Zamanların
mozaikası: hadisələr və şəxsiyyətlər
(Əvvəli
ötən şənbə sayımızda)
Roma bütün İtaliyada ağalığını
qurduqdan sonra tez ya gec Qərbi Aralıq dənizinin ən iri
dövləti olan Karfagenlə toqquşmalı idi.
Onların münaqişəsi Siciliya uğrundakı
mübarizədən yarandı. Birinci Puniya müharibəsində
(b.e.ə. 264-241-ci illər) Roma donanma qurub, güclü dəniz
dövlətinə çevrildi. Hannibalın
İspaniyadan və Alp dağlarından keçərək
İtaliyaya girməsi ikinci Puniya müharibəsinə (b.e.ə.
218-201-ci illər) səbəb olmaqla, Romanı məhv olmaq həddinə
gətirib çıxardı. Lakin
Karfagenin Hannibala kömək göstərməkdən imtina
etməsi, həm də Romanın hərbi gücü və
italiklərə qarşı çevik siyasət aparması
Romaya öz rəqibini darmadağın etməyə və Qərbi
Aralıq dənizində ağaya çevrilməyə kömək
etdi. Karfagen məhv edildikdən sonra Roma ellinist dövlətlərin
mübarizəsinə müdaxilə etdi və Yunanıstan
şəhər-dövlətlərini işğal etməyə
başladı. Şərqi Aralıq dənizi
sahillərində isə Parfiyanın nüfuz etmə cəhdi
ilə toqquşmalı oldu. Müharibələr
və siyasi ittifaqlar hesabına Roma bütün ellinist dövlətlərini
Roma dünya dövlətinin tərkibinə daxil etdi.
Roma böyüməkdə davam edirdi. Onun ərazisinin
genişlənməsi daxili böhrana gətirib
çıxardı. Polis quruluşundan
qalxmış respublika icra hakimiyyətinin zəifliyindən
dünya dövlətini idarə etməyə qadir deyildi.
Romada hətta vergi yığmaq
üçün xidmət yox idi - onu ayrı-ayrı varlı
vətəndaşlar yığırdılar, xəzinəyə
öz pullarını qoyur, sonra isə lazım olan məbləği
əyalətlərin sakinlərindən toplayırdılar.
Uzun sürən müharibələrin
gedişində döyüşçü-əkinçilər
öz torpaq paylarını itirirdilər, bu torpaqlar
varlıların mülkiyyətinə keçirdi. Yoxsullaşmış kəndlilər paytaxta
axışır, orduya əsgər yığılması
azalırdı. Qrakx qardaşlarının
b.e.ə. II əsrin sonundakı aqrar islahatı, kasıblara
torpaq vermək hesabına qoşunlara
çağırışların sayını artırmaq cəhdi
həyata keçmədi. Sərkərdə
Qay Mari vəziyyəti düzəltmək üçün
könüllü vətəndaşlardan təşkil
olunmuş ordunu professional qoşunla əvəz etdi. Sosial ziddiyyətlər və vətəndaş
müharibələri Roma dövlətinin gücünü
sarsıdırdı. Sərkərdə
Lutsi Korneli Sulla nobilitetin ağalığını bərpa
etməyə çalışdı. Orduya
arxalanaraq o, diktatura rejimi qurmaqla b.e.ə. birinci rübündə
xalq yığıncağının hakimiyyətini məhdudlaşdırdı.
Bu vaxtdan etibarən təkbaşına hakimiyyətə can
atan siyasətçilər özlərinə sədaqətli
olan qoşuna, əyanların və ya xalqın dəstəyinə
ümid edirdilər.
Bu, bütünlüklə sərkərdə Qney Pompeyə də aid idi. O, İspaniyanı sakitləşdirərək Aralıq dənizini dəniz quldurlarından təmizləyib və Şərqdə Romanın ağalığını qurub, dövlətdə ən nüfuzlu siyasətçiyə çevrildi. O, Romada təkbaşına ağalıq edirdi, lakin konstitusiyaya zidd çıxmırdı. Lakin senat əyanlarının Pompeyə qarşı açıq düşmənçiliyi birinci triumviratın - senat əleyhinə olan Krass, Pompey və Yuli Sezarın senat koalisiyasının meydana gəlməsinə səbəb oldu. Onların hər biri bu məsələdə öz məqsədlərini güdürdü. Sezar bütün Qalliyanı işğal edib, Romada öz nüfuzunu möhkəmləndirdi. Krassın ölümündən və Pompeyin senat tərəfə keçməsindən sonra Sezar ona sadiq olan legionlara arxalanıb, öz əleyhdarlarını darmadağın etdi və Romada təkbaşına hakimiyyət qurdu. Ömürlük diktator elan edilən Qay Yuli Sezar çar hakimiyyətini qurmağa gedirdi. Sezarın siyasətindən narazı olan senatorlar Brutun və Kassinin başçılığı altında qəsd hazırladılar. Sezar b.e.ə.44-cü ildə qətlə yetirildi. Bu, növbəti vətəndaş müharibələri dalğasının yaranmasına səbəb oldu. Nəticədə ikinci triumvirat yarandı, ona Sezarın götürmə oğlu Oktavian və keçmiş hərbi xadimlər Mark Antoni və Emil Lepid daxil oldular. Müxalifəti darmadağın etdikdən sonra Oktavian b.e.ə. 31-ci ildə Aktsi burnu yanında Mark Antonini də tar-mar etdi və Roma dövlətində təkbaşına hakimiyyət qurdu. Lakin Sezardan fərqli olaraq o, bunu gizli şəkildə etdi. Senat ona fəxri Avqust titulunu və ali hərbi hakimiyyəti verdi. Lakin respublika bərpa olunmadı, onun yerinə imperiya gəldi. Printsepsin təkbaşana idarəçiliyi forması respublikanizmin zahiri əlamətlərini saxlayırdı və printsipiat adlanırdı. Printsipiatın iki əsri ərzində üç sülalə: Yuli - Klavdilər, Flavilər və Antoninlər dəyişildi. Kaliqula, Neron və Domitsian kimi printseplərin hakimiyyəti qəddarlıqla və senatı, həmçinin siyasi əleyhdarları nüfuzdan salmaq və onlara divan tutmaq qaydası ilə əlamətdar oldu.
Kaliqula (hərfi mənada Çəkməcik) imperator taxt-tacına 37-ci ildə çıxmışdı. Onun atası imperator Tiberinin qohumu və götürülmüş oğlu idi. Öz hökmranlığının başlanğıcında Kaliqula çox populyar olsa da, onun qeyri-məhdud hakimiyyətə can atması, özünə allah kimi sitayiş edilməsini tələb etməsi, ağılsız siyasi qərarları senatın və pretorianların narazılığına səbəb oldu.
O, getdikcə hamıdan daha çox şübhələnirdi.
Ona görə
də repressiyalara başladı. Kaliqula özünə
yaramayan adamlardan yaxasını qurtarmaq üçün
“dövlət canilərinə” qarşı proseslər təşkil
etdirirdi. Müasirləri həm də onu
öz doğma bacılarına olan ehtirasına, onlarla insest əlaqəsinə
görə məhkum edirdilər. İntim
yaxınlıq etdiyi bacısı Yuliya Druzillanı
ölümündan sonra ilahiləşdirmişdi.
Çoxları onu dəli sayırdı. 40-cı ildə
Kaliqula gözlənilmədən Qalliyaya gəlib
çıxdıqda, ordunu balıqqulağı
yığmağa göndərmişdi. İdarəetmənin
tiranik qaydada olması, ümumi şübhəlilik şəraiti
(hətta qullara icazə verilmişdi ki, öz ağaları
barədə çuğulçuluq etsinlər) axırda ona gətirib
çıxartdı ki, imperatora qarşı sui-qəsd təşkil
edildi və Kaliqula 29 yaşında qətlə yetirildi. Onun
imperatorluğu heç tam dörd il də
çəkmədi.
Kaliquladan sonra imperator olan və namussuzluq simvoluna
çevrilən Klavdinin arvadı Messalina əxlaqsız
davranışı ilə ad çıxarmışdı, həm
də öz ərinə onun çox güclü təsiri var
idi. Əri
Romada olmayanda o, bir gənc senatora ərə getməklə,
sağ ərinin vaxtında başqası ilə
nikahını toyla qeyd etmişdi.
Uşaqlıqdan xəstə olan Klavdini qohumları kəmağıl
sayırdılar. Lakin dilləri öyrənməkdə,
Roma hüququnu və tarixini bilməkdə uğur
qazanmışdı. Ancaq onun şəxsi
həyatı heç də uğurlu deyildi. Üçüncü arvadı olan Messalina əxlaqsızlığına
görə biabırçı şöhrət
tapmışdı, əri şəhərdə olanda
başqasına ərə getdiyinə görə qətlə
yetirilmişdi. Bundan sonra Klavdi doğma
qardaşı qızı kiçik Aqrippinaya evlənmişdi.
Bu qadın gələcək imperator Neronun
anası idi və taxt-tacın oğluna çatması
üçün Klavdini zəhərləyib
öldürmüşdü.
54-cü ildə Neron imperator oldu. İyrənc
hərəkətlərinə görə Neron öz sələfləri
Kaliquladan və Klavdidən geri qalmırdı. Taxt-taca onun köməyi ilə çıxdıqdan
sonra Neron öz anası, hakimiyyət pərəstişkarı
olan Kiçik Aqrippinanı öldürtmüşdü.
Həmçinin İisus Xristosun 12 apostolundan biri olan Pyotr da (bu adı ona İisus vermişdi, yunan dilində “daş, qaya” deməkdir, əsl adı isə Simon idi) Neronun hakimiyyəti dövründə xristianların təqib edilməsi vaxtı öldürülmüşdü. O, əzablı ölümlə dünyadan köçmüşdü, başıaşağı çarmıxa çəkilmişdi, çünki özünü Xristos kimi ölməyə layiq bilməmişdi. Katolik kilsəsi geniş ərazilərdə yeni dini təbliğ etmiş Pyotru xristianlığın birinci yepiskopu elan etmişdi. Elə bu vaxt uzun məhbəs həyatından sonra apostol Pavel də edam edilmişdi. 64-cü ildə Romada böyük iğtişaş baş verərkən, Neron günahı Romadakı xristian icmasının üstünə yıxmağı əmr etmişdi. Neron haqsızlığı, səfehliyi, senata qarşı cinayətkar hərəkəti ilə imperator hakimiyyətinə qarşı getdikcə artan narazılıq yaratmışdı. Roma kübarları nəslinin nümayəndələrini edam etdirmişdi. Bunlar ona qarşı üsyan qaldırılmasına gətirib çıxarmışdı. Üsyan başlandıqdan sonra və senat onu məhkum etdiyinə görə, Neron özünü intihar etdi. Neronun ölümü ilə Yuli - Klavdilər sülaləsi kəsildi.
Domitsian isə atası Vespasiandan və qardaşı Titdən sonra imperator olmuşdu. O da daxili siyasətdə müxalifətlə mübarizədə bəzilərini edam etdirir, digərlərini isə sürgünə göndərirdi. Böyük xərclərə səbəb olan tamaşalar təşkil etməklə şöhrət tapmışdı, buna görə də xəzinə boş idi.
“Çörək və tamaşa” Romada çoxdan vacib şüar kimi səslənirdi, bununla əhalinin kasıb hissəsini sakitləşdirməyə nail olurdular. İmperator Vespasian dövründə tikilmiş Flavilər amfiteatrı olan Kolizey indiyədək qalır. Bu bina 50 min tamaşaçı tuturdu və burada bütün 45 Roma ictimai bayramlarında qurbanlar kəsilir, qladiator döyüşləri keçirilirdi. Döyüş ölümcül gedirdi, uduzan öldürülürdü. Bu döyüşlər əvvəllər allahların şərəfinə təşkil edilsə də, sonralar romalıların sevimli əyləncəsinə çevrildi.
Nəcib imperatorlar olan Antoninlərin dövründə Roma imperiyası xeyli inkişaf etdi, öz “qızıl dövrünü yaşadı, onun əraziləri daha da genişləndi. İmperator Trayanın dövründə, o, “oğulluğa götürülmüş” və əyalətdən - İspaniyadan çıxmış ilk imperator idi, daxili siyasət ona yönəlmişdi ki, işğal etdiyi torpaqlardan Romaya çoxlu vəsait axsın. İmperator əhalinin taxılla təchizatının yaxşılaşdırılmasına xüsusi qayğı göstərirdi, vergiləri azaltmışdı, ondan əvvəlki imperator Nervanın vaxtında təsis edilmiş az təminatlı vətəndaşların uşaqlarına maddi kömək göstərmək fondunu (bu, “aliment” adlanırdı) artırmışdı, dəbdəbəli tamaşalar düzəltdirir və səxavətlə ianələr verirdi. Onun dövründə geniş tikinti işləri aparılırdı, belə ki, Romada Trayan forumu, Ulpuan bazilikası inşa edilmişdi. Əyalətlərdə də çoxlu yollar çəkilmiş, körpülər, akveduklar, kanallar tikilmişdi. O, dakları məğlub edib, onların vətəni Dakiyanı əyalətə çevirdi və tezliklə romanlaşdırdı.
Akveduklar şəhəri, onun fəvvarələrini bol-bol su ilə təmin edirdi. Qədim romalılar haqlı olaraq deyirdilər ki, bizim akvedukları faydasız Misir piramidaları və yunan heykəlləri ilə müqayisə edin, görün onlar nə qədər xeyirlidir.
Yeni Dakiya əyalətini köçəri germanlardan və Asiya tayfalarından qorumaq üçün Prut çayı ilə Qara dəniz arasında mühafizə tədbirləri gördü. O, öz imperiyasına Ərəbistandakı Nabateya çarlığını əlavə etdi və Qırmızı dənizdən Suriyaya olan ticarət yoluna nəzarət qoydu. Parfiya ilə qalibiyyətli müharibəyə görə Parfiya taxt-tacına öz əlaltısı olan vassal çarı yerləşdirdi. İşğal etdiyi ərazilərdə Ermənistan, Assuriya və Mesopotamiya əyalətləri yaradıldı. İlk və axırıncı dəfə olaraq Mesopotamiya Roma imperiyasının bir hissəsinə çevrildi. Bu işğallar hesabına Roma imperiyası ən böyük ölçülərə yiyələndi. Makedoniyalı Aleksandrı təqlid edərək o, Hindistana yürüş etməyi nəzərdə tuturdu. Lakin xəstəlik onu İtaliyaya qayıtmağa məcbur etdi və o, yolda, Kiçik Asiyada öldü.
Trayan imperator hakimiyyətini daha da möhkəmləndirdi, dövlət idarələri şəbəkəsini genişləndirdi. Ordunu gücləndirib, əyalətlərə nəzarəti sərtləşdirdi. İmperatorun güclü hakimiyyətini nəzəri olaraq, filosof Dion Xrizostom və həmçinin ictimai xadim Kiçik Plini özünün “Panegirika” əsərində əsaslandırmışdılar. Axırıncı Vifiiniyada vali olanda Trayan onunla məktublaşırdı. Sonra gələn imperator Adrianın dövründə Romada 1 milyon adam yaşayırdı, onun tikinti fəaliyyəti şəhəri möhtəşəm məbədlərlə, idman və teatr binaları ilə, çoxmərtəbəli yaşayış evləri ilə dünya paytaxtına çevirmişdi. Roma arxitekturası hələ də yunan sənətinə istiqamətlənmişdi, lakin fərqli Roma arxitekturasında taxt-tavanlardan, yarımdairəvi alaqapılardan, qübbələrdən istifadə olunurdu. Adrian yunan və Roma elementlərini qarışdırıb Romada köhnənin yerində yenidən Panteon tikdi. Bu, yunan dəyirmi məbədi olub, az qala 50 metrə çatan qübbə ilə örtülmüşdü, qübbənin deşiklərindən işıq məbədin içəri hissəsinə daxil olurdu. Bu məbəd möhtəşəmliyi və sadə bəzəyi ilə adamları heyran qoyurdu. Panteon bir qədər dağılmış Kolizeydən fərqli olaraq, indiyədək qalır, burada artıq allahlar deyil, görkəmli xadimlər dəfn olundu, Renessansın görkəmli rəssamı Rafaelin qəbri də həmin məbəddə yerləşir.
(Ardı
var)
Telman
ORUCOV
525-ci qəzet.-
2016.- 12 noyabr.- S.22.