Türkçülüyə
töhfə
Türk xalqlarının geniş inteqrasiyası ilə səciyyələnən
müasir mərhələdə ümumtürk mədəniyyəti
və genezisinin öyrənilməsinə həsr edilmiş əsərlərə
çox böyük zərurət vardır.
AMEA-nın
müxbir üzvü, Azərbaycanda Atatürk Mərkəzinin
rəhbəri, professor Nizami Cəfərovun türkologiya elminə
xidmət kimi dəyərləndirilə bilən
"Türkologiyaya giriş" əsərinin meydana gəlməsi
məhz bu zərurətin ifadəsidir desək, bizcə
yanılmarıq. Əsərin
"Türkologiyaya giriş" adlandırılması nisbi
xarakter daşıyır, çünki burada türk
xalqları və dilləri haqqında kifayət qədər
sanballı elmi araşdırmalarla yanaşı,
türkçülük ideologiyasına xidmət edən bir
sıra qiymətli fikir və mülahizələr də
öz əksini tapmışdır. Giriş,
dörd fəsil və nəticə hissələrindən ibarət
olan kitabın hər fəslini müəllif aktual bir problemə
həsr etmişdir. Girişdə türkologiyanın bir
dilçilik sahəsi kimi bu gün etnosların tarixini və
dilini öyrənən digər xalqlara məxsus elmlərlə
müqayisədə çox inkişaf etdiyi və bunun səbəbləri
konkret faktlarla nəzərə çatdırılmış,
türk dillərinin təsnifi prinsipləri, qədim türklərin
etnoqrafiyası, ictimai-siyasi quruluşu,
dünyagörüşü, dili, ədəbiyyatı, elm və
mədəniyyəti, diferensasiya və inteqrasiya problemlərinə
dair yığcam elmi münasibət ortaya qoyulmuşdur. Müəllif burada çox haqlı olaraq bir məqamı
xüsusi vurğulayır ki, heç bir elm, o cümlədən,
türkologiya elmi dünya elm və fikir tarixindən təcrid
olunmuş şəkildə öyrənilə və
inkişaf etdirilə bilməz. Ona görə
də türkologiya elminə etnoloji elmlər kompleksinin tərkib
hissəsi kimi yanaşmaq lazımdır.
Kitabın "Türkologiyanın tarixi" adlanan birinci
bölməsi 4 yarımbaşlıqdan ibarətdir. Başlıqlardan
birincisində "Türkologiyanın tarixi"
anlayışına aydınlıq gətirilərək
göstərilir ki, bizdə türkologiya tarixinə həsr
edilmiş mövcud tədqiqatların əksəriyyətində
Rusiyada aparılan araşdırmalara əsaslanılmış,
dövrləşmələrdə və ümumiləşdirilmələrdə
bu dövlətin siyasi-ideoloji xətti əsas
götürülmüşdür. "Halbuki
obyektiv baxış tələb edir ki, tarix mümkün qədər
bütün tərəfləri, parametrləri ilə öyrənilsin".
Müəllif türk etnosunun varlıq və fəaliyyət
tarixini, türkoloji tədqiqatın metodlarını, problemlərin
miqyası, xarakteri və təkamülünü nəzərə
alaraq türkologiyanın tarixini aşağıdakı kimi
dövrləşdirməyi uyğun bilmişdir:
I. E.ə.
I minilliyin ortalarından XVII əsrə qədər
II. XVIII əsrin
əvvəllərindən - XIX əsrin sonu, XX əsrin əvvəllərinə
qədər
III. XIX əsrin
sonu XX əsrin əvvəllərindən bu günə qədər.
Daha sonra
müəllif göstərilən ardıcıllıqla hər
bir dövrün əlamətdar cəhətləri,
türkoloji biliklərin mənbələri, türk dillərinin
tədqiqinə həsr olunmuş çoxsaylı əsərlər,
səyyah qeydləri, salnamələr və s. haqda müfəssəl
məlumat verərək təhlil və ümumiləşdirmələr
aparır, əsaslandırılmış ideya və
mülahizələr irəli sürür.
N.Cəfərov çox haqlı olaraq XVIII-XIX əsrlərdə
Qərb dünyasının Şərqə
marağının ən açar nöqtəsi kimi türk
dövlətləri olduğunu qeyd edir. Ona görə
ki, bu əsrlərdə əksər Şərq ölkələri
türklərin idarəsində olduğundan həmin ölkələrə
çıxış da türklərdən keçirdi və
həm də Qərbin Şərqdə tanıdığı
mütəşəkkil, dövlətçilik ənənələri
olan əsas xalq türklər idi. Elə bu
dövrdən də türkologiyanın ikinci dövrü
başlanmışdır. Avropanın türk
dünyasına marağı həmin dövrdə əsasən
Rusiya vasitəsilə həyata keçirilirdi ki, bu da çox
keçmədən öz səmərəsini verdi.
Bir yandan Avropadan rus elmi məzkəzlərinə
dəvət olunmuş mütəxəssislər, bir yandan da
türklərin öz içərisindən bu işlərə
cəlb edilmiş və sonralar türkologiya məktəbi
yaratmış şəxslər (Mirzə Kazım bəy,
M.C.Topçubaşov və b.) Rusiyada türkologiya elmini
germanşünaslıq, slavyanşünaslıq və s. sahələr
qədər irəli apardılar.
XIX əsrin sonu və XX əsrin əvvəllərindən
türkologiya bir dilçilik elmi çərçivəsindən
çıxaraq artıq geniş bir ideologiyaya çevrildi. Bu işdə
Ə.Hüseynzadə, F.Nemanzadə, İ.Qaspralı,
Z.Göyalp, X.S.Xocayev və başqaları xüsusi xidmət
göstərdilər...
Müəllif sonra yazır ki, XX əsrin 20-ci illərində
kommunizm ideologiyasının qələbəsi ilə milli
türkçülük düşüncəsinə
qarşı müharibə başladı. Lakin özlərini həqiqi
elmə həsr etmiş V.Bartold, V.A.Qordlevski,
A.N.Samoyloviç, A.Y.Krımski, A.N.Kononov, A.M.Şerbak,
N.A.Baskakov, K.N.Dmitriyev, S.Y.Malov və bir çox rus
türkoloqlarının böyük zəhməti sayəsində
türk dillərinin tədqiqinə həsr edilmiş xeyli dəyərli
əsərlər meydana gəldi ki, bunu danmaq olmaz. Bu bölmədə Azərbaycan türkoloqları ilə
yanaşı, bir çox digər milli türkoloqların da
adı sadalanaraq, zəhmətləri qiymətləndirilmişdir.
Əsərin
"Qədim türklər" adlanan II bölməsi əsasən
bu anlayışın şərhi, mənşəyi genetik
transformasiyası, siyasi-ictimai tərcümeyi-halı,
dünyagörüşü, ədəbiyyatı, mədəniyyəti,
arealı və s. kimi vacib problemlərə həsr
edilmişdir. Müəllif bir sıra nadir mənbələrə
istinad edərək qədim türklər barədə
maraqlı faktlar ortaya qoymuş, ümumiləşdirici
münasibət ifadə etmişdir.
"Türklərin diferensasiyası" adlanan III
bölmə də faktoloji zənginliyi ilə diqqəti cəlb
edir. Əvvəlcə "diferensasiya" anlayışına
aydınlıq gətirilir, bunu doğuran səbəblər
elmi əsaslarla izah edilir, biri digərləri ilə
bağlı olan səbəb və təzahür
paradiqmaları qarşılıqlı şəkildə təhlilə
cəlb edilir.
Müəllif
türklərin diferensasiyasının, yəni müxtəlif
xalqlara bölünməsinin səbəbləri haqqında
danışarkən daha çox
aşağıdakıları ön plana çəkir:
1) Məskunlaşma
və ya yurd paradiqması
2)
Siyasi-ictimai təşkilatlanma və ya dövlətçilik
paradiqması
3) Dil və
ünsiyyət paradiqması
4) Din və
ya dünyagörüşü paradiqması.
Bunlarla yanaşı, o da nəzərə
çatdırılır ki, konkret bir xalqın təşəkkülündə
göstərilən səbəblərdən hər hansı
biri daha çox rol oynaya bilər. Məsələn, Cənubi Qafqaz,
yaxud kiçik Asiyada siyasi-ictimai təşkilatlanma və ya
dövlətçilik paradiqması aparıcı olduğu
halda, Sibirdə, Şərqi Türküstanda, yaxud Şimali
Qafqazda məskunlaşma və "yurd" paradiqması daha
böyük əhəmiyyət daşımışdır. Məskunlaşma və ya "yurd" tutma
("Kitabi-Dədə Qorqud"dan gəlir-K.B.)
aşağıdakı obyektiv səbəblərdən baş
vermişdir: a) iqtisadi amillər (iqlim dəyişməsi,
mal-qara üçün otlaqlar axtarışı və s.) b)
hərbi-siyasi səbəblər.
Türklərin pravətəni barədə deyilənlərə
də müəllifin özünəməxsus münasibəti
vardır. Bəzi türkoloqların və tarixçilərin
türklərin pravətəni, ən qədim məskənləri
kimi yalnız Altayları göstərməsini birmənalı
şəkildə qəbul etməyən N.Cəfərova
görə bu nəzəriyyə o şərtlə
özünü doğrulda bilər ki, sonrakı köçlərin
tarixi süni şəkildə ilk orta əsrlərə aid
edilməsin. Yəni "... Altayın və ya
Altayların türklər üçün pravətən
sayılması fikrinə üstünlük versək, digər
regionları, prinsip etibarilə, sonrakı məskənlər,
yaxud "yurd" lar adlandıra bilərik.
Ancaq bir daha xatırlatmaq lazım gəlir ki,
haqqında söhbət gedən məskunlaşmalar
(köçlər) eramızdan əvvəlki minilliklərdən
başlayır və bir sıra tədqiqatçıların
güman etdiyinin əksinə olaraq, heç də ilk orta əsrlərə
aid deyil".
Türk dillərinin təsnifi prinsiplərinə də
münasibət bildirən müəllif burada da çox vaxt
subyektiv yanaşmanın obyektiv reallığı üstələdiyini
nəzərə çatdırır. Məsələn,
tanınmış rus türkoloqu N.A.Baskakovun türk dillərinin
təsnifi barədə söylədiklərini o, "türk
dilləri və xalqları arasında mümkün qədər
çox fərqli xüsusiyyətlər tapmağa cəhd"
kimi qiymətləndirir və bunun dövrün siyasi-ideoloji
konyukturundan irəli gəldiyini söyləyir ki, bu həqiqətən
də belədir.
Bu bölmənin digər başlıqları altında
verilənləri də müəllifin uğuru adlandırmaq
olar. "Türk dillərinin təşəkkülü",
"Ümumtürk ədəbi dili-təşəkkülü,
təkamülü, tənəzzülü",
"Tanrıçılıqdan islama" kimi çox aktual
problemlərin həllinə işıq salan fikir və
mülahizələr orijinal olduğu qədər də
yenidir, elmidir. Sonuncu problemin təqdimi və
elmi şərhi, zənnimizcə daha diqqətçəkəndir.
Belə ki, türklərin
tanrıçılıqdan islama keçməsini zəruri edən
səbəblər onun qorunması və yayılması yolunda
göstərdiyi fədakarlıqlara stimul verən amillər (sədaqətlilik,
iman kamilliyi, doğruçuluq və s.) burada öz dərin təhlilini
tapmışdır. Əsərdən gətirdiyimiz bir
neçə cümlə ilə fikrimizi əyaniləşdirmək
istərdik: "Türklərin tanrıçılıqdan
islama keçidinin fəlsəfəsini ən dolğun şəkildə
təqdim edən mənbə "Dədə Qorqud"
eposudur... Əgər həmin ehtiyac, həmin
ideoloji-mənəvi mühit olmasa idi, şübhəsiz
"Dədə Qorqud" dastanları bu keyfiyyətdə, bu
poetik tipologiyada olmazdı".
Doğrudan
da, "Dədə Qorqud"un konkret bir on
və ya yüzillikdə yaranıb tamamlandığı kimi
sadəlövh bir iddiaya sahib olmasaq təsdiq etməliyik ki,
"islam dini", "Kitab"ın ideya-estetik, poetik əsaslarından
biridir...
Kitabın sonuncu, dördüncü bölməsi
"Müasir türk dünyası" adlanır. Müəllif
"müasir türk dünyası" dedikdə əsasən,
türk xalqlarının dünyadakı etnik mədəni və
ictimai-siyasi birliklərini nəzərdə tutur. Burada
türk xalqlarının müxtəlif prinsiplər əsasında
qruplaşdırılması təcrübəsi nəzərə
çatdırılaraq onların əsasən 4 cəhət
üzrə fərqləndirilməsi diqqətə yetirilir: 1)
coğrafi prinsip; 2) linqvistik prinsip; 3) dini mənsubiyyət
prinsipi; 4) siyasi prinsip. Hər bir prinsip üzrə
qruplaşdırılan türk dillərinin ümumi və fərqli
cəhətləri sadalanır. Bundan sonra
yeni türklər və müasir türkçülük
ideologiyası, onun yaranma tarixi, mahiyyəti və
tendensiyası haqda geniş məlumat verilir. Türkçülüyün əsaslarını
yeni ictimai-siyasi mühitdə (XIX əsrin sonu, XX əsrin əvvəlləri)
işləyib hazırlayan Ə. Hüseynzadə, S.Göyalp,
Ə.Cəfəroğlu və başqalarının fəaliyyəti
yüksək qiymətləndirilməklə yanaşı, bu
dövrdə türkçülük ideologiyasına
xüsusi töhfələr vermiş Azərbaycan türklərinin
də fəaliyyətinə xeyli yer ayrılmışdır.
Mədəni-siyasi
baxımdan uzun müddət hər birindən təcrid
olunmuş duruma salınmış bir çox türk
xalqları, nəhayət XIX əsrin sonu, XX əsrin əvvəllərində
görkəmli ziyalıların sayəsində özündə
güc taparaq türkçülük ideologiyası ətrafında
birləşməyə qərar verdilər.
Türkçülük, turançılıq milli,
milli olduğu qədər də dünyəvi bir
ideologiyadır. Bu ideologiya uğrunda nə qədər məhrumiyyətlərə
düçar olub, şəhidlər vermişik, lakin
zaman-zaman bu ideologiyaya qayıdaraq onu unudulmağa
qoymamışıq. Bu gün türk
xalqları artıq yeni bir mərhələyə, diferensasiya
mərhələsindən inteqrasiya-birləşmə mərhələsinə
qədəm qoymuşdur. Əsərdən öyrənirik
ki, hazırda türk məkanında ictimai-siyasi inteqrasiya əsasən
aşağıdakı forma və ya formalarda həyata
keçirilir:
1) Dövlət və ya hökumət başçıları səviyyəsində
2) Parlamentlər səviyyəsində
3) Nazirliklər və ya səfirliklər səviyyəsində
4) Qeyri-hökumət təşkilatları və ya "xalq diplomatiyası" səviyyəsində.
Türk dövlətlərinin və xalqlarının inteqrasiya proseslərinin canlanmasında son illərdə yaranmış türkdilli dövlətlərin Əməkdaşlıq Şurası və Türkdilli ölkələrin Parlament Assambleyası (TÜRKPA) kimi qurumlar da öz töhfəsini verməkdədir. Müəllifə görə, türk məkanında siyasi inteqrasiya proseslərinin düzgün, məhsuldar və perspektivli bir şəkildə yönəldilməsi üçün beynəlxalq təşkilatlar səviyyəsində əməkdaşlıq qloballaşan dünyamızın ən mühüm tələblərindən biridir.
"Türk respublikalarının beynəlxalq təşkilatlardakı fəaliyyətinin mühüm missiyalarından biri də siyasi müqəddəratını təyin etməmiş, bu və ya digər dövlətin tərkibində olan türk xalqlarının hüquqlarını müdafiə etməkdən ibarətdir ki, bu türk dünyasının bütövlüyünü qorumaq, türk məkanında inteqrasiyanı təmin etmək baxımından xüsusi əhəmiyyət kəsb edir".
Doğrudan da, çox düzgün və aktual yanaşmadır. Bu gün böyük siyasi güclərin amansız təzyiqi altında genosidə məruz qalan İraq, Suriya türklərinin, yaşam və insanı hüquqları pozulan Krım tatarlarının, Axısqa türklərinin, Əfqanıstan özbəklərinin, Çin uyğurlarının, Balkan türklərinin və bir çox başqa türk qövmlərinin təəssübünü çəkmək bütün türk birliyinin çox qütblü siyasətinə çevrilməlidir.
Türkçülüyün formalaşma və inkişafında, inteqrasiyasında təkcə siyasi-iqtisadi faktorlar deyil, mədəni əlaqələr də mühüm əhəmiyyətə malikdir. Kitabın 4-cü fəslinin bir hissəsi məhz bu problemin çözülməsinə həsr edilmişdir. Müəllif "mədəniyyət" anlayışına çox geniş bir fəaliyyət sferasını aid edərək (dil, ədəbiyyat, incəsənət, turizm, din, elm, təhsil, idman və s.) türk mədəniyyətlərinin qarşılıqlı inteqrasiyasının forma və üsullarını, məzmun istiqamətlərini öz yeni ideya və təklifləri ilə zənginləşdirmək şərti ilə çox geniş şərh etmişdir. Bu sahədə həyata keçirilən işlərin hələ yetərincə olmadığını daha böyük layihələrin yerinə yetirilməsinin zəruriliyini vurğulamışdır.
Nəticə olaraq demək istərdik ki, N.Cəfərov bu əsəri ilə türkologiyaya yeni bir nəfəs vermiş, bu elmin fundamental nəzəri və metodoloji əsaslarını təkmilləşdirmişdir. Müəllifin bu istiqamətdə tədqiqatlarını davam etdirməyini arzu edirik.
Kamil BƏŞİROV
filologiya üzrə elmlər doktoru
525-ci qəzet.- 2016.- 8 noyabr.- S.7.