Pedaqoji Universitet yeni inkişaf mərhələsində
Tarix boyu Azərbaycan ziyalıları
xalqımızın gələcəyi, inkişafı, bir
xalq, bir millət olaraq var olması, ayaqda durması
üçün ən vacib amil olaraq elmi, təhsili
seçiblər.
Nizami Gəncəvi,
İmadəddin Nəsimi, Məhəmməd Füzuli, Şah
İsmayıl Xətai kimi orta əsrlərdə
yaşayıb-yaradan tarixi şəxsiyyətlərimiz qüvvəti,
qüdrəti elmdə görür, yazdıqları əsərlərdə
daim bunu diqqət yetirməyin zəruriliyini
vurğulayırdılar.
Sonrakı
yüzilliklər də isə Molla Pənah Vaqif, Molla Vəli
Vidadi, Seyid Əzim Şirvani, Mirzə Fətəli Axundzadə,
Mirzə Ələkbər Sabir, Cəlil Məmmədquluzadə
və digər maarifçi ədiblərimiz Azərbaycan-türk-müsəlman
balalarının oxuması, müasir dünyaya inteqrasiya etməsi
üçün bütün məhrumiyyətlərə
baxmayaraq əllərindən gələni edib və nəticədə
məktəb yarada biliblər. Növbəti mərhələdə
isə Hacı Zeynalabdin Tağıyev, Ağa Musa
Nağıyev kimi xeyriyyəçilər
xalqımızın, təhsilimizin parlaq gələcəyinə
naminə ölkədə müasir tipli təhsil
ocaqlarının əsasını qoyub, neçə-neçə
gənc azərbaycanlıların xaricdə təhsil
almasına vəsilə olublar. Bu qədər zəhmətin,
əzmkar, məqsədyönlü və yorulmadan aparılan
mübarizənin nəticəsi olmalı idi, oldu da. Elm üçün, təhsil üçün qəlbi
təşnə olan xalq və bu xalqın qəhrəman
oğulları, elə Hacı Zeynalabdin Tağıyevin sərmayəsi
ilə yetişən Nəriman Nərimanovun imzası ilə
1921-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutu
yaradıldı. Bu İnstitut görkəmli
ziyalılarımızın uzun illər apardığı gərgin,
səmərəli zəhmətin bəhrəsi, ən
böyük arzusu idi. Seyid Əzim
Şirvaninin, Mirzə Ələkbər Sabirin, Cəlil Məmmədquluzadənin,
Sultan Məcid Qənizadənin və minlərlə azərbaycanlının
arzusu idi. Hazırda Azərbaycan Dövlət Pedaqoji
Universiteti (ADPU) adını daşıyan ali
təhsil ocağı min illər boyu bu torpaqlarda yaşayan Azərbaycan
xalqının və bu xalqın yolunda bir şam kimi əriyən
müəllimlərin əsəridir.
İndi bu elm ocağı, bu təhsil qalası 95
yaşını qeyd etməyə hazırlaşır. Az zaman
deyil, 100 ilə beş il qalır. Yarandığı
bu bir əsirlik zamanı onilliklərə bölsək və
hər on ilə ayrı-ayrılıqda baxsaq universitetin nə
qədər böyük uğurlar əldə etdiyinin
şahidi olarıq. Qətiyyətlə deyə
bilərik ki, ADPU Azərbaycan maarifi tarixinin yüzillik salnaməsidir.
Biz bu salnamənin səhifələrində Ü.Hacıbəyli,
M.Quliyev, V. Xuluflu, B. Çobanzadə, F. Rzabəyli,
C.Hacıyev, M.Mehdizadə, M.Vəkilov və digər yüzlərlə
ziyalıların imzasını görə bilirik.
ADPU Azərbaycan təhsilinin, mədəniyyətinin və
tarixinin canlı əfsanəsidir. Mübaliğəsiz
demək olar ki, ADPU tariximizə adını şərəflə
yazmış bir çox insanların
çalışdığı, auditoriyalarında nəfəs
aldığı bir elm məbədgahıdır. ADPU-nun hər daşı, hər pilləsi, hər
auditoriyası tarixin canlı şahididir. Bu
tarixin ən şanlı, ən parlaq səhifəsi 1971-ci ilin
dekabr ayına təsadüf edir. Məhz bu
zaman kəsiyində ümummilli liderimiz Heydər Əliyev
ADPU-da kollektiv qarşısında hərtərəfli və dərin
məzmunlu nitq söyləmiş, Azərbaycan müəlliminə
ən yüksək dəyər vermişdi. Dahi rəhbər
ADPU-nun fəaliyyətini dərindən təhlil edərək,
professor-müəllim heyəti qarşısında duran vəzifələrdən
danışmışdı. İki il
sonra ADPU bir daha tarixin canlı şahidinə çevrildi. Xalqın müəllimi, ulu öndər yenidən bu
elm ocağına gəldi. Rəhbərin
növbəti gəlişi, tələbələr,
professor-müəllim heyəti qarşısında
çıxışı böyük ruh yüksəkliyi,
coşqu ilə qarşılanmış, xüsusilə gənclərin
yaradıcılıq əzminin artmasına səbəb
olmuşdu. Əminliklə söyləmək
olar ki, ötən əsrin 70-80-ci illərində ADPU
ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə
respublikamızda aparılan təhsil siyasətinin hərəkətverici
qüvvəsinə çevrilmişdi. ADPU
sözün həqiqi mənasında öz qızıl
dövrünü yaşayırdı.
Həyat yolu heç bir zaman hamar, dərəsiz-təpəsiz
olmur. ADPU-nun da keçdiyi 95 illik bu ömür yolu asan və
hamar olmayıb. Müstəqilliyin ilk illərində
bütün sahələrdə olduğu kimi ADPU-da da bir
durğunluq yaşandı. 1993-cü ildə
ümummilli lider Heydər Əliyevin böyük siyasətə
qayıdışı, Azərbaycanı xilas etməsi
bütünlükdə dövlətin xilası ilə bərabər
onun təhsilini, mədəniyyətini də xilas etmiş
oldu. Bu dirçəliş Azərbaycan
pedaqoji təhsilinin öncülü olan ADPU-nun da yenidən
inkişafına, yeni-yeni nailiyyətlərinə səbəb
oldu. 1998-ci ildə Təhsil İslahat Komissiyası,
1999-cu ildə Təhsil İslahat Proqramı, ümummilli lider
Heydər Əliyevin imzaladığı məlum fərmanlar
milli təhsil siyasətinin idealoji əsaslarını yaratmaq,
təhsilimizin beynəlxalq təhsil sisteminə
inteqrasiyasına təkan verməklə yanaşı, ölkəmizdə müəllim
kadrlarının hazırlanmasında əvəzssiz rolu olan
Pedaqoji Universitetin inkişafı üçün də zəmin
yaratdı.
Ümummilli
liderin layiqli davamçısı Pre
zident
İlham Əliyevin rəhbərliyi və şəxsi təşəbbüsü
ilə həyata keçirilən islahatlar, genişmiqiyaslı
infrastruktur layihələri isə xalqımızın sosial
rifahının yüksəlməsi ilə yanaşı təhsil
sistemini də köklü surətdə inkişaf etdirib.
Ölkə başçısının 2013-cü il 24 oktyabr tarixli "Azərbaycan
Respublikasında təhsilin inkişafı üzrə Dövlət
Strategiyası" təhsilimizə göstərilən
qayğının növbəti bariz nümunəsidir.
ADPU respublikamızda həyata keçirilən bu təhsil
siyasətinin tərkib hissəsi-strateji əhəmiyyətə
malik olan elm və təhsil məbədidir.
İlham
Əliyevin 2016-cı il 23 iyun tarixində tanınmış
elm və təhsil xadimi, professor Cəfər Məmməd
oğlu Cəfərovun
ADPU-ya rektor təyin olunması barədə
imzaladığı Sərəncam
dövlət başçısının ADPU-ya göstərdiyi
diqqət və qayğının əyani təzahürü
kimi qarşılandı. Qazanılmış
uğurlar, əldə edilmiş müəyyən nailiyyətlərə
baxmayaraq ADPU-nun yeniliyə, müasirliyə, inkişafa,
qabaqcıl dünya universitetləri sırasına
çıxmaq ehtiyacı bu təyinatı zəruri
etmişdi. Təhsil ictimaiyyəti, universitet kollektivi tərəfindən
razılıq hissi ilə qarşılanan bu təyinat dövlətin
müəllim hazırlığına, təhsilimizə
göstərdiyi diqqət və qayğısı olmaqla yanaşı,
universitet rəhbərliyi və kollektiv qarşısına
qoyulan mühüm, kompleks islahatların uğurla
reallaşacağından xəbər verir.
ADPU-nun professor-müəllim heyəti, tələbələr
yeni təyinat xəbərini mediadan aldıqdan sonra həyəcanla
universitet rektorunu-professor Cəfər Cəfərovun universitetə
gəlişini gözləyirdilər. 24 iyun 2016-cı il
tarixində, səhər saat səkkiz tamamda ADPU-nun əsas
giriş qapısından sadə geyimli bir müəllim
universitetə daxil oldu. Bu müəllim bir əsrlik tarixi
keçmişə malik ADPU-nun yeni rektoru, professor
Cəfər Cəfərov idi. ADPU-nun yeni rektoru, professor Cəfər
Cəfərov
Prezident İlham Əliyevin ona etimad göstərərək
təyin etdiyi vəzifəyə, müəllim hazırlayan
ali məktəbin rəhbəri vəzifəsinə belə bir sadəliklə, yeniliklə
başladı.
Keçdiyi
həyat yolu, tarixə ümummilli lider Heydər Əliyev, Cəlil
Məmmədquluzadə, Hüseyn Cavid kimi dahilər bəxş
edən bir diyardan olması, dünyanın ən nüfuzlu
universitetlərində təhsil alması, Nyu-York Universitetində,
Birləşmiş Millətlər Təşkilatı kimi
mötəbər qurumlarda çalışaraq
qazandığı təcrübə, elm və idarəçilikdə
əldə etdiyi uğurlar ona imkan verir ki, bu nəhəng təhsil
ocağını yenidən qursun, dünya universitetləri
sırasına çıxarsın, universitetin uzun illərdən
bəri həllini tapmayan problemlərini bağlı qapılar
arxasından deyil, onun tələbələri və müəllimləri
ilə birlikdə həll etsin.
23 iyun
2016-cı ildən bu yana ADPU-da bir ilk
yaşanır. Universitetlə, tədrislə, müəllim
hazırlığı ilə bağlı bütün məsələlər
universitetin kollektivi, professor-müəllim heyəti ilə bir
yerdə müzakirə olunur, on illərlə
yığılıb qalan problemlər həll edilir. Hər həftənin
sonuncu iş günü müəyyən bir fakültənin
müəllim və tələbələri ilə
görüşlər keçirilir, müəllim və tələbələrin
problemləri dinlənilir. Son dörd ay ərzində
professor, Cəfər Cəfərov 600 nəfərdən
çox kollektiv üzvünü qəbul edib, onların
qayğıları və problemləri ilə maraqlanıb.
Professor Cəfər Cəfərov ADPU-ya boş portfellə
gəlməmişdi. Onun qarşısında universitetin
inkişafı, yenilənməsi, dünya səviyyəli
universitetlər sırasına çıxarılması ilə
əlaqədar konkret fəaliyyət planı vardı. O,
bir rəhbər olaraq qarşısında duran hədəfləri,
gələcəkdə icra olunacaq islahatları açıq
şəkildə ictimaiyyətə, professor-müəllim heyətinə,
tələbələrinə bəyan etmişdi. Rektor Cəfər Cəfərov dəfələrlə
bildirib ki, ADPU-da maddi-texniki bazanın möhkəmləndirilməsi,
təhsilin məzmun və formasının təkmilləşdirilməsi,
professor-müəllim heyəti ilə tələbə
kollektivi arasında mənəvi-psixoloji mühitin
sağlamlaşdırılması qarşıda duran
başlıca vəzifələrdir.
ADPU-nun
rektoru, professor Cəfər Cəfərov əməkdaşlar,
professor- müəllim heyəti qarşısında şəffaf
və obyektiv təhsil mühitinin yaradılması, yeniliyin və
müasirliyin təmin edilməsi, qabaqcıl beynəlxalq təcrübənin
öyrənilərək tətbiq olunması, bazar
iqtisadiyyatının tələblərinə uyğun rəqabətqabiliyyətli
mütəxəssislərin hazırlanması kimi mühüm
vəzifələr qoyub.
Qısa müddət ərzində çəkilən zəhmət, iradə, zəngin təcrübə öz sözünü deməkdədir. Mövlana Cəlaləddin Ruminin bir sözü var, Rumi deyir ki, yaxşı insan xoşbəxtlik, pis insan təcrübə, səhvə yol verən insan dərs, mükəmməl insan iz qoyar, gedər. Bu sözləri ADPU-nun rəhbər şəxslərinə aid etsək, tam səmimiyyətlə demək olar ki, professor Cəfər Cəfərovun qısa müddət ərzində gördüyü işlər mükəmməl insanın qoyduğu izdir.
ADPU tarixi kökləri, müəllim hazırlığı sahəsində təcrübəsi olan strateji təhsil müəssisəsidir. 2015-ci ildə Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Müəllimlər İnstitutu ADPU-ya birləşdirildi. Böyük bir kollektivi özündə birləşdirən Azərbaycan Dövlət Pedaqoji Universiteti hazırda 20 minə yaxın tələbənin təhsil aldığı nəhəng bir universitetə çevrilmişdir. Bu qədər geniş imkanlara, elmi resurslara malik bir elm ocağının dünya universitetləri sırasına qatılması, hazırladığı kadrların müasir tələblərə cavab verən, Azərbaycanın gələcək təhsil siyasətində yer tutacaq kadrlar kimi yetişdirilməsinə heç bir əngəl yoxdur. Başda rektor, professor Cəfər Cəfərov olmaqla universitet rəhbərliyinin, professor-müəllim heyətinin düzgün elmi əsaslara, beynəlxalq təcrübəyə söykənən idarəçilik sistemi imkan verəcək ki, ADPU öz 100 illik yubileyində Prezident İlham Əliyevin arzuladığı dünya səviyyəli bir universitetə çevrilsin. O zaman biz əminliklə deyə biləcəyik ki, S.Ə.Şirvani, M.F.Axundov, C.Məmmədquluzadə, N.Nərimanovdan gələn bu maarif işığı Azərbaycan xalqı üzərində bir günəş kimi parlamaqdadır.
Bəhram CƏFƏROĞLU
525-ci qəzet.- 2016.- 11 noyabr.- S.8.