Zamanların mozaikası: hadisələr və
şəxsiyyətlər
(Əvvəli ötən şənbə sayımızda)
Ellinizmin
o vaxtkı dünyaya yayılması
Yunanıstanın siyasi parçalanması
Balkan yarımadasının coğrafi xüsusiyyətlərinin
(dağlarla ayrılan
vadilərin mövcudluğu)
nəticəsi idi.
İstedadlı xalqın təkrarsız xarakterində meydana gələn izolə olunmuş və qapalı həyat tərzi meydana gəlmişdi. Yunan dünyasının siyasi xəritəsi ellinlərin Roma imperiyasına
daxil olmasına qədər duruş gətirdi. Yarımadadakı kiçik münbit
vadilər, Kiçik Asiyanın dəniz sahilləri və Egey dənizinin çox saydakı adaları böyük miqdarda xırda ölçülü dövlətlərin
(polislərin) yaranmasına
şərait yaratmışdı.
Lakin siyasi birliyə qədər mədəni birlik mövcud olmuşdu. Yunanları dil qohumluğu
fərqləndirirdi, hələ
də onlarda ümumi allahlar kultu və qədim
ümumi yunan mifləri mövcud idi. Torpağın azlığı əksər polisləri məcbur etmişdi ki, yerli məhsullarla
- yağla, şərabla,
həm də sonralar sənətkarlıq
məhsulları ilə
ticarəti inkişaf etdirsinlər. Dənizin arxasındakı
qonşularla əlaqə
yarandı. Belə
kontakt finikiyalılarla
baş verdi,
yunanlar onlardan əlifbanı əxz etdilər.
Şəhərlərin əhali sıxlığı
üzündən yunanlar
yeni ərazilərdə
məskənlər salmağa
başladılar. Ona görə də
Aralıq dənizinin və Qara dənizin
uzaq sahillərində
koloniyalar meydana gəldi. Cənubi İtaliyanı və
Siciliyanı əhatə
edən Böyük Yunanıstan yarandı.
Tədricən Yunanıstanın başlıca
siyasi mərkəzləri
Afina və Sparta oldu. Bütün Attikanı əhatə
edən Afinada idarəetmənin demokratik
sistemi təşəkkül
tapdı. Sparta isə özünə məhsuldar əraziləri
tabe edib, bütün Peloponnes yarımadasına öz təsirini yaydı. Burada arxaik üsul-idarə, qədim çar hakimiyyəti institutu qalırdı. Çarlar yalnız
müharibə vaxtı
real hakimiyyətə sahib olurdular,
digər vaxtlarda ölkəni Ağsaqqallar
şurası (gerusiya)
idarə edirdi.
Perslərlə müharibələr vaxtı
düşməni iki mühüm döyüşdə
məğlub edən Afinanın Yunanıstanda nüfuzu ən yüksək nöqtəyə
çatdı. Afina öz ətrafında
Egey dənizinin çox ciddi adalarını birləşdirdi.
Afina dəniz ittifaqının polislərində ticarət,
sənətkarlıq və
kənd təsərrüfatı
inkişaf edirdi.
Bu dövrdə həm
də mədəni həyatın çiçəklənməsi
baş verdi.
Afina uzun müddət üçün Aralıq
dənizi mədəniyyətinin
mərkəzinə çevrildi.
İki iri yunan dövləti
arasındakı rəqabət
Peloponnes müharibəsinə
(altı illik fasilə ilə b.e.ə. 431-404-cü illər)
gətirib çıxardı.
Bu müharibədə Afina məğlub oldu və Spartanın
hegemonluğu quruldu.
Lakin
Sparta da məğlubiyyətsiz
ötüşmürdü. Fiva sərkərdəsi Epaminond
bir neçə dəfə spartalıları
məğlub etmişdi.
Gələcək Makedoniya çarı,
Böyük Aleksandrın
atası II Filipp bu vaxt Fivada
əsir kimi yaşayırdı. B.e.ə.
359-cu ildə o, hakimiyyətə
gəlib makedoniyalıları
yunan hərb sənətinin nailiyyətləri
ilə tanış
etdi. Həm də kiçik
knyazlıqları vahid
dövlətdə birləşdirdi.
Atasının qətlindən sonra çar taxt-tacına gələn və Makedoniyalı adlandırılan III Aleksandr öz hökmranlığını genişləndirmək istədi. İki il sonra, b.e. ə. 334-cü ildə Aleksandr Kiçik Asiyaya keçib, dağılmaqda olan Persiya imperiyasını özünə tabe etdi. Beş il sonra o, Orta Asiyaya yürüş etdi, b.e.ə. 325-ci ildə isə Hindistana müdaxilə edib, öz yeni imperiyasının sərhədlərini Dunay çayından Hind çayına qədər genişləndirdi. O, ona məlum olan dünyanı fəth etmək istəyirdi və Asiyanın şərq qurtaracağındakı naməlum Yaponiyaya çatmaq istəyirdi. Lakin onun qoşunu irəliyə doğru getməkdən imtina edib, vətənə dönməyi tələb etdi. Böyük əzablarla o, Persiyaya qayıtdı. Lakin Avropanı və Asiyanı birləşdirmək ideyası yolunda yunan-Makedoniya və pers əyanlarını birləşdirməyə cəhd edərək, 10 min makedoniyalını və yunanı Suzada təmiz qanlı pers qızlarına evləndirdi. Aleksandr özü də Soqdiana hökmdarının qızı Roksana ilə evləndi. Belə nikahlardan məqsəd yunanlarla asiyalıları barışdırmaq idi. Aleksandrın öz nikahı siyasi fayda götürmək xarakteri daşıyırdı. Sonralar qədim Romada nikahlar hesabına siyasi ittifaqlar yaratmaq dəbi yarandı, birinci triumviratı möhkəmləndirmək üçün Sezar öz gənc qızını yaşlı Pompeyə ərə vermişdi. Avqustun bacısı Antoniyə ərə getmişdi. Yeni tarixdə isə bu qayda Avstriyada geniş yayıldı, Habsburqlar əsasən qız verməklə Avropa sarayları ilə qohumluq yaradırdılar, buna görə də “Avstriya ərə ver” şüarı yaranmışdı. İngiltərə kraliçası Viktoriyanın qızları Avropa prinsiplərinə ərə getmiş, onların ərləri tezliklə krallara çevrilmişdilər, oğlanları isə kral qızları ilə nikah bağlamaqla, Britaniya və digər kral saraylarını bir-birinə bağlamışdılar.
Böyük Aleksandr yürüşlərini dayandırmaq fikrindən uzaq idi, bir il sonra Ərəbistanı və Şimali Afrikanı zəbt etmək fikrinə düşmüşdü. Lakin b.e.ə. 323-cü ildəki 32 yaşındakı ölümü onun arzularını və planlarını yarımçıq qoydu. Layiqli varisi olmadığından, imperiyanı yeganə hakimiyyət altında saxlamaq mümkün olmadı. Böyük Aleksandrın yaratdığı imperiya onun ölümü ilə birlikdə məhv oldu, daha doğrusu, öz yaradıcısından da az, olduqca qısa ömür yaşamaqla, tarix səhnəsini tərk etdi. İmperiya, hələ Aleksandr dəfn edilməmişdən bir neçə hissəyə bölündü, onlara Aleksandrın varisləri olan və hakimiyyət uğrunda daim mübarizə aparan diadoxlar hökmranlıq edirdi.
Aleksandrın imperiyasından qırılıb parçalanmaqla meydana gələn Makedoniyanın özünü nəzərə almadan, Misirdəki Ptolomeylər imperiyası, həmçinin Selevkid dövləti, buraya Mesopotamiya, Pireney, Suriya, Orta Asiyanın bir hissəsi daxil idi, ən iri ellinist dövlətləri idi.
Yunan mədəniyyəti Aralıq dənizinin, Asiyanın, Misirin, Qara dəniz ətrafının ellinist dövlətlərində geniş yayıldı. Yunan dili hər yerdə təhsilli adamların dili oldu. Matematika, astronomiya, tibb və fəlsəfə kimi yunan elmi görkəmli nəticələr qazandı. Yunan mədəniyyətinin mərkəzlərindən biri Ptolomeylərin Misirdə yaratdığı ən böyük Aleksandriya kitabxanası idi. Burada Eratosfen Yer kürəsinin çevrəsinin uzunluğunu dəqiq hesablamışdı. Yəhudi alimləri öz müqəddəs kitabları olan Bibliyanı yunan dilinə tərcümə etmişdilər. Yunan dili hesabına ilkin xristianlıq Aralıq dənizi ətrafında daha geniş yayıldı.
B.e.ə. III əsrdən etibarən ellinləşmə həm də Aralıq dənizinin böyüməkdə olan yeni dövlətini - Romanı da əhatə etdi. Bəzi mülahizələrə görə, Böyük Aleksandr İtaliyadakı bu güclənən dövləti də özünə tabe etməyi nəzərdə tuturdu, lakin Roma özü artıq b.e.ə. II əsrdən bir-birinin ardınca ellinist dövlətləri işğal edir və b.e.ə. 30-cu ildə axırıncı zəbt etdiyi dövlət Misir idi ki, orada bu vaxt Ptolomeylər sülaləsindən olan Kleopatra çarlıq edirdi. Bütün bunlara baxmayaraq, bu vaxt Romanın özü yunan mədəniyyətinin güclü təsiri altında idi. Təhsil görmüş romalılara onların mənşəyinin, Eney başda olmaqla, öz ölkələrindən qaçmış troyalılardan olması çox xoş gəlirdi və bu əfsanə, yeri düşdükcə xatırlanırdı. Onlar yunan müəllimləri tərəfindən tərbiyə olunmuşdular, onların dilində, öz doğma dillərində olduğu kimi yaxşı danışırdılar. Sonralar bütün roman dillərinin onun tərkibindən inkişaf etdiyi latın dilini onlar yunan dili nümunəsində nəcibləşdirdilər və ellinist ədəbi yaradıcılığına uyğunlaşdırdılar.
Romalılar əslində yunanlardan incəsənət, ədəbiyyat, arxitektura, fəlsəfə və elm sahəsində, demək olar ki, hər şeyi əxz etmişdilər. Lakin yunan mədəniyyəti Roma imperiyasının şərqində olduğu kimi, heç qərbində də uyğunlaşmadı və saxlanmadı. Çünki şərqdə onun əsasında gec antik dövrün mühüm dövləti olan və min ildən artıq ömür sürən Şərqi Roma imperiyası və ya Bizans formalaşdı.
Ellinizm Qərblə Şərqin yaxınlaşmasına, Şərqin qədim, həm də çox qabaqcıl elmi nailiyyətlərinin Avropada yayılmasına, Qərbin də bəzi təsirlərinin şərqdə mənimsənilməsinə şərait yaratmaqla, dünyanın bir neçə əsr ərzində davam edən mədəni inkişaf tarixinə, inkar edilməsi mümkün olmayan töhfələr verdi. Ellinizmin əsaslandığı yunan mədəniyyəti Mesopotamiyanın elmi ənənələrindən zənginləşməklə, həm də qədim Romanın təsiri ilə Avropa sivilizasiyanın inkişafında mühüm rol oynadı. Yunan mədəni irsi, yunan yazısı öz mənşələrini inkar etməsə də, Avropa mədəni inkişaf dənizinə tökülən iri çay təsiri bağışlayır.
Qədim
Roma: çarlıqdan respublikaya,
respublikadan imperiyaya çevriliş
B.e.ə. VIII əsrdə Tibr çayının sahilində
gələcək əbədi
şəhər olan Romanın rüşeymi adlana biləcək bir məskən meydana gəldi. Romalılar öz
əcdadları kimi Troyadan bura gəlib
çıxmış Eneyi
hesab edirdilər.
Qədim Romanın böyük şairi Publi Vergili Maron
özünün məşhur,
əsl Roma milli eposuna çevrilən “Eneida” əsərində Troyanın müharibədə
dağılmasından sonra
Eneyin İtaliyadakı
Latsiyə gəldiyni və Roma dövlətinin
və Yulilər nəslinin əsasını
qoyduğunu nəql edir.
İlk məskəndə,
yəqin ki, bu vaxtadək etrusklar yaşamışdılar. Çayın sahilindəki təpələrdə
yerləşən qədim
yaşayış məskənləri
b.e.ə. VI əsrdə
birləşmişdilər. Etruskların
köməyi və dəstəyi ilə Roma Latsiyanın ən güclü dövlətinə
çevrilə bildi.
Həmin
əsrin sonunda Roma Karfagenlə ticarət müqaviləsi bağlamaq
gücündə idi.
Roma vətəndaş icmasında çarlar hökmranlıq edirdi, lakin b.e.ə. 510-cu ildə sonuncu, yeddinci çar Məğrur Tarkvini taxt-tacdan qovuldu. Romalılar
qızğın döyüşlərdə
latın tayfalarını özünə
tabe edə bildilər. B.e.ə. III əsrdə isə
romalılar Mərkəzi
İtaliyada öz ağalıqlarını qurdular.
Hələ b.e.ə. IV əsrin ikinci yarısından öz təsirlərini yaymaq üstündə romalılar samnitlərlə
müharibə aparırdılar. Samnitlərin mühasirəyə aldığı
Neapola Roma köməklik
göstərmək istədikdə,
məğlubiyyətə düçar
oldu. Lakin dəyişən uğurlarla gedən mübarizədən sonra samnitlər təslim olmağa məcbur oldular. B.e.ə.
304-cü il sülhünə görə,
Romanın Mərkəzi
İtaliyada təsir sferası genişləndi,
artıq onun torpaqları Adriatik dənizinə qədər
uzanırdı. Samnitlərlə aparılan üç müharibədəki qələbədən
sonra Roma İtaliyada bütünlüklə ağalıq
etməyə başladı.
Mərkəzi İtaliyada beş əsr əvvəldən yaşayan etrusklar burada yeni dövlət quruluşu yaratmamışdılar. Etrusk şəhər-dövlətləri möhkəm olmayan ittifaqlarda birləşmişdilər. Lakin etrusklar başqa xalqlarla müqayisədə yüksək mədəniyyət yaratmışdılar və öz yazılarına malik idilər. Onların iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edirdi. Məhsul istehsalını artırmaq üçün onlar bataqlıqları qurudur, meşələri qırıb, ağacları kökündən çıxarır və çayların məhvərini düzləndirirdilər. Onların Veyi adlı varlı şəhərini romalılar işğal etdikdən sonra etrusklar tədricən öz ərazilərini itirməyə başladılar. Qalların Şimali İtaliyaya müdaxiləsindən sonra etrusklar iki tərəfdən sıxışdırıldılar. Qallar bir neçə etrusk şəhərini tutdular və Şimali İtaliyada məskunlaşdılar. Lakin b.e.ə. III əsrin sonunda qallar İtaliyanı tərk etməyə məcbur oldular.
Romanın arxalandığı qüvvə, uğurlarının həlledici amili güclü qoşun və sıx birləşmiş dövlət idi. Siyasi sahədə təmsilçilər tam hüquqlu olmayan pleybeylərin uzun müddətli mübarizəsindən sonra varlı pleybey nəsilləri patritsilər kimi öz yüksək təbəqəsinə - nobilitetə malik oldular. Xalq yığıncağı real siyasi hakimiyyət əldə etdi. Xalqın mənafeyinə qarşı yönəlmiş qanunları ləğv etmək səlahiyyəti olan xalq tribunları toxunmazlara çevrildilər. Bu, Roma cəmiyyətinin birliyinə gətirib çıxardı, həmin cəhət isə öz növbəsində də güclü xarici ekspansiyasının əsasına çevrildi.
(Ardı var)
Telman
ORUCOV
525-ci qəzet.- 2016.- 5 noyabr.- S.22.