Səfəvilər dövlətindən Azərbaycan Xalq Cümhuriyyətinə

 

TARİXİ-SİYASİ PROSESLƏRİN TƏHLİLİ, ARADAKI BÖYÜK ZAMAN FƏRQİNƏ RƏĞMƏN, CÜMHURİYYƏTİ SƏFƏVİLƏR DÖVLƏTİNİN DAVAMÇISI KİMİ GÖRMƏYƏ İMKAN VERİR

 

 

(əvvəli ötən sayımızda)

 

Səfəvi dövlətinin idarəçilik sisteminə nəzər yetirdikdə irançılıq-farsçılıq idarəetmə sisteminin əksini görürük.

 

Türk dövlətçilik sisteminin formalaşmasında mühüm rola malik olan Səlcuq dövlətində rəsmi dil ənənəvi olaraq fars dili, uzun müddət Səlcuq hökmdarlarının baş vəziri fars mənşəli  Nizamülmülk  olduğu halda, Səfəvi sarayında Şah İsmayılın timsalında türkcə divan yazılır, sarayda, ordu sistemində, siyasi ictimai həyatda  türk dilindən geniş istifadə olunur, ordu idarəetmə sistemi əsasən qızılbaş türklərindən formalaşdırılır, hətta Şah I Abbas dövründə dövlət aparatında ikinci şəxs hesab olunan baş vəzirlərin əksəriyyəti qızılbaş türklərindən təyin olunurdu.

 

Həmçinin İran dövlətinin sələfi hesab edilən Sasanilər dövlətinin ordu sistemi müxtəlif xalq tayfalardan təşkil olunduğu halda Səfəvi dövlətində ordu, qədim türk ordu ənənələrinə uyğun olaraq yalnız qızılbaş-Azərbaycan türklərindən formalaşırdı. Biz Səfəvilər dövlətinin xarici siyasi əlaqələrinin inkişafında müstəsna rola malik elçi-səfirlərin etnik mənsubiyyətinə baxdığımızda böyük əksəriyyətinin qızılbaş-türk diplomatlarından olduğunun şahidi oluruq. Tacəddin Həsən Xəifə, Hüseyn xan Şamlu, Oruc bəy Bayat, Şahqulu Ağa Qacar, Fərruxzad bəy, Kəmaləddin Təbət ağa, Vəli bəy Ustaclu, Mehdiqulu xan Ustaclu, Cəfər bəy Kəngərli, Həsən Çələbi, Seyid bəy Səfəvi, Yadigar Əli Sultan Rumlu onlarla digər qızılbaş-türk diplomatları Azərbaycan Səfəvi dövlətinin xarici siyasi əlaqələrinin inkişaf etdirilməsində müstəsna xidmətləri olmuşdur.

 

XVII əsrdə Səfəvi sarayında olmuş alman alimi E.Kempfer (1685-1694) qeyd edir ki, "Səfəvilər sülaləsinin ana dili olan türk danışığı sarayda geniş yayılmış dildir. Türk dili saraydan tutmuş yüksək rütbəli mötəbər şəxslərin evlərinə qədər yayılmışdır...".

 

Elmi ictimai müzakirələrə səbəb olan mövzulardan biri Səfəvi dövlətinin hüquqi siyasi varislik məsələsidir. Bu məsələdə bəzi alimlər siyasi fikir adamları yanlış olaraq Səfəvilər dövlətini Azərbaycan dövlətçiliyinin deyil, İran dövlətçiliyinin siyasi sələfi hesab edirlər. Lakin dünya tarixçiliyində mütərəqqi alimlər bunun yanlış olduğunu etiraf etməkdədirlər.

 

Türkiyə tarixçisi Nurtən Kılıcın qeyd etdiyi kimi, "dini-siyasi hərbi əsasını Qızılbaş-türk tayfaları təşkil edən səfəvilər, XIV əsrdə Şeyx Səfiəddinin yaratdığı bir dini təriqətdən, XV əsrdə onun varisləri Şeyx Cüneyd Şeyx Heydərin Azərbaycanda Anadoluda apardığı fəaliyyəti nəticəsində dini-siyasi hərəkata XVI əsrin başlanğıcında I Şah İsmayılın Azərbaycanda hakimiyyətə gəlməsi ilə Səfəvi-Qızılbaş dövlətinə çevrilmişdir. Elxani, Ağqoyunlu, Teymuri siyasi mirasının daşıyıcısı olan bir bölgədə meydana çıxan Səfəvi-Qızılbaş dövləti, bu dövlətin banisi I Şah İsmayılın şəxsində, Seyx Səfiəddin ailəsinin ağqoyunlularla qohumluq əlaqələrinə görə, bu siyasi mirasın varisi olmuşdur".

 

Hətta dünya tarixçiliyində bir çox nüfuzlu alimlər "Səfəvi İranı" anlayışını qəbul etmirlər. Məşhur tarixçi Jan Oben qeyd edir ki, "XVI əsrin əvvəlində Səfəvi hərəkatının  "milli İran dövləti"nin bərpası ilə bağlı olması barədə ənənəvi fikir daha qəbul edilmir".

 

Səfəvi dövlətinin yaranması ilə bağlı tarixçi Fernand Grenardın fikirləri maraqlıdır: " Şah İsmayıl on üç yaşına gəldiyi zaman yeddi silahdaşı ilə bərabər  əsasını yeddi türk tayfası təşkil edən tərəfdarlarını topladı. Türkman hökmdarını məğlub edərək Təbrizə girdi 1501-ci ildə tac qoydu. Qısa zamanda onun hakimiyyəti Fəratdan Qəndahara, Qafqazdan Hind okeanına qədər, 2.800.000 kilometrlik bir ərazini əhatə etməyə başladı... Biz bir millətin yenidən quruluşunu gördük. Bu yeni siyasi birlikdə din, irq düşüncəsi yoxdur. Böyük əyalətlərdən çoxu türkcə ya ərəbcə danışır, iranlı deyildirlər. Səfəvi sarayında türkcə daha uzun müddət hökmran olacaqdır".

 

Türk tarixçisi Faruk Sümer öz əsərlərində Səfəvilər dövlətinə "İran milli dövləti" kimi baxmaq istəyənlərə qarşı çıxaraq qeyd edir ki, bu cəfəng baxışın artıq tərəfdarları yoxdur. F.Sümerin əsərində Səfəvilər dövlətinin yaranmasında yüksəlişində türkdilli etnosun həlledici birinci dərəcəli rol oynadığı vurğulanır.

 

Türkiyə tarixçilərindən Tufan Gündüz Səfəvi dövrünün qaynaqlarının təhlilinə əsaslanaraq yazır ki, bu qaynaqlarda Şeyx Səfiəddin ailəsi türk kimi təqdim olunmuşdur. Şeyx Səfiəddindən bəhs olunan zaman onun "türk oğlu" "türk gənci" olduğu qeyd edilmişdir. Onun fikrincə, qarşımıza çıxan ən önəmli gerçək dövlətin ilk növbədə türklərə dayanması, Şah İsmayılın təmiz türk dilində şeirlər yazması saray dilinin türkcə olmasıdır.

 

Fransız tarixçi Jan-Pol Ru özünün "İranın və iranlıların tarixi" kitabında Şah İsmayıl Səfəvinin mənşəyi haqqında yazır: "Şah İsmayıl Azərbaycana mənsub olan Ərdəbildə anadan olmuşduronun ailəsi əsası Şeyx Səfiəddin tərəfindən qoyulmuş və əyalətin sərhədlərindən kənarda çoxdan geniş şöhrət tapmış Səfəviyyə və ya Səfəvilər dini ordeninə mənsub idi. ...Onu (Səfəvilər dövlətini) iranlılar deyil, türklər yaratmışdılar və idarə edirdilər...".

 

Digər məşhur fransız tarixçitürkoloq Jan-Lui Bake-Qramon da Şah İsmayılı türk hökmdarı hesab edərək yazır: "Şah İsmayıl yarımköçəri qızılbaş tayfalarının hamılıqla qəbul edilmiş rəhbəri idi, onu taxt-taca bu tayfalar gətirmişdi.

 

Yarımköçəri türk tayfalarına yaxın və aydın dildə danışan və Azərbaycanda ideal türk dövləti yaratmış İsmayıl onların nəzərində ilahiləşmişdi. Həmin tayfalar bu ideal türk dövlətini Osmanlı Türkiyəsindən üstün tuturdular. Osmanlı Türkiyəsinin təbəəsi olmağı özləri üçün qəbuledilməz sayırdılar".

 

Qeyd edək ki, hətta İran tarixçilərinin böyük əksəriyyəti İran dövlətinin sələfi kimi Səfəvi dövlətini deyil Sasani dövlətini hesab edirlər. Əksinə, Səfəvi dövlətinin fars dövlətçilik sisteminə böyük zərbə vurduğunu vurğulamaqdan çəkinmirlər.

 

Məşhur fars tarixçisi Nəsrulla Fəlsəfi bu haqda yazır: "Şah İsmayıl ata tərəfdən özünü seyid Əli nəsli sayır və bu nəsil şəcərəsi ilə fəxr edirdi. Ana tərəfdən isə o, Türkman Həsən bəy Ağqoyunlunun nəvəsi idi və haqlı olaraq özünü bu sülalənin qanuni varisi hesab edirdi... Dövrün bütün tarixlərindən məlum olduğu kimi, onun tərəfdarları da əsasən türkmantatar tayfalarından olanlar idi... Fars dili Osmanlı imperiyasında və Hindistanda siyasət və ədəbiyyat dili olduğu bir dövrdə Şah İsmayıl türk dilini İran sarayının rəsmi dili etmişdi. Hətta o özü də yalnız türk dilində şeirlər yazırdı. Nəticədə türk dili Səfəvilər sarayında elə geniş yayıldı ki, bu sülalənin hakimiyyətinin sonunadək sarayın rəsmi dili olaraq qaldı... Qızılbaşlar özlərini türk mənşələrinə, əsil-nəcabət və ad-sanlarına görə İranın yerli əhalisindən yüksəkdə tutur, onları həqarətlə tatlar və taciklər adlandırırdılar".

 

Qeyd edək ki, tarix boyu fars etno-siyasi sistemindən və dövlətçilik ənənələrindən, irançılıq dini, əxlaqi və siyasi baxışlar sistemindən fərqlənən Azərbaycan dövlətçilik sistemi üzərində qurulantariximizin şah əsəri olan Səfəvi dövlətini "İran milli dövləti"nin sələfi hesab etmək elmi cəhətdən məntiqsiz, məntiqsiz olduğu qədər də gülüncdür.

 

Tarixlər boyu Azərbaycanda siyasi hakimiyyət və yaxud müstəqillik uğrunda mübarizə aparan siyasi şəxsiyyətlər azərbaycançılıq siyasi təfəkkürünə sahib olaraq bu düşüncəni real gerçəkliyə çevirməyə çalışmışlar. Bunu Səfəvi dövlətinin qurucusu İsmayıl Xətainin hələ Gülüstan qalasını mühasirədə saxlayarkən cənubdan Ağqoyunlu hökmdarı Əlvənd Mirzənin böyük ordu ilə gəldiyini görüb, əyan-əşrəfindən "sizə Gülüstan qalası lazımdır, yoxsa Azərbaycan taxt-tacı?" deməsi də bir daha sübut edir.

 

Azərbaycan Səfəvi dövlətinin yaranmasından yüzillər sonra dahi Məhəmməd Əmin Rəsulzadənin Azərbaycan Xalq Cümhuriyyətini (1918-1920) yaratması da azərbaycançılığın tarixisiyasi bir dövlətçilik məfkurəsi olaraq yaşadığını, zaman-zaman bu məfkurə əsasında Azərbaycan dövlətçilik sisteminin qurulduğunusiyasi varislik prinsipinə əsasən bir-birini əvəz etdiyini görürük.

 

Məhz bu baxımdan Azərbaycan Səfəvi dövlətinin varisi, bu dövlətin siyasi və mənəvi təməlləri üzərində qurulan və Azərbaycan türklərinin dövlətçilik ənənələrini özündə ehtiva edən Azərbaycan Xalq Cümhuriyyətidir.

 

... Tarixdə heç zaman qaliblər mühakimə olunmurlar. Azərbaycan dövlətçilik tarixində  Səfəvilər sülaləsi qaliblər sırasında yer almaqdadır. Bu dövlətin qurucusu Şah İsmayıl Azərbaycan dövlətçiliyinə 3,5 milyon kv.km. əraziyə malik bir siyasi miras qoymuş, bu siyasi mirasın 550 min kv.km. tarixi Azərbaycan torpaqları olmuşdur. Bu mirasa nə dərəcədə sahib çıxmaq ondan sonrakı nəsillərin və bu gün də bizlərin mövqe və fəaliyyətinin məntiqi nəticəsidir. Ona görə də Azərbaycan Səfəvilər dövlətinin qurucuları olan sülaləni ittiham etmək əvəzinə, bu sülalənin bizə miras qoyduğu böyük bir siyasi və mədəni sərvətə sahib çıxmaq haqqında düşünməliyik...

 

Mübariz AĞALARLI

AMEA Tarix İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru

 

525-ci qəzet.- 2016.- 8 noyabr.- S.6.