“Hər birimiz əməllərimizin
övladıyıq...”
KAMRAN İMANOV: “HƏYATIMIZIN HEÇ BİR SƏHİFƏSİNİ QOPARIB ATA BİLMƏRİK...”
Zəngin ömür yolu, həyat təcrübəsi
var. Mövqeyini təsdiq etmiş, sözünü demiş
insandır. Yaşadığı ömür peşəkar və
məsuliyyətli bir insanın ömrüdür.
Fəaliyyəti xalqına, dövlətinə sədaqət
nümunəsi, vətənpərvərliyi gənclərə
örnəkdir. O, bir azərbaycanlı kimi öz köklərinə,
milli dəyərlərinə bağlı bir vətəndaşdır.
Onun üçün doğulduğu torpaq, vətəndaşı
olduğu ölkə, xalqı, onun tarixi, mədəniyyəti,
milli-mənəvi dəyərləri, bugünkü inkişaf
səviyyəsi, gələcək perspektivləri hər
şeydən üstün dəyərlərdir.
Ömrü boyu müxtəlif məsul vəzifələrdə
çalışıb, yorulmadan işləyib, əməyini
ləyaqətlə sərf edib, zəngin biliyi, savad və
intellekti, işgüzarlığı, yüksək idarəçilik
qabiliyyəti, prinsipiallığı həmişə uğur
gətirib ona.
Getdiyi hər yerdə ona etibar ediblər, o isə
inamı doğruldub. Faktlar da bu həqiqəti
təsdiqləyir. İndi
ömrünün müdrik çağındadır, 70
yaşını qeyd edir, 2016-nın yubilyarlarındandır.
Bu mübarək yaşa isə əliboş gəlməyib.
Adı ağır taxtalı, ağır ləngərli
kişilərin sırasındadır...
Kamran Sultan oğlu İmanov. Əqli mülkiyyət üzrə
beynəlxalq ekspert, Azərbaycan Respublikası Müəllif
Hüquqları Agentliyinin sədri, Azərbaycan Respublikası
Prezidenti yanında Dövlət İdarəçilik
Akademiyası, Azərbaycan Memarlıq və İnşaat
Universitetinin professoru...
Yol isə
davam edir...
Xatirələr
solmayıb...
Bakıda ziyalı ailəsində dünyaya gəlib. Atası
hüquqşünas, anası həkim olub. Heç şübhəsiz, insanın taleyi müəyyən
zaman və məkanla, ailədə gördüyü tərbiyə
və yaşadığı mühitlə sıx
bağlıdır. Onun xarakterində də,
fəaliyyətində də sələflərinin izi var.
Söz-söhbətlərində bunu duymamaq mümkün
deyil. Xatirələri solmayıb.
Çox-çox uzaqda qalan uşaqlığını da,
oxuduğu məktəbi də, müəllimlərini də
yaxşı xatırlayır...
Ötən əsrdə nəinki paytaxtın,
respublikanın, hətta İttifaqın ən nüfuzlu məktəblərindən
birində, Nəsimi rayonundakı 1 saylı orta məktəbdə
təhsil alıb. Təkcə əla qiymətlərlə
oxumayıb, ən fəal şagirdlərdən biri kimi yadda
qalıb, olimpiadaların qalibi olub. İndi də müəllimlərini
böyük qədirbilənliklə və fəxrlə yada
salır: “Məktəbimiz olduqca güclü məktəb idi.
Müəllimlərimiz isə vicdanlı, bilikli
və savadlı idilər, dedikləri fənnə dərindən
maraq oyada bilirdilər. Şəxsən mənim
biliyə olan meylimin kökü onların zəhmətinin bəhrəsidir.
Yarım əsr ötsə də, qənaətim
dəyişməyib. Tələbə Qəbulu
üzrə Dövlət Komissiyasında işləyəndə,
məktəb müəllimlərimi test
tapşırıqlarını hazırlamağa dəvət
etmişdim. Böyük məmnunluqla deyirəm ki, təxminən
30 il keçməsinə baxmayaraq, onlar əvvəlki
formalarını itirməmişdilər...”
Orta məktəbdə ən çox riyaziyyatı,
fizika, tarix və ədəbiyyatı sevib. Təzadlı
görünür... Amma çox sonralar özü də etiraf
edəcək ki, bu əkslər bir-birinə zidd deyil, əksinə,
bir-birini tamamlayırlar...
“Həyatımızın
heç bir səhifəsini qoparıb ata bilmərik...”
Ömür yoluna nəzər salanda bu qənaətə
gəlirsən ki, uğurlarında xarakterinin rolu
böyükdür. Dürüst, cəsarətli, möhkəm
və güclü insandır, məqsədinin arxasınca
yorulmadan gedə bilir, əqidəsinə sadiqdir. Amma bəxt, tale də öz sözünü deyir.
Xatırlayır ki, hər il məktəbin
məzunlarından ən azı bir nəfəri Rusiyanın,
Moskvanın ən məşhur ali məktəblərinə
daxil olurdu. “Mən məktəbi bitirən ili həmin
“şanslı” məzun mən oldum...”
Yeniyetməliyi, tələbəliyi qaynar keçib. Tələbəlik
illərini gəncliyinin ayrılmaz parçası hesab edir.
“Həyatımızın heç bir səhifəsini
qoparıb ata bilmərik” deyə tələbə
yoldaşlarının bu gün də onun üçün əziz
və unudulmaz insanlar olduğunu söyləyir...
Təhsilin bütün pillələrini rus dilində
alıb. Amma
ailədə ünsiyyət Ana dilində olduğundan hər
iki dildə eyni səviyyədə yazıb-oxumağı
bacarıb...
“Bədii
ədəbiyyat insanın vicdanını ayıq saxlayır, mənəviyyatını
zənginləşdirir...”
Ağlı kəsəndən kitabların arasında
böyüyüb. Evlərində çoxlu kitab
görüb. Kitab rəflərində Azərbaycan
və rus dillərində hüquq və tibbi ədəbiyyatla
yanaşı, zəngin bədii ədəbiyyat da olub.
Nizami, M.S.Ordubadi, Sabir, Lev Tolstoy, Saltıkov-Şedrin,
Qonçarov, Mark Tven, Mayn Rid, Jül Vern... - hələ
uşaqlıq illərindən bu dahiləri mütaliə etmək
imkanı olub. A.Stepanovun “Port-Artur” romanını birinci sinfi
bitirəndən sonra oxuyub...
Nizami isə onun üçün birincidir, ən sevimli
müəllifidir. Onun fikrincə, “Nizami, nəinki poetik zərgər
dəqiqliyinə malik söz ustası, eyni zamanda filosof və
elmşünasdır”. Nizaminin şeiriyyətindən,
poetikasından, fəlsəfəsindən saatlarla
danışar, onun yaradıcılığını müxtəlif
baxış bucağından, hətta peşəkar fəaliyyəti
ilə bağlı ustalıqla təhlil edər. Nizaminin
fars şairi kimi təqdim edənlərə
də tutarlı arqumenti var: “Nizami öz dövrünün
poeziya dili olan fars dilində yazıb. Lakin o, farsdilli
poeziyanın Azərbaycan məktəbinin ən dahi nümayəndəsi
olan həqiqi Azərbaycan şairidir...”
Ən çox sevdiyi əcnəbi müəllif isə
Sartrdır. İndi də vaxt, imkan düşən kimi onun əsərlərini
vərəqləyir. “Sartrın əsərlərində
məni valeh edən orijinal forma və dərin məzmunun vəhdətidir”
deyir. Dürrenmantın komediyalarını sevir, İvan
Bunin, Vladimir Nabokov, Andrey Voznesenski, türk mənşəli Fet və Tutçev qəlbinə yaxın ədəbi
simalardır...
İndi də mütaliəsindən qalmır, evdə də,
işdə də, maşında da oxuyur. Gözüaçıq,
savadlı olmaq üçün mütaliə vacibdir” deyir bu
“kitab adamı”. Peşəkar fəaliyyəti
ilə bağlı yenə də kitabların
arasındadır, elə son illərdə oxuduğu ədəbiyyatın
əksəriyyəti peşə fəaliyyəti ilə
bağlıdır. “Biliyin istiqamətlərindən
asılı olmayaraq, bilik sahibi olan insanlar ədəbiyyatsız
keçinə bilməzlər. Bədii ədəbiyyat
insanın vicdanını ayıq saxlayır, mənəviyyatını
zənginləşdirir. Vicdana əsaslanmayan bilik ruhun
dağılması, vicdanla birgə olan bilik ruhun yüksəlişidir...”
Söylədiyi
bir maraqlı fakt da diqqətdən yayınmır:
Övladları ailə qurarkən ailə kitabxanasının
böyük hissəsini onların arasında
bölüşdürüb...
Kitab mağazalarına getmək isə onun
üçün ən sevimli vərdişdir. Kitab mağazalarında daha
çox ixtisası və Azərbaycan tarixinə dair kitablar
axtarır...
“Sədr
vəzifəsinə elmdən gəlmişəm...”
Kamran müəllim bir müddət Tələbə Qəbulu
üzrə Dövlət Komissiyasında
çalışıb. Azərbaycanda Müəllif
Hüquqları Agentliyinin formalaşdırılması da onun
üzərinə düşən missiya olur. 2006-2008-ci illərdə isə İçərişəhər
Dövlət Tarix-Memarlıq Qoruğuna rəhbərlik edir.
Sonra sanki tale özü nizamlayıb hər
şeyi, onu lazım olduğu yerə aparıb. Uzun illərdir Müəllif Hüquqları Agentliyi
kimi çox vacib bir sahəyə peşəkarlıqla rəhbərlik
edir. Bu vəzifəyə elmdən, ali
məktəbdən gəlib. İşini
böyük məmnunluqla görür. Əqli
mülkiyyətimizi qorumağı, onun keşiyində
dayanmağı özünə şərəf sayır.
Fəaliyyət dairəsinə maraq və həvəs
isə onun üçün əsas stimuldur. Bunu belə əsaslandırır:
“Əqli mülkiyyət mövcud biliklərdən yaranır və
yeni biliklərlə nəticələnir. Müasir
cəmiyyətin inkişafında biliklərin əhəmiyyəti
isə onların qorunmasının vacibliyini şərtləndirir”.
Özünü bu bilik dövranının
iştirakçısı və daşıyıcısı
hesab edən professor Kamran İmanovun fikrincə, biliyin həcmi
yoxdur, nə qədər çox bilsən, o qədər də
az bildiyini anlayırsan. “Maraq
dairəmə ilkin ixtisasımla bağlı hesablama
riyaziyyatı, sistemli analiz daxildir və Azərbaycan türklərinin
tarixinin qədim dövrünə böyük maraq göstərirəm.
Bu əkslər isə bir-birinə zidd deyil, əksinə,
bir-birini tamamlayır...”
“Ulu
öndər Heydər Əliyevin uzaqgörən fikir və
düşüncələri bugünkü cəmiyyətimizin
ən dəyərli əqli mülkiyyətinə
çevrilib...”
Ümummilli
lider Heydər Əliyevin çox məşhur və ibrətamiz
bir fikri var: “Azərbaycan xalqının mənəviyyatına,
onun milli qüruruna, mənliyinə yönəlmiş
böhtanlara qarşı mübarizə aparmağı biz
özümüzə tarixi bir hökm kimi qəbul edirik”. Professor Kamran İmanov deyir ki, bu fikir öz fəaliyyətimizdə
bizim üçün dəyişməz şüardır.
Ümummilli lider Heydər Əliyev
özünü müqəddəs amala həsr etdi. Onun gələcəyimizə səxavəti də elə
özünü bütövlükdə
yaşadığı zamana həsr etməsində idi. Və bu tarixi şəxsiyyətin öz Vətəni,
xalqı qarşısında danılmaz xidmətlərinin əsl
qiymətini zaman verir. Görkəmli dövlət
xadiminin uzaqgörən fikir və düşüncələri
bugünkü cəmiyyətimizin ən dəyərli əqli
mülkiyyətinə, ictimai rəy və varidatına
çevrilib...
“Prezident
İlham Əliyevin varislik xətti, zəngin siyasi təfəkkür
və dərin düşüncə tərzinin müstəqilliyi,
kreativliyi və gələcəyə yönəldilməsi isə
Azərbaycanın yüksəlişinin zəmanətidir...”
Prezident İlham Əliyevin göstərişləri ilə
Müəllif Hüquqları Agentliyi tərəfindən
böyük islahatlar həyata keçirilib. Agentliyin MDB məkanında
lider mövqeyini bərpa etmək, idarənin peşəkar
simasını qaytarmaq, əqli mülkiyyət
dünyasının dəyişmiş iqliminin yeni tələblərə
uyğun qaydada idarəçiliyinin təşkil edilməsi
istiqamətində mühüm addımlar atılıb.
ÜƏMT-nin 2010-cu ilin sentyabrında keçirilən əqli
mülkiyyət üzrə nüfuzlu mütəxəssislərin
Qlobal simpoziumunun plenar iclasında Agentliyin nümayəndəsi
ilk dəfə olaraq 190 dövləti təmsil edən 250-dən
çox rəhbər nümayəndə qarşısında
geniş prezentasiya ilə çıxış edib, Prezident
İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə
müəllif hüququ sahəsində görülən
işlər barədə məlumat verib. Agentliyin
fəaliyyət spektri genişdir. Artıq
Azərbaycanın bu sahədə də təcrübəsi
beynəlxalq ictimaiyyət tərəfindən rəğbətlə
qarşılanır. İndi Prezident İlham Əliyevin
tapşırığına əsasən, Müəllif
Hüquqları Agentliyi öz funksiyalarından birini informasiya
savaşında təbliğat hücumuna yönəldir...
“Bəli, bizim üçün həyatda əsas məqsəd
tutduğumuz vəzifədən asılı olmayaraq, Vətənə,
doğma yurda, torpağa xidmət etməkdir” deyir Kamran müəllim. Çünki
keçmişimiz də, bu günümüz də, gələcəyimiz
də ömrümüzdə ən müqəddəs yer tutan
Vətəndədir. Qarşımızda isə Azərbaycanın
adını yüksəklərə qaldıran Ulu öndər
Heydıər Əliyevin, Prezident İlham Əliyevin nümunəsi
var. Biz də Azərbaycanın yüksəlişi naminə əlimizdən
gələni əsirgəməməliyik...
“Erməni
(yad) el (li) nağılları”...
...Professor
Kamran İmanov əqli mülkiyyət hüququ, mədəni irs və qərar qəbuletmə nəzəriyyəsinə
dair yüzlərlə elmi məqalənin, nəşrlərin
və kitabların müəllifidir. O, əqli mülkiyyət
üzrə beynəlxalq ekspertdir, bu sahədə uğurla fəaliyyət
göstərir. Xalqımızın folklor
nümunələrinin və qeyri-maddi mədəni irsinin
qorunması üzrə işlərin təşkili və erməni
plagiatçılığının ifşa edilməsi onun
elmi yaradıcılığında da önəmli yer tutur.
Professorun gərgin araşdırmalarının,
ağır zəhmətinin bəhrəsi olan “Erməni (yad)
el (li) nağılları” kitabı da bu baxımdan çox dəyərli
nəşrdir. Kitab tez bir zamanda diqqəti
özünə yönəldə bildi. Çünki
bu, iki yüz illik erməni əqli oğurluqlarının
antologiyası idi. Müəllif kitabda xalqımıza
məxsus əqli mülkiyyətin - dastanların,
nağılların, lətifələrin, əfsanələrin,
bayatıların, atalar sözləri və zərbi-məsəllərin,
folklor janrına aid digər musiqi və söz nümunələrinin
ermənilər tərəfindən mənimsənilməsi və
erməniləşdirilməsi faktlarını diqqətlə
araşdıraraq şərh edir, tarixi və elmi dəlillər
əsasında ermənilərin absurd əməllərini
böyük vətənpərvərliklə ifşa edir.
Ən diqqətçəkən məqam bir də odur ki,
müəllif çox böyük müdrikliklə ermənilərin
tanınmış nümayəndələrinin
etiraflarından istifadə edərək, necə deyərlər,
onları öz “dilindən tutub”, yalançı və
riyakarları tutarlı fakt qarşısında qoyub. Bu fakt
qarşısında heç bir arqument tapa biməyən ermənilər
isə, Kamran müəllimin sözləri ilə desəm,
yalnız müəllifi söyməklə özlərinə
təsəlli tapırlar...
“Gəldim,
gördüm... mənimsədim, yaxud “Azərbaycan mədəni
ənənələrinin mənimsənilməsi erməni ənənəsi
haqqında” və “Cəfəngiyat teatrı” adlı iki fəsildən
ibarət “Erməni (yad) el (li) nağılları” rus, ingilis,
rumın və fransız dillərində kütləvi tirajla
çap olundu, müxtəlif ölkələrdə
yayıldı, dünyanın tanınmış
kitabxanalarına göndərildi. Elektron versiyası isə
müxtəlif informasiya agentliklərinin saytlarında yerləşdirildi...
Beləliklə, alim elmi əsaslara söykənən bu əsəri
ilə böyük bir işin öhdəsindən təkbaşına
gəlib, heç mübaliğəsiz, bir institutun işini
görüb.
“Erməni (yad) el (li) nağılları”
kitabını, haqlı olaraq, “əqli mülkiyyət qarətçilərini
ifşa edən əsər” adlandırırlar.
Siyasi elmlər
doktoru, Əməkdar jurnalist Tahir Məmmədov: “Müəllif
ardıcıl, davamlı tədqiqat və əsl vətəndaş
yanğısı ilə izinə düşüb üzə
çıxardı ki, erməni plagiatı, hətta Ermənistanın
sərhədlərini də keçmişdir... Hətta
onu da həyəcanla qeyd etmişdir ki, bədnam erməni
oğurluğu müasir Azərbaycan müəlliflərinin əqli
mülkiyyətindən də yan keçməyəcək.
Və bir növ xəbərdarlıq edir”.
Professor
Kamran İmanov: “Söhbət təkcə mənim
kitabımdan getmir. Elmi dəlillər əsasında “Azərbaycan
mədəni ənənələrini özününküləşdirən
erməni ənənəsi”ni ifşa edən
hər bir kitab vacibdir. Lakin bundan da vacibi mədəni
irsimizin təbliği və dünyaya yayılmasıdır.
Bu işin ən gözəl nümunəsi isə
Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın Birinci
xanımı Mehriban Əliyevanın ardıcıl, yorulmaz,
çox səmərəli fəaliyyətidir”.
“Biz Vətəni
onun dahiliyinə görə yox, bizim Vətənimiz
olduğuna görə sevirik...”
“Biz Vətəni onun dahiliyinə görə yox, bizim Vətənimiz
olduğuna görə sevirik” - bu fikrin müəllifi də
Kamran müəllimdir. Prezident İlham Əliyevin 7 may 2013-cü il tarixli Sərəncamı ilə Müəllif
Hüquqları Agentliyinin 20 illiyi münasibətilə və
müəllif hüquqlarının qorunmasında səmərəli
fəaliyyətinə görə təltif olunduğu 3-cü
dərəcəli “Vətənə xidmətə görə”
ordeni isə onun üçün bütün mükafatlardan əzizdir.
Bu təltifdən sonsuz məmnunluq duyur.
Çünki Vətənə, müstəqil Azərbaycana ləyaqətlə
xidmətinə yüksək mərtəbədən verilən
dəyərdir bu...
Alim bu sahədəki
elmi fəaliyyətini uğurla davam etdirir...
...2015-ci
ilin aprelində Bakıda “Ümumdünya Kitab və Müəllif
Hüquqları Günü”nə həsr edilmiş “Müəllif
və riyakarlıq, kitab və yalan” (erməni tarixi
saxtakarlıqları silsiləsindən) mövzusunda konfrans
keçirilirdi. Mən də həmin tədbiri
işıqlandıran jurnalistlər arasında idim. Xaricdən
də çoxsaylı qonağın iştirak etdiyi beynəlxalq
konfransda professor Kamran İmanov unikal bir çıxış
etdi, həyəcan təbili çaldı: “Ermənilər tərəfindən
sifariş olunan, xarici muzdlu müəlliflər tərəfindən
yazılan “kitab”lar, “əsər”lər dünyaya yalan toxumu səpir,
ictimai rəyi çaşdırır, ermənisayağı həqiqətləri
qəbul etdirməyə çalışır. Ermənilər mif yaradıcılığına
çox meyllidirlər. Bu, doğrudan da,
“milli istedad”dır. İstər “Böyük Ermənistan”,
yaxud “böyük erməni mədəniyyəti”, istərsə
də sivilizasiyanın erməni ilk ocağı haqqında miflər,
“erməni genosidi”... Bu mifləri
dağıtmalıyıq. Bu yalanı
ifşa etməliyik. Erməni
saxtakarlığını bütün dünyada ifşa etmək
qarşımızda duran əsas vəzifələrdən
biridir”.
Həmin konfransda Kamran müəllim TÜRKSOY-un
medalı ilə təltif edildi. Bu da onun böyük zəhmətinin,
vətənpərvərliyin bəhrəsi, halal haqqı idi...
“Musiqini
sevməmək mümkünmü?..”
Kamran müəllimi söhbətinin hər yönündə,
ədəbi, musiqi, sənət zövqündə, hər
şeydən əvvəl əsl vətənpərvər kimi
gördüm.
Ən çox sevdiyi musiqiçilərin, ədəbiyyatçıların,
əsərlərin sırasında ilk yerdə
özümüzünkülər gəlir: Nizami, Üzeyir
Hacıbəyli, Vaqif Mustafazadə... Və
bütün bunları böyük fəxrlə “doğma...” təyini
ilə şifrələyir. “Doğma dilimiz”, “doğma bəstəkarlarımız”,
“doğma musiqimiz” və s.
Kamran
müəllim musiqi zövqündə “klassik” olduğu qədər
“müasir”dir. Azərbaycan musiqisinin də, dünya musiqisin də
şedevrlərini eyni məhəbbətlə sevir. Muğamı da, cazı da, xalq
mahnılarımızı da, klassik musiqini də, pop-musiqini də,
“caz-muğamı” da sevir. Üzeyir Hacıbəyli, Fikrət
Əmirov, Niyazinin simfonik əsərlərini, Ramiz
Mirişlinin mahnılarını, Vaqif Mustafazadəni və
onun davamçılarını eyni sevgi ilə dinləyir. Brams, Motsart, List, Şubert, Mendelson, Qriq, Sen-Sans
sevimli əcnəbi bəstəkarlarıdır. O, milli
olduğu qədər bəşəri, bəşəri
olduğu qədər millidir. Onun qəbul etdiyi dəyərlər
sırasında Üzeyirin “Koroğlu”su da var, Verdinin
“Aida”sı da, “Traviata”sı da, Rossininin “Sevilya bərbəri”
də...
Xaricə səfərləri zamanı, imkan düşən
kimi, teatra, konsertlərə gedir. Həyat yoldaşı ilə birgə
Vyananın İmperial Palasında Hofburq orkestrinin beynəlxalq
konsertindən aldığı zövqü bu gün də
xatırlayır...
Zəngin kitabxanası olduğu kimi, şəxsi “fonetekası”, “səs xəzinəsi” də var. Bu xəzinədə təkcə Azərbaycan yox, dünya musiqisinin inciləri yer alıb. Deyir ki, “fonetekamda 800-ə qədər klassik və xalq musiqimizin yazıları, mindən artıq caz və rok diskləri var”.
“Dost qazanmağın yeganə yolu özünün dost olmağındır...”
Budur, onun üçün dostluğun düsturu - sadə və aydın. Dost seçimində dürüstlüyə üstünlük verir, dürüst insanlarla dostluq edir. Dostları arasında jurnalistlər də var, dövlət məmurları da, sadə insanlar da var, nazirlər də. Dostluq münasibətlərində maraqlar və nisbi yaş uyğunluğunu vacib amil hesab edir. Bir fikri də çox diqqətimi çəkdi: “Aristotel deyir ki, hamının dostu heç kəsin dostu deyil. Ancaq çox vacib bir məsələ var: biz bir komandanın üzvləriyik, aramızda qarşılıqlı hörmət, yoldaşlıq münasibətləri təbiidir”.
Dostları arasında jurnalistlərin çox olması isə onun KİV-ə münasibətinin göstəricisidir. Hərdən jurnalistlər, hətta onun əlçatan məmur olmasından heyrətlənirlər. Bu heyrətə cavabı isə yenə də çox sadə və məntiqli olur: “Məmurun əlçatanlığı, zənnimcə, problemli deyil, əksinə, daha əlverişli, təbii olmalıdır. Prezident İlham Əliyev çox vaxt qeyd edir ki, məmur insanlara, xalqa xidmət edir. Fəaliyyəti haqqında məlumatı çatdıran isə qələm dostlarınız, məmurun fəaliyyətinin şəffaf və açıq olmasını təmin edənlərdir...”
“İnsanın ən gözəl tərifi, həm də onun övladlarıdır...”
Ömrünün müdrik yaşını qeyd edən alimin bu illərin arxasından geriyə boylananda mənəvi rahatlıq tapmağa, fəxarət hissi keçirməyə, öyünməyə haqqı var, çünki geridə qalanlar bir ömrün hədər getmədiyinə işarədir. Bu ömrün ən böyük qazancı, həm də layiqli övladlardır...
“Şəhər adamı...”
Şəhər adamıdır, təbiətə həsrətlə baxanlardandır, ən çox da yamyaşıl meşəli dağlara. Amma özünü bu gözəlliklərə həsrət qoyanlardan da deyil. Təbiəti sevir, torpağı bağlıdır. Gərgin iş, dövlət qulluğu, məmurluq, məsuliyyət - hər işini yerbəyer edəndən sonra təbiətə üz tutur, onun bütün yanlış və yalanlardan, sünilikdən, lazımsızlıqdan uzaq olan təbiiliyinə, saflığına qarışır...
Onun üçün hər işin, hər yerin, hər kəsin öz önəmi var, məmurluğun da, elmi fəaliyyətin də, ailənin də, övladların da, nəvələrin də. Yetər ki, hər birinə eyni ciddilik və eyni sevgi ilə yanaşasan. Bu iki anlayışı özündə əxz etdiyindən hər statusunda çox rahatdır. Bunların müqayisəsini qəbul etmir. Onun fikrincə, böyük bir qurumun sədri kimi vəzifəsində də, lap elə nəvələrinə münasibətdə də sevgi ilə yanaşı, ciddilik, tələbkarlıq da lazımdır. Amma onu da etiraf edir ki, nəvələrinə münasibətdə ciddilik sevgiyə uduzur: “Nəvələrimi çox sevdiyimə görə ciddiliyi ürəyimə yatan səviyyədə qoruya bilmirəm”...
“Həyat dağa bənzəyir, yavaş-yavaş qalxırsan, sürətlə isə aşağı düşürsən...”
Bu isə onun yaşanan ömrə, yaşa münasibətidir. Ən əsası isə odur ki, özünün də dediyi kimi, bir məqam unudulmasın: “Hər birimiz taleyimizin dəmirçisi, əməllərimizin övladıyıq...”
O, ömrü boyu öz prinsiplərinə sadiq qalan, hədəflərinə doğru qətiyyətlə addımlayan, çətin və maraqlı bir sahədə uzun illər işləyərək həmin sahənin inkişafında hər cür fədakarlıqlar göstərən güclü bir insandır. Vətəndaş borcu isə onun üçün hər zaman hər şeydən üstündür. Və indi də bu vətəndaşlığın ona verdiyi imkanlardan istifadə edərək güclü Azərbaycan dövləti, ölkəsi, xalqı üçün yararlı olmağa çalışır, gördüyü işlərdən də artığını görmək istəyir və buna inanır. Bu gün də hədəfləri çoxdur. Hədəfləri yayınmasın...
...Bir də,
yol davam edir. Yol şəffaf olanda isə bu başından o
biri başını görmək çətin olmur...
Firuzə
NADİR
525-ci qəzet.- 2016.- 5 noyabr.- S.18-19