Elmi məbəd bilən alim
Uzun illərdir
eyni tədris müəssisəsində çalışırıq. Amma etiraf edim ki,
bu yazının meydana gəlməsinin əsas səbəbi Fərman müəllimin
"Dil və real gerçəklik: sistem və struktur münasibətləri" adlı
monoqrafiyası ilə
tanışlığım oldu.
Səmimiyyətlə deyim ki, Fərman
müəllimlə söhbətlərdən
həmişə məmnun
qalmışam və bu söhbətlərin əksəriyyətində elmdən,
onun insanlığın
xilasındakı rolumdan
danışmışıq. Elmin xilasedici gücünə Fərman müəllim - filologiya elmləri doktoru Fərman Zeynalov qədər
inanan az adam tanıyıram. İlk baxışda qaraqabaq insan təsiri baxışlayır. Bəli, məhz
ilk anda. Elmdən, onun
müxtəlif sahələrindən
söhbət düşəndə
sanki dəyişir, çöhrəsi işıqlanır.
Fərman Zeynalov elm üçün
dünyaya gəlib.
Elmlə
nəfəs alır.
Öyrənməyə can atan
və dünyanın gərdişindən xəbərdar
olan adamlarla onu daha tez-tez bir yerdə
görmək olur. Elmlərin kökü və qarşılıqlı əlaqəsi
Fərman müəllimi
düşündürən problemlərdəndir. Dilin, xüsusən,
Azərbaycan dilinin fonetikasını digər
dillərlə vəhdətdə
öyrənən alimdir.
Fonemlərin yaranması
ilə bağlı bəzən qəribə təsir yaradan, maraqlı və maraqlı olduğu qədər də faydalı tədqiqatların
müəllifidir.
F. Zeynalovun daha bir yazısı - "Dil və mədəniyyətdə
oxşar ritmik-melodik strukturlara dair" adlı məqaləsi qaldırılan problemlə
bağlı təsəvvürlərimi
daha da genişləndirdi.
Onun özündən əvvəlki
alimlərə tənqidi,
amma rəğbətli
yanaşma tərzi sələf-xələf münasibətlərini
müəyyənləşdirməyin simvolu təsiri bağışlayır. Fərman
müəllimin öz
ideyalarına münasibətində
bir az
qəribə, bir az həzin ton var: Həyata, dünyanın ziddiyyətli
tarazsızlığına yola salmağa hazırlaşdığın bir
övlada münasibətlə
müqayisə etmək
olar bunu. Ağacın budaqlarını qırarsan,
növbəti yazda yenə pöhrələnər,
çox keçmədən
bu pöhrələr möhkəm budaqlara çevrilər. Gövdəsi
vurulmuş ağac da özünü toplayıb canlanır, bəzən əvvəlkindən
də çox bar verir. Amma bu fikirləri
kökləri məhv
edilmiş ağac haqqında söyləmək
olmaz. Kök məhv oldusa, ağacdan əlini üz! Anologiya gətirsək, nəticəyə
gəlmək olar ki, elmin əsaslarına,
kökünə istinad
etmədən, onun xüsusiyyətlərini bilmədən,
genetik haləsinə bələd olmadan gözəçarpan nailiyyətlər
qazanmaq mümkün deyil,- bunlar
Fərman müəllimin fikirləridir. Tədqiqatlarında, hansı istiqamətdə
araşdırma aparmasından
asılı olmayaraq öz fikirlərinə sadiq qalır. Mütləq mənada istədiyinə nail olur, desək, səhv etmiş olarıq. Və dünya elm tarixində də elə bir tədqiqatçı olmayıb ki, ideyalarının hamısını
həyata keçirə
bilsin. Yeganə çıxış yolu özünün elmi məktəbini yaratmaqdır. Yəqin ki
alim özü bu məktəbi yaratmağı qarşısına
məqsəd qoymur.
Amma onun yaradıcılığı,
bu yaradıcılıqdan
birbaşa və dolayısı bəhrələnən
elmsevərlər məktəbin
yarandığının göstəricisidir.
Fərman
müəllim təsadüflərə
istinad edib elmi fikirlər söyləməyin, ümumiləşdirmələr
aparmağın əleyhinə
çıxaraq yazır:
"Milli mədəniyyətdə
ortaqlıq prinsipinin mövcudluğu istər-istəməz
belə bir təbii sual ortaya çıxarır ki, milli mədəniyyət
və incəsənət
nümunələrində izomorf
ritmik strukturları formalaşdıran hansı
amillərdir? Bəzilərinə
elə gələ bilər ki, belə oxşarlıq müəyyən təsadüflərin
nəticəsi ola
bilər. Bizim
nəzərimizcə, burada
heç bir təsadüf yoxdur, əksinə, təbii qanunauyğunluq
vardır... Dilin
inkişafının müxtəlif
dövrlərində dil
ilə xalq ruhunun, təfəkkür və düşüncə
tərzinin,
psixologiyasının, xarakterinin, mədəniyyətinin,
adət-ənənəsinin, ədəbiyyatının, tarixinin
və s. sıx bağlı olması barədə dilçilərin,
filosofların,psixoloqların söylədikləri müxtəlif
səpkili fikirlər bu gün öz
əyaniliyini vizual formada ilkin olaraq
tanınmış Azərbaycan
alimi Xudu Məmmədovun elmi təcrübi araşdırmalarında
tapır".
Fonetist
alimdir. Ömrünün çox böyük
bir hissəsini bu dəyərli işə həsr edib. Amma gəldiyi nəticələrə
şübhə ilə
yanaşıldığı vaxtlar da olub.
Xüsusilə fonetikanın tətqiqində
yeni yanaşmalara müraciət edəndə,
ənənələrdən kənara çıxanda.
Bəlkə də fikri bir qədər
dəqiq ifadə etmədim: Axı, Fərman müəllimin araşdırmaları fonetikanın,
bütövlükdə dilçiliyin
ənənələrinə söykənib, ilki üzə çıxarmaq
olub. Elə həmin məqamlarda
fonemlərin yaranmasının
qanunauyğunluqları dilçiləri
düşündürməyə başlayıb. Nəticələrdən
biri Fərman Zeynalovun adı ilə bağlıdır:
Fonetikanın elmi əsası, fonemlərin yaranmasının kökü
təbiətdə axtarılmalıdır.
Bəzən o qədər heyrətamiz
nəticələr meydana
çıxır ki, cansız təbiətin belə bir mükəmməl
varlıq yarada biləcəyi fikri tərəddüdlərə gətirib
çıxarır.
Xalqların müxtəlifliyi və bu müxtəlifliyin
ziddiyyətə yox, barışığa, dincliyə
xidmət etməsi insanlığın əbədi
arzularındandır. Humanitar elmin
tədqiqatçılarının üzərinə bu baxımdan daha məsuliyyətli vəzifələr
düşür. Humanitar
sahənin tanınan araşdırıcısı kimi
F.Zeynalov yaradıcılığında bu məsələlərin dilçilik
baxımından təhlilinə
xeyli diqqət ayırıb: "Xalqlar müxtəlif olduğu kimi, onların dilinin, mədəniyyət
nümunələrinin və
incəsənət əsərlərinin
ritmik çeşidi,cizgisi, avazı da müxtəlifdir. Yəni qeyri-izomorf quruluşludur.
Belə ki bir xalqda mövcud
olan melodiyalar, avazlar onlara zövq, şənlik gətirdiyi təqdirdə,
başqa xalqlarda bu hissi yaratmır...
Hər bir xalqda özünəməxsus
fərdi musiqi kanonu olduğu kimi, xalqlar da
bir-birindən təkcə
xüsusiyyətinə görə
deyil, eyni zamanda musiqi zövqünə görə
də fərqlənirlər".
Araşdırdığı problemin aktuallığı Fərman müəllimin həmişə diqqətdə saxladığı cəhətlərdəndir. Sonra konkret mövzu ilə birbaşa və ya dolayısı bağlı olan amillərin təsirinin vəhdətdə nəzərdən keçirilməsi, nəticələrin başadüşülən şəkildə ifadə olunması, ümumiləşdirmələrin nəzəri və praktik faydalılığı- bunlar da doktor Zeynalovun yaradıcılığında nəzərə aldığı prinsiplərdəndir. Hər birimiz, digər canlılar və bunlarla bağlı olanların hamısının əsasında təbiət, geniş və dar mənada mühit dayanır. Ona görə də F.Zeynalovun öz ideyalarının hər birində, istisnasız olaraq, bunları nəzərə alması təbiidir, qanunauyğundur.
Alimin, tədqiqatçının gəldiyi nəticələrin əhəmiyyəti, yaradıcılığının elm sistemində tutduğu yer, mövqe həm də mütəxəssislərin rəylərinə istinad olunaraq qiymətləndirilir. Bu cəhətdən də Fərman Zeynalovu yüksək reytinqli alim kimi dəyərləndirmək olar. Belə rəylərdə elmi nəticələrə görə Fərman müəllimin "ilk" hesab olunması adamda qürur hissi yaradır. Məsələn, keçmiş SSRİ-də tanınmış və nüfuzlu alimlərdən biri olan N.Canaşi xüsusi olaraq qeyd edir ki, "cümlə vurğusu" anlayışını türkologiyaya məhz F.Zeynalov gətirib.
F.Zeynalov tədqiqatlarının birində obyektiv sualla çıxış edərək yazır ki, bir halda ki, təbiətin özünü qurub yaşatması prosesində əlahiddə rol oynayan fiziki və kimyəvi qanunlar hər yerdə eynidir, bəs necə olur ki, Yer kürəsində insanlar eyni dildə deyil, müxtəlif dillərdə danışırlar? Necə olur ki, anatomik cəhətdən eyni quruluşa və eyni fizioloji funksiyaya malik danışıq üzvlərində müxtəlif səs çalarları, müxtəlif artikulyasiyalar, səs düzümü, danışıq ritmi, tonlar, nitq mizanları və nəhayət, bir-birindən tamamilə seçilən fonetik nuanslar, fərqlər meydana gəlir? Müəllifə görə, bu suala müxtəliflik yaratmaq baxımından təbiətin ən böyük fiziki, kimyəvi, bioloji və fəlsəfi prinsipləri olması əsasında cavab tapmaq olar. Lakin bu müxtəlifliyin eyni Ana kökdən budaqlanması da təbiətin dəyişməz qanunudur. Baş verən bütün dəyişikliklərin və rəngarəngliklərin əsasında, heç şübhəsiz, Günəş enerjisi (istiliyi) və şüaları ilə müşayiət olunan təbiətin öz təbii ritmi durur. Ritm, Kainatın da, canlının da ən universal əlamətidir. O, canlı və cansız təbiətə xas olub, onların daxili dinamikasını səciyyələndirir. Və bu daxili dinamika öz enerjisini Günəşin nurundan alır. Belə ki Günəş istiliyinin qeyri-bərabər paylanmsı və ilin müxtəlif fəsillərində Günəş şüalarının Yerə müxtəlif bucaq altından düşməsi nəticəsində ayrı-ayrı coğrafi ərazilərdə təbiətin ritmik ahəngi də, düzümü də, tempi də, pulsari dinamikası da müxtəlifləşir. Beləliklə, hər bir coğrafi məkanın öz təbii ritmi yaranır və həmin ərazinin canlı və cansız aləmi o ritmdə "nəfəs alır", öz inkişafını formalaşdırır, təkmilləşdirir. Belə ki tarixi inkişafda xarici mühit amillərinin ritmik ahənginə, quruluşuna uyğun, həmin ərazidə yaşayan insanların (xalqların) daxili aləminin özünəxas ritmi formalaşır. Xarici mühtin ritmi ilə insanların daxili bioloji ritminin həmahəng formalaşması günəs enerjisinin, həm də torpağın birbaşa təsiri və həmçinin qida maddələrindən orqanizmin əldə etdiyi enerji (maddi-mənəvi) vasitəsilə həyata keçirilir. Nəticədə xarici və daxili ritmik quruluşların arasında həmahənglik yaranır. Həyat və xarici mühit insanları öz ritminə uyğun nizamlayır. Yəni kimyəvi tərkibi oxşar olan maddələr eyni formalı kristallar əmələ gətirdiyi kimi, eyni coğrafi ərazinin təbii ritmi də insanlarda komplementar ritmik quruluşları formalaşdırır. Ayrı-ayrı xalqların dilinin və poetik nitqinin daxili quruluşunda ümumi, ortaq cəhətlər olmasına baxmayaraq, dillərin özlərinin səs düzümü, nitqin ritmik axını, eləcə də poetik vəzn baxımından fərqlənir.
Fərman müəllimin əsas elmi fəaliyyət sahəsi fonetika, fonologiya, dilçiliyin ümumi problemləri, o cümlədən, dilin sistem və strukturu, dil, kristalloqrafiya, dil və genetik kod, dil və izomorfizm, dil və ritm, dil və musiqi, dil və poeziya, dillərin quruluş müxtəlifliyi məsələsi, dil və mədəniyyət, ritmik strukturların (milli dilin və milli mədəniyyətin (incəsənətin)) izomorfluğu, dildə fonogenetik qanun və s. problemlər təşkil edir. F.Zeynalovun elmi-pedaqoji fəaliyyətinin nəticəsi onun 7 kitabında, iki monoqrafiyasında və 140-a qədər məqaləsində öz əksini tapıb. O, 2009-cu ildə "Vektor" Beynəlxalq Elm Mərkəzi Mükafat Komissiyasının qərarı ilə "XXI Əsr Azərbaycan Ziyalıları" Beynəlxalq layihəsinin qalibi olub və "XXI Əsrin Azərbaycan Ziyalısı" Beynəlxalq diplomu ilə təltif edilib. Fərman müəllimin elmi-pedaqoji fəaliyyətini qiymətləndirən Azərbaycan Respublikası Təhsil Nazirliyi ona "Qabaqcıl təhsil işçisi" adı verib.
Əlbəttə, fərqindəyəm ki, dəyərli oxuculara Fərman müəllimin tərcümeyi-halı barədə məlumat verməliyəm. Bunu da edirəm: Fərman Hüsən oğlu Zeynalov indi düşmən tapdağı altında inləyən rayonlarımızdan birində - Cəbrayıl rayonunda dünyaya göz açıb. İlk təhsilini Hacılı kəndindəki yeddiillik məktəbdə alıb. Rayonun Şükürbəyli kəndində orta məktəbi bitirdikdən sonra M.F.Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutunun Qərbi Avropa Dilləri fakültəsinə daxil olub. Təhsili əla qiymətlərlə bitirdiyinə görə Elmi Şuranın qərarı ilə institutda müəllim saxlanılıb. O çox da uzun olmayan bir zaman kəsiyində indiki dildə desək, filologiya elmləri üzrə fəlsəfə doktoru olub. Elmi araşdırmalarını davam etdirərək filologiya elmləri doktoru adına layiq görülüb. Əsərləri, çap etdirdiyi monoqrafiyalar, elmi konfranslardakı çıxışları mütəxəssislər tərəfindən yüksək qiymətləndirilib. Hazırda vaxtilə müəllim kimi fəaliyyətə başladığı kafedraya rəhbərlik edir.
Biz də həyatının müdriklik dövrünü yaşayan Fərman müəllimə yeni-yeni nailiyyətlər, sağlamlıq və uzun ömür arzulayırıq.
Oqtay ABBASOV
ADU-nun dosenti,
yazıçı-şair
525-ci qəzet.- 2016.- 8 noyabr.- S.6.