Şair Taleh Həmid torpağa tapşırıldı

 

Dünən tanınmış şair, publisist Taleh Həmidin dəfn mərasimi keçirilib. 64 yaşında vəfat edən şair doğulub boya-başa çatdığı Şəmkirin Dəllər-Cəyir kəndində torpağa tapşırılıb.

 

Dəfn mərasimində Azərbaycan Yazıçılar Birliyinin Qazax bölməsinin sədri, şair-publisist Barat Vüsal, Gəncə bölməsinin sədri Xəzangül Hüseynova, yazıçı Seyran Səxavət, yazıçı Nüşabə Məmmədli, əməkdar jurnalist Əhməd İsayev, jurnalist Müsəllim Həsənov, eləcə şairin digər qələm dostları, yaxınları sevənləri iştirak ediblər.

 

Mərasimdə çıxış edən B.Vüsal qeyd edib ki, Taleh Həmidi itirmək hamımız üçün olduqca ağırdır: "Biz ailəmizin bir üzvünü, ədəbiyyatımızda öz imzası ilə tanınan şairi itirdik".  B.Vüsal bildirib ki, Taleh Həmid onun sənətinin vurğunu olan oxucularının yaddaşında təkcə şair kimi deyil, eyni zamanda, bir naşir kimi qalacaq: "1989-cu ildə Taleh Həmidin baş redaktorluğu ilə çapa başlayan "Yeni fikir" qəzeti tariximizin öyrənilməsi, ədəbiyyatımızın təbliğ olunması, mənəvi dünyamızın inkişafında çox mühüm rol oynayıb".

 

Çıxış edən Xəzangül Hüseynova deyib ki, Taleh Həmid həmişə dostlarının, qələm yoldaşlarının, bütün sevənlərinin qəlbində yaşayacaq, onun adı xatirələrdən silinməyəcək.

 

Sonra yazıçı Seyran Səxavət çıxış edərək mərhumla bağlı xatirələrini bölüşüb.

 

Sonda Taleh Həmidin ailəsinə Yazıçılar Birliyinin rəhbərliyi adından başsağlığı verilib.

 

Qeyd edək ki, Taleh Həmid 1952-ci il iyunun 19-da Şəmkir rayonunun Dəllər-Cəyir kəndində doğulub. Orta məktəbi bitirdikdən sonra 1970-1972-ci illərdə sovxozda əmək fəaliyyətinə başlayıb. 1972-ci ildə ordu sıralarında xidmət edib, 1974-1979-cu illərdə Kənd Təsərrüfatı Nazirliyində işə başlayıb. Nazirliyin baş idarəsində kadrlar şöbəsində xüsusi işlər üzrə müfəttiş, daha sonra isə (təhsildən ayrılmadan) təsərrüfat müdiri vəzifəsində çalışıb. 1975-1980-ci illərdə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində təhsil alıb.

 

1980-ci ildə Gənc Jurnalistlərin II Ümumittifaq, 1984-cü ildə Gənc yazıçıların VIII Ümumittifaq müşavirələrində iştirak edib. 1985-ci ildə SSRİ Yazıçılar Birliyinin üzvü seçilib, 1986-cı ildə Respublika Lenin Komsomolu mükafatına layiq görülüb. Şeirləri publisistik yazıları təkcə ölkəmizdə deyil, onun kənarlarında da işıq üzü görüb.

 

Bir sıra mətbu orqanlarında - "Ulduz" jurnalında şöbə müdiri (1979-1989), "Yeni fikir" qəzetində baş redaktor (1989-1992), "Müstəqil qəzet"in təsisçisi baş redaktoru (1992-2005) vəzifələrində işləyib. 2005-2015-ci illərdə Regionların İnkişafı İctimai Birliyinin sədr müavini olub.

 

2010-cu ildə şeir poemalarından ibarət iki cildliyi Mədəniyyət Turizm Nazirliyinin "Qızıl kəlmə" ədəbi mükafatına layiq görülüb. 2012-ci ilin noyabrında "VI Uluslararası Çanaqqala şeir axşamları" festivalında Azərbaycan poeziyasını təmsil edib. 2015-ci ildə Taleh Həmidin "Yəhya bəy Dilqəm" adlı ikihissəli lirik psixoloji dramı Naxçıvan Dövlət Musiqili Dram Teatrında tamaşaya  qoyulub.

 

Ceyhun ABASOV

 

525-ci qəzet.- 2016.- 3 noyabr.- S.7.