“Kitabi-Dədə Qorqud” Baltik
xalqlarının dillərində - II məqalə
LATIŞCA
“Kitabi-Dədə
Qorqud” eposunun latış dilinə tərcüməsi barədə
danışmazdan öncə tarixə qısa ekskurs edərək
qeyd etmək istərdik ki, latış oxucularına əsər
haqqında ilk dəfə bəzi edukoloji bilgilərin təqdim
olunması halları, 1950-ci ildə qadağan olunmuş milli
dastanımızın Xruşşov mülayimliyi
dövründə bəraət alıb yenidən tədqiq
edilməyə başlanması dövrünə təsadüf
edir.
Bu, Latviya Sovet Yazıçıları
İttifaqının “Karogs” (“Bayraq”) adlı ədəbiyyat,
incəsənət və ictimai-siyasi jurnalının 1957-ci
ilin dekabrında çapdan çıxmış 12-ci
sayında “Kitabi-Dədə Qorqud” adlı informativ
yazının dərc olunması faktı ilə
bağlıdır. “Qardaş xalqlar ailəsində” rubrikasında
verilmiş həmin yazı tanınmış ədəbiyyatşünas
və tənqidçi, professor Mikayıl Rəfilinin (1905-1958)
dastan haqqında o zaman “Bakinskiy raboçiy” qəzetində dərc
edilmiş məqaləsinin latışca xülasəsindən
ibarətdir (M. Rəfilinin “Narodnıye tvoreniya bessmertnı”
adlı rusca məqaləsi göstərilən qəzetin 22
avqust 1957-ci il tarixli sayında yer almışdır. - M.H.).
“Karogs” jurnalının redaksiyası tərəfindən təxminən
60 il bundan əvvəl o dövrün
ideoloji tələblərinə uyğun olaraq
hazırlanmış bu xülasədə latış
oxucularına dastanla bağlı aşağıdakı məlumatlar
təqdim olunmuşdu:
“Bakinskiy raboçiy” qəzetində Azərbaycan
xalqının qəhrəmanlıq dastanı “Kitabi-Dədə
Qorqud” barədə ədəbiyyatşünas M. Rəfilinin
“Xalq yaradıcılığı ölməzdir” adlı məqaləsi
çap edilmişdir. M. Rəfili
bu məqalədə yeri gəlmişkən qeyd
edir ki, ötən bir çox illər ərzində dastana
münasibət doğru olmamış və xalq
yaradıcılığının bu gözəl nümunəsi
yanlış başa düşülmüşdür. Epos mürtəce və anti-xalq mahiyyətli əsərlərə
aid olunaraq Azərbaycan xalqının mədəni irsindən
süni şəkildə xaric edilmişdi. Müəllif
etiraf edir ki, epos feodal-xan zümrəsinə aid ideologiyadan və
islam dini məfkurəsindən tam azad deyildir, amma ümumən,
xalqın qəhrəmanca yaşamını və qədim
ozanların zəngin təxəyyül ”)
adlı kitabında yer almışdır.Latış tədqiqatçısı
(o, həm də SSRİ xalqları ədəbiyyatı üzrə
mütəxəssis idi) göstərilən məqaləni
sonralar təkmilləşdirmiş və 1975-ci ildə onun
müəllifliyi ilə Riqada işıq üzü
görmüş “SSRİ xalqları ədəbiyyatı”(“PSRS
tautu literatura”) dərsliyində təkrarən nəşr
etdirmişdir.
“Kitabi-Dədə Qorqud” dastanı latış dilində
indiyədək ayrı-ayrı illərdə iki dəfə nəşr
olunub. İlk dəfə
1993-cü ildə Latviyanın “Liesma” (“Alov”) nəşriyyatı
tərəfindən Riqada çapdan buraxılıb (“Mana
vecteva Korkuda gramata”. Riga, “Liesma”, 1993. ISBN
5-410-00699-2). 246 səhifədən ibarət
olan bu nəşrə eposun müqəddiməsi və on iki
boyu daxil edilib.
Tərcümənin
müəllifi ünlü latış ədibi Uldis
Berzinşdir.Mən bu sənətkarın adının
qarşısında onun həyatda haqlı olaraq
daşıdığı bir çox epitetləri və
titulları bilərəkdən
yazmadım.Halbuki,çağdaş latış ədəbiyyatının
canlı korifeylərindən biri, görkəmli şair,
gözəl esseist, poliqlot və virtuoz tərcüməçi,
şərqşünas alim (türkoloq, iranşünas və ərəbşünas),
tanınmış linqvistaraşdırmaçı,
Latviyanın Zinaida Lazda və Aleksandrs Çaks adına poeziya
ödüllərinin sahibi, həmçinin Baltik
Assambleyası və Spidola ədəbi mükafatları
laureatı, Latviya dövlətinin ən yüksək ordeni
Üç Ulduzdan tutmuş Latviya Elmlər Akademiyasının
fəxri akademikinə qədər bir sıra fəxri
adları, ədəbi ödülləri, təltifləri və
titulları sadalamaq olardı.
Amma düşünürəm ki, ədəbiyyatımızın
böyük dostu və ustad tərcüməçi kimi
tanınmış U.Berzinşi Azərbaycan mədəni
ictimaiyyətinə geniş təqdim etməyə ehtiyac
yoxdur. Çünki o, çoxdandır ki, Latviya və Azərbaycan
arasında ən etibarlı və davamlı
çalışan möhtəşəm bir mədəniyyət
körpüsünün qurucusu olaraq ədəbi-mədəni
əlaqələrimizin ən yüksək dəyərlər
pilləsinə ucalmışdır. Həm
də demək olar yarım əsrə yaxındır ki,
Latviya-Azərbaycan mədəni əlaqələri müstəvisində
Azərbaycan ədəbiyyatının Böyük elçisi
missiyasını məsuliyyətlə yerinə yetirərək
xalqımızın mədəniyyətinə şərəflə
xidmət edir.
O, bu illər
ərzində “Kitabi-Dədə Qorqud”dan savayı, Xalq
şairi Rəsul Rzanın “Rənglər” silsiləsini
(“Krasas”. Riga, “Liesma”, 1972), Əkrəm
Əylislinin “Adamlar və ağaclar” trilogiyasını
(“Cilveki un koki”. Riga, “Liesma”, 1977)
latışcaya çevirib nəşr etdirib, Azərbaycan
poeziyasından seçmələri öz tərcüməsində
“Poeziya günü” (“Dzejas diena”. Riga, “Liesma”, 1971) və “Biz od-atəşin
bir parçasıyıq” (“Mes esam uguns dala”. Riga, “Liesma”,
1977) adlı toplularda çap
etdirib, Mikayıl Müşfiq, Səməd Vurğun, Məmməd
Araz, Ramiz Rövşən, Vaqif Səmədoğlu, Fikrət
Qoca, Vaqif Nəsib, İsa İsmayılzadə, Ələkbər
Salahzadə, Çingiz Əlioğlu, Məmməd
İsmayıl və Pərvinin əsərlərini bədii tərcümə
yolu ilə latışdilli mədəniyyət
dünyasına gətirib, Mirzə Ələkbər Sabirə
iqtibasən qəsidələr yazıb və eləcə də bir sıra
digər önəmli yaradıcılıq işləri
görüb.
U. Berzinş
yalnız Azərbaycan mədəniyyətinə deyil, həm də
geniş türk dünyası dəyərlərinə
bağlı bir sənətkar kimi tanınır. O,
latış şairi Peters Bruveris (1957-2011) ilə birgə
Türkiyə şairlərinin poeziya toplusunu, latış
müəllifləri Maris Çaklays (1940-2003), Yanis Ropkelnis
(1945) və Nora Kalna (1939) ilə bərabər XVIII-XIX əsrlər
türkmən ədəbiyyatının klassiki Məhtimqulunun
(1733-1813) əsərlərini, türk şairi Fazıl
Hüsnü Dağlarcanın (1914-2008) iki şeir
kitabını, Kıbrıs türk ədəbiyyatından
Fikrət Dəmirağın (1940-2010) şeirlərini
latışcaya tərcümə edərək çap etdirib.
Tatar və çuvaş türk
yazarlarının əsərlərini doğma dilinə
çevirib.
Bütün
bunlarla yanaşı, U. Berzinş digər dünya xalqları ədəbiyyatından
- Qərb və Şərq yazıçılarının
yaradıcılığından, eləcə də
keçmiş SSRİ xalqları ədəbiyyatından,
qutsal kitablar “Tövrat” və “İncil”dən latışcaya
etdiyi yüzlərlə tərcümələrin müəllifidir.
Həmin tərcümələrdən Sədi
Şirazinin (1203-1291) məşhur “Gülüstan” əsərini
(Saadi. “Rozu darzs”. Riga, “Liesma”, 1983), qədim
Bibliyadan çevirdiyi bir sıra əski Ahit kitabları - 150
dini nəğmədən (mədh və dualardan) ibarət
Psalmlar (Zəburlar) toplusunu, həzrət Süleymanın
müdrik deyimlərindən ibarət kitabı, həzrət
Əyyubun, müqəddəs Yunusun və Ekklesiastın
(Qüds kralı Koheletin) sakral kitablarını nümunə
kimi göstərmək mümkündür. 2011-ci
ildə isə U. Berzinşin tərcüməsində müqəddəs
“Quran”ın latışca nəşri işıq üzü
görüb yayımlanıb (“Korans”. Riga, “Neptuns”, 2011).
Göründüyü
kimi, U. Berzinş Latviyada doğulub Avropa dəyərləri
mühitində formalaşsa da özünü əsasən
Şərq mədəniyyətinə həsr
edib.Latışca bəzi ensiklopedik mənbələrdə
belə göstərilir ki, U. Berzinş 17 may 1944-cü ildə
o zaman Hitler Almaniyasının işğalı altında olan ərazi
olaraq keçmiş Reyx komissarlığın Ostland inzibati
dairəsinə daxil edilmiş Riqa şəhərində
dünyaya gəlib. 1962-1964-cü illərdə Peteris
Stuçka adına Latviya Dövlət
Universitetində latış filologiyası fakültəsində
təhsil alıb.
U.
Berzinş “Kitabi-Dədə Qorqud” eposu ilə ilk dəfə gənclik
illərində - 1968-1971-ci illərdə Andrey Jdanov adına Leninqrad Universiteti Şərqşünaslıq
fakültəsinin Türk filologiyası şöbəsində
oxuyan zaman tanış olub. Daha doğrusu, onu dastanla rus şərqşünas
alimi, türkoloq və tərcüməçi Virineya
(Viktoriya) Qarbuzova (1914-2002) tanış
edib. V. Qarbuzova 1946-cı ildən sözügedən
Universitetin Şərqşünaslıq fakültəsinin
müəllimi və orta əsrlər Türkiyə ədəbiyyatı
üzrə aparıcı mütəxəssis olaraq U.
Berzinşlə o vaxt əlavə məşğələlər
aparırdı (o, 1979-cu ildən həm də bu Universitetin
Türkologiya kafedrasının professoru olub). Məhz
o dövrdə U. Berzinşdə “Kitabi-Dədə Qorqud” abidəsinə
böyük maraq oyanmış və dastanı latış
dilinə tərcümə etmək fikri yaranmışdır.
Odur ki, U. Berzinş eposu hələ tələbəlik
illərindən tərcümə etməyə
başlamış və müəyyən fasilələrlə
20 ilə tərcümə etmişdir. Dastandan
ilk tərcüməni - “Duxa Qoca oğlu Dəli Domrulun boyu”nu
1969-cu ildə dərc etdirib. Bu boy həmçinin
Latviya televiziyasında səhnələşdirilib və
tamaşaçılar tərəfindən maraqla
qarşılanıb.
“Kitabi-Dədə
Qorqud”un latışca birinci nəşri
asan başa gəlməmişdir. Belə ki, U. Berzinş tərəfindən
tərcümənin “Liesma” nəşriyyatına hələ
1987-ci il iyun ayının əvvəlində təqdim edilməsinə
və dastanın 1989-cu ilin mayında çapa imzalanmasına
baxmayaraq, kitab
bir sıra obyektiv və subyektiv səbəblərə görə
bir neçə illər ərzində mətbəəyə
çapa göndərilmədən qalmışdır.
O zaman
dastanı nəşr etmək üçün paralel olaraq digər
səylər də olmuşdur. Bununla
bağlı belə bir faktı göstərmək istərdik
ki, 90-cı illərin əvvəlində Riqada Latviya - Azərbaycan
Mədəniyyət Assosiasiyası yaradılaraq diaspora təmsilçisi
Faiq Səfərovun sədrliyi ilə fəaliyyətə
başlamışdı. O dövrdə bu Assosiasiya ilə
Latviyanın bir sıra televiziya və radio jurnalistləri,
Latviya Xalq Cəbhəsinin ziyalı fəalları, bir
çox latış incəsənət xadimləri, o cümlədən,
şair U. Berzinş əməkdaşlıq əlaqələri
saxlayırdı. 1992-1993-cü illərdə
Assosiasiyanın fəalları dastanın tərcüməsini
öz qüvvələrilə çap etdirmək fikrində
olublar. Təəssüf ki, onların bu nəcib
istəyi bəzi səbəblər üzündən həyata
keçirilmədən qaldı.
Eposun
1993-cü il nəşri haqqında
Latviyanın “Oxucu şərhləri” (“Lasitajas piezimes”)
portalında 1 oktyabr 2009-cu ildə dərc edilmiş “Gözəl
və qana boyanmış hekayətlər” (“Skaisti un asinaini”)
adlı tanıtma yazısında da belə göstərilib
ki, “...kitab hələ SSRİ dönəmində - 1987-ci ildə
yığılmaq üçün nəşriyyata təhvil
verilsə də, yalnız Latviyanın dövlət müstəqilliyi
bərpa olunduqdan sonra - 1993-cü ildə çapdan
buraxıldı. Xoşbəxtlikdən kitabın əlyazması
90-cı illərin böhranından keçərək
sağ-salamat qala bilmişdi...”.
Onu da qeyd
etmək istərdik ki, dastanın latışca nəşri
barədə 1994-cü ilin yanvarında Azərbaycan mətbuatında
AZƏRTAC-a istinadən azərbaycanca və
rusca bəzi xəbərlər dərc olunmuşdur.
Biz öncə tərcüməçinin eposa hansı
ictimai-tarixi səpkidə yanaşmasının və tərcüməyə
yaradıcılıq baxışının parametrlərini təyin
edən mühüm bir faktoru qeyd etmək istərdik. Belə ki, U. Berzinş təcrübəli
türkoloq və ustad tərcüməçi kimi çox
düzgün olaraq “Kitabi-Dədə Qorqud” dastanına
yalnız Azərbaycan xalqının tarixi keçmişini
deyil, həmçinin bütün Türk dünyasının
ağsaçlı tarixini yaşadan, oğuz türklərinin
qədim dünyagörüşünü və zəngin
etnokulturoloji dəyərlərini əks etdirən möhtəşəm
ortaq dəyərlər abidəsi, dövlətçilik
tarixini daşıyan misilsiz mənbələrdən biri kimi
yanaşmışdır. Odur ki, əsərin latışca nəşrində,
eləcə də bu nəşr haqqında Latviyada
işıq üzü görmüş bütün
annotasiyalarda, məqalələrdə və biblioqrafik göstəricilərdə
“Kitabi-Dədə Qorqud”un U. Berzinş tərəfindən
qədim oğuz dilindən (!) tərcümə olunduğu
göstərilir. Tərcümə zamanı
dastanın konkret olaraq hansı oğuz türklərinin dilindəki
nəşrindən orijinal kimi istifadə olunması kitabda qeyd
olunmayıb.
Alim və
tərcüməçi U. Berzinşin dastana belə dərin
ictimai-tarixi kəsimdə və geniş etnokulturoloji
aspektdə yanaşması türkoloq alim, akademik Tofiq
Hacıyev (1936-2015) tərəfindən dastanın əhəmiyyəti
ilə bağlı edilmiş belə bir dəqiq konstatasiyanı
xatırladır: - “Dədə Qorqud kitabı” türk ədəbiyyatının
Şah əsəridir. Türkü türk edən,
bizi-biz edən nə varsa - tarixi-sosial, etnik-psixoloji, ədəbi-fəlsəfi,
fiziki-mənəvi faktorların hamısı “Dədə
Qorqud kitabı”nda vardır.
U.
Berzinşin və T. Hacıyevin dastana bu cür
yaradıcılıq baxışlarının məcmusu
öz növbəsində, dünyaca ünlü ədəbiyyatşünas və
türkoloq alim, İstanbul Universitetinin professoru Fuad
Köprülüzadənin (1890-1966) “Kitabi-Dədə Qorqud”
haqqında dediyi və ictimai diskursda tez-tez təkrar olunan məşhur
dəyərləndirmə ilə mahiyyətcə tam
uzlaşır: - “...Bütün türk ədəbiyyatını
tərəzinin bir gözünə, Dədə Qorqudu o biri
gözünə qoysanız, yenə də Dədə Qorqud
ağır basar”.
Qeyd edək ki, U. Berzinş dastanın tərcümə
edilib ərsəyə gəlməsində bir neçə
yaradıcı şəxsin ona göstərdiyi akademik
yardım barədə özünün müsahibə və məqalələrində
dəfələrlə minnətdarlıqla qeyd edib. Həmin şəxslərdən
biri - Azərbaycan mifoloji mətnləri üzrə mütəxəssis,
tanınmış qorqudşünas tədqiqatçı Arif
Acalovdur. O zaman A. Acalovun latış qələm dostu ilə
görüşüb tərcümə ətrafında
müzakirələr aparmaq və lazımi məsləhətlər
vermək üçün gözəl imkanı vardı. Belə
ki, o, 80-ci illərdə Tartu Universitetinin müəllimi,
ünlü alim-semiotik, professor Yuri Lotmanın (1922-1993)
aspirantı olaraq Estoniyada təhsil alırdı.U. Berzinşin
və həmçinin digər latış müəlliflərinin
yazdıqlarına görə, dastanın tərcüməsi
zamanı professor Y. Lotmanın özü də tərcüməçiyə
bir sıra faydalı məsləhətləri ilə
böyük köməklik göstərib(Y.
Lotman da U. Berzinş kimi Leninqrad Universitetinin məzunudur).
Arif Acalov nəşrə “Mənim ulu Atam və
Kitabım” (“Mans Vectevs un mana Gramata”) adlı sözardı
yazmış, latış oxucularına dastanın tarixi, bədii
məziyyətləri və əhəmiyyəti haqqında
edukoloji bilgilər təqdim etmişdir.
Kitaba Latviya Universiteti Teologiya fakültəsinin sabiq dekan
müavini, tanınmış semitoloq alim (ərəb və
ivrit mədəniyyətləri üzrə), mərhum professor
Yanis Skistulis (1946-2012) rəy yazmışdır.
Nəşrdə
həmçinin “Kitabi-Dədə Qorqud” dastanının
söz dünyasına aid 100 adda toponim, etnonim, şəxs
adları, dini ifadələr, mifik obrazlar, eləcə də
digər söz və deyimlərin geniş izahları verilib.
Y. Skistulis və A. Acalov tərəfindən
hazırlanmış bu kommentariyalar latış oxucularına
eposun tarixi, məzmunu və obrazları barədə daha dolğun,
dəqiq və aydın məlumatlar almağa xidmət edir.
Kitabda Dədə
Qorqud ellərinin -
oğuz türklərinin məskunlaşma
coğrafiyası və dillərinin yayılma arealını əks
etdirən xəritə də yer alıb.
SAVAŞ
LÖVHƏLƏRİ RƏSSAM FIRÇASINDA
Ələlxüsus vurğulanmalıdır ki, dastan
latış dilində olduqca nəfis tərtibat və yüksək
poliqrafik keyfiyyətlə çap edilib. Dastana məxsusi
olaraq çəkilmiş rəngli illüstrasiyalar tam
orijinallığı və klassik Azərbaycan miniatür rəssamlığında
dominant mövqe tutan xarakterik çalarlarla ahəngdarlıq təşkil
etməsi baxımından xüsusilə diqqəti çəkir.
“Kitabi-Dədə Qorqud”un latış nəşrinə
dastanın müqəddiməsi və ayrılıqda hər
boyu, eləcə də kitabın üz qabığı
üçün çəkilmiş 14 illüstrasiya daxil
edilib. Həmin əsərləri tanınmış
latış rəssamı və kitab illüstratoru, Latviya
İncəsənət Akademiyasının məzunu Liliya
Dinere (1955) yaradıb (sözgəlişi göstərək
ki, o, 50-dən artıq kitaba illüstrasiyalar çəkib və
onların bədii tərtibatını hazırlayıb).
Kitabda verilmiş 14 illüstrasiyanın 12-də
boylardakı savaş olayları təsvir olunub. Rəsmlərin
hamısı dastanın yüksək qəhrəmanlıq ruhu
və coşqun vətənpərvərlik hissləri ilə
aşılanıb. Onu da qeyd edək ki, bəzi
latış müəlliflərinin fikrincə vuruş səhnələrini
təsvir edən həmin rəsmlərdə düşmənə
qarşı xüsusi Şərq amansızlığı, hətta
insafsız və qəddar rəftara məruz qalma məqamları
yer alıb. Lakin bununla yanaşı onlar
etiraf edirlər ki, klassik kanonlara əməl edilib
yaradılmış şəkillərdə böyük
mübarizə əzmi və döyüş ruhu
üstünlük təşkil edir.
Tərcümənin
ilk nəşri barədə yuxarıda göstərdiyimiz
“Gözəl və qana boyanmış hekayətlər”
başlıqlı məqalədə qeyd olunur ki, latış
rəssamı bu əsərləri yaratmazdan öncə Azərbaycan
incəsənəti, folklor və etnoqrafiyası barədə
daha geniş və lazımi bilgilər əldə etmək üçün
Bakıya gəlmiş, burada bir sıra mütəxəssislərlə
görüşmüş, arxiv araşdırmaları
aparmış, qədim sənət nümunələri ilə
tanış olaraq bu sahədəki təsəvvür və
bilgilərini xeyli genişləndirmişdir. Bu səfərin
nəticələrindən bəhrələnən müəllif
əsərin latış nəşri üçün dastan qəhrəmanlarının
fərqli surətlərini canlandıran möhtəşəm
əsərlər qalereyası yaratmışdır. Burada obrazlar fərdi xüsusiyyətləri,
emosionallığı, dərin psixologizmi və ifadəliliyi
ilə bir-birindən aydın seçilib tanınır. Bütün vizual səhnələr və xarakterlər
çox ciddi bir şəkildə dastanın məzmunu,
süjet və ideya vəhdətinə əsaslanmışdır.
Bu fikri heç bir tərəddüd etmədən nəşrin
üz qabığında verilmiş və ilk baxışdan
dartışmalı fikirlər oyada bilən şəkilə
də aid etmək olar. Üz qabığındakı
illüstrasiyada boz qurdla qara donuz arasında gedən
ölüm-dirim savaşının dramatik bir məqamı əks
olunub.
Məlum olduğu kimi, “Kitabi-Dədə Qorqud”da oğuz
türkləri ilə kafirlər arasında yaşanan dini və
mənəvi ziddiyyətlərlə, etnik qarşıdurmalarla
ilgili epizodlar, eləcə də bu zəmində baş verən
döyüşlərlə bağlı bəzi səhnələr
vardır.
Buna görə də, “Salur Qazanın dustaq olduğu və
oğlu Uruzun onu xilas etdiyi boy”da deyildiyi kimi, “it tək
mırıldayan çərkəz donuzluları”,
gürcülər, xristian qıpçaqları, rumlar və
s. etnik qrupların bəzi təmsilçiləri eposun bir
sıra yerlərində təcavüzkar kafir arxetipləri
qismində təsvir olunublar. Dastanda həm də göstərilir
ki, “küçücük donuzlarını şülən
verən, döşəyi saman torbası, yastığı isə
kərpic parçası olan qara qəlbli köpək kafirlər”
oğuz bəylərini əsir götürəndə “qara
donuz damında yatırdırdılar”, “qara donuz ətindən yaxnı yedirdirdilər”
və s.
Dini ziddiyyətlər müstəvisində bütün
bu göstərilənlərlə bağlı daha bir vacib məqamı
vurğulamaq lazımdır ki, əsərin latışca nəşrinin
müqəddiməsində Qorqud Atanın “Rəsul əleyhüssəlam
zamanında” yaşadığı göstərilmişdir. Odur ki, kitabın üz
qabığındakı illüstrasiyada əks olunmuş iki
güc təmsilçisinin fiziki qarşıdurma (savaş) səhnəsində,latış
rəssamı oğuz türklərini boz qurd simvolunda, oğuz
elinə hücum etmiş kafirləri isə qara donuz
obrazında ümumiləşdirib təsvir etməklə,
“Kitabi-Dədə Qorqud”da dini və etnik qarşıdurmalar
kontekstində yer almış motivləri adekvat şəkildə
dərk etmiş və bu qarşıdurmaların hərəkətverici qüvvələrinin
vizual görüntülərini əsərin ictimai-tarixi məcrasına
və hadisələrin gərgin axarına yaxın ruhda
canlandıra bilmişdir.
Mütləq
göstərmək lazımdır ki, L. Dinerenin “Kitabi-Dədə
Qorqud” eposuna çəkdiyi bənzərsiz illüstrasiyalar, həmçinin
kitabın bədii redaktoru, Latviya İncəsənət Akademiyasının
professoru, rəssam Yuris Petraşkeviçs (1953) tərəfindən
nəşrə incə zövqlə verilmiş tərtibat
Latviyada çox yüksək dəyərləndirilmiş və
ilin ən gözəl kitabı müsabiqəsində
“Qızıl alma ağacı” mükafatına layiq
görülmüşdür. Sözgəlişi vurğulamaq
istərdik ki, professor Y.
Petraşkeviçs həmçinin 2011-ci ildə “Quran”ın
latışca nəşrinə çox nəfis bədii tərtibat
verərək kitabın olduqca gözəgəlimli
çapına nail olmuşdur.
Burda
haşiyə çıxaraq qeyd edək ki, L. Dinerenin
yaratdığı illüstrasiyalar türk və alman kitab
naşirlərinin də diqqətini çəkmiş və
onlar “Kitabi-Dədə Qorqud”un türkcə
və almanca nəşrlərinin bədii tərtibatında həmin
əsərlərdən böyük məmnuniyyətlə
istifadə etmişlər. Misal kimi göstərə
bilərik ki, dastanın 1994-cü ildə Türkiyədə
işıq üzü görmüş nəşrinin tərtibatı
L. Dinerenin sözügedən illüstrasiyaları ilə zənginləşdirilib
(Dede Korkut Öyküleri. “Anadolu”
Yayınevi, 1994. Resimleyen Lilija Dinere).
1995-ci ildə “Kitabi-Dədə Qorqud” eposu
tanınmış ədəbiyyatşünas və tərcüməçi
Əhməd Şmidenin (1935-2010) tərcüməsində
almanca nəşr edilib. Bu nəşrin nəfis bədii tərtibatı
da əsasən L. Dinerenin rəsmləri sayəsində ərsəyə
gəlib (Dede Korkut's Buch. Das Nationalepos der Oghusen. Aus dem oghusischen Türkisch von H. Achmed Schmiede. Illustrationen von Lilija Dinere. Verlag “Anadolu”,
Hückelhoven: Ministreum für kultur, 1995).
Diqqətəlayiq
haldır ki, latış sənətkarının əsərlərindən
daha sonralar “Kitabi-Dədə Qorqud”un məktəb
uşaqları üçün nəzərdə tutulmuş
türkcə nəşrlərində də uğurla istifadə
olunub. Belə ki, 2006-cı ildə eposun
Türkiyədə ibtidai məktəb şagirdlərinə
ünvanlanmış nəşrinin bədii tərtibatı da
L. Dinerenin çizimləri üzərində qurulub (Dede
Korkut. İlköğretim Okulları
İçin. Editör Melih Elal, Çizimler Lilija Dinere.
İstanbul, 2006).
Mahir HƏMZƏYEV
Litva Azərbaycanlıları Cəmiyyətinin
sədri, Litva Respublikası Hökuməti yanında Milli
İcmalar Şurasının üzvü
mahir.hemzeyev@post.skynet.lt
525-ci qəzet.- 2016.- 5 noyabr.-
S.16-17.