IV Bakı Beynəlxalq Teatr Konfransının yaşatdıqları  

 

 

 

 

Bakı son illərdə beynəlxalq tədbirlərə, yarışlara, konfranslara ev sahibliyi etməyə alışıb artıq.

 

Təkcə bu il ölkəmizdə keçirilən, baş tutan tədbirlərin sayını itirmişik. Bu cür nüfuzlu, dünya sənətşünasları arasında tanınan tədbirlərdən biri də Bakı Beynəlxalq Teatr Konfransıdır. Konfrans 2010-cu ildən başlayaraq, hər iki ildən bir keçirilir. Bu il artıq IV dəfədi baş tutan Bakı Beynəlxalq Teatr Konfransı hələ hazırlıq prosesində sənətsevərlərə bir çox yeniliklər, uğurlar vəd edirdi. Qəzetimizin ötən şənbə saylarında yayımlanan məqalələrimdə Konfransın tarixindən, keçdiyi yoldan geniş bəhs etmişdim. Elə ilk toplantılarından uğur qazanan, dünyanın diqqətini cəlb edən Teatr Konfransı bu dəfə həm qonaqların sayına, həm də mövzuların genişliyinə, dərinliyinə görə öncəkilərdən seçilir. Hələ konfransın rəsmi açılış mərasimindən bir gün öncə, noyabrın 6-da keçirilən treninq-seminarlar, təqdimat mərasimi izləyicilərdən ötrü xeyli səmərəli oldu. 

 

"Karri Marqolis metodu" - ispaniyalı aktyor Boris Daussa-Pastorun enerjili dərsi

 

Artıq vurğuladığım kimi, Mədəniyyət və Turizm Nazirliyi, Teatr Xadimləri İttifaqı və Azərbaycan Milli Elmlər Akademiyasının təşkilatçılığı, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin dəstəyi ilə keçirilən IV Bakı Beynəlxalq Teatr Konfransının proqramına müxtəlif mövzular üzrə seminar-treninqlər də daxildir.  Tanınmış ispan aktyoru, Beynəlxalq Teatr Tədqiqatçıları Federasiyası İdarə heyətinin üzvü Boris Daussa-Pastor gənc teatr aktyorları üçün seminarı S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında keçdi. Daussa-Pastorun təqdimatında "Karri Marqolis metodu" ilə tanış olmaq ilk baxışdan qəribə görünürdü. Elə qonağımız özü də bu qəribəliyi öncədən etiraf etdi. Lakin onu da söylədi ki, bu zahirən qəribə hərəkətləri, enerji məşqlərini ardıcıl etdikcə, onların növbəti mərhələsinə keçdikcə səriştə çoxaldıqca nəticə də əldə olunur. Yəni bu pərakəndə hərəkətlərin səhnədə faydasını görmək olur. Gənc aktyorların bu yeni metoda həvəslə yiyələnmək istəkləri, həm də ingilisdilli qonaqla polemikalara girmələri, suallar verib öz müstəqil rəylərini bildirmələri seminarı daha da qızğın, maraqlı edirdi. Arada fürsət tapıb gənc aktyorlarımızdan bu cür seminarlar haqda fikirlərini öyrəndim. Gənc Tamaşaçılar Teatrının aktrisası Asya Atakişiyeva bu seminarın çox yerinə düşdüyünü söylədi: "Əlbəttə, biz hamımız ali təhsil almışıq. Stanislavskinin metodu ilə öyrənmişik çox şeyləri. Bu seminarda da bəzi şeylər tanışdı bizə. Amma hər halda bu da yeni bir yanaşmadı. Məsələn, elə bu günlərdə mən bir rol haqqında düşünürdüm, daha doğrusu bir aktyorun oyununa baxıb fikirləşirdim ki, nədənsə aktyor səhnədə boş görünür. Ümumiyyətlə, bu məqam məni çox narahat edir. Necə etmək ki, səhnədə hər an dopdolu görünmək. Bu gün əxz etdiyimiz metod məhz bunu öyrədir, içini enerjiylə doldurmağı, lazım olmayan enerjidən azad olmağı". Gənc Tamaşaçılar Teatrının başqa bir gənc aktyoru Anar Seyfullayev də seminara qatılanlar içərisində idi və o da öz növbəsində bütün bunların əhəmiyyətli olduğunu vurğuladı.

 

Seminarı, gənc aktyorların enerji məşqlərini izləyənlərdən biri də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru, sənətşünaslıq doktoru Fərəh Əliyeva idi. Fərəh xanımla söhbətimizdə o, bu cür tədbirlərin, görüşlərin, təcrübə mübadilələrinin faydasını xüsusi vurğuladı: "Beynəlxalq təcrübəni öyrənmək, dünya teatrında gedən proseslərlə tanış olmaq baxımından belə konfranslar çox əhəmiyyətlidir. Sabahdan başlayaraq bizim universitetin əməkdaşları da plenar iclaslara qatılacaqlar. Məncə, bu konfrans teatr tənqidçiləri, sənətşünaslıq üzrə tədqiqatçılar üçün maraqlı olacaq. Daussa-Pastorun treninqi haqqında onu deyə bilərəm ki, bu, çox maraqlı bir metoddur. Daha öncələr bu aktyor bizim universitetin tələbələrinə də belə treninq keçib. Biz baxıb görürük ki, illər öncədən bildiyimiz, aktyorluq məktəbimizdə istifadə olunan metodlar dünya tərəfindən də qəbul olunur, ayrıca metod kimi öyrədilir. Bu, şübhəsiz ki özünəgüvən hissini artırır. Və bir daha təsdiq olunur ki, Azərbaycanda incəsənət məktəbi çox dərin və zəngin ənənələrə malikdir".

 

Boris Daussa-Pastorun seminarında ən mübahisəli və düşündürücü məqam aktyorluğun, ümumiyyətlə, incəsənətin dəqiq sənət olması, az qala riyaziyyat kimi konkret sənət olması haqda fikirləri idi; yəni zamanla istedadın itilənməsi, hansısa ilahi qüvvə tərəfindən bəxş olunmuş bacarığın dərinləşməsi. Elə bunları düşünərək seminardan çıxıb özümü Dövlət Musiqili Teatrına çatdırdım və burda artıq yeni bir sualla, mövzu ilə qarşılaşdım: "Teatr teatrşünasdan nə gözləyir". Suala cavabı isə tanınmış rusiyalı teatrşünas Pavel Rudnev tapmalı idi. 

 

Teatr teatrşünasdan nə gözləyir...

 

Teatr tənqidçisi və meneceri Pavel Andreyeviç Rudnev A.P.Çexov adına Moskva Akademik Bədaye Teatrı (MABT) bədii rəhbərinin köməkçisi, teatrın xüsusi layihələr üzrə Məktəb-studiyasının rektorudur. Teatrşünas olaraq müasir dramaturgiya üzrə ixtisaslaşıb. Bir neçə kitabın müəllifidir.

 

Pavel Rudnev çıxışına sualla başladı: "Teatr teatrşünaslardan nə gözləyir?" Və etiraf etdi ki, əslində teatrşünaslar olmasa da, teatr olar, tamaşalar qoyular. Amma... Bütün məsələ də bu "amma"dadır. Cənab Rudnevin məruzəsindən belə başa düşdük ki, teatrşünasın bu- günki, çağdaş durumda əsas vəzifəsi teatrla tamaşaçı arasında körpü olmaqdı, tamaşaçını teatrla doğmalaşdırmaqdı. Söylədiyinə görə hər gün iki yeni pyes oxuyan bu teatr bilicisi teatrşünasın "Nə pisdir və niyə pisdir?" sualının cavabını bilməli olduğunu dedi. Yəni əslində hər kəsin müəyyən bir zövqü var və baxdığı film, ya tamaşa haqqında rəy söyləyə bilər. İndiki sosial media əsrində isə bu düşüncələrini asanlıqla yaya, geniş kütləyə çatdıra bilər. Lakin peşəkar teatrşünasın elə əsas üstünlüyü məlumatlı olmasında, teatr tarixini, nəzəriyyəsini bilməsindədir. Bir də zamanla teatr rejissorlarının, direktorlarının, aktyorlarının inamını qazandıqdan sonra teatrşünasın yazıları daha çox səs-küyə səbəb olur. Bir sözlə, teatrşünas, xüsusən də teatr tənqidçisi davamlı olaraq teatr prosesində özünü təsdiq etməlidir. Qonağımız qonşu dövlətdə, Rusiyada sənətin vəziyyətindən, ötən illərə nisbətən zəiflədiyindən, sıxışdırıldığından da danışdı: "Son dövrlərdə rus teatr tənqidçiliyi ciddi şəkildə zəifləyib və indən belə heç bir teatrşünas 20-30 il əvvəl olduğu kimi oxucu auditoriyasını yığa bilməyəcək. İstəsək də, istəməsək də, bu, belədir. Üstəlik, teatrşünaslara qonorar ödənilməməsi problemi də var".

 

Pavel Rudnevlə iki saat sürən söhbətlərdən, polemikalardan sonra teatr-teatr tənqidçisi münasibətləri haqqında müxtəlif qənaətlərə gəldik. Sonda qonağımız onu da söylədi ki, müasir dünyada teatr kütləvi sənət olmaqdan çıxıb elitar sənətə çevrilib, üst səviyyə insanların maraq dairəsindədir.

 

"İrəvan xanlığı" kitabı... Tarixi həqiqətlərimiz ərəb dilində

 

Dəfələrlə vurğulanıb ki, bu cür konfransların keçirilməsi təkcə sənətin inkişafı, yeni mədəni əlaqələrin qurulması baxımından yox, həm də tariximizin, həqiqətlərimizin dünyaya çatdırılması baxımından da son dərəcə mühümdür. Builki konfrans çərçivəsində Mirzə Fətəli Axundzadə adına Azərbaycan Milli Kitabxanasında "İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi" kitabının ərəb dilində nəşrinin təqdimatı keçirildi. "İrəvan xanlığı" kitabı 2012-ci ildə Dövlət mükafatına layiq görülüb. Nəşrin elmi redaktoru institutun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov, ərəb dilinə tərcüməçisi Abd Ər-Rəhman Əl-Xamissi, ərəbcə nəşrin məsul redaktoru Bakı Dövlət Universitetinin dosenti Gülnur Mahmuddur. Bu kitab ingilis, rus, rumın, italyan, ispan dillərinə tərcümə olunub. 2015-ci ilin may ayında İtaliyanın Turin şəhərində keçirilən beynəlxalq kitab yarmarkasında nəşrin italyan dilində tərcüməsinin təqdimatı olub. Milli Kitabxanada keçirilən tədbirdə Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev də İrəvan xanlığının tarixindən danışdı, həmçinin İrəvanda yaradılmış İrəvan Azərbaycan Dövlət Dram Teatrının fəaliyyətindən söz açdı, söylədi ki, 1988-ci ildən qaçqın düşən bu teatr bu gün paytaxtda fəaliyyətini davam etdirir.

 

Daha sonra Milli Məclisin deputatları Fəzail İbrahimli, Aydın Mirzəzadə, Hüseynbala Mirələmov, Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Şahin Abdullayev, BDU-nun dosenti Gülnur Mahmud və digər çıxış edənlər də İrəvan torpağının qədim Azərbaycan torpağı olduğu barədə tarixi gerçəkliklərin dünya ictimaiyyətinə daha ətraflı çatdırılmasının vacibliyindən bəhs etdilər.

 

Qonaqlar üçün tamaşa: "Ölülər"

 

Akademik Milli Dram Teatrının səhnəsində oynanılan "Ölülər" tamaşası son dövr Azərbaycan teatr yaradıcılığında ciddi hadisədir. Bu dəfə xaricdən gələn müxtəlif teatrşünaslar, sənət biliciləri üçün bu tamaşanı oynamaq, onlara yüz ildən çox zaman keçməsinə baxmayaraq hələ də düşündürən, aktual bir əsəri göstərmək son dərəcə maraqlı idi. Daha doğrusu maraqlı olan onların reaksiyalarıydı. Tamaşadan əvvəl quruluşçu rejissor Azər Paşa Nemətlə söhbət edirik. Sualımı bir az qəribə qoyuram deyəsən: Biz qonaqlara niyə məhz Mirzə Cəlili göstərməliyik, niyə məhz "Ölülər" əsərini? Azər müəllim bir az düşünüb əslində bu gün teatr repertuarında olan bir neçə tamaşa ilə qonaqları təəccübləndirə bilərdik - deyir. Amma niyə Mirzə Cəlil və niyə "Ölülər"? "Ona görə ki, Mirzə Cəlil dahidir. Onun yazdığı bu əsərə baxanda biz yüz il əvvəlki Azərbaycan kəndini görürük. Avamlığa acıyırıq, cahillikdən qanımız qaralır, ürəyimiz ağrıyır. Həm də böyük yazıçının bütün bunları necə gözəl, dəqiq yazmasına heyrətlənirik. Amma məsələ burasındadır ki, Mirzə Cəlilin yazdığı dünyəvi bir əsərdir, dünyəvi bir mövzudur. Bu yüz il əvvəlki Azərbaycan kəndinin yox, bugünki dünyanın problemini göstərir. Məgər bu gün dünyanın hər yerində Şeyx Nəsrulla yoxdur? Var! Yenə yalançı, fırıldaqçılar var. Yenə ölüləri "dirildirlər", yenə sadə insanları aldadırlar. Mirzə Cəlilin mesajı hər kəsə, dünyaya ünvanlanıb. Biz də istədik ki, müxtəlif xalqlardan olan qonaqlar bu mesajı səhnədən eşitsinlər".

 

... Səhnədən eşitdiklərimiz isə doğrudan da heyrətamizdir. Mirzə Cəlilin böyük ideyası, rejissorun həlli və bunu məharətlə ifa edən aktyorlar. Bu yerdə bir məqamı da vurğulamaq istərdim. "Ölülər"in bu quruluşu artıq neçə aydır ki, teatr səhnəmizdədir və mən də bir çox başqa tənqidçilər kimi bu tamaşa haqqında müsbət resenziya yazmışam. Amma etiraf eləməliyəm ki, bu dəfə tamam yeni məqamlar, detallar gördüm tamaşada. Bir sözlə zaman tamaşanın xeyrinə işləyib. Xüsusən də Kefli İskəndəri oynayan Anar Heybətovun oyunu xeyli təkmilləşib. Teatrşünas  Pavel Rudnevlə söhbətimizdə o da aktyor oyununu bəyəndiyini söylədi: "Bu əsərlə tanışam və klassik bir nümunə olduğunu bilirəm. Məni tamaşada məhz aktyor oyunu təsirləndirdi. Kefli İskəndər və Şeyx Nəsrullanın ifaçıları rollarının öhdəsindən yaxşı gəldilər".

 

...Sonda İskəndərin monoloqundan sonra zalda alqış qopur. İskəndər işığa doğru gedir və tamaşa bitir. Qara Qarayevin musiqisi, Mirzə Cəlilin sözü insanın içini qürurla doldurur. Axı yüz illər öncə həyatı, zamanı, dərdlərimizi belə açıq və gözəl şəkildə deyə bilən sənətkarlarımız vardısa, bu gün də belə böyük sənət bayramını keçirəcək gücümüz varsa, niyə qürurlanmayaq?!

 

Elə sabahkı açılış mərasiminin də əsas ideyası bu olacaq məncə... Tariximizin qədimliyini, sənətimizin zənginliyini, təbiətimizin gözəlliyini və bugünki ölkəmizin gücünü, nüfuzunu qısa vaxtda hər kəsə anladacayıq.

 

Konfransın rəsmi açılışı

 

Azərbaycan Dövlət Musiqili Teatrının foyesində ötən beynəlxalq teatr konfranslarından bəhs edən fotosərgi və Milli Kitabxana tərəfindən təşkil edilən kitab sərgisi nümayiş olunurdu. Təntənəli açılış mərasimi bir çox məqamları, əsasən də əvvəldə təqdim olunan kompozisiyalarla yadda qaldı. İlk baxışdan pərakəndə, bir-biriylə sanki əlaqəsi olmayan bu səhnəciklərin hər birinin alt qatında bir məna, bir ideya gizlənirdi. Çox qısa və dinamik formada kimliyimizi, tariximizi, sənətimizi anlatmaq. Mədəniyyətimizin necə çoxqatlı olmasını göstərmək, musiqi, rəqs, rəssamlıq, memarlıq, teatr sənət incilərini lakonik, yığcam şəkildə göstərmək.  Bəstəkar Fərəc Qarayevin "Qobustan kölgələri" baletiylə qədimliyimiz, tariximiz, Qara Qarayevin "Yeddi gözəl"i, Üzeyir Hacıbəylinin "Arazbarı"sı ilə musiqimizin milliliyilə yanaşı dünyəviliyi də ifadə olundu. Eyni zamanda Şekspirin Hamletinin monoloqu, Lermontovun "Maskarad"ından fraqment də dünya sənət incilərinə münasibətimizi sərgiləyirdi. Bütün bunların fonunda, böyük ekranda göstərilənlər, ötən teatr konfranslarının kadrları, eyni zamanda təbiət mənzərələrimiz, dövlətin sənətə qayğısını əks etdirən kadrlar, ümummilli liderin teatrlara, sənət adamlarına sevgisini göstərən foto, video-materiallar, Prezident İlham Əliyevin teatrlara qayğısını əks etdirən, yeni təmir olunan teatr binalarının açılış mərasimlərindən kadrlar - bütün bunlar bir sözlə desək sadəcə Azərbaycanı ifadə edirdi. Belə qısa vaxtda özümüzü, sənətimizi, ölkəmizi bu cür dəqiq ifadə edən ayrı bir səhnə əsəri düşünmək mümkünsüzdü.

 

Mini-tamaşadan sonra Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdulla tədbir iştirakçılarını salamladı və Prezident İlham Əliyevin konfrans iştirakçılarına ünvanladığı müraciətini diqqətə çatdırdı. Məktubda deyilirdi: "İnanıram ki, "Multikulturalizm və teatr" mövzusunda keçirilən konfransa toplaşmış görkəmli teatr peşəkarları tədbir çərçivəsində qarşıya qoyulan bir çox məsələlərin həllinə nail olacaqlar. Dostluq, qardaşlıq nümunəsi olan multikulturalizm ideyalarının teatr kimi möhtəşəm mədəniyyət abidəsinin köməyi ilə dünyaya yayılmasına şərait yaradılacaq".

 

Prezident İlham Əliyevin müraciətindən sonra Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev də konfrans iştirakçılarını salamladı. Konfransın əhəmiyyətindən söz açdı: "Müxtəlif ölkələrdən teatr xadimlərinin yenidən bir araya gəlməsi və belə bir tədbirin Bakıda keçirilməsi bizdə qürur hissi doğurur. Müasir teatr problemlərinin araşdırılması təqdirəlayiq haldır. Bu gün Azərbaycan həm də tolerantlıq və multikultural ənənələri ilə tanınan ölkədir. Respublikamızda yaşayan müxtəlif xalqların nümayəndələri öz ana dillərində danışır və mədəniyyətlərini inkişaf etdirirlər. Biz çox şadıq ki, bu gün Azərbaycan təkcə enerji daşıyıcı ilə zəngin olan bir ölkə kimi deyil, həm də tolerant dövlət kimi tanınır. Çünki ölkəmiz əsrlər boyu çoxmillətli, qonaqpərvər diyar olmuşdur. Tarixən burada yaşayan xalqlar və icmalar özlərini azad, təhlükəsiz hiss etmişlər. Hazırda respublikamızda yaşayan müxtəlif xalqların nümayəndələri ölkənin tamhüquqlu vətəndaşları kimi respublikanın ümumi inkişafında xidmətlərini əsirgəmirlər. Təsadüfi deyil ki, 2016-cı il dövlət başçısı İlham Əliyev tərəfindən "Multikulturalizm ili" elan edilib. Bu kontekstdə həyata keçirilən tədbirlər teatr sahəsini də əhatə edir".

 

Nazir teatrın tarixindən, keçdiyi inkişaf yolundan da söz açdı: "O vaxtdan düz 144 il keçir. Bu zaman kəsiyi ərzində Azərbaycan teatrının siması və statusu dəyişib, bədii axtarışları, yaradıcılıq yönü kamilləşib. Milli teatr sənətinin təkamülündə müstəsna xidmətləri olan görkəmli sənət fədailəri - aktyor və rejissor nəsli yetişib, repertuar siyasəti formalaşıb. Beləliklə də teatr sənəti Azərbaycan xalqının milli mədəni dəyərlərinin qorunması, təbliğ olunması, mütərəqqi ideyaların aşılanması missiyasını həyata keçirməyə başlayıb".

 

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Milli Məclisin Mədəniyyət komitəsinin sədri, akademik İsa Həbibbəyli, Beynəlxalq Qara Dəniz və Xəzər Dənizi Əməkdaşlıq və Tərəfdaşlıq Fondunun vitse-prezidenti, şahzadə Zolani Mkiva (CAR), Beynəlxalq Teatr Tədqiqatları Federasiyasının prezidenti Cin Qrehem Cons (ABŞ) və Beynəlxalq Teatr İnstitutunun ərəb ölkələri üzrə təmsilçisi İbrahim Assari (Səudiyyə Ərəbistanı) çıxış edərək konfransın əhəmiyyətindən danışdılar və  tədbirin işinə uğurlar arzuladılar.

 

Qısa fasilədən sonra konfrans müxtəlif teatr mütəxəssislərinin çıxışlarıyla, polemikalar və müzakirələrlə zəngin olan plenar iclaslarla işini davam etdirdi.

 

 

PƏRVİN

 

525-ci qəzet.- 2016.- 8 noyabr.- S.4.