Məmməd bəy Cavanşir
anasını niyə öldürmüşdü?
Qadına qarşı zorakılıq, təkcə
zorakılıq yox, həm də öldürülməsi ilə
bağlı həm saytlarda, həm də sosial şəbəkələrdə
geniş müzakirələr gedir. Təbii ki, ictimai
qınaqla bunun qarşısını almaq mümkün deyil,
çünki belələri ictimaiyyətə yad olduğundan
ictimai qınaq da onların heç vecinə də deyil.
Mənim fikrimcə, bu hallara qarşı qanun
daha da sərtləşdirilməlidir.
Mövzum bu deyil. Həmin sosial şəbəkələrdəki
müzakirələrdə Cahandar ağa və Məmməd bəy
Cavanşir Batmanqılıncla bağlı fikirlərə də
rast gəldim. Bildiyiniz kimi, əsərdə
Cahandar ağa öz bacısını öldürür.
Görkəmli yazıçımız
İsmayıl Şıxlı Cahandar ağa kimi möhtəşəm
bir Azərbaycan kişisi obrazı yaradıb. Və o qədər möhtəşəm ki, oxucu
Cahandar ağanın başqasının arvadını
qaçırmağını da, bacısını
öldürməyini də bağışlayır. Əslində Cahandar ağa tarixdə olmuş bir
şəxsiyyətdir, İsmayıl Şıxlının da
babasıdır və ruslarla döyüşdə həlak
olub. Yəni ruslara boyun əyməyi şəxsiyyətinə
sığışdırmayıb. Və
Azərbaycanda da Cahandar ağa artıq bir mifə çevrilib
və onu tanımayan yoxdur. Bu da
yazıçının dahiliyindən irəli gəlir.
Bəs, Məmməd bəy Cavanşir kimdir? Xalqımız
Məmməd bəy Cavanşir haqqında bilgilərə o qədər
də malik deyil. Onu əsasən
tarixçilər tanıyır və bir də tarixlə
maraqlananlar. Adı “Qarabağnamə”lərdə
çox çəkilir, bir-iki də bədii əsərdə.
Molla Pənah Vaqif də ona şeir həsr edib.
Hərçənd ki, Molla Pənah Vaqifin də
oğlunun başını sonralar Məmməd bəy
Cavanşir kəsdirmişdi. Məmməd
bəy Cavanşir də Qarabağda bir mifə çevrilib,
özü də Batmanqılınc ləqəbi ilə.
Niyə
Batmanqılınc? Əvvəla, Məmməd bəy
Cavanşir Qarabağın ikinci xanı Mehralı xanın
oğludu və Pənah xanın nəvəsidi. İbrahim xan zamanında Qarabağ
qoşunlarının sərkərdəsi olub. Bugünki dillə desək, müdafiə naziri.
Döyüşdə qalxan götürməzmiş,
özü də iki qılıncla vuruşarmış. Qılınclar da çox ağır olduğundan mənim
kimilər o qılıncı götürə bilməzmiş,
yəni hərəsi bir batman. Ona görə
də xalq arasında ona Batmanqılınc deyirmişlər.
Onu da deyim ki, Məmməd bəy Həmidə xanım
Cavanşirin (Cəlil Məmmədquluzadənin
ömür-gün yoldaşı) ulu babasıdı.
Azərbaycan
xalqının görkəmli oğlu, şahlar şahı
Ağa Məhəmməd şah Qacarın Qarabağa hər
iki yürüşündə Məmməd bəy öz
qoşunu ilə Qacarla döyüşə çıxır
və təbii ki, hər iki döyüşdə də Qacara
məğlub olur. Çünki əvvəla
Qacarla böyük-böyük dövlətlər döşləşə
bilmirdi, onda ki hansısa bir Qarabağ xanlığı. Və həm də Məmməd bəyi nə qədər
sevsəm də, nə qədər onunla fəxr etsəm də,
o, Qacarın önündə hər bir cəhətdən zəif
idi. Təkcə döyüş qabiliyyətindən
başqa.
Tarixçilər yekə-yekə yazırlar ki, Qacar Şuşanı
33 gün mühasirədə saxladı, ala bilmədi. Mənasız
Azərbaycan nağıllarından biri. Qacar
öz xalqını qırmayacaqdı ki. Gəlmişdi
ölkəni parçalayan, qoşun çəkib bir-birini
qıran özündənrazı xanların, eləcə də
İbrahim xanın qulağını çəkməyə.
Pah
atonnan, Şuşanı 33 gün mühasirədə
saxladı, ala bilmədi! Amma səhər-səhər
Tiflisə hücum elədi (Gürcüstan da Qacarın əyalətlərindən
biri idi və gürcü çarı da yekəbaşlıq
edirdi), günorta namazını Şah Abbas məscidində
qıldı, gürcü çarı, deyəsən adı
İrakliydi, qaçıb meşələrdə gizləndi.
Və ordan bir də qayıtdı Şuşa
qalasına, dedi sizi Tiflisin gününə salaram, dərhal
qapıları açdılar.
Mən
Qarabağın həmin dövrü ilə bağlı
«Batmanqılınc» romanı yazmışam, əsərimin qəhrəmanları
da iki Məhəmməddi: Məmməd bəy Cavanşir
Batmanqılınc və Ağa Məhəmməd şah Qacar.
Əsərin əsas qəhrəmanı Məmməd
bəy Cavanşir olsa da, üstünlüyü Qacara
vermişəm. Səbəbini də
yuxarıda qeyd elədim.
Mənim əsərimə qədər Qacarı həm
tarixçilər, həm də yazarlar mənfi bir şəxsiyyət
kimi təqdim edirdilər. Yalnız Əbdürrəhim
bəy Haqverdiyev «Ağa Məhəmməd şah Qacar» pyesində
Qacarı müsbət qəhrəman kimi təqdim eləmişdi.
Hətta
Yusif Vəzir Çəmənzəminli kimi bir əjdaha da
«Qan içində» romanında Qacarı cılız, burnundan
selik axan, qarabağlıların dili ilə desək, bir dəmşalaq
kimi təqdim edib. Çəmənzəminlini
qınaya bilmərəm, çünki elə bir zamanda
romanı yazmışdı ki, ürəyindəkiləri deyə
bilməzdi. Asardılar, necə ki sonra
asdılar.
Qacar Şuşaya daxil olandan sonra cəmi altı
adamın edamına hökm vermişdi, onun da biri Məmməd
bəy Cavanşir idi. Onu da qeyd edim ki, gecə xaincəsinə
Qacarı öldürənlər əvvəlcə Məmməd
bəyin yanına gəlirlər ki, gedək Qacarı
yatdığı yerdə öldürək. Amma Məmməd bəy onları qovmuşdu ki, mən
kimisə xaincəsinə öldürə bilmərəm, bu mənim
kişiliyimə yaraşmaz. Amma onların
kişiliyinə yaraşdı, getdilər Qacarı
öldürdülər, ölkəni viran günə qoydular,
ondan sonra da Rusiyanın Azərbaycanı işğalı
başladı. Düzdür, öldürənlər
də layiqli cəzalarını aldılar.
Mən bir balaca sizi həmin tarixə aparmaq istədim. Çalışacam ki,
yaxın nömrələrdə «Batmanqılınc»
romanını hissə-hissə qəzetimizdə dərc edim və
çəkdiyimiz müsibətlərlə bir daha yaxından tanış olasınız.
Və nəhayət, gələk Məmməd bəy
Cavanşirin anasını öldürməsinə. Məmməd
bəy anasını öldürəndə 14 yaşı
vardı. Dəliqanlı bir xan nəvəsi
idi.
Pənah xandan sonra Məmməd bəyin atası
Mehralı xanı Qarabağa xan təyin etmişdilər. Lakin sonra Pənah
xan Şaha deyir ki, Mehralı xanı İbrahim xanla əvəz
etsin. Səbəb də o idi ki, Mehralı
xan çox kövrək, ürəyiyumşaq bir şəxiyyət
idi, idarəçiliyi də zəif idi. Amma
İbrahim xan böyük qardaşından tamamilə fərqli
idi.
Mehralı xan hakimiyyəti qardaşına təhvil verəndən
sonra təbii ki, incik düşür və yenir dədə-baba
yurdları Bayata. Bu vaxt Şamaxı xanı onu qonaq
çağırır və namərdcəsinə Ağsuda
yemək-içməkdən sonra öldürdür.
Gün gələcəkdi Məmməd bəy qoşununu
Şamaxıya çəkəcəkdi, Şamaxı
xanının beş oğlunu
gözünün qabağında edam etdirəcəkdi,
özünün də gözlərini çıxaracaqdı
ki: «Mən atasızlığın nə olduğunu çəkdiyim
kimi, atamın dağını çəkdiyim kimi, sən də
get oğul dağı çək».
Yuxarıda qeyd etdik ki, Mehralı xan öldürüləndə
Məmməd bəyin 14 yaşı vardı. O vaxtın da, bəzən
elə indinin də murdar cəhətlərindən biri o idi
ki, qardaş öləndə onun arvadını qardaşı
alırdı. Müsəlmanlığın ən
böyük eyiblərindəndi.
İbrahim xan da qardaşının arvadını almaq
istəyir, arvad da razılaşır.
Məmməd bəy evə gələndə
görür ki, xanımlar yığışıb
anasının başına, anası da güzgünün
qabağında sığallanır. Soruşur ki, nə məsələdi,
anası da deyir ki, bəs əmin mənə elçi gəlib,
əminə ərə gedirəm.
14
yaşlı bir dəliqanlı bunu sınıra bilmir və xəncərini
çıxarıb anasını doğrayır və deyir:
- Mənim
atamın yastığına başqa bir kimsə baş qoya
bilməz!
Nə isə…
Bununla da İbrahim xanla Məmməd bəy arasında
bir düşmənçilik başlayır və Məmməd
bəy ölənədək bu düşmənçilik də
davam edir. Amma bu düşmənçilik şəxsi
münasibətdə olur, dövlətçilik məsələlərində
yox. Yəni Məmməd bəy babası Pənah
xanın üstündə Şahin quşu həkk olunmuş
Qarabağ bayrağı uğrunda son damla qanınadək
vuruşur. Dövlətçilik məsələsində
əmisinə həmişə sədaqətlə qulluq
göstərir.
Necə
ki dövlətçilik baxımından Qacar da Kərəm
xan Zəndin iqtidarına 19 il sədaqətlə
qulluq eləmişdi.
Məmməd bəy də atası kimi xəyanətin
qurban olur. 1797-ci ildə Şəki xanı Məmməd bəyi
Şəkiyə dəvət edir və deyir ki, gəl
qızımı verirəm sənə, həm də mən
qocalmışam, bu xanlığı idarə elə. Məmməd bəy Şəkiyə gedir, orda da yeməyinə
bihuşdar qatırlar, yatdığı çarpayıya
sarıyırlar və aparırlar Şamaxı xanına hədiyyə.
Şamaxı xanı da Məmməd bəyi
qıyma-qıyma doğradır. Onda Məmməd
bəyin 35 yaşı vardı.
Mən «Batmanqılınc»ı yazanda bu iki hadisəni
yazmadım. 26-27 yaşım vardı, görünür,
gücüm çatmayıb.
Aqil Abbas
525-ci qəzet.- 2016.- 3 noyabr.- S.5.