50 il
studiyada
Müsahibimiz Azərbaycan Radiosunun diktoru, respublikanın
Xalq artisti Əli Məhəmmədoğludur.
- Əli müəllim siz uzun müddətdir ki, Azərbaycan
radiosunda diktorsunuz. Radioya ilk gəldiyiniz
günü yəqin ki, xatırlayırsınız?
-
Çox gözəl yadımdadır. Radioya ilk
gəldiyim gün 1966-cı ilin sonlarına təsadüf edir.
Onda bura Azərbaycan SSR Nazirlər Soveti
yanında Dövlət Radio və Televiziya Verilişləri
Komitəsi adlanırdı.
25 yaşım var idi. Mənim diktorluğa həvəsim
orta məktəb illərindən başlayıb. Aydın Qaradağlının əmisi oğlu Kamal
Qaradağlı fizika müəllimim idi və məni bu sənətə
o həvəsləndirmişdi. Bu arzu ilə
İncəsənət Universitetinə daxil oldum və təsadüf
belə gətirdi ki, əvəzolunmaz diktorumuz Rafiq Hüseynli
ilə bir kursa düşdük. Xalq artisti
Ramiz Həsənoğlu, Oqtay Yəhyayev, iki rejissor, bir diktorla
eyni kursda oxuyurdum. Günlərin birində
eşitdim ki, müsabiqə keçirilir. Müsabiqəyə
qatıldım və illərlə ürəyimdə gəzdirdiyim
arzuya, radioda işləməyə nəhayət ki, nail oldum.
Rafiq
Hüseynli məni baş diktor Ramiz Mustafayevlə tanış etdi. Sabutay Quliyev
Proqram və Buraxılış redaksiyasının baş
redaktoru idi. Nitqimdə müəyyən
qüsurlar, ləhcə hiss olunurdu. Mənim səsimə
qulaq asandan sonra, Ramiz Mustafayev Sabutay müəllimə dedi ki,
ləhcəsi çoxdur. O da bildirdi ki, səsi gözəldir,
məşğul olsaq düzələr. Onların hər
ikisinin, eyni zamanda çalışdığım bütün
diktorların mənim həyatımda böyük
rolları olub. 1967-ci il iyulun 24-də mənim
əmrimi verdilər və bu vaxta kimi də burdayam.
- Siz
radioya gələndə diktorlardan başqa kimlər vardı?
-
Yaşlı nəsildən o vaxt
Fatma Cabbarova, Züleyxa Hacıyeva, Aydın
Qaradağlı, Sabutay Quliyev, Ramiz Mustafayev, Yusif Muxtarov, Qara
Tağızadə, Sabir Ələsgərov, Davud Əhmədov,
Sevda Məmmədzadə, Zərifə Yusifova, Ofelya Sənani,
Südabə Manaflı, Nurəngiz Quliyeva (Nurəngiz Gün
şair), Məhəbbət Məmmədli, Rəna Məmmədova,
məndən sonra isə o biri nəsil gəldi .
- Əvvəllər radioda diktorluq peşəsi vardı,
sonradan aparıcılıq sənəti ortaya
çıxdı və təbii ki, bunlar iki ayrı-ayrı fərqli
sahələrdir.
- Tam fərqli
sahələrdir. O zamanlar ancaq diktorluq sənəti vardı. Diktorun da əsas vəzifəsi xəbər
oxumaqdır. O vaxtlar radio əməkdaşları Moskvaya
qulaq asırdılar. Ordan tərcümə
edirdilər. Bizim böyük jurnalistlərimiz vardı,
Valid Sənani, Tofiq Rüstəmov, Hacı Hacıyev, Rafiq
Ağayev (Rafiq Savalan), gözəl jurnalist, qələm sahibi,
professor Yalçın Əlizadə. Bax belə
adamların əhatəsində işləmişik. Aparıcılardan fərqli olaraq diktor
başqasının yazdığı mətni oxuyur. Lakin onu elə təqdim etməlidir ki, dinləyici ilə
ünsiyyətdə ikinici şəxs olduğu bilinməsin.
Özünküləşdirməli, öz
materialı kimi qələmə verməlidir. Eyni zamanda da dinləyici onun səsindən zövq
almalıdır. Diktorun səsi onu cəlb
etməlidir.
- Deyirlər
ki, radioda çalışan diktorlar öz səs tempinə,
ifa tərzinə görə bir-birlərindən xüsusi ilə
fərqlənir. Bənzərsiz səslərə
görə onların hər biri ayrılıqda məktəb
hesab olunurdu.
-
Çünki o vaxt seçilənlərə düzgün
fikir verilirdi. Minlərlə insandan bir nəfər
seçilərdi. Ən yaxşı natiqlərə
üstünlük verilirdi və onlar da ustadların nəfəsinə
fikir verə-verə çox şey öyrənirdilər. Bu gün isə peşəkar kadr hazırlamaq
üçün ən adi incəliklərə varmaq zərurəti
yaranıb. O vaxt gənclərə iradlarını söyləyirdilər,
ən çox da cavanlar hər sözdən nəticə
çıxarırdı. Bu gün mən uzun illərin təcrübəsindən
və o böyüklərdən öyrəndiklərimi bax bu
tərzdə onlara tədris edirəm ki, məqsədə bir az da tez çatılsın. O vaxt bir diktorun
yetişməsi üçün 11 ay lazım idi. Bu müddət ərzində o özünü
göstərə bildisə bu diktordur, yox əgər
doğrultmadısa, onu yola salırdılar. Əvvəlcə işə təcrübəçi
diktor kimi əmrini verirdilər. Əgər
o öhdəsindən gəlirdisə üçüncü dərəcə
alırdı. Sonra iki, sonra da birə layiq
görülürdü.
Ali dərəcəyə qədər yüksəlirdilər. İndi dərəcə yoxdur. O vaxt radiofonik səsə
fikir verirdlər. Çöldə ağzını açan
kimi insanlar diktorların hamısını səslərindən
tanıyırdılar.
- Əli
müəllim, sizin səsinizlə yazılan yüzlərlə
radioəsər "Qızıl Fond"da saxlanılan unikal
lent yazılarıdır. Bu gün radioyayım
genişlənib. Özəl radioların
sayının artması ölkədə demokratiyanın təzahürüdür.
Peşəkar bir insan kimi onlara qulaq asanda təbii ki,
danışıqdakı səhvləri
görürsünüz, iradlarınız olur. Ən
çox hansı meyarlar pozulur.
- Ən
çox Azərbaycan dilində bu saat rus dilindən keçmə
"o" hərfinin "a" hərfi
kimi oxunmasıdır. İndiki bəzi
aparıcılarımız deyir ki, "aktyabr",
"nayabr" və s. Rus dilinin qrammatikasında belə bir
qanun var. "O" hərfi birinci hecada gəlirsə və
ona vurğu düşmürsə "a" kimi oxunur. "Moskva" "Maskva" , "Rostov" yazılır
"Rastov" oxunur. Çünki vurğu
axıra düşür.
Rusların özünün də böyük bir səhvi
var ki, alınma sözləri də bunlar belə ifadə edirlər. Belə tələffüz
edirlər. Məsələn mənim
yadımdadır. Bizim bir çobanımız var idi, Boran Quliyev.
O vaxt Sovet dövründə ona Sosialist Əməyi Qəhrəmanı
adı verdilər. Moskva radiosu oxuyurdu ki,
"çaban iz Azerbaydjana Baran Kuliyev". Görün o qanun nə qədər təhrifə gəlib
çıxardır. Bu qanun öz dillərinə
aiddir, alınma sözlərə şamil edilə bilməz.
O vaxt
Fransa prezidenti Jorj Pompidu Moskvaya gəlmişdi. Onun
adının tələffüzü düzgün
vurulmadığı üçün fransızca əks məna
verdiyindən növbəti xəbər buraxılışında
elə olduğu kimi oxundu. Səhər
oxudular ki, "Jorj pampidu pribıl Moskvu".
Mən bura gələndə radioda danışıq
zamanı proqram, operator deyilirdi. İndi
"o"ları "a" kimi oxuyurlar. Bu
düzgün deyil. Bizim dildə Moskva sözü "a" ilə oxunursa, sən onu "a" ilə
yazmalısan. Bəziləri "kanfrans", "kamitə",
"manqol" və s. yüzlərlə sözləri səhv
deyir. Dilimizdə bu cür danışıq
get-gedə çoxalır, demək olar ki, baş alıb
gedir. Danışıq dilində birinci
çatışmayan cəhətimiz "o" hərfinin
"a" kimi oxunmasıdır.
Başqa dillərdə, məsələn, türk dilində
necə yazılır, elə də oxunur. Bizim dildə
isə fərqlidir. Dilimizdə "q" hərfi ilə
qurtaran sözlər var. Məsələn "otaq",
"uşaq" və s. Heç vaxt "q" ilə
qurtaran sözlər yazıldğı kimi oxunmur. Ya "x", ya da "ğ" şəklində
tələffüz olunur. Adlıq
halında "x" şəklində işlənir. İndi aparıcılar deyir ki, "uşaqlar",
ya da "uşağlar", bunların hər ikisi səhv
deyilişdir. "Uşaxlar" kimi tələffüz
edilməlidir. Əgər bu sözlər hallanarsa,
özündən sonra sait gələndə "q" hərfi
"ğ"-ya, samit gəlsə "x"-ya çevrilir. Məsələn, "uşağdan xəbər
al" səhvdir, "uşaxdan xəbər al" deyilməlidir.
"Q"-nın "x" əvəzinə
"ğ" oxunması danışıq dilinin əsas
problemlərindən biridir.
Sözün axırında gələn "k" hərfi
ilə bağlı da oxunuşda ciddi səhvlər var. Məsələn,
kömək sözünü "kömək" kimi deyirlər. O vaxt belə oxunuş
düz olardı ki, "k"-dan sonra sait gəlsin. "Köməyə gəlin", "küləy
əsəcək". Özünü
professional sayan bəzi dırnaqarası diktorlarımız
oxuyur "külək" əsəcək. "Döşək ağı", "döşəy
ağı" deyilməlidir. "Külək"
sözü tək halda "k" ilə "h"nın
qarışığı olan bir səslə işlənməlidir
"külə(h)". "Köməklik"
sözü, "köməhlik" olmalıdır. Çox asan tələffüz olunur, əsl
danışıq dilidir. Mən uzun illərin
təcrübəsinə və özümdən qabaqkı
diktorlar nəslinin təcrübəsinə əsasən
bunları deyirəm.
Hətta yazılı mənbələrə baxa bilərlər. Bizim alimlərin
hazırladığı yeni opfeofiya lüğətlərinin
bəzilərində də səhvlər yetərincədir.
Unudublar ki, danışıq dilini düzgün əsaslandırmaq
üçün radionun diktorlarından, televiziyanın
diktorlarından öyrəniləsi bəzi şeylər var.
Azərbaycan dilində ən düzgün danışanlar
radio və televiziyanın keçmiş diktorları, Sovet
dövründəki nəsildir. İndi
cavanların dili çox qarışıqdır və əksəriyyəti
də heç öyrənmək istəmir.
Televiziya kanallarının birində belə bir süjet
gedir. Bir qadın haqqındadır. Jurnalist deyir ki, bu qadın uzun
müddətdir "tokar"çı işləyir. O
sözün Azərbaycan dilində tərcüməsi
"torna"dır, "torna dəzgahı". Orda işləyən
adama da "tornaçı" deyirlər...
Yollardakı
qayda-qanunla bağlı polis podpolkovniki tez-tez efirlərə
müsahibə verir. Dəfələrlə efirdə
deyir ki, "piyada"çı yol hərəkəti
qaydalarını pozub. "Tokar"çı
sözündə olduğu kimi burada da "çı"
şəkilçisi artıqdır.
Danışıq dilinin düzgün öyrədilməsi prosesi məktəblərdən başlamalıdır. Mənim həmişə arzum olub ki, ibtidai sinif müəllimləri hazırlayan universitetlərdə danışıq dilindən dərs deyən insanlar, mütəxəssislər, sənətkarlar olsun. Zəngin dilin qayda-qanunu odur ki, bir cür yazılır, başqa cür də oxunur. Bizim dildə zənginlik daha çoxdur. Bir cür yazılıb, başqa cür oxunan sözlər bizdə də çoxdur, nəinki rus dilidə.
- Eyni
zamanda vurğuya da ciddi fikir verilmir.
- Bəli,
haqlısınız. İ'yul, i"yun, deyirlər.
Azərbaycan dilində ümumiyyətlə heca
vurğusu yoxdur. Burada vurğunu birinci hərfdə
vururlar. Halbuki bu ayların hamısında
vurğu axırıncı "n" hərfinin üstünə
düşməlidir. Yeganə avqust kəlməsində
birinci hecaya vurğu vurulur.
Loq
sonluğu ilə qurtaran sözlər, tutaq ki,
"nekroloq", "kataloq", "epiloq",
"proloq", "dialoq", "monoloq" və s.
sözlərdə vurğu
axıra vurulur. Bəzən dilçi alimlər
də bu məsələdə yanılırlar. Bir dənə
ixtisas bildirən sözlər istisna olmaqla, "fizioloq",
"bioloq", "kulturoloq" və s. sözlərdə
vurğu fərqlidir. Qalanlarda isə axıra
düşür.
- Əli müəllim, hər bir radio öz səsi ilə
tanınır.
Öz siması ilə, öz kadrları, şəxsiyyətləri
ilə. Azərbaycan Radiosu gözəl səs
sahibləri olduğu üçün digərlərindən
seçilir. Qayıdaq söhbətin əvvəlinə.
Siz ilk olaraq hansı verilişə gəldiniz,
50 ildə hansı verilişlər daha çox yadda qalıb.
- O vaxt
birinci növbədə diktorlar xəbər oxuyurdular. Redaksiyaların xoşları gəlsəydi diktordan
başqa verilişlərin oxumasını istəyirdilər.
"Tələbəlik illəri"
verilişi var idi. Ədəbiyyat
redaksiyasından cürbəcür verilişlər gedirdi.
Gənclər redaksiyasına Arif Şəfizadə
adlı bir baş redaktor, gözəl bir ziyalı rəhbərlik
edirdi. Fəridə Aslanbəyova onun
müavini idi. Sonra Fəridə xanım
Baş redaktor oldu. Onların verilişlərində
çox oxumuşam. Ümumiyyətlə ilk illər xəbər
oxuyurdum, əsas verilişlərim televiziyada kadrarxası mətnlər
olub, 30-35 il televiziyada müxtəlif
redaksiyalarda verilişləri oxumuşam.
- İndi siz daha məsuliyyətli bir işi də
öhdənizə götürmüsünüz. Azərbaycan
Radiosunda yeni gəncliyə danışıq üslubiyyətini
öyrədirsiniz.
- Mən
həmişə yeni nəsilə, eyni zamanda kollektivimizin hər
bir üzvünə deyirəm ki, bir gün gələcək,
mən burdan gedəcəm. Nə
sözünüz olsa, hansı cümlə, sözlə
bağlı şübhəniz olsa mənə rahatlıq verməyin,
daima zəng vurun, canla-başla qulluğunuzda hazıram. Onu arzu edirəm
ki, estafeti qəbul edib gətirdiyimiz və onlara təhvil
verdiyimiz bu Ana Radionu həmişə uca tutsunlar. "Ana
Radio"muzda doğma
dilimizin keşiyində həmişə şərəflə
dayansınlar.
- Sizin səsinizdə
yüzlərlə veriliş "Qızıl Fond"da
saxlanılır, deməli səsiniz həmişə radiodan
eşidiləcək. Bu il "Ana
Radio"muzun 90 yaşı, sizin efirə gəlməyinizin isə
50 illiyi tamam olur. Hər
iki tarixi hadisə, yubileylər münasibəti ilə sizi təbrik
edirik.
- Çox sağ olun, təşəkkür edirəm. Mən radioya çox bağlı insanam. İndinin özündə də özümü onsuz təsəvvür etmirəm. İki gün ayrı qalanda narahat olur, sanki bura gələndə canıma qüvvət, ayağıma güc, gözümə işıq gəlir. Mən həyatımdan çox razıyam. Sevinirəm ki, bura yeni qədəm qoyan gənclərə peşənin sirlərini, radioda danışıq tərzini öyrətməyə çalışıram. Bu 50 ildə özümün öyrəndiklərini, bildiklərimi gənclərə öyrətməkdən qürur duyuram. O ki qaldı, fonddakı verilişlərə, səsimdə yazılan dəyərli nümunələrə, onların hamısı xalqın milli sərvəti, səs səlnaməsidir. Çox şükürlər olsun ki, bu sərvətin toplanmasında və gələcəyə ötürülməsində mənim də az-çox əməyim var. Mənim üçün doğma olan bu məkanda çalışan həmkarlarımı, kollektivin hər bir üzvünü 90 illik yubiley münasibəti ilə təbrik edirəm. Bayramınız mübarək.
Şəlalə
MƏHYƏDDİNQIZI
Azərbaycan
Radiosunun əməkdaşı
525-ci qəzet.- 2016.- 8 noyabr.- S.8.