"Şərq qapısı" məktəbi: uzaqdan və yaxından

 

"Şərq qapısı" qəzeti - 95

 

 

"Şərq qapısı"nın kollektivi... ölkəmizdə gedən cəmiyyət quruculuğu və demokratik dəyişikliklərin həyata keçirilməsinə fəal qoşulmuşdur.

 

Heydər Əliyev

Azərbaycan xalqının ümummilli lideri

 

Azərbaycan mətbuatının tarixində "Şərq qapısı" qəzetinin mühüm rolu və böyük xidmətləri vardır. Məsuliyyətli və şərəfli yol keçmiş "Şərq qapısı" qəzeti Azərbaycanın ayrılmaz hissəsini təşkil edən Naxçıvan Muxtar Respublikasında çap olunan və ölkə miqyasında qəbul edilən davamlı və yüksək səviyyəli mətbuat orqanıdır.

 

Məlum olduğu kimi, Naxçıvan ziyalıları hələ XIX əsrin ikinci yarısından etibarən Azərbaycan, Rusiya və Şərq mətbuatında iştirak etmişlər. Mətbuatla əlaqələrinin yaranması və genişlənməsi regionda milli maarifçilik hərəkatının inkişafına müsbət təsir göstərmişdir. Yerli ziyalıların təşəbbüsü ilə dünyanın müxtəlif yerlərindən alınan "Tərcüman" (Baxçasaray), "Həblülmətin" (Kəlküttə), "Sürəyya", "Pərvəriş" (Qahirə), "Əxtər" (Tehran), "Novoye obozreniye" (Peterburq), "Kavkaz" (Tiflis) və sair mətbuat orqanları Naxçıvan maarifçiləri arasında geniş şəkildə oxunub müzakirə olunmuşdur. Naxçıvanda müxtəlif qəzetlərin xüsusi təmsilçilərinin fəaliyyət göstərməsi mətbuat orqanları ilə əməkdaşlığın və əlaqələrin genişlənməsinə səbəb olmuşdur. Qurbanəli Şərifzadənin "Həblülmətin", Əliməmməd Xəlilovun "Kavkaz", Eynəli Sultanovun "Novoye obozreniye", Məhəmməd Tağı Sidqinin, Paşa ağa Sultanovun "Tərcüman" qəzetlərinin bölgə üzrə daimi müvəkkili vəzifəsini daşımaları abunəçilərin sayca artması ilə bərabər, həm də adı çəkilən qəzetlərdə Naxçıvana dair xəbərlərin, məlumatların dərc olunmasına şərait yaratmışdır. 

 

Axtarışlar göstərir ki, "Əkinçi" qəzeti də Naxçıvanda alınıb oxunmuşdur.

 

Mətbuatla əlaqələrin genişlənməsində Məhəmməd ağa Şahtaxtlının nəşr etdirdiyi "Şərqi-Rus" qəzeti mühüm rol oynamışdır. Cəlil Məmmədquluzadənin Baş redaktoru olduğu "Molla Nəsrəddin" jurnalında da Naxçıvanın əhli-qələmləri fəal iştirak etmişlər. Bütün bunlarla bərabər, Naxçıvanda ilk mətbuat orqanı yalnız XX əsrin ikinci onilliyində yaradılmışdır. Belə ki, 1 noyabr 1921-ci ildə Naxçıvan Sosialist Şura Cümhuriyyətinin Cavanlar İttifaqının Ölkə Komitəsinin orqanı olan "Cavanlar həyatı" qəzetinin nəşrə başlaması ilə burada qəzetçilik işinin təməli qoyulmuşdur. "Cavanlar həyatı" qəzetində Naxçıvan diyarında baş verən ictimai proseslərə dair məlumatlar öz əksini tapmış, hətta "Cocuq həftəsi" kimi mədəni hadisələr haqqında xəbərlərə də yer ayrılmışdır. "Cavanlar həyatı" qəzetinin redaktorunun Həmid Mahmudov adında bir şəxs olduğu müəyyənləşdirilmişdir. Vərəqə kimi çap olunan "Cavanlar həyatı" qəzeti cəmi iki aya yaxın müddət ərzində fəaliyyət göstərmişdir. Bundan sonra 1921-ci ilin dekabr ayından etibarən Naxçıvanda "Füqəra səsi" adlı yeni bir qəzet çap olunmuşdur. Mətbuat tarixçiləri "Füqəra səsi" qəzetini "Cavanlar həyatı"nın davamı olan mətbuat orqanı hesab edirlər.   Hər ikisi həftədə bir dəfə çap olunan bu qəzetlərin fərqi yalnız hansı rəsmi təşkilat tərəfindən təsis edilməsi ilə əlaqədar idi. Belə ki, "Cavanlar həyatı" adından da göründüyü kimi, Naxçıvan Gənclər Təşkilatının orqanı olaraq çap edilmişdir. "Füqəra səsi" qəzeti isə Naxçıvan Ölkə Komitəsinin, Naxçıvan İctimai Şura Cümhuriyyətinin, Mərkəzi İcraiyyə Komitəsinin rəsmi mətbuat orqanı idi. Cəmi bir neçə sayı çap olunan qəzetin indiyədək heç bir nüsxəsi əldə edilməmişdir. "Füqəra səsi" haqqındakı məlumatlar "Şərq qapısı" qəzetinin ilk illərində və sonrakı yubiley nömrələrində verilmiş materiallar və qocaman jurnalistlərin xatirələri əsasında formalaşdırılmışdır.

 

Naxçıvanda davamlı şəkildə nəşr edilən mətbuat orqanı "Şərq qapısı" qəzetidir. "Cavanlar həyatı" və "Füqəra səsi" qəzetləri diyarda qəzetçilik işinin ilk məşqlərini, təməlini təşkil edir. "Şərq qapısı" isə uzun illər fəaliyyət göstərərək mətbuat sahəsində öz məktəbini yaratmış mətbuat orqanıdır. Bu qəzet 1922-ci ilin aprel ayından etibarən kiçik fasilələrlə bu günədək fəaliyyətini uğurla davam etdirməkdədir. "Şərq qapısı" qəzeti Naxçıvan Xalq Komissarlar Şurasının dəstəyi ilə nəşrə başlamışdır. Bu qəzetə keçən əsrin iyirminci- otuzuncu illərində Həmid Mahmudov və Əhməd Haşımov, Həsən Əlizadə, Əvəz Sadıq, Abbas Gülməmmədov və başqaları redaktorluq etmişlər. Otuzuncu illərin axırlarında ölkədə ictimai-siyasi hadisələrin gərginliyi ilə əlaqədar olaraq "Şərq qapısı" qəzetinin redaktorları tez-tez dəyişməli olmuşdur. 1937-ci il ərzində "Şərq qapısı" qəzetində Hüseyn Mahmudov, Şirəli Şirəliyev, Ə.Hacızadə, Xəlil Əminov, Musa İsmayılovun təyin olunub işdən çıxarılması repressiya dalğasının əks-sədası idi.

 

Azərbaycanın Xalq yazıçısı Əli Vəliyev 1933-1935-ci illərdə "Şərq qapısı"nın redaktoru vəzifəsində çalışmış və qəzetin ictimai təsir imkanlarını, vətəndaşlıq missiyasını artıran ciddi və kəsərli yazılar çap etmişdir. Görkəmli ədib və ictimai xadim Mirzə İbrahimov da 1933-1934-cü illərdə Naxçıvanda çıxan "Sürət" adlı qəzetin redaktoru kimi fəaliyyət göstərmişdir. Hələ ki, "Sürət" qəzetinin də nüsxələri əldə edilməmişdir. Xalq yazıçısı Mirzə İbrahimovun və müasirlərinin xatirələrindən aydın olur ki, "Sürət" qəzeti Naxçıvan MSSR Maşın-Traktor Stansiyası siyasi şöbəsinin orqanı olmuş, ictimai proseslərin işıqlandırılmasına daha çox diqqət yetirmişdir. Vaxtilə Xalq yazıçısı Mirzə İbrahimov dərin səmimiyyətlə etiraf etmişdi ki, "siyasi şöbədəki iş məni xalqın həyatı və mübarizəsi ilə canlı surətdə bağladı. Mənə elə şey verdi ki, onu heç bir kitabdan öyrənmək olmazdı. Mən canlı insanları, onların gərgin əmək, həyəcan və iztirablarla dolu gündəlik həyatını gördüm, o dövrdə kənddəki qızğın sinfi mübarizənin natural səhnələrini müşahidə etdim".

 

Mirzə İbrahimovun "Həyat" pyesi onun Naxçıvanda çalışdığı dövrün zəngin hadisələri əsasında yazılmışdır. Əli Vəliyevin "Budağın xatirələri" romanında da Naxçıvan hadisələrindən istifadə olunmuşdur. Romandakı "Araz sahilində" fəslindən Əli Vəliyevin həyatı və fəaliyyətinin Naxçıvan dövrünə aid qiymətli məlumatlar öyrənmək olur.

 

XX əsrin otuzuncu illərində qısa müddət Naxçıvanda "Ədəbiyyat qəzeti" adlı mətbuat orqanı fəaliyyət göstərmişdir. "Ədəbiyyat qəzeti"nə Mirzə İbrahimovun redaktorluq etməsi qeyd edilir. Bununla belə, "Ədəbiyyat qəzeti"nin "Şərq qapısı"nın əlavəsi kimi çap edildiyi də ehtimal olunur. Bütün hallarda "Ədəbiyyat qəzeti" Naxçıvanda ədəbi mühitin inkişafına kömək etmişdir.

 

"Şərq qapısı" qəzeti Böyük Vətən müharibəsi dövründə yazıçı-publisist Məhəmmədəli Tarverdiyevin baş redaktorluğu (1941-1945) ilə müharibə illərinin arxa və ön cəbhədəki ritmini əks etdirmiş, səfərbərlik və vətənpərvərlik ruhunda yazılar çap etmişdir. Müharibə dövründə "Şərq qapısı" qəzeti cəbhə ilə xalq arasında körpü yaradan mətbuat orqanı kimi regionda hər evin qapısını açmış, döyüş səngərlərinə belə gedib çata bilmişdir. Müharibədən sonrakı dövrlərdə "Şərq qapısı" qəzeti tarixi yolunu davam etdirərək Azərbaycanda gedən proseslərin zəminində Naxçıvan hadisələrini əks etdirmişdir. Müxtəlif illərdə "Şərq qapısı" qəzetinə baş redaktorluq etmiş Manaf Xudiyev (1953-1956), Fərman Tağıyev (1956-1960), Məmməd Bektaşi (1961-1962) və Hüseyn İbrahimov (1962-1965) dövrün ruhunu əks etdirməklə bərabər, regionda baş verən yeniləşmə hadisələrinin, ictimai meyllərin inkişafına da müəyyən diqqət yetirmişlər. Rəsmi dövlət qəzeti olmasına baxmayaraq, "Şərq qapısı" qəzetində ədəbiyyat və incəsənət məsələlərinə, mədəniyyət tədbirlərinin işıqlandırılmasına da həmişə xüsusi diqqət yetirilmişdir. Bu, "Şərq qapısı" qəzetində təməldən gələn bir ənənə olsa da, yeni tarixi şəraitdə daha da qüvvətlənmişdir. "Şərq qapısı" qəzeti Naxçıvan Vilayət Partiya Komitəsinin rəsmi mətbuat orqanı olmaqdan başqa, həm də "Ədəbiyyat və incəsənət" qəzetinin də funksiyalarını həyata keçirmişdir. Müharibədən sonrakı dövrdə, xüsusən də XX əsrin əllinci illərinin ikinci yarısından sonra "Şərq qapısı" qəzetində ədəbiyyat və incəsənət məsələlərinə diqqət daha da qüvvətlənmişdir. Bu, Məmməd Bektaşinin və yazıçı Hüseyn İbrahimovun qəzetə redaktorluq etdiyi illərdə daha çox nəzərə çarpır. Keçmiş Sovet cəmiyyətində "Xruşşov dövrü" kimi səciyyələnən mərhələnin gətirdiyi "istiləşmədən" başqa, qəzetin redaktorlarının ədəbiyyat yönlü ziyalılar olması da bu məsələdə əhəmiyyətli rol oynamışdır. "Şərq qapısı" qəzetində çap olunmuş bir çox bədii-publisist yazılarındakı milli mövqeyinin, vətəndaş münasibətinin ümumi Azərbaycan mətbuatında baş verən canlanmadan bəzi hallarda üstün olduğu da müşahidə edilir. Buna görə də qeyd etmək olar ki, "Şərq qapısı" qəzeti XX əsrin altmış-yetmişinci illərində fəaliyyətinin əvvəlki illərlə müqayisədə demokratik bir dövrünü yaşamışdır.

 

Təcrübəli yazıçı Hüseyn İbrahimovun "Şərq qapısı" qəzetinə rəhbərlik etdiyi 1962-1965-ci illərdə qəzetdə "Sadə adamlar haqqında hekayələr" başlığı altında gedən bədii-publisist materiallar mətbuatda və ədəbiyyatda yenidən insana, təkcə onun fəaliyyətinin ideoloji məqamlarına deyil, həm də adi əhvalatlarına, gündəlik yaşayış tərzinə,  əmək cəbhəsindəki işinin romantikasına, mənəvi aləminə  də qayıdışın əks-sədasına çevrilmişdir. Xüsusən, altmış-yetmişinci illərdə "Şərq qapısı" qəzeti səhifələrində oçerk janrında yazıların genişlənməsi qəzetdə sadə insanlara diqqətin artmasının göstəricisidir. "Şərq qapısı"nın oçerkləri jurnalistika baxımından olduğu kimi, bədiilik elementləri ilə də diqqəti cəlb edirdi. Bu oçerklər sadə əmək adamlarına, yerli ziyalılara həsr edilmiş publisist hekayələr təsiri bağışlayır.

 

Qeyd olunan dövrdə "Şərq qapısı" qəzetində tənqid notları da artmışdır. Qəzetdə tənqidi xarakterli kiçik xəbərlərdən başqa, felyeton janrında yazılmış məqalələrə də daha çox rast gəlinir. Bunlar siyasi sistemə aidiyyatı olmayan, ideologiyaya toxunmayan, yerlərdəki nöqsanları göstərən və diqqəti irəliyə doğru inkişafa yönəldən yazılar idi. Qəzetdəki felyetonlarda daha çox ateizm təbliğatı və ticarət sahəsindəki nöqsanlar öz əksini tapmışdır. "Şərq qapısı"nda Stalin rejimindən sonra "Şərq qapısı" qəzetində "Tənqid atəşi ilə", "Müxbirlərin gözü ilə, "Molla Nəsrəddin"in sözü ilə", "Düzü-düz, əyrini-əyrini" rubrikaları ilə çap olunan materiallarda ümumi inkişafa xidmət etmək meyli əsas olmuşdur. Qəzet eyni zamanda, satirik şeirlərə də müəyyən yer ayırmışdır. XX əsrin altmış-yetmişinci illərində "Şərq qapısı" qəzetində çap olunmuş ən yaxşı oçerklər və felyetonlar bu janrın Azərbaycan mətbuatı miqyasında qiymətli nümunələri hesab oluna bilər.

 

Ümumiyyətlə, XX əsrin altmış-yetmişinci illəri "Şərq qapısı" qəzetinin fəaliyyətində ideologiyanın təbliği ilə yanaşı, həm də ölkə həyatına, xalq amilinə, sadə insanların həyatına müəyyən dönüş dövrüdür. Bunu "Şərq qapısı"nın gələcək müstəqillik dövrü üçün hazırlıq mərhələsi də adlandırmaq olar.

 

XX əsrin yetmişinci illərindən etibarən "Şərq qapısı" qəzetinin həyatında yeni tarixi dövr başlanmışdır. Görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycanı Sovet İttifaqının ən qabaqcıl respublikalarından biri səviyyəsinə çatdırması və ölkədə milli-mənəvi dəyərlərin inkişafına xüsusi diqqət yetirilməsi ideologiya da öz təsirini göstərmişdir. Bu dövrdə bütövlükdə Azərbaycan mətbuatında, o cümlədən də "Şərq qapısı" qəzetində Azərbaycan tarixi ilə, Naxçıvan Muxtar Respublikası ilə əlaqədar məsələlərin, çoxəsrlik tarixi ənənələrin və milli mədəniyyətin təbliği zamanın əsas sifarişinə çevrilmişdir. Həmin tarixi mərhələdə "Şərq qapısı" qəzetinə redaktorluq etmiş Rəşid Qazıbəyovun (1965-1970), Vahid Bağırovun (1970-1975),  Sənubər Kərimovanın (1975-1985), Akif Axundovun (1986-1990) qəzetdə tarixi dövrün ruhuna, yüksək ritmlərinə uyğun proseslərin əks etdirilməsinə bu mətbuat orqanının fəaliyyətini əsas istiqaməti olaraq yaşatmışlar.

 

"Şərq qapısı" qəzeti XX əsrin yetmiş-səksəninci illərində daha yüksək səviyyəli mətbuat orqanı kimi çap olunmuşdur. Bu mərhələdə qəzetin ideya-siyasi xətti ilə bərabər, ədəbi-publisist səviyyəsi daha da qüvvətlənmişdir. Həmin dövrdə "Şərq qapısı"nda çap edilən oçerklər Azərbaycan mətbuatında oçerk janrının ən yaxşı örnəkləri kimi qiymətləndirilməyə layiqdir. Nürəddin Babayevin, Sənubər Kərimovanın, Akif Axundovun, Əbülfəz Əsgərovun, Aydın Tarverdiyevin oçekrləri muxtar respublikanın fədakar və yüksək mənəviyyatlı peşəkar insanlarının üzə çıxarılmasına, geniş ictimaiyyətə təqdim edilməsinə şərait yaratmışdır. "Şərq qapısı" qəzetinin oçerk qəhrəmanları cəmiyyətin qəbul etdiyi fərqlənən insanlar idi. "Şərq qapısı" qəzeti mövcud mətbuat ənənəsində olduğu kimi, yalnız əmək qəhrəmanları haqqında deyil, ziyalılar barəsində də oçerklər çap etmişdir. Bütün bunlara görə "Şərq qapısı" qəzetində oçerk janrı ayrıca bir tədqiqat işinin mövzusu ola bilər.

 

Muxtar Respublikanın ədəbi-mədəni mühitinin işıqlandırılmasında da "Şərq qapısı" qəzeti mühüm rol oynamışdır. Fəaliyyətinin bütün mərhələlərində "Şərq qapısı" həm də regionun "Ədəbiyyat qəzeti" funksiyasını yerinə yetirmişdir. Müxtəlif mərhələlərdə "Şərq qapısı"nın Baş redaktorlarının yazıçılar olması da yəqin ki, bu məqamda öz sözünü demişdir. Xalq yazıçıları Mirzə İbrahimov, Əli Vəliyev, Hüseyn İbrahimov kimi görkəmli yazıçıların fəaliyyətlərinin, tərcümeyi-hallarının "Şərq qapısı" ilə bağlanması bu qəzetdə ədəbiyyat işinin geniş mənada mətbuat işinin  tərkib hissəsinə  çevrilməsinə gətirib çıxarmışdır. Demək olar ki, həmişə "Şərq qapısı"nın ətrafında xüsusi ədəbi mühit formalaşmışdır. Redaksiyanın nəzdində Ədəbiyyat dərnəklərinin fəaliyyət göstərməsi, qəzetin şeir və publisistika üzrə müsabiqələr keçirməsi, yaradıcılıqla bağlı müzakirələrə geniş yer ayırması "Şərq qapısı" qəzetinin regionda bəzi məqamlarda nəinki "Ədəbiyyat qəzeti"nin, hətta yaxşı mənada Yazıçılar İttifaqının yerli şöbəsinin də funksiyalarını bərabər şəkildə öz üzərinə götürdüyünü, çiynində daşıdığını göstərir.

 

Muxtar Respublikada yaşayıb-yaradan yazıçıların əsas xitabət kürsüsü "Şərq qapısı" qəzetidir. "Şərq qapısı" muxtar respublikada formalaşan gənc qələmlərin ilkin yaradıcılıq məktəbidir. Yeni ədəbi nəsil üçün "Şərq qapısı" qəzeti çox mühüm və münasib yaradıcılıq laboratoriyası funksiyasını da yerinə yetirməkdədir. Yaradıcı gənclik "Şərq qapısı" səhifələrində çap oluna-oluna püxtələşmişdir. Bu mənada "Şərq qapısı" qəzetinin "Ədəbiyyat səhifəsi" muxtar respublikanın "Ədəbiyyat qəzeti" funksiyasını yerinə yetirmişdir. Böyük tələbkarlıqdan sonra şeirləri və hekayələri qəzetdəki "Ədəbiyyat səhifəsi"ndə yer alan gənc qələm sahibləri böyük ədəbiyyata vəsiqə almaq etimadı qazanmışlar. "Şərq qapısı"nın "Ədəbiyyat səhifəsi" böyük ədəbiyyat cəbhəsinin hərəkətverici qüvvəsi vəzifəsini həyata keçirmişdir. XX əsrin yetmişinci illərində artıq cavan yazıçı və şairlər kimi formalaşmış Elman Həbib, Asim Yadigar, Muxtar Qasımzadə, Vaqif Məmmədov, Xanəli Kərimli, İbrahim Yusifoğlu, Bayram İskəndərov, Əbülfəz Ülvi və başqaları "Şərq qapısı" ədəbiyyat məktəbini keçmişlər. Sonrakı dövrlərdə ədəbi mühitə gəlmiş Rafiq Babayev, Hüseyn Bağır, Elxan Yurdoğlu və başqaları üçün də real olaraq "Şərq qapısı" ədəbiyyat məktəbi vardır.

 

Elm, ədəbiyyatşünaslıq və ədəbi tənqid də ədəbiyyat işi ilə yanaşı həmişə "Şərq qapısı" səhifələrində özünə yer tapmışdır. Müəyyən dövr ərzində "Şərq qapısı" qəzetində ədəbiyyatşünaslıq işi yazıçı və şairlərin yubileyləri ilə əlaqədar çap edilən yazılarla məhdudlaşdırılmışdır. Lakin əksər hallarda "Şərq qapısı"nda bu regionda yaşayıb-yaratmış yazıçıların həyatı və yaradıcılığının əhəmiyyətli məqamlarına, açılmamış naməlum səhifələrinə geniş yer ayrılmışdır. "Şərq qapısı" qəzeti Naxçıvanda yaşayıb-yaratmış sənətkarları öyrənmək üçün ən mötəbər mənbədir. Qəzetdə yeni kitablar və tamaşalar haqqında verilən materiallar regionda ədəbi tənqidin inkişafına şərait yaradır. XX yüzillikdə və müasir mərhələdə Naxçıvanda formalaşmış tənqidçi və ədəbiyyatşünaslar da "Şərq qapısı"na borclu və minnətdardırlar. Tanınmış tənqidçi və ədəbiyyatşünaslardan Lətif Hüseynzadə, Yavuz Axundlu, İsa Həbibbəyli, Məhərrəm Cəfərli, Hüseyn Həşimli, Əsgər Qədimov, Elbəyi Maqsudov, Fərman Xəlilov, Yusif Səfərov, Seyid Surə, İman Cəfər, Seyfəddin Eyvazov, Əbülfəz Əzimli, Ramiz Qasımov və başqaları "Şərq qapısı" məktəbinin mühitində yetişib formalaşmışlar. Tanınmış tarixçi və arxeoloq alimlər, dilçilər və təbiət elmlərini təmsil edənlərin də inkişafında "Şərq qapısı" qəzeti xüsusi yer tutur. Akademik İsmayıl Hacıyev, Tariyel Talıbov, Qadir Qədirzadə, Hacı Fəxrəddin Səfərli, Əbülfəz Quliyev, Zəhmət Şahverdiyev, Sevindik Vəliyev, Vəli Baxşəliyev, Ağarza Rüstəmov, Musa Quliyev, Emin Arif, Nazim Bababəyli, Qadir Əliyev və onlarla başqaları da "Şərq qapısı"ndan çıxmış, böyük elmə vəsiqə almışlar. Xüsusən, son illərdə Naxçıvan Dövlət Universitetində və Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsində elmin müxtəlif sahələrinin inkişafı öz növbəsində "Şərq qapısı" qəzetində elmi materialların və informasiyaların meydanının nəzərə çarpacaq səviyyədə genişlənməsinə təkan vermişdir. Beləliklə, "Şərq qapısı" muxtar respublikada elmi məktəb funksiyalarını da yerinə yetirir.

 

Azərbaycan mətbuatının "Şərq qapısı" jurnalistika məktəbi də mövcuddur. Qəzetçilikdə klassik ənənə ilə müasirliyin vəhdəti "Şərq qapısı" jurnalistika məktəbinin özünəməxsusluğunu müəyyən edir. Müxtəlif nəsillərdən olan qəzetçilərin dinc yanaşı yaşayıb işləməsi ilə bərabər, gəncliyin üstünlük qazanması "Şərq qapısı" jurnalistika məktəbinin simasını əks etdirir. "Şərq qapısı"na əlavə kimi nəşr olunan "qəzet içində qəzet"lər yeni dövr Azərbaycan jurnalistikası üçün cəlbedici və orijinal hadisədir. Fotoya yaradıcı münasibət, fotolarla zamanın gedişatını əks etdirmək marağı da "Şərq qapısı"nda sənətkarlıq səviyyəsindədir. Arabir karikaturalar çap etməsi də "Şərq qapısı"na rəngarənglik gətirir. Nəhayət, çoxprofilli olmaq, yəni cəmiyyət həyatının demək olar ki, bütün əsas sahələrini əks etdirmək "Şərq qapısı" qəzetində çalışan jurnalistin ən azı bir neçə sahə üzrə ixtisaslaşması zərurətini meydana çıxarır. Və ən başlıcası dövlətçilik xəttinin qəzetin aparıcı istiqamətini müəyyən etməsi ilə "Şərq qapısı" müstəqil dövlətçilik ideallarının carçılarından birinə çevrilmişdir.

 

Muxtar Respublikanın mətbuat orqanı olan "Şərq qapısı" qəzetinin adı və mövqeyi regional funksiyaları deyil, böyük strateji mənaları ifadə etdiyi üçün Sovet dövlətinin ən yüksək dairələrini düşündürməli olmuşdur. XX əsrin əvvəllərində "Şərq qapısı" adı SSRİ-nin Şərq siyasətinə uyğun gəldiyinə görə məqbul sayılaraq qəbul edilmişdir. Əslində isə qəzetə verilən ad bu mətbuat orqanını yaradanların uzaqgörən baxışlarının ifadəsi idi. "Şərq qapısı" adında Azərbaycanın qonşu ölkələrlə münasibətlərində Naxçıvan Muxtar Respublikasının rolu və yeri məsələsi öz əksini tapmışdır. Bundan başqa, "Şərq qapısı" sözü keçən əsrin əvvəllərində bolşeviklərin Ermənistan dövləti yaratmaq üçün Zəngəzuru Azərbaycandan zorla qoparmaqla ölkənin əsas ərazisindən təcrid edilmiş Naxçıvanın Şərq tərəfdən olan dayaqları - Türkiyə və İran mənasını da ifadə edirdi. Bu ad Sovetlər İttifaqının rəhbərliyindəki Naxçıvan ərazisinə Ermənistanın maraqları bucağından baxan qüvvələrə də cavabın ifadəsi idi. Bütün bunlardan başqa, həm də artıq XX əsrin yetmişinci illərində Naxçıvan Muxtar Respublikasının yaxın xarici türk-müsəlman dövlətləri ilə, həmin ölkələrdə yaşayan azərbaycanlı əhali ilə əlaqələri ehtimalı Sovet rejiminin Şərq siyasəti ilə üst-üstə düşmürdü. Analoji proseslər Orta Asiya respublikalarında mövcud idi. Ona görə də Sovet hökumətinin Azərbaycanda və Özbəkistanda çıxan yerli qəzetlərin həm də rus dilində eyni adla çap edilməsi haqqındakı bəhanə xarakterli qərarına əsasən "Şərq qapısı" qəzeti 30 oktyabr 1979-cu ildən "Sovet Naxçıvanı" adı ilə hər iki dildə nəşrini davam etdirməli olmuşdur.

 

Geniş məna daşıyan "Şərq qapısı" əvəzinə müəyyən olunmuş "Sovet Naxçıvanı" adı sosialist ideologiyasının təbliğinə xidmət edən format kimi mövcud rejimin prinsiplərinə daha çox uyğun gəlirdi. Lakin adının dəyişməsinə baxmayaraq, qəzetin yaradıcı kollektivi "Şərq qapısı"nın ənənələrini qoruyub saxlamış və daha da inkişaf etdirmişlər. Rus dilində çıxan "Sovetskaya Naxiçevan" qəzetindən isə yalnız ideoloji tribuna kimi yox, həm də Muxtar Respublikanın daha geniş miqyasda tanıdılması üçün istifadə edilmişdir. Yerli ziyalıların səyləri ilə nəhayət 1989-cu ildə "Şərq qapısı" adı yenidən bərpa olunmuşdur.

 

"Şərq qapısı" qəzetinin nəşri tarixində 1990-cı ildə daha bir tarixi addım atılmışdır. Yaxın tariximizdən məlum olduğu kimi, 19 yanvar 1990-cı ildə SSRİ dövlətinin dəstəyi ilə Ermənistan SSR Naxçıvan Muxtar Respublikasını işğal etmək niyyətini həyata keçirmək məqsədilə Muxtar respublikanın ərazilərinə geniş miqyaslı hərbi hücumlar təşkil etmişdir.

 

Sovet dövlətinin rəhbərliyindən heç bir dəstək ala bilməyən yerli əhalinin tələbi ilə 20 yanvar 1990-cı ildə Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının Ali Soveti həm də Bakıda baş vermiş qanlı hadisələrə etiraz əlaməti olaraq Naxçıvanın SSRİ-nın tərkibindən çıxması haqqında qərar qəbul etmişdir. "Şərq qapısı" qəzeti həmin qərarı çap etməklə müstəqil Naxçıvan Muxtar Respublikanın mətbuat orqanı funksiyasını həyata keçirmişdir. 1990-cı ilin yanvar-fevral aylarında "Şərq qapısı" qəzetinin 8 sayı o zaman bütün qəzetlərdə məcburi şəkildə yazılan "Bütün ölkələrin proletarları, birləşin" şüarı ilə deyil, "Birlik və demokratiya uğrunda" çağırışlı başlığı ilə çap olunmuşdur. Bu, təkcə "Şərq qapısı" qəzetinin yox, XX əsr sovet mətbuatının tarixində nadir hadisədir. Beləliklə, 1990-cı ildə "Şərq qapısı" Azərbaycanda ilk müstəqil qəzet kimi nəşr edilmiş, ölkənin və xalqın milli maraqlarına xidmət göstərmişdir.

 

"Şərq qapısı" qəzetinin senzura nəzarəti olmadan çıxan həmin tarixi saylarında Naxçıvan Muxtar Respublikasının konstitusiya hüquqlarının müdafiəsi, torpaqların işğaldan qorunmasını təşkil etmək üçün əhalinin səfərbər edilməsi, vətənpərvərlik çağırışlarının xalqa çatdırılması, çaşqınlıq, təxribat yaratmaq niyyətlərinə ayıq-sayıq baxış kimi aktual məsələlər öz əksini tapmışdır. Eyni zamanda, həmin dövrdə "Şərq qapısı" qəzeti Bakıda qanlı 20 Yanvar hadisələri zamanı Sovet ordusu qüvvələri tərəfindən susdurulmuş, fəaliyyətinə qadağa qoyulmuş ölkə mətbuatının da funksiyalarını yerinə yetirərək, faciəli Azərbaycan həqiqətlərinin xalqa və qonşu ölkələr vasitəsilə dünya ictimaiyyətinə çatdırılmasına şərəflə xidmət etmişdir.

 

Azərbaycan Respublikası dövlət müstəqilliyi qazandıqdan sonra "Şərq qapısı" qəzeti xalqımızın milli dövlətçilik və maarifçilik yollarındakı tarixi hünərini, zəfərlərini və böyük əzmini salnaməyə çevirməkdə davam edir. Azərbaycan mətbuatının tarixində və müasir inkişafında xüsusi yer tutan "Şərq qapısı" qəzetinə müstəqillik dövründə Səxavət Kəngərli, Məmməd Məmmədov, Rabil Kətanov redaktorluq etmişlər. Rabil Kətanov "Şərq qapısı" qəzetinin ideya-siyasi xəttini qoruyub saxlamış, qəzetin informasiya imkanlarını genişləndirmişdir. Məmməd Məmmədov "Şərq qapısı" publisistika məktəbinin yaradıcısıdır. Məmməd Məmmədovun redaktorluğu dövründə "Şərq qapısı" qəzetinin inkişafında yeni mərhələ formalaşmışdır. Peşəkar publisistika bu mərhələnin əsas xarakterini müəyyən edir. Bu dövrdə jurnalistika janrlarından geniş şəkildə istifadə olunmuşdur. Məmməd Məmmədovun "Şərq qapısı" qəzetində çıxan publisist məqalələri həm də respublika mətbuatında çap olunmuş, rəğbətlə qarşılanmışdır. Məmməd Məmmədov ölkə miqyasında peşəkar publisistikanın əsas təmsilçilərindən biri kimi tanınmışdır. Bu illərdə "Şərq qapısı" qəzetinin əlavələri kimi çap olunmuş "Nəqşi-Cahan" və "Gəmiqaya" qoşa səhifələri Azərbaycan mətbuatı tarixində "qəzet içində qəzet" formatında meydana çıxmış qiymətli örnəklərdir. Hazırda "Şərq qapısı" qəzeti tutduğu şərəfli yolu uğurla davam etdirir. Davamlı ənənələrin daha da inkişaf etdirilməsi və müasirlik "Şərq qapısı" qəzetini daim irəli aparır.

 

"Şərq qapısı" məktəbi anlayışı ilk növbədə bu qəzetin mühitində yetişib-formalaşan yaradıcı nəsilləri əhatə etməklə bərabər, həm də muxtar respublikada yeni mətbuatın da formalaşması və inkişafına yol açan, işıq salan lokomotiv mənasını daşıyır. Naxçıvan Muxtar Respublikasının rayon mətbuatı "Şərq qapısı" qatarının ardıcıllarıdır. "Şərq qapısı" bu böyük mətbuat qatarının qoşa relsləri kimi diyarın mətbuatının istiqamətləndirilməsi missiyasını çiyinlərində aparır.

 

Naxçıvan Dövlət Universitetinin orqanı kimi çap edilən "Fikir" qəzeti muxtar respublikada ali məktəb mətbuatının ilk nümunəsidir. Son illərdə "Yeni fikir" adı ilə çıxan bu qəzet Azərbaycan ali məktəb mətbuatının inkişafında yeni addımdır.

 

Müstəqillik illərində Naxçıvan Muxtar Respublikasında ölkəmizin ən mükəmməl mətbəə-poliqrafiya bazası yaradılmışdır. "Şərq qapısı" qəzeti və rayon qəzetləri həm də yüksək poliqrafik səviyyədə çap edilib oxuculara çatdırılır.

 

Mənim "Şərq qapısı" qəzeti ilə ünsiyyətim ibtidai məktəbdə oxuduğum illərdən başlanır. Atam, Şərur rayonundakı Danzik kənd məktəbinin müəllimi Əkbər Həbibbəylinin hər il abunə yazıldığı və mənim oxuduğum qəzetlərdən biri   "Şərq qapısı" olub. Mən hələ Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Naxçıvan filialının birinci kursunda oxuyarkən "Şərq qapısı" qəzetində "Həkimsiz tibb məntəqəsi" adlı məqalə (13.XII.1967) ilə çıxış etmişdim. Gənclik həvəsindən doğan ilk bədii yazılarım - "Dünya vəfasız deyil", "Mənim səhvim" şeirləri (18.V.1968) "Şərq qapısı" qəzetində dərc olunub. Mən ilk dəfə elmi məqalə yazmağın sevincini də "Şərq qapısı" qəzetində dərc olunan "Naxçıvan tərənnüm olunur" adlı məqalə (04.II.1969) ilə yaşamışam. Nəhayət, elmi-ədəbi tərcümeyi-halımın mühüm hadisələrindən biri hesab etdiyim "Arpaçayı daşa bilməz" adlı vəznli sərbəst üslubda yazılmış esseni də birinci olaraq tam halda "Şərq qapısı" qəzeti (15.XI.1970) ictimai həyatın geniş meydanına çıxarıb. Göründüyü kimi, mən hələ 1967-1971-ci illərdə "Şərq qapısı" qəzetində müxtəlif janrlarda çap etdirdiyim yazılarla ciddi yaradıcılıq və axtarış məşqləri keçmişəm. "Şərq qapısı" sözün həqiqi mənasında mənim qələm vərdişləri məktəbim olub. Hətta mən tələbəlik illərində tələbə təqaüdündən bir qədər çox olan qonorarın sevincini də, bərəkətini də "Şərq qapısı" qəzetinin  "səxavəti" sayəsində dadmışam.  Digər qəzet və jurnallara məni aparan yol da "Şərq qapısı"ndan keçib. Gənclik illərində "Şərq qapısı"nda yazı-pozu vərdişləri qazanandan sonra sonra geniş mənada respublika miqyasında mətbuat dünyasına çıxmağa özümdə cəsarət tapmışam. Sözün həqiqi mənasında "Şərq qapısı" mənim üçün mətbuat dünyasına açılan qapıdır. Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Naxçıvan filialında keçən tələbəlik dövrümdə onlarla elmi xarakterli yazılarım "Şərq qapısı" qəzetində dərc olunub. Beləliklə, elm fəaliyyətimdə ağırlıq qazanıb. Həyatımın bütün mərhələlərində "Şərq qapısı" qəzetində elmi məqalələrimi böyük həvəslə çap etdirmişəm. Elm sahəsində keçdiyim inkişaf yolunu pillə-pillə izləmək üçün ən yaxşı göstərici "Şərq qapısı" qəzetidir. Bir çoxları kimi "Şərq qapısı" qəzeti mənim də elmi fəaliyyətimin həm güzgüsü, həm də salnaməsidir. Bütün bunlara görə "Şərq qapısı" qəzeti mənim taleyimdə əvəzsiz rol oynayıb. Mən elmə gələn yollarda və elmi fəaliyyətim dövründə qazandığım yazı vərdişləri,  təhlil və təqdim etmək bacarığı, müasirlik axtarışları üçün hər şeydən qabaq "Şərq qapısı"na minnətdaram. İndi Bakıda yaşayıb, Azərbaycan Milli Elmlər Akademiyasında çalışdığım illərdə də burada "Şərq qapısı" qəzetini alıb oxuyur, həyatımın, taleyimin bağlı olduğu bu doğma torpaqda sürətlə baş verən böyük dəyişikliklər, mühüm ədəbiyyat və mədəniyyət hadisələri barədə bu qəzet vasitəsilə çox şey öyrənirəm.

 

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin orqanı olan, Tural Səfərovun redaktorluğu ilə çap edilən "Şərq qapısı" qəzeti bu gün də Naxçıvan Muxtar Respublikasının canlı sözüdür. "Şərq qapısı"nın şriftlərində Naxçıvan diyarının ritmi döyünür. "Şərq qapısı"nda durmadan inkişaf edən, yeniləşən, müasirləşən günəşli Naxçıvan diyarının bu günü və daha parlaq sabahı aydın şəkildə ifadə olunur. "Şərq qapısı" ideyası və cəlbedici yazıları ilə Naxçıvanın mətbuat səmasında günəş kimi doğan qəzetdir. Bu qəzet onun hər sayını həyəcanla gözləyən insanları ifadə etdiyi mətləblərlə, canlı, təsirli sözü ilə işığa doğru aparır. İndi uzaqdan baxanda tərcümeyi-halımın çox bağlı olduğu və ilk yazılarımı çap etmiş "Şərq qapısı" qəzeti mənə məbəd kimi görünür. Yaxından nəzər salıb, "Şərq qapısı"nın təzə saylarını hər dəfə oxuduqda isə özümü qəzetdə haqqında söz açılan  hadisələrin içində, müəlliflərin yanında hiss edirəm. Artıq 95 yaşına gəlib çatmış, keşməkeşli və şərəfli yol keçmiş "Şərq qapısı" təkcə bu qəzetin müəlliflər kollektivi üçün deyil, çoxsaylı oxucuları üçün də gündəlik həyatın nəbzi və sabaha doğru düşündürməyi bacaran əhəmiyyətli mətbuat orqanıdır. Uzaqdan nəzər salanda "Şərq qapısı"nın yaradıcıları olan yaradıcı ziyalılar fədakar ziyalılıq nümunəsi kimi nəzərə çarpır. Yaxından oxuyanda isə "Şərq qapısı" yeni-yeni nəsillərin müəllimidir. Uzağa baxanda "Şərq qapısı" həm zəngin və qiymətli salnamə, həm də etibarlı bələdçi kimi əhəmiyyətlidir. Yaxından və uzaqdan bir yerdə baxanda isə "Şərq qapısı" köklə, başlanğıcla zirvə arasında daim hərəkətdə olan Zamandır. "Şərq qapısı" qəzeti Zamanı Zamana daşımaq missiyasını şərəflə və məsuliyyətlə həyata keçirməkdə davam edir.

 

Beləliklə, Azərbaycan ədəbiyyatının "Şərq qapısı" səhifələri olduğu kimi, elmimizin də "Şərq qapısı"  salnaməsi və istiqaməti vardır. "Şərq qapısı" böyük elmin və ədəbiyyatın, maarifçiliyin və publisistikanın açıq və işıqlı bir qapısıdır. "Şərq qapısı"nda ötən illər ərzində çap olunan ciddi elmi məqalələrdən çoxcildlik bir külliyyat hazırlamaq mümkündür. Ümumiyyətlə, əgər belə demək mümkündürsə, "Şərq qapısı" ədəbiyyatı əsasında Azərbaycan ədəbiyyatının neçə-neçə antologiyasını hazırlamaq olar. Elə tanınmış alimlərimiz və ədiblərimiz var ki, onların "Şərq qapısı"nda çıxan əsərlərini bir yerə toplasan, bir neçə cild alınar. "Şərq qapısı" uzun illər ərzində yazmağa-yaratmağa, oxuyub-öyrənməyə stimul vermiş, zəmin hazırlamış, meydan açmışdır.

 

Naxçıvan diyarının inkişafının bütün mərhələlərini öyrənmək baxımından "Şərq qapısı"ndan mötəbər mənbə tapmaq çətindir. "Şərq qapısı"nın çoxcildlik külliyyatlarında Naxçıvanın taleyini, müqəddəratını, həyat ahəngini, çətinliklərini və uğurlarını yaşadıb nəsildən-nəslə çatdıran sanballı salnamələr yaşayır. "Şərq qapısı" - oxucuları üçün həm də böyük və etibarlı bələdçidir. Sabaha gedən çoxşaxəli yolların üfüqlərini də "Şərq qapısı"ndan baxanda aydın şəkildə görmək olar. Bu gün "Şərq qapısı" cəmiyyətlə ziyalı mövqeyini uzlaşdıran, milli maarifçilik amalına məsuliyyətlə xidmət edən, inkişafa və müasirləşdirməyə işıq salan mətbuat orqanı olmağın dərslərini uğurla yaşamaqda davam edən ciddi və əhəmiyyətli qəzet kimi özünəməxsus nüfuz qazana bilmişdir.

 

"Şərq qapısı"nın böyük tarixi ənənələrə malik olan bir diyarın adını daşıması məsuliyyət, Naxçıvanın sözçüsü olması isə şərəf işidir.

 

"Şərq qapısı" qəzeti mükəmməl bir müasir poliqrafiya bazasına malikdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun "Şərq qapısı" redaksiya-nəşriyyat kompleksi üçün inşa etdirdiyi möhtəşəm bina mükəmməl bir mətbuat abidəsidir. Çoxmərtəbəli "Şərq qapısı" mətbuat abidəsi Muxtar Respublikada sözə, yaradıcı təfəkkürə, intellektual düşüncəyə, ziyalılığa, mətbuata dövlət səviyyəsində verilən qiymətin əməli ifadəsidir. "Şərq qapısı"na yaradılan geniş imkanlar müasir mərhələdə yaradıcılıq fəaliyyətinə açılan böyük qapılardır. "Şərq qapısı" qəzetinin çap olunduğu "Əcəmi" Nəşriyyat-poliqrafiya kompleksi ölkəmizin mətbəə-nəşriyyat sektorunda yüksək rəqabət imkanlarına malik olan, bütün növ çap məhsullarını (kitab, jurnal, qəzet və s.) ən müasir səviyyədə istehsal edə bilən mətbuat evidir. Bu yeni tipli çapxananın daha da inkişaf etdirilməsi muxtar respublika rəhbərliyinin daim diqqət mərkəzindədir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun 2016-cı ilin oktyabr ayında təqdimat mərasimində iştirak etdiyi ən müasir çap-mətbəə çap avadanlıqlarının istehsal proseslərinə daxil edilməsi ilə "Əcəmi" Nəşriyyat-poliqrafiya bazası ölkədə bu sektor üzrə fərqli geniş imkanlar qazanmışdır. Belə ki, nəşriyyatda Avropa ölkələrində istehsal olunmuş KABA-75-4 markalı B2 formatlı ən müasir ofset çap maşını, rəqəmsal monoxron yüksəksürətli rizoqraf qurğusu, professional tamrəngli çoxfunksiyalı rəqəmsal mətbəə avadanlığı və soyuq laminasiya texnologiyası quraşdırılaraq istehsal dövriyyəsinə daxil edilmişdir. Bütün bunlar muxtar respublikada ən yüksək səviyyədə kitab və jurnal çapı ilə yanaşı, ilk növbədə "Şərq qapısı" qəzeti üçün də yaradılmış böyük imkanlardır.

 

"Şərq qapısı" qəzeti müstəqillik dövrünün yüksək tələblərinin işığında milli mətbuatın inkişafı yollarında inamla irəliyə doğru inkişaf etməkdə davam edir.

 

"Şərq qapısı"nın 95 yaşı ölkəmizdə mətbu sözün, milli maarifçiliyin, ziyalılığın, qələmlə ifadə olunan yaradıcı əməlin şərəfli tarixi və layiqli təntənəsidir.

 

Mübarək olsun!

 

 

İsa HƏBİBBƏYLİ

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri, akademik

 

525-ci qəzet.- 2016.- 11 noyabr.- S.4;6