Xuraman

 

 

Son zamanlar Qarabağ müharibəsinin gündəmdə canlanması, aprel ayında Ali Baş komandanımzı İlham Əliyevin rəhbərliyi ilə Qarabağda ordumuzun keçirdiyi uğurlu əməliyyatlar, eləcə də ölkəmizin pambıqçılıq sahəsinin canlandırılması sahəsində  səyləri məni bir daha 80-90-cı illərə qaytardı.

 

Qarabağda qazandığımız uğurlu əməliyyatlar zamanı bir vaxtlar bu hadisələrin mərkəzində dayanmış, Azərbaycan xalqının əfsanəvi xanımı Xuraman Abbasovanı xatırlamamaq olmur. Pambıqçılıq sahəsində uğurlarına görə isə, Heydər Əliyev onun sinəsinə düz beş dəfə orden taxıb; üç Lenin ordeni, Oktyabr İnqilabı və Şərəf Nişanı ordenləri, Sosialist Əməyi Qəhrəmanı fəxri adı ilə mükafatlandırılan əfsanəvi qadın, Azərbaycanın məşhur pambıq ustası Xuraman Abbasova. Onun təcrübəsi hər zaman bir örnək olub və olacaq.

 

Xuraman Zeynal qızı Abbasova 31 dekabr 1927-ci ildə Ağdam rayonunun İsmayılbəyli kəndində anadan olmuşdur. Əmək fəaliyyətinə erkən başlamış, rayonun Əli Bayramov adına sovxozunda çalışmış, gənc yaşlarından əmək fəaliyyəti ilə yanaşı təhsilini də davam etdirmiş, Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu bitirib alim-aqronom ixtisasına yiyələnmişdir. Xuraman xanımın zəhmətsevərliyi və təşkilatçılıq qabiliyyəti onun rəhbər vəzifələrə təyin olunması ilə nəticələndi. Bir müddət Əli Bayramov adına sovxozun direktoru işləmiş, sonra 1969-cu ildən rayonun ən iri pambıqçılıq təsərrüfatlarından olan Lenin adına kolxozun sədri vəzifəsinə təyin olunmuşdur. 20 ilə qədər sədrlik etdiyi müddətdə kolxoz dəfələrlə SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri sərgisinin keçici qırmızı bayraqlarına, çoxsaylı mükafatlara layiq görülmüşdür. Həmin illərdə kolxozçuların rifah halı yüksəlmiş, hər bir ailə ev tikdirmiş, maşın almış, bir sözlə, insanlar heç bir maddi əziyyət çəkmədən yaşamışdır. Kolxozda mədəniyyət evi, klublar fəaliyyət göstərmiş, ali təhsilli mütəxəssislərin sayı artmışdır.

 

Xuraman xanım öz məlahəti, əsl Azərbaycan qadınına xas səmimiyyəti, nəcibliyi, saf daxili aləmi, igidliyi və qorxmazlığı ilə seçilən xanımlardan idi. Azərbaycanda köhnə nəslin nümayəndələrindən az adam tapılar ki, Xuraman xanımı tanımasın, onun Ağdam şəhərindəki evində qonaq olmasın. Bir təsadüf nəticəsində mən də ziyalı qadınların nümayəndə heyəti tərkibində Qarabağ elatının qeyrətli qadını Xuraman Abbasova ilə tanış oldum. Bir ənənə olaraq görkəmli şəxsiyyətlərin yubileyləri ilə bağlı Nizami muzeyinin bir sıra əməkdaşları, o cümlədən, Cümşüd Muradov, Əbdül Əzizov, Kəmalə Zeynalova, Nurdidə Bağırova və b. Azərbaycanın rayonlarına ezam olunur, yubiley günləri çərçivəsində muzeydə hazırlanmış monoqrafik səyyar sərgilər əsasında mühazirələr oxuyur, kənd zəhmətkeşləri qarşısında maarifçilik missiyasını yerinə yetirməyə çalışırdıq. Məhz bu xoş məramlı günlərin birində füsunkar Qarabağın sevimli qızı Xuraman xanımla tanış olduq.  Sovet dövründə bir çox təsərrüfat uğurları ilə seçilən Xuraman xanım öz gülər üzü, sadəliyi və mehribanlığı ilə insanlara xoş ovqat bəxş edirdi. Xuraman xanım “ağac bar gətirdikcə başını aşağı dikər  kimi müdrikliyin simvolu idi.

 

Xuraman xanım öz dövrünün insanı idi. SSRİ Ali Sovetinin deputatı kimi bir sıra imtiyazlar qazanmışdı. Bu imtiyazlar ona xeyirxahlıq kimi anadangəlmə bir tələbatını ödəməyə kömək edirdi.  Ağdamda çox az ailə tapılar ki, Xuraman xanımın yaxşılığından, köməyindən faydalanmamış olsun. Çoxsaylı qohum-əqrəbadan savayı, qonşular, iş yoldaşları, dost-tanış onu bir dayaq, güvən yeri bilirdi. Qapısına gələni heç vaxt naümid yola salmazdı.

 

O dövrləri xatırladıqca, indimizlə müqayisə etməmək olmur. İndi dövran başqa dövrandır. İndiki dövrdə qadınlarımızın fəaliyyəti mediada, televiziya kanallarında, internet səhifələrində müşahidə olunur. İndiki fəal, natiq, mübariz qadınlarımızı, xüsusi ilə deputatlarımızı Sovet dövrünün deputatları ilə müqayisə etməyə bilmirəm. Sovet dövründə deputatlıq bir qədər fərqli idi. Deputatın sessiyadakı fəaliyyəti çox zaman mandat qaldırmaqla kifayətlənirdi. Ən yaxşı halda qabaqcadan hazırlanmış, dönə-dönə senzuradan keçmiş çıxışlar edərdilər. Amma o dövr deputatının əsl fəaliyyəti iclas zallarında deyil, xalq arasında, işlədiyi rayonda, yaşadığı məhəllədə, fəaliyyət göstərdiyi toplumda görsənirdi.

 

Xuraman xanım deputat adını xalqın mənafeyi, xalqa xidmətlə yanaşı səsləndirməyi bacarırdı. O dövrdə test sistemi olmadığından kasıb balalarının ali təhsil alması böyük problem idi. Amma deputat sözü keçərli idi. Xuraman xanım adətən qızmar yay günlərində başı çalmalı, ayağı brezent çəkməli rektorların qəbuluna gəlir, özü ilə kasıb balalarını gətirirdi. Onun bir sözü iki ola bilməzdi. Beləcə, onun sayəsində bir çox gənc təhsil sahibi olur.

 

Qarabağda, xüsusilə Ağdamda az adam tapılardı ki, Xuraman xanımın onun özünə və ailəsinə bu və ya digər şəkildə yaxşılığı keçməsin. Maddi yardım, xəstələrin Bakıya müalicəyə göndərilməsi, adamların işlə təminatına kömək və s. Bütün bunlarla yanaşı, Xuraman xanımın bir vəzifəsi də vardı. Bu, dövlətin ona tapşırdığı mənsəbə məsuliyyətlə yanaşmaq, etimaddan sui-istifadə etməmək idi. Elə bir il olmazdı ki, onun rəhbərlik etdiyi Lenin adına kolxoz SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin qalibi olmasın.

 

Xalqımız lap qədim dövrlərdən ananı, qadını müqəddəs tutub. Qarabağ elində qan davalarına belə qadınların müdaxiləsi ilə son qoyularmış. Vaxtilə Xuraman xanımın nənəsi Qızxanımın örpəyini atmaqla iki nəslin qan davasını söndürməsi rəvayət edilir. 1988-ci ili fevral ayında bir provokasiyanın qurbanı ola biləcək yüzlərlə ağdamlı gənci məhz Xuraman xanım Xankəndindən Əsgəran tərəfə yönələn rus tanklarının altına düşməkdən qoruyur. Erməni-rus siyasətçilərinin hazırladığı bu əməliyyatda Qarabağa azərbaycanlıların hücumu, yeni erməni genosidi kimi planlar həyata keçməli, SSRİ Ali Sovetinin bir qərarı ilə Qarabağ Azərbaycanın tərkibindən çıxarılmalı idi. İlk şəhidlərimizi verdiyimiz həmin qanlı günlərdə Xuraman xanımın, eləcə də rayon partiya komitəsinin birinci katibi Sadıq Murtuzayev, Mərkəzi Komitə katibləri Telman Orucov, Həsən Həsənov, Qarabağın mötəbər seyidləri, xüsusilə xalqın çox böyük hörmət etdiyi Seyid Lazım ağanın səyi ilə ilk qırğının qarşısı alınır.

 

Bu hadisə ilə bağlı mən Xuraman xanımın qızı, professor Aida Qasımovanın mənə verdiyi arxiv materialları ilə tanış oldum. Bu materiallar içərisində yüzlərlə erməninin sülh istəyi, müharibəyə nifrəti, Qarabağ müharibəsinin onlara zorla sırındığı əks olunub. İndinin özündə belə bu əfsanəvi hadisə ermənilərin mənəviyyat cəbhəsində böyük uğursuzluğudur. Onlar internet saytlarında daim özlərinə “biz niyə belə bir qadın yetirə bilmədik?” sualını verir, bəzən də bu hadisənin həddindən artıq şişirdilməsini bildirirlər. Xüsusilə məşhur rus şairi Yevgeniy Yevtuşenkonun bu hadisə ilə bağlı Xuraman xanıma şeir həsr etməsi erməni millətçilərinin yarasına duz tökür.

 

İlk qırğının yatırılmasında böyük rolu olmuş Xuraman xanım Azərbaycanda Milli Ordunun yaranmasında fəal iştirak edərək yeni yaranan Azərbaycan ordusunun fonduna 110 000 dollar dəyərində rus rublu keçirir. O, ermənilərə qarşı vuruşan yerli silahlı dəstələrin, xüsusi təyinatlı milis bölmələrinin və Milli Ordunun təminatında da əsl fədakarlıq nümunəsi göstərir.

 

Təbiət etibarı ilə mərd, xeyirxah, səxavətli və qorxmaz bir qadın olan Xuraman xanım cəmiyyətdə və dövlət orqanlarında tutduğu yüksək mövqe və mənsəbdən insanlara xeyir vermək üçün istifadə etmişdir. Xuraman xanım Qarabağ müharibəsi illərində əsl vətənpərvərlik nümunəsi göstərərək “Dayaq” cəmiyyəti yaradır və Qarabağın azərbaycanlı əhalisinin hərtərəfli təminatını təşkil etməyə can atır. Onun səyi və təşkilatçılığı ilə Qarabağa yük karvanları yol açır. Xuraman xanım həyatını riskə ataraq SSRİ Ali Sovetinin deputatı kimi toxunulmazlığından istifadə edir, ərzaq və meyvə yeşiklərinin altına silah yığaraq Dağlıq Qarabağın əli yalın azərbaycanlı əhalisinə ötürürdü. Bu yaxınlarda Nizami Gəncəvi adına Ədəbiyyat Muzeyinin əməkdaşlarından İlqar Hacıyevin atası Vaqif Hacıyevin söylədiyi bir əhvalat muzey əməkdaşları arasında dolaşmaqdadır.

 

 “Mən tez-tez Ağdama gedir, silah aparır, Xuraman xanımın köməyi ilə həmin silahları Qarabağın azərbaycanlılar yaşayan kəndlərinə aparırdıq. Amma son vaxtlar postlarda nəzarət gücləndiyindən bu iş çox təhlükəli olmuşdu. Xuraman xanımın deputat nişanı alma yeşiklərində gizlədilmiş silahları yoxlanmadan keçirməyimizə kömək olurdu. Bir dəfə postların birinə yaxınlaşarkən orada çoxsaylı rus və erməni əsgərlərinin olduğunu gördük. Xuraman xanım iki tapanca çıxardıb birini mənə verdi və dedi: Vaqif, əgər bizi tutsalar sən məni vur, mən səni, ölək bunların əlinə düşməyək”.

 

Bəli, Xuraman ölümün gözünə dik baxan xanım idi.

 

Xuraman xanıma ən böyük zərbəni 1991-ci ilin noyabrında Qarakənd yaxınlığında qəzaya uğrayan təyyarə hadisəsi vurdu. Bu hadisənin hər kəsdən artıq Xuraman xanımı sarsıtmasının səbəbləri var idi. Artıq bir aya yaxın idi ki, İsmət Qayıbovla bir otaqda işləyirdilər. O zaman Ayaz Mütəllibov ermənilərin Xankəndində girov götürdüyü Şükür Rzayevi azad etmək üçün İsmət Qayıbovu Ağdama göndərmişdi. O, Ağdamda Xuraman xanımın kabinetində otururdı. Eyni zamanda Xuraman xanımın jurnalist Alı Mustafayevlə, Vəli Məmmədovla, general Məhəmməd Əsədovla dostluq münasibətləri var idi. Onlar vertolyotda vurularkən, Xuraman xanım həyatını təhlükəyə atmaqdan çəkinmir və məhz Xuraman xanım Qarakənd yaxınlığından ermənilərin atəşi altında onların cəsədlərini yığıb gətirir, kimliklərini müəyyənləşdirir, Ağdam məscidində yudurdur, kəfənə tutdurur. Bu zaman Xuraman xanım çox böyük sarsıntı keçirir və onda şəkər  xəstəliyi, daha sonra isə mədəaltı vəzinin xərçəngi yaranır.

 

Xuraman xanım bizimlə söhbətlərində Heydər Əliyevə olan inamını ifadə edirdi. Doxsanıncı illərin əvvəllərində o vətənin xilasını Heydər Əliyevin rəhbərliyə gəlməsində görür. Xuraman Abbasova Yeni Azərbaycan Partiyasının Ağdam şöbəsinin yaradıcılarından biri idi. O, həmin dövrdə Ali Sovet sədrinin yaş senzi ilə bağlı məsələsində Heydər Əliyevin müdriklik və uzaqgörənliyinə inanan on minlərlə ağdamlıdan imza toplayıb Ali Sovetə təqdim edir.  Xuraman xanım həmişə uzaqgörənliyi ilə seçilib. 1992-1993-cü illərin xaos və anarxiya dolu günlərində o “İstiqlal” qəzetində məqalə ilə çıxış edərək Azərbaycanın xilas yolunun Heydər Əliyevin rəhbərliyə gətirilməsində gördüyünü yazır. Xuraman xanım Heydər Əliyevlə bağlı xatirələrini evinə gələn qonaqlarla həvəslə bölüşürdü. O Heydər Əliyevin yaddaşına, Azərbaycan insanına kimliyindən asılı olmayaraq göstərdiyi diqqətə görə heyran qaldığını bildirirdi. Heydər Əliyev dəfələrlə Lenin adına kolxozda olmuşdu. Adamlarla söhbət edərkən onların adını, problemlərini, hətta ailə üzvlərinin adını belə yadda saxlayırdı. Növbəti səfərində o, məsələn, adi bir kəndlini, suçunu adı ilə çağırıb hansı isə problemini həll edib-etmədiyini və yaxud oğlunu evləndirib evləndirmədiyini  soruşa bilərdi. Məhz xalqa bu qədər yaxınlıq Azərbaycan insanının qəlbində Heydər Əliyevin əbədi abidəsini yaratmışdı.

 

Xuraman xanım əsl millət vəkili, el anası idi. Onun barəsində iki seriyalı sənədli film çəkilib, bu mərd qadına nəğmələr qoşulub.

 

Gülzar İBRAHİMQIZI

Filologiya üzrə fəlsəfə doktoru, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat Muzeyinin böyük elmi işçisi

525-ci qəzet.- 2016.- 5 noyabr.- S.10