Taleh Həmidin son
müsahibəsi: "Mən ömrün
dünənindən gəlirəm"
"ÖLÜMDƏN QORXSAM NƏ OLACAQ? GƏLƏNDƏ ONU DA ƏLIBOŞ YOLA SALMAQ OLMAZ"
Tanınmış şair, publisist Taleh Həmid bu müsahibəni redaksiyamıza həftənin
ilk günü göndərmişdi.
Həmin
gün redaksiyaya zəng vuran Taleh müəllim bir xanım yazarın ondan müsahibə aldığını
dedi və ərklə əlavə elədi ki, müsahibənin "525-ci qəzet"də
dərc olunmasını
istəyir.
Razılaşdıq, danışdıq
ki, yazı qəzetin 4-cü gün sayında dərc olunsun...
Səhərisi Taleh müəllimin dünyasını dəyişməsi
xəbərini aldıq. Onun vəfatı hamımızı
təsirləndirdi...
Bu, Taleh müəllimin
"525"ə son ərki, həm də mətbuata axırıncı
müsahibəsi idi.
Allah rəhmət eləsin!
"525"
Onunla xeyli söhbət etdik. Hərdən sola-sağa çıxsaq da, məni yenə
öz müstəvisinin
üstünə gətirdi. Həyatdan, poeziyadan, yaradıcılıqdan,
insanlardan, talelərdən
danışdıq. Dünyaya
öz baxışları
var. "Mən ömrün
dünənindən gəlirəm"
- dedi. Şeirlərində olduğu kimi,
həyata baxışlarında
da maraqlıdır.
Sonda əvvəlcədən
nəzərdə tutmadığım
bir sualı da ona verməkdən
özümü saxlaya
bilmədim...
Beləliklə, məkan - Mirzə Ələkbər Sabir adına Mərkəzi Şəhər Kitabxanası,
həmsöhbətim - şair,
publisist, dramaturq Taleh Həmid.
- Qısaca soruşuram,
Taleh müəllim, necəsiniz?
- Yaxşıyam, şikayətə
əsas yoxdur. Rəhmətlik Yusif Səmədoğlu
deyirdi ki, yatıb- dura biliriksə demək, yaxşıyıq. Yatıram, dururam, buna
min şükür.
- Səhhətinizdə dürlü-dürlü
problemlər yaşayır,
kifayət qədər
tanınmış adamsınız.
Sizin kimi adamların baş ağrıları belə, mətbuata sızır, ictimai xarakter alır. Yəni, oxucularınızın, qələm
dostlarınızın sizinlə
bağlı narahatlıq
keçirdiklərinin şahidi
oluruq. Səhv etmiriəmsə, feysbuk səhifələrində
3500-ə yaxın dostunuz
var.
- Bəri başdan deyim ki, bu
səhifəni mən
özüm aparmıram. Yaxın dostum aparır.
Doğrusu, feysbukla işləməyə
o qədər hövsələm
yoxdur. Ömrün 50 yaşını qasırğalarla, qovğalarla
qarşıladım. Altı-yeddi il gah Moskvada, gah digər
şəhərlərdə müayinə və müalicə olundum. Ağır əməliyyat keçirdim.
Şükürlər olsun
ki, ayağa durdum. Şahidi oldum ki, düzgün diaqnoz sağlam həyatın yarısı, bəlkə
də hamısı deməkdir.
- Deyəsən, axı siz bu yaxın iki-üç ildə səhhətinizlə bağlı yenə də müəyyən çətinliklər yaşadınız?
- Mən (gülümsünür) elə-belə xəstələnən insanlardan deyiləm. Yaşayanda da kişi kimi yaşayıram, xəstələnəndə də.
- Əgər sirr deyilsə, o kişi kimi xəstələnməyiniz nə ilə bağlı idi? Haranız ağrıyırdı?
- Ürəyim.
- Gözləmədiyiniz halda baş verdi?
- Gözlənilmədən heç nə baş vermir. Zaman-zaman yığılanlar vulkan kimi birdən püskürdü. Uzun illər idi ki, mən ürəyimi yoxladanda həkimlər deyirdilər ki, ürəyinizin sol tərəfində küy var. Mən də fikirləşirdim ki, ürəkdə küy olar də... Sən demə, bu elə-belə küy deyilmiş. Ürək qapaqlarının gecə-gündüz narahat döyüntüləri imiş. Yavaş-yavaş infarkta doğru gedirəmmiş. Sonra da tutulan ürək damarları. Həkimlərin "əməliyyat qaçılmazdır" tələbi.
- Çətinmi oldu?
- Çətinlik keçirdiyim ağrı-acılarda deyildi. Çətinlik mənəvi sıxıntılarda idi. Ömrü boyu maaşla, qonorarla yaşamış qələm adamı, şair indi əməliyyat üçün 12-13 min manat pul ödəməli idi.
- Belə bir məbləğ sizdə var idimi?
- Əlbəttə, yox idi, nəyisə satıb sovmaq lazım gəlirdi. Bunun üçün də vaxt-zaman lazım idi. Zaman isə gözləmirdi. Hər an həyatla vidalaşmağım mümkün idi.
- Bəs necə oldu?
- Allah həyatım boyu mənə aşıra-düşürə var-dövlət qismət eləməyib. Bunun əvəzində məni yaxşı adamlarla mükafatlandırıb. Yenə də həmin yaxşılar yolum üstümə çıxdılar. Təəssüf ki, mən indi də həmin adamlara üzbəüz təşəkkür edə bilməmişəm.
- İşdir birdən rastınıza çıxsa, o insanı görsəniz necə təşəkkür edərsiniz?
- Necə? Yaşadığım üçün sizə minnətdaram deyərdim.
- Yaradıcılıq məsələləri necədir?
- 2015-ci ildə Naxçıvan Dövlət Musiqili Dram Teatrı "Yəhya bəy Dilqəm" pyesimi teatrın bədii rəhbəri, görkəmli rejissor, Xalq artisti Kamran Quliyevin quruluşunda tamaşaya qoydu. Yəhya bəy Dilqəm uşaqlığımdan mənə əziz olan bir şairdir. Bizim tərəflərdə çox yerlər onun adı ilı bağlıdır. Təəssüf ki, ədəbiyyatımız və folklorumuz onu şair kimi yox, aşıq kimi təqdim edir. Bəydən aşıq olarmı? Ziddiyyətli, nakam bir məhəbbət yaşayıb:
Qızılgülü şehli dərməyən Dilqəm,
Dərib pünhan yerə sərməyən Dilqəm,
Yarı bu dünyada görməyən Dilqəm,
Yarəb, o dünyada görərmi ola? - deyirdi.
Xalq şairi Nəriman Həsənzadə əsərin premyerası zamanı Naxçıvana mənə bir teleqram göndərmişdi: "Əzizim Taleh, səni ürəkdən təbrik edirəm. Sən Naxçıvana şair kimi gedib, dramaturq kimi qayıtdın".
Naxçıvan Teatrında çox
istedadlı aktyorlar var.
Demək olar ki, bütün rollar "öz sahibinə" verilmişdi.
- Yeni nə üzərində işləyirsiniz?
- İki ildən bir az çoxdur
ki,
ürək əməliyyatı
olunmuşam. Ağır keçdi. Xüsusilə, bərpa dövrü uzun çəkdi. İndi-indi düzəlirəm.
Məmməd Arazın belə
misraları var idi. Təxmini beləydi:
Ürəyimsiz kəlmə yazan
deyiləm,
Nə qədər
ki, qələmimdir yazanım.
Ötən dövr ərzində
nə qədər cəhd eləsəm də istədiyim şeirlər, ürəyimcə
olan şeirlər yaza
bilmədim. Bir balaca ilhamlananda ürəyim az
qala sinəmi deşib çıxırdı.
Qələmi yerə qoymaqdan
savayı özgə əlacım qalmırdı.
Sən demə, şair mən yox,
mənim ürəyim
imiş. Yeni yazdığım şeirin
belə bəndləri
var:
Məni bağışlasın, əziz qələmim,
Məni bağışlasın qoy yazan əlim.
Nə varsa hamısı tutalqac imiş,
Demə ürək imiş şeir yazanım.
Ürəkdən su içir arzular, kamlar,
Arzusuz ürəkdən əsər
küləklər,
Olmayıb dünyada şair
adamlar,
Olub bu dünyada şair ürəklər.
Əhməd Cavad haqqında mənzum pyes üzərində işləyirəm. Təşəbbüs İrəvan Azərbaycan Dövlət Dram Teatrının direktoru, qələm dostum İftixar Piriyevdən gəlib. Allah güc və taqət versin. Əminəm ki, yaxın vaxtlarda yekunlaşdıra biləcəm. Şeirlər yazıram, "Bakı ilə gecə söhbətləri" adlı silsilə şeirlər hazırlayıram. Belə də... Yenə deyirəm, ürək mənə hayan olsa...
- Ürəyinizdən niyə bu qədər bədgüman və nigaransınız? Allaha şükür, əməliyyat olundunuz, hər şey arxada qaldı.
- Bədgüman deyiləm, nigaranam. Əslində, biz ürəyimizə əməlli-başlı işgəncə veririk. İstər elə olsun, istərsə belə. Mən onu bıçağa vermişəm. Yaralıdır. Yaxın dostum İsmayıl Vəliyev tez-tez mənə mesajlar yazır: "Qardaş, ürək etibarlı orqandır. O bizi yarı yolda qoymaz" -deyir. Həkimlərdən biri dedi ki, "Taleh müəllim, siz ya bu ürəyin bütün şıltaqlıqlarına dözməlisiniz (ürək çatışmamazlığım var), ya da sizə ürək köçürmək lazımdır. Doğrusu, bu sözdən yaman üşüdüm. Necə deyərlər, ətim ürpə getdi. Doğma sinəmə ögey ürək? Mən belə ömrü istəmirəm. Allah nə verib, ona şükür.
Doğuldum, duyğular axdı sinəmdən,
Əzəldən yazıldı sevinc, qəm payım.
Özgə çörəyilə yaşamadım mən,
Özgə ürəyilə necə yaşayım?
- Ölümdən qorxursunuz?
- Qorxsam nə olacaq? Gələndə onu da əliboş yola salmaq olmaz.
-Gələn il 65 yaşınız olacaq. Nə isə gözləyirsiniz?
- Sağlıq gözləyirəm, yalnız sağlıq. Yaşın pis vaxtıdır. Hər şey qismətdir. Bir də həyat yoldaşımın tək qalacağından qorxuram. Bir-birimizə çox bağlıyıq. İndi bizi 36 illik bir omür yolu bağlayır. Özü də necə? O, mənə çox zəhmətlər çəkib. 16-17 ildir ki, xəstəliklərlə mübarizədəyəm. İki dəfə ağır cərrahiyyə əməliyyatı keçirmişəm. Yatmışam yatıb, durmuşam durub. Bircə dəfə də üz-gözünü turşutmayıb. Dostlarım həmişə deyirlər ki, Taleh, səni İradə xanım yaşatdı. Bu sözlərdə böyük həqiqət var. Düz sözə nə deyəsən? İradə də deyir ki, mən bəndəyəm, hər şey yaradanın əlindədir. Moskvada xəstə yatanda ona bir şeir yazmışdım:
Kim üçün ölsəm də, səninçün sağam,
Dirilləm gözünün yaşını silsən,
Torpağı çiynimdə qaldıracağam,
Məni uzaqlardan görə biləsən.
Mənim sözlərimi ötər anadil,
Ölüm var yalandı, ölüm var haqdı.
Ölüm bu dünyada hələ son deyil,
Ölüm bu dünyada unudulmaqdı.
Ölürəm deyəndə yazıq-yazıq üzümə baxır. "Bəs məni kimə qoyub gedirsən?" deyir. Bu çox çətin sualdır...Övlad itkisi görmüş ata-anayıq. 12 yaşlı qızımızı 20 il bundan əvvəl xərçəng apardı. Yaşasaydı indi 32 yaşı olardı. (Üzünə adi bir kədər gəlir). Olmadı... Bu illər boyu İradə xanım məndən göz yaşlarını gizlədə-gizlədə yaşadı.
- Oğlunuz Cəlal harada işləyir?
- Dövlət Sərhəd Xidmətində zabitdir. Ürək əməliyyatından təzəcə çıxmışdım. O, burada işə başladı. Sağ olsun Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyevi. Zənn edirəm ki, oğluma da, mənə də hədsiz etimad göstərdi.
- Yuxular görürsünüz?
- Hərdən. Yuxu yatıram ki, yuxu görəm? Gecələri adda-budda yatıram. Ürək şıltaqlıq edir. Səhərədək nəzərlərim şəhərdəki binaların pəncərələrində yanıb-sönən işıqlara dikilir. Elə bilirəm ki, o işığı yandıranlar, söndürənlər də mənim kimi yuxu həsrətindədirlər.
- Şəmkir üçün darıxırsınız?
- İndi lap
çox. İmkan tapanda gedirəm. Oradakı dostlarım daha
yoxdurlar. Bir zamanlar
fəxr edirdim ki, mənim dostlarım məndən yaşca böyükdürlər.
İndi onlar köçüb, mən qalmışam.
Ona görə adamın dostu özündən
kiçik olsa yaxşıdır.
- Gəncliyə qayıtmaq istərdiniz?
- Hər gün qayıdıram. Xəyallarda...
- Bu mövzuda şeirlər yazırsınız?
- İndi məni daha çox həyat,
zaman, onların fəlsəfəsi düşündürür.
Hərdən biixtiyar deyirəm: "Elə bu?..."
- Şəhərdəki dostlarınızla necə? Onlarla görüşə
bilirsiniz?
- Burada da vəziyyət oxşardır. Son illərdə Sabir Azəri, Sərdar Musayevi, Novruz Quliyevi, Yılmaz Axundzadəni, Ələmdar Tağıyevi, Mənsur Məmmədovu, Mürşüd Məmmədlini, kimləri, kimləri... itirdim. Hərdən bəzi dostlarım məndən inciyib küsürlər də. Qınamıram. Onlara elə gəlir ki, mən 20-30 il bundan əvvəlki Talehəm. Yenə gələcəm, deyib güləcəm, onlara lətifələr danışacam... Bəs əlahəzrət ürək necə?
- Çoxmu lətifə bilirsiniz?
- Çox, lap çox. Elə böyük qardaşım Əşrəfin sərgüzəştlərindən danışsam bir-iki saat çəkər. Hədsiz dərəcədə dadlı-duzlu adam idi. İnsan yaşlaşdıqca maraqsız olur. (gülür) Özümü nəzərdə tuturam. Adamlar da ağaclar kimidir. Yavaş-yavaş quruyurlar. Filankəsin canı hələ suludur ifadəsi görünür elə-belə yaranmayıb. Canda su qurtaranda insan susuz səhraya cevrilir.
-Şeirlərinizdən birində belə bir misra var:
"Mən ömrün dünənindən
gəlirəm". Orda nələr var?
- De ki, Taleh Həmid,
orada kimlər yoxdu?! Hər belə "səfər"
yaman yorucu olur, əldən düşürəm.
- Nədən qorxursunuz?
- Yalandan və yalançıdan.
- Nədən qorxmursunuz?
- Millətimdən. Xalqımdan. Dövlətimdən. Ona arxalanmaqdan. Ondan güc almaqdan...
Söhbətimizə nöqtə qoymuram, Taleh müəllim, bir də görüşmək
arzusu ilə deyib ayrılırıq.
Afət
ZEYNALOVA
525-ci qəzet.- 2016.- 3 noyabr.- S.7.