuşdu (1894), atası Məmmədhüseyn kişi zəhmətsevər bir insan idi. Əsasən maldarlıqla məşğul olurdu,
yaxşı təsərrüfatçı idi, ən
böyük arzusu uşaqlarını təhsilli görmək
idi. Vəli əvvəlcə bir kənd
mollasının yanında yazıb-oxumaq öyrənir, sonra Gəncədəki
mollaxanada təhsilini davam etdirir. Daha sonra
böyük din xadimi Axund Hüseyn Pişnamazzadənin
müdir olduğu Gəncə Müsəlman Ruhani
seminariyasında oxuyur. Bu seminariya digər
ruhani məktəblərindən seçilirdi, burada dünyəvi
elmlər də tədris olunurdu. Seminariya təhsili onun
gözlərini açır, amma o, din xadimi olmur. Onda siyasi şüur formalaşmağa
başlayır. Və öncə qeyd
etdiyimiz kimi üzv olduğu "İttihad" təşkilatından
ayrılıb bolşeviklərin sıralarına qoşulur.
Sonrasını sizə nəql etdik.Yeni quruluşun ilk zərbəsini
hiss edəndən sonra Vəli Xuluflu bütün həyatını
elmə sərf etməyi qərara alır. Bakıda ali təhsil ala-ala tələbə-tədqiqatçı
kimi Azərbaycan folklor örnəklərinin toplanmasına və
nəşrinə maraq göstərir və bu maraq get-gedə
şiddətli bir elmi yaradıcılıq ehtirasına
çevrilir. Bütün bu faktları Rəhman
Salmanlı çox səliqəli şəkildə oxucuya
çatdırır. O, Vəli Xuluflunu folklora, el ədəbiyyatına,
aşıq sənətinə meyl göstərməsinin hələ
uşaqlıqdan peyda olduğunu (babasından, nənəsindən,
atasından, nurani qocalardan eşitdikləri
nağılların, rəvayətlərin, oxşamaların,
bayatıların təsiri), bir də doğulduğu mühitdə
aşıq məclislərinə gedib heyranlıqla qulaq
asmasını, Gəncədə ruhani mədrəsəsində
təhsil aldığı illərdə aşıq məclislərinə,
toy şənliklərinə xüsusi həvəs bəslədiyini
dönə-dönə qeyd edir. Hətta belə
bir fakt nəzərə çatdırır ki, Vəli Xuluflu
sonralar Gəncədə orkestr və musiqi studiyasının
yaradılmasının təşəbbüsçüsü
olur.
Ancaq təbii
ki, müəllifi daha çox maraqlandıran onun Azərbaycan
folkloru və türkologiya ilə bağlı əməli
işləridir.1920-30-cu illərdə Vəli Xuluflu latın
qrafikalı yeni türk əlifbasına keçidin fəal tərəfdarlarından
biri kimi "Yeni türk əlifbası ilə yazı
qaydaları" adlı kitab nəşr etdirir.
Vəli Xuluflunu "Folklorşünaslıq elminin
Koroğlusu" adlandıran Rəhman Salmanlı onun
"Koroğlu" dastanı ilə bağlı tədqiqatçılıq
fəaliyyətini yaradıcılığının şah
damarı adlandırır. 1927-ci ildə V.Xuluflu
"Koroğlu" dastanını nəşr etdirir, iki il sonra isə tovuzlu Aşıq Hüseyn
Bozalqanlının söyləməsi əsasında
dastanı yeni qolları ilə təkrar nəşr edir. Və bu dastanın nəşri R.Salmanlının
maraqlı açıqlamaları ilə bütün SSRİ məkanında
böyük əks-səda doğurur. Hətta
ermənilərin də "Koroğlu" dastanı yaratmaq
istəmələri, amma V.Xuluflunun onlara rədd cavabı verməsi
də diqqətdən yayınmır. R.Salmanlı
kitaba folklorçu alimlərdən bir neçəsinin
"Koroğlu" dastanı və ümumən
folklorşünaslıq sahəsində V.Xuluflunun fəaliyyəti
ilə bağlı məqalələrini də kitaba daxil
etmişdir. Filologiya üzrə fəlsəfə doktoru
Məhəmməd Məmmədov "Koroğlu"
dastanının nəşrində Vəli Xuluflu mərhələsi"
məqaləsində alimin "Koroğlu" ilə
bağlı tədqiqatını, nəşri ilə əlaqədar
fəaliyyətini geniş şərh edir, xüsusilə
dastana yazılmış giriş sözündə V.Xuluflunun
dastan haqqında bilgilərini nəzərə
çatdırır. Qeyd edir ki, V.Xuluflu folklorda
çoxvariantlılığa, folklor mühitinə və
folklorun pasportlaşdırılmasına, yerli dialekt və
şivələrə xüsusi əhəmiyyət verməsinə
maraq göstərirdi.
Başqa bir tədqiqatçı, filologiya üzrə fəlsəfə
doktoru Sönməz Abbaslı Vəli Xuluflunun 1927-ci ildə
çap etdirdiyi "El aşıqları" kitabından
söz açır. Vəli Xuluflu bu kitaba Qurbani, Xəstə Qasım,
Aşıq Ələsgər, Aşıq Hüseyn Şəmkir,
Dədə Yadigar və aşıqların qoşma və gəraylılarını,
həmçinin Aşıq Hüseyn Şəmkirlinin
"Reyhan" dastanını daxil etmişdir. Tədqiqatçı
Aynur Hüseynova isə Vəli Xuluflunun tərtib etdiyi
"Tapmacalar" kitabından söz açır.
Yazır ki, tapmacaların müxtəlif dərslik və
jurnallarda dərc edilməsinə baxmayaraq, bu janrla
bağlı bir boşluq var idi, onu az da olsa bir-birindən tərtib
prinsiplərinə görə fərqlənən Vəli
Xuluflunun "Tapmacalar" və ondan az sonra nəşr olunan
Hənəfi Zeynallının "Azərbaycan
tapmacaları" kitabları doldurur. İstər
"El aşıqları", istərsə də "Tapmacalar"
kitabında V.Xuluflu geniş müqəddimələrlə
çıxış edir. Tədqiqatçı
İlkin Eminovanın "Vəli Xuluflunun elmi fəaliyyətinin
əsas istiqamətləri" məqaləsi də maraqlı
faktlarla diqqəti çəkir. O, Azərbaycan
folklorşünaslığının XX əsrin əvvəllərində
artıq elmi prinsiplərə əsaslanan bir məktəb
halında formalaşdığını, Azərbaycanı Tədqiq
və Tətəbbö Cəmiyyətinin yaradılması ilə
(onun əsas təşəbbüsçülərindən
biri də Vəli Xuluflu olmuşdur) folklorşünaslıqda
yeni bir mərhələnin başlandığını qeyd
edir. Tədqiq və Tətəbbö Cəmiyyəti
sonralar Azərbaycan Dövlət Elmi Tədqiqat İnstitutuna
çevrilmiş və Vəli Xuluflu burada da qızğın
fəaliyyət göstərmişdir. Bu məqalələr
Vəli Xuluflunun yorulmaz fəaliyyətini dolğun şəkildə
əks etdirir.
Rəhman Salmanlı Vəli Xuluflunun həyatında
baş verən və illər keçdikcə onu repressiya cənginə
keçirən hadisələri də diqqətlə izləmişdir. Niyə görə Vəli
Xuluflu NKVD-nin "qara siyahısı"na
düşür? Çünki o, türk xalqlarının
vahid etnik mədəniyyətə, adət-ənənələrə,
eyni dilə malik olduğunu və bu xalqlar arasında
yaxınlaşmanın vacibliyini bir sıra yazılarında və
çıxışlarında dəfələrlə
vurğulamışdı, bu niyyətlə o, türk
xalqlarının kompakt yaşadığı Krıma,
Qazaxıstana, Özbəkistana, Başqırdıstana, Kazana,
Türkmənistana, Qırğızıstana, Qaraqalpak
Şuralar Cümhuriyyətinə səfərlər etmiş,
bu ölkələrdə yaşayan elm adamları ilə
görüşlər keçirmiş, mühazirələr
oxumuş, fikir mübadiləsi aparmışdır, Alma-Ata və
Daşkənddə keçirilən türkoloji qurultaylarda
çıxış etmişdi. "Qara
siyahıya"yə düşmək üçün bunlar
kifayət idi. NKVD unuda bilməzdi ki,
V.Xuluflunun rəhbərlik etdiyi Azərbaycanı Tədqiq və
Tətəbbö Cəmiyyətində əsasən
türkçülüyü təbliğ edən qüvvələr
toplanmışdı və onların səyi ilə 1926-cı
ildə Bakıda 1-ci Türkoloji qurultay keçirildi. Bu qurultaya 131 nəfər nümayəndə və
xeyli qonaq gəlmişdi (Türkiyədən Əli bəy
Hüseynzadə, Fuad Köprülüzadə, Rusiyadan akademik
Bartold və s.). Vəli Xuluflu da daxil olmaqla Azərbaycan
türkoloqlarının ən böyük tarixi uğuru
-qurultay iştirakçılarının türkdilli
xalqların latın əlifbasına
keçidinə dair qərar qəbul etməsi idi.
Rəhman
Salmanlı bütün faktları bircə-bircə nəzərimizə
çatdırır və yazır ki: "Rejim bu vətənpərvər
alimi hay-küysüz həbs etmək üçün məqam,
bəhanə axtarırdı. Ortada isə
tutarlı bir fakt yox idi. Lakin Stalin xalq və
yeni quruluşun düşmənləri adı altında
milyonlarla insanın ölümünə səbəb olan
repressiya maşınını var gücü ilə işə
salanda Vəli Xuluflunun da əksinqilabçı və millətçi
təşkilatın üzvü olduğu qeyd edilərək,
tezliklə həbs edilməsi nəzərdə tutulur.
Çox çəkmir ki, "vəzifə borcunu" daha
operativ yerinə yetirən DTK-nın 4-cü şöbəsi
tərəfindən 1937-ci il yanvarın
28-də gecə həbs edilir. Böyük alimin
həbs olunması barədə qərarı NKVD-də məsul
vəzifə tutan, həmin dövrdə azərbaycanlılara
qənim kəsilən erməni Sumbatov və onun əlaltısı
Qalstuyan imzalayırlar". Vəli Xuluflu
istintaqda qəti surətdə əksinqilabi millətçi təşkilatın
üzvü olduğunu rədd edir, ancaq nə faydası, o,
yeni quruluş üçün təhlükəli düşmən
kimi güllələnir. Vəli Xuluflu ilə
yanaşı, eyni gündə türkoloq alim Bəkir
Çobanzadə, istiqlal şairi Əhməd Cavad da güllələnir.
1937-ci il, oktyabrın 13-dən 14-nə
keçən gecə ölüm hökmü icra edilir.
Kitabda Vəli Xuluflunun ailə həyatından,
övladlarından da söz açılır və fikrimcə,
bu hissə kitaba xeyli dərəcədə bir sanbal gətirir. Repressiya
qurbanlarının ailələri də təqib olunurdu,
çox zaman bu ailə üzvləri də həbs edilirdi.
Vəli Xuluflunun həyat yoldaşı Fatmanisə
evdar qadın idi, onların ailəsində üç uşaq
dünyaya gəlmişdi, oğlanları Çingiz və
Sunduz məktəbli idilər. Az sonra
Fatmanisəni işlədiyi tikiş sexindən qovurlar, daha
sonra vətən xaininin həyat yoldaşı kimi həbs
edirlər. Günahsız qadın evindən,
qoca anasından, azyaşlı övladlarından ayrı
düşür, Rusiyanın Volqaboyu ərazisindəki Potma
islah-əmək düşərgəsinə göndərilir.
Yalnız 1946-cı ildə Fatmanisə xanım
azadlığa buraxılır, sular durulanda, ölkədə
stalinizm süquta uğrayanda Vəli Xuluflu ölümündən
sonra bəraət almış, hüquqları bərpa
olunmuşdu.
Qızı Sima xanımın xatirələri də
kitabda Vəli Xuluflunun obrazının daha dolğun əks
olunmasında mühüm rol oynayır. Və bu
sanballı kitabda Vəli Xuluflu və onun ailə üzvləri
ilə bağlı fotolar da bu obrazı bir qədər də
tamamlayır. Xuluflular Vəli Xuluflunun -bu böyük
alimin qoyub getdiyi mənəvi keyfiyyətləri-saflığı,
təmizliyi yaşadırlar.
Tədqiqatçı Rəhman Salmanlıya isə
bol-bol təşəkkür düşür ki, Azərbaycanın
bu böyük ziyalısı professor Vəli Xuluflunun mükəmməl
obrazını öz kitabında canlandırdı, ölməz
bir insanı bizə tanıtdı.
Vaqif
YUSİFLİ
Filologiya
elmləri doktoru
525-ci qəzet.- 2016.- 2 noyabr.- S.4.