Heç məni demirsən...

 

"Molla Nəsrəddin" 110 il sonra" kitabından

 

 

 

Ömrüm boyu gördüyüm, eşitdiyim, tanıdığım növ-növ adamların içində ağıllı, istedadlı, mərifətli, məharətli, məlahətli, hərarətli, hünərli, təpərli bəzi insanların arasında hərdən-birdən, ara-sıra, nadir hallarda, istisna olaraq elələri də qarsıma çıxırdılar ki, nədən danışırsan danış, hansı mətləbə əl atırsan at, hansı məsələyə toxunursan toxun, mütləq gətirib çıxaracaq hara? Bəli, bəli, düz tapmısan - Özünə.

 

Bunun nəyi pisdi ki deyəcəksən. İnsan gərək ilk öncə özünü sevsin ki, sonra başqasını da sevə bilsin. Bir ər-arvad tanıyırdım, xoşbəxt ailə qurub düz otuz ildi bir yerdə can deyib can eşidə-eşidə yaşayırlar. Nədən? Çox sadə bir səbəbdən - hər ikisı otuz ildi eyni adamı sevirlər: arvad ərini, ər də özü özünü.

 

Əlqərəz dünən isti yay günü tər qoxusu gələn bir iclasdaydım. Natiqlər bir-birləri haqqında və ilk öncə də əlbəttə özləri özləri haqqında elə gözəl, bəlağətli tostlar deyirdi ki, Lermontov nədi, heç Puşkin də ömründə özü haqqında belə sözlər eşitməyib. Adamın ürəyi dağa dönürdü vallah, dünyanın hansı məmləkətində bir otağa bu qədər dahi yığmaq olar. Dahi olmayan bir tək mən idim o məclisdə, amma neyləməli, kimin alnında nə yazılıbsa, gərək ona qane olsun, öz taleyinlə barışmaqdan başqa nə çarən var ki? Mənimki də belə gətirib, dahilərlə bir otaqda nəfəs almaq özü elə bəxtəvərlik deyil nədi? Amma doğrusu, ətraf dahi olsa da nəfəs almaq bir az çətindi, isti, bürkü, pəncərələr bağlı, kondisioner bir həftədi xarab olub. Uzun sözün qısası, gördüm nəfəsim kəsilir, lap boğuluram, sədrdən üzr istəyib iclası yarımçıq tərk elədim. Bir az təmiz hava almaqçün bizim gün-gündən gözəlləşən, dünyada analoqu olmayan bulvarımıza gəldim. Elə saf dəniz havasını ciyərlərimə sümürürdüm ki, gördüm vaxtiylə qonşu olduğum şair bu da ha, qarşıma çıxdı. Hal-əhval, filan-beşməkan, hardan gəlirsən, hara gedirsən, nə var, nə yox, bir söz xeyli məzmunlu sözlər dedik bir-birimizə. Daha danışmağa mövzu qalmamışdı, susduq. Amma beləcə vidalaşıb ayrılmaq da nəzakətsizlik olardı. Bu mübhəm sükutu pozmaqçün: -havalar yaman isti keçir - dedim.

 

Şair qonşum dərhal:

 

- Hə, bildir elə bu vaxt Struqada şeir festivalında idim, -dedi - orda da hava çox istiydi. Özündən demək olmasın, orda çıxışım fövqəladə uğur qazandı. Toplaşanlar azı iki saat məni səhnədən buraxmırdılar. Qırx ölkədən gələn şairlər, hərə bir şeir oxudu, mən üç şeir və iki poema oxusam da yenə səhnədən getməyə qoymurdular. Həm də öz ana dilimizdə oxuyurdum. İndiyəcən heç bir əcnəbi şairin belə uğurunu görməmişdik - dedilər. Bu öz yerində.

 

Yenə bir müddət sükut çökdü. Doğrusu danışmağa söz tapmırdım, çünki mənim həyatımda heç vaxt belə əlamətdar hadisələr olmayıb və yəqin ki heç vaxt da olmayacaq. Amma beləcə səssiz-səmirsiz, kirimişcə ayrılıb getmək də yaxşı düşməzdi, həm də görürdüm ki şairin ürəyi doludur, ürəyini boşaltmağa girəvə axtarır. Baxdım ki, ətrafda sərçələr civildəyir.

 

- Sərçələr yaman çoxalıb bulvarda -dedim.

 

- Elədir -dedi şair - söz sözü çəkər, sərçə demişkən, eşitməmiş olmazsan, mənim “Qaranquşlar” poemam  dünyanın yetmiş bir ölkəsində, yetmiş iki dildə nəşr olunub. Özündən demək olmasın, eşitdiyimə görə elə Çində on beş dəfə bir milyard tirajla (axı əhaliləri çoxdur) çap edilib. Deyirlər hətta rəhmətlik Mao Tzedunun gecələr oxuduğu kitab imiş. Çjou Enlaya deyib ki, bu müəllifə mütləq Yaşıl Əjdaha ordeni vermək lazımdır. Heyf ki vaxtsız rəhmətə gedib, yerinə gələnlər də onun vəsiyyətinə əməl eləməyiblər. Belə olur da həyatda.

 

-Hər halda təbrik edirəm -dedim, -Maonun sənin kitabını gecələr oxuması böyük hadisədir.

 

-İndi niyə təbrik edirsən, Mao altmış ildi rəhmətə gedib.

 

-Amma mən axı bundan indi xəbər tutdum.

 

-Bəli, öz vətənində kimin qədrini biliblər ki, mənimkini də bilsinlər, belə xəbərləri xalqa vaxtında çatdırsınlar.

 

Elə bu zaman başqa bir tanışımın bizə tərəf gəldiyini gördüm. Vaxtıyla mənim dişimi müalicə edən həkim idi, bizə yanaşdı. Xoş-beş, on beş. Şairlə həkimi tanış etdim.

 

Həkim mənə baxıb:

 

-Amma dostum -dedi- çoxdandı görüşmürük, saçı yaman ağartmısan ha.

 

-Elə sənin də saçların əvvəlki kimi zil qara deyil-dedim.

 

-Demə, demə.. iki ay bundan qabaq Türkiyəyə getmişdim. Dünya stomatoloqlarının konfransına, Şərq dünyasından bir məni çağırmışdılar. Bəli, gördüm saçım yaman uzanıb, bir kuafora dəyim dedim. Getdim bərbərxanaya. Məni görən kimi bərbər soruşdu: məmleketin neresi? - Azərbaycandanam - dedim. Bərbər köksünü ötürdü: -Evet- dedi-duydum bunu, nə yazıq Türkiyədə artıq bu sayaq güzel saçlar yok.

 

Şair:

 

-Heç məni demirsiz, - dedi- mənim də saçlarıma yaman həsəd aparırlar. İtaliyada bir kinofestivalda Sofi Loren yanaşdı, nə sənə nə mənə, əlini çəkdi başıma: çao, çao bombino -dedi. Mat qaldım. Mənim Hirosima bombardımanı haqqında poema yazdığımı hardan bilmişdi? Bu da öz yerində.

 

Həkim:

 

-Bir ay bundan qabaq biri gəlmişdi. Üzü yaman şişmişdi, sağ yanağı az qala sağ qulağına yapışmışdı. Flyus. Gördüm dişi yaman gündədir, bu halda çəkmək olmaz.

 

 -Yox-dedi- beş həkimin yanında olmuşam, beşi də bir ağızdan dedilər ki, bu dişin, bu işin öhdəsindən gəlsəz  yalnız siz gələ bilərsiz. Day nə edim, kəlbətini götürüb saldım bu yazığın ağzına,bir dartdım çıxmadı, iki dartdım, çıxmadı. Biçarənin dad-bidadı ərşə qalxır. Axır ayağımı kresloya dirəyib var gücümlə çəkdim, üç diş birdən çıxdı. Demə üç dişin bir kökü varmış, mən ki bu qırx illik praktikamda belə şey görməmişdim. Göndərdim bu bir köklü üç dişi Nyu-Yorkdakı stomatoloji muzeyə. Bir həftədən sonra kağız gəldi ki, sizin işinizi (dişinizi) Hinnesin rekordlar kitabına təqdim etmişik. Buyurun gəlin Nyu -Yorka. Mer sizin şərəfinizə ziyafət vermək istəyir. Heyf gedə bilmədim.

 

Şair:

 

-Heç məni demirsən - dedi- məni də Dalay lama Tibetə dəvət eləmişdi, o vaxt hələ orda yaşayırdı, eyni vaxta Buanes-Ayresdən də dəvət almışdım, dəvətlər bir-birinə qarışdı, heç birinə gedə bilmədim.

 

-Elə dünən Avstraliyadan dəvət almışam, bilmirəm gedə biləcəm yoxsa yox, qaynımın nişanıdır tərs kimi. İştirak etməsəm arvad başımda tük qoymaz.

 

-Tük demişkən Parisdə çıxış edirdim, bir fransız alimi mənə yanaşdı ki, siz şeir oxuyanda hamının tükü biz-biz olmuşdu. Festivalda birinci yer alacaqdım, ermənilərin fitnə-fəsadı nəticəsində mükafatı monqola verdilər...

 

Diş həkimi:

 

-Ermənilərin başı batsın -dedi. Mənim London kral stomatoloji Akademiyasına namizədliyimi də onlar əngəlləmədimi?

 

-Heç məni demirsiz, ermənilər  dünya şöhrətimdən o qədər qorxur ki, adımı qətl edəcəkləri adamların siyahısına salıblar. Özü də birinci.

 

-Bəs məni demirsiz? Mənə də mötəbər mənbələrdən xəbər veriblər ki, o siyahıda birinci mənim adımdır. Bunu mənə bir gürcü dostum xəbər elədi. Gürcüstanın yarısı mənim dostlarımdır.

 

-Heç məni demirsiz, özündən demək olmasın, Gürcüstanın yarısı yox, hamısı mənim ən yaxın dostlarımdır. Deyirlər, rəhmətlik Şevarnadze ad günümdə mənə teleqram vurmaq istəyibmiş.

 

-Torpağı sanı yaşayasınız, Türkmənbaşı da məni nəvəsinin toyuna dəvət etmək niyyətində imiş, əcəl imkan verməyib. Yerinə keçən diş həkimi mənim köhnə dostumdur, deyir gəl Aşqabada, sənə bir yaxşı at bağışlayım.

 

-Siz onu deyirsiz, neçə ildir Nazarbayev də mənə xəbər göndərir ki, gəl səni qızımla evləndirim. Heyf vaxt eləyib gedə bilmədim, qız da eşitdiyimə görə daha gözləməyib, ərə gedib.

 

Tünlük və tərli iclasdan sonra, həm də belə istidə beynim dumanlanmışdı, odur ki danışıqları tam halda yox, ayrı-ayrı cümlələri, sözləri, adları eşidirdim:- “Heç məni demirsən”, “Özümdən demək olmasın”, “Bu da öz yerində” ...Alla Puqaçova, Yuri Qaqarin, Pele, Marqaret Tetçer, Roma papası, Cuna, Kassius Kley, Fidel Kastro, Arina Şarapova... adlar, adlar...

 

Adlardan az qala qulağım tutulur, gözüm qamaşırdı. Sevincimdən, fərəhimdən, qürurumdan yerə-göyə sığmırdım. Demə mənim də yaşadığım bu şəhərdə, mənim millətimdən, hətta mənim şəxsən tanışlıq şərəfinə malik olduğum bu iki nəfər bütün dünyanın əziz-xələfi, ən məşhur adamların, kralların və prezidentlərin, tanınmış artistlərin, şou ulduzların, çempionların, kosmonavtların, futbolistlərin, filatelistlərin, numizmatların, falçıların, idmançıların yaxını, əhbabı, çaşka-loşka dostu imişlər, bütün festivalların, yarışların, müsabiqələrin qalibi, konfransların, simpoziumların, elmi-tibbi seminarların parlaq ulduzu imişlər. Ona da heyfslənirdim ki, özlərindən başqa bunları bilən, deyən, yazan yoxdur. Paxılıq da, neyləməli, başqasının uğurunu gözümüz götürmür.

 

Tanışlarımın şöhrət, şan-şövkət yarışması başımı gicəlləndirdi. Dünyaca məşhur tanışımlarımı bir-biriylə şirin bəhsə-bəhs söhbətdə buraxıb aralandım. Öz uğursuzluğumdan, misginliyimdən, zavallılığımdan utana-utana, yazıq-yazıq xaneyi-xərabıma tərəf addımlamağa başladım. Uzaqdan mahnı səsi gəlirdi:

 

Elə yar, yar deyirsən

Heç məni demirsən...

 

Dedim bir qəzetləri vərəqləyim bəlkə eynim açılsın. Elə ələ aldığım ilk qəzetdə gözəl bir başlıq görüb fərəhləndim: “Sənətkarlarımız dünyanı fəth edir”. Bəli başladım oxumağa, görüm sənətkarlarımız dünyanı nə sayaq fəth edir... Demə dünyaca məşhur boyakarımız Heyran Ceyranbəyli xəbər verib ki, Romada rəssamlar akademiyası ona “Bütün dövrlərin və bütün xalqların ən böyük sənətkarı” adını vermək barədə müzakirə keçirmək fikrindədir. Ürəyim dağa döndü. Sonra da oxudum ki, canlı klassikimiz rejissor Valeh Məftunzadənin dediyinə görə, onun filminə ən yüksək mükafatı vermək üstündə Venetsiya və Kann festivallarının münsiflər heyəti arasında qızğın mübahisə düşüb.

 

Doğrusu sevincimin, qürurumun həddi-hüdudu yoxdu, amma bilmirəm hardan Mirzə Cəlil rəhmətliyin hələ 1909-cu ildə qələmə aldığı bir yazısı düşdü yadıma:

 

“Əbdülrəşid İbrahimov Yaponiyanın Tokio şəhərindən İstanbulda çıxan “Siratül-müstəqim” məcmuəsinə yazır ki, “mən Yaponiyada hər məclisdə hər gün nitqlər söyləyirəm. Yaponiya üləməsına mənim nitqlərim elə təsir bağışlayır ki, gündə bir neçəsi özündən gedir”. Aya görəsən Molla Əbdülrəşid bu nitqləri ingilis dilində söyləyir, yainki yapon dilində? Molla Əbdülrəşid nə ingiliscə bilir, nə yaponca və nə firəngcə. Və bu da aşkardır ki, bu üç dilin heç olmasa birini də bilməyən Yaponiya məclislərində hər nə danışsa qulaq verənlərin qulaqları taqqıldayacaq... Amma molla Əbdülrəşid İbrahimov bunu da bilir ki, Yaponiyadan yazdığı məktubları müsəlmanlar oxuyur, nəinki qeyri bir millət. Müsəlmanlara da nə yazsan, keçib gedər, ürəyini sıxma”.

 

Mahnı isə davam edirdi:

 

Elə yar-yar deyirsən,

Heç məni demirsən.

 

16 aprel 2015.

 

ANAR

Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri

 

525-ci qəzet.- 2016.- 12 noyabr.- S.15.