IV Bakı Beynəlxalq Teatr Konfransının yaşatdıqları  

 

 

 

 

İki gün davam edən IV Bakı Beynəlxalq Teatr Konfransı müxtəlif məruzələr, qonaqların minnətdarlıq dolu çıxışları, teatr, sənət mövzusunda polemikalar, seminarlar ilə yadda qaldı.

 

150 nəfərdən çox qonağın, daha artıq yerli teatr mütəxəssisinin, sənət adamının, ziyalıların qatıldığı tədbirlərin ayrı bir ab-havası vardı. Çağdaş dünyanı düşündürən, fərqli fikirlərə, müzakirələrə yol açan “Teatr və multikulturalizm” mövzusu bu konfransın əsas müzakirə predmeti idi. Plenar iclaslarda müxtəlif məruzəçilərin bu mövzu ətrafında çıxışları, müzakirələri, öz təcrübələrini bölüşmələri çox maraqlı idi.

 

Sənətşünas-alim, professor Məryəm Əlizadə “Multikultural dəyərlər sistemində Azərbaycan teatrı” adlı məruzəsində ölkəmizdə keçirilən bu konfransın mövzusunun təsadüfi olmadığını belə əsaslandırdı: “Multikulturalizmə alternativ yoxdur” - bu, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin səsləndirdiyi siyasi bəyanatdır və bu bəyanatın özünə də alternativ yoxdur. Bu həm də o deməkdir ki, çağdaş mədəniyyətin təməl prinsipi multikulturalizmdir. Multikultural dəyərlər sistemi universal dəyərlər sistemi ideyasını özündə cəmləşdirir. Bu dəyərlər sisteminin əsas prinsipi başqasının mövcudluğunu, onun mədəniyyətini qəbul etmək, üfüqi müstəvidə müxtəlif fərqli mədəniyyətləri yanaşı düzüb onların dialoqundan aktiv bəhrələnməkdir”. Daha sonra Məryəm xanım Əlizadə Azərbaycanda sənətin, ələlxüsus teatrın məhz bu prinsiplə inkişaf etməsini, ölkəmizdə anadilli teatrlarla yanaşı, müxtəlif xalqların (rus, gürcü, ləzgi və s.) teatrlarının fəaliyyət göstərməsini, başqa millətlərdən olan aktyorların tarixən Azərbaycan səhnəsində parlamasını, həmçinin xarici dramaturgiyaya bizim teatr repertuarlarında geniş yer verilməsini diqqətə çatdırdı. Təkcə elə bu statistika da Azərbaycanda teatrın əsas təməl prinsiplərindən birini ifadə edir. Və növbəti çıxışlarda, xarici qonaqların məruzələrində bu məlumatlara istinad etmələri, rəy bildirmələri bütün bunların onları da təsirləndirdiyini göstərirdi.

 

Konfrans boyu qonaqların bir çoxu ilə ünsiyyət imkanım oldu. Onlarla söhbətlərdə az qala hamısından eşitdiyim, həmçinin çıxışlarında da vurğuladıqları məqamlar xeyli düşündürücüdü. Zövqlər müxtəlifdi, deyirlər. Amma birdən-birə bu qədər insan Bakının gözəlliyindən, ölkəmizin zənginliyindən, musiqimizin, muğamımızın onları necə təsirləndirdiyindən, mətbəximizin hədsiz dadlı olmasından, insanlarımızın qonaqpərvərliyindən danışırsa, hər kəs bunları təsdiqləyirsə, deməli bu haqda düşünməyə və bütün bunlarla qürurlanmağa dəyər. Bu mənada, belə konfranslar təkcə xaricilərin bizi tanıması üçün yox, həm də özümüzün özümüzü tanımağımız, dərk etməyimiz üçün mühümdü. Təkcə bu sadaladığım zahiri məsələlərdə yox, həm də teatr, sənət məktəbinin səviyyəsi, aktyor hazırlığı, teatrın vəziyyəti baxımından son dərəcə nikbin nəticələr var. Məlum olur ki, dünyanın indi-indi istifadə etdiyi metodlar, yüksək sənət adlandırdığı, qeyri-adi hadisə kimi təqdim etdiyi məsələlər bizdə çoxdan varmış. Gələn qonaqların məruzələrində, ölkələrində etdikləri yeniliklər, sənət hadisələri haqda məlumatlarında bizə tanış olan məqamlar çoxdu. Bu mənada bəlkə əslində daha çox biz onları təəccübləndirə bildik. Akademik Milli Dram Teatrında “Ölülər”, yaxud Yuğ Dövlət Teatrının “Medeya. Sekvensiya 01” tamaşalarına baxandan sonra qonaqların verdikləri reaksiyalar da bunu deyir. Bu mənada Teatr Konfransının artıq öz bəhrələrini verdiyini də deyə bilərik. Belə ki, Yuğ Dövlət Teatrının, rejissor M.Mikayılovun quruluş verdiyi “Medeya. Sekvensiya 01” tamaşası hər il Gürcüstanda keçirilən və teatr aləminin ən mötəbər festivallarından sayılan Tbilisi Beynəlxalq Teatr Festivalının təşkilatçılarından teatrşünas, doktor, professor İrina Qoqoberidzenin və festivalın koordinatoru teatrşünas Lela Oçuairinin xüsusi marağına səbəb olub və tamaşa festivala dəvət edilib. Bundan əlavə yerli teatrşünaslarımız, sənətçilərimiz də müxtəlif konfranslara, festivallara dəvət alıblar.

 

Konfransın bağlanış günü, axırıncı plenar iclasın moderatorlarından biri olan, məşhur türk dramaturqu Tuncer Cücenoğlu da məhz belə əlaqələrin, əməkdaşlıqların yaranmasının vacibliyini söylədi: “Altı il öncə ilk Bakı Beynəlxalq Teatr Konfransında iştirak etmişdim. Bu gün konfransın işində çox böyük dəyişikliklər, inkişaf görürəm. Bu qədər insanı, sənətçini bir yerə toplamaq sadə iş deyil. Azərbaycan coğrafi yerinə görə də birləşmə nöqtəsindədir. Şərqlə Qərbin, Avropa ilə Asiyanın birləşdiyi yerdədir. Eyni zamanda mədəniyyətində də rusdilli, türkdilli mədəniyyəti birləşdirir. Ona görə belə Konfransları keçirməsi təbiidir. Amma mən istərdim ki, müxtəlif ölkələrdən gələn teatr adamları burdan nümunə götürsünlər, öz ölkələrində belə tədbirlər təşkil etsinlər”. Pyesləri Azərbaycanın da, MDB ölkələrinin də teatr repertuarlarında uğurla yer alan Tuncer bəy ölkəmizdə teatrın vəziyyəti, inkişafı haqqında da fikirlərini bölüşdü: “Bir neçə il öncə dostum, sənətinə böyük dəyər verdiyim Bəhram Osmanov “Çiğ” (“Uçqun”) pyesimə quruluş verdi. Bura gəlib tamaşaya baxanda yaxşı mənada təəccüblənmişdim. Tamaşadan, aktyor oyunundan, teatrın ümumi səviyyəsindən çox razı qalmışdım. Bu gün Azərbaycanın bir neçə rayon teatrlarında pyeslərim oynanılır. Təəssüf ki, gedib baxa bilmirəm. Amma göndərilən materiallardan səviyyəni hiss edirəm. Azərbaycan teatrı intibah dövrünü yaşayır - deyə bilərik”.

 

Bağlanış mərasimində Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev də Azərbaycan teatrının keçdiyi inkişaf yolundan, son illərdə əldə onunan uğurlardan və ölkəmizin sənət həyatında bu konfransın rolundan danışdı. Həmçinin ölkə prezidentinin konfransa məktubunu dövlətin teatra, sənətə münasibətinin göstəricisi kimi dəyərləndirdi: “Hər bir dövlət başçısının mədəniyyətə, teatra münasibəti həmin dövlətdə yaşam tərzinin göstəricisidir. Elə dövlətlər var ki, onlar xalqın mədəniyyətindən yaranıb, elə dövlətlər də var ki, öz mədəniyyətini yaradıblar. Xoşbəxtlikdən Azərbaycan dövlət quruculuğunun mədəniyyətə borclu olduğu bir məkandır. Bizim mədəniyyətimiz xalqımız ilə birgə yaranmış kateqoriyadır. Min üç yüz il əvvəl Azərbaycan dünyaya “Kitabi-Dədə Qorqud”u, 875 il öncə Nizami Gəncəvini bəxş etdi. Bütün əsrlərdə hakimiyyətdə olmuş hökmdarların çoxunun adı unudulsa da, böyük mədəniyyət həmin dövrü yada salmaq üçün kifayət edir. Bu mənada Azərbaycan dövləti Azərbaycan mədəniyyətinin yaşaması üçün mümkün olan hər şeyi edir. Bu, bir örnəkdir”. Nazir müavini geniş və çoxqatlı çıxışında əslində hər şeyi dedi, lazım olan bütün məsələləri vurğuladı. Qarabağ problemimiz və bunun sənətə ziyanı, müharibənin dağıtdığı, məhv etdiyi sənət incilərimiz, torpaqlarımızın düşmən əsarətində olmasından keçirdiyimiz narahatlıqlar və məsələnin sülh yolu ilə həllini arzulayan sənət-teatr aləminin düşüncələri və s. Həmçinin Azərbaycan teatrının dünya teatrına inteqrasiyası, beynəlxalq əlaqələrin möhkəmlənməsi, qastrollar, konfranslar və s. haqqında da danışdı.

 

Statistik rəqəmlərlə, dəqiq faktlarla bütün dediklərini əsaslandırdı. Həmçinin bu gün texnika əsrində internetin sıxışdırdığı, kütləvilikdən çıxardığı teatrın müəyyən problemlərini də dilə gətirdi. Və bütün problemlərin ən vacib, əsas həlli yolunu göstərdi: “Dünyanın bir qisim alimləri yaxın gələcəkdə qlobal istiləşmə, yaxud qlobal soyuqlaşma problemi ilə üz-üzə olduğumuzu  söyləyirlər. Dünyanın böyük ölkələri bu cür problemlərin həllinə, milyonlar, milyardlar sərf edirlər. Amma mənə belə gəlir ki, biz sənət adamları “istiləşmə”dən, “soyuqlaşma”dan asılı olmayaraq mövcud dünyanın ən çətin bir məsələsini həll etməyə borcluyuq. Bu borc nədən ibarətdir? Bu borc uşaqlara, ahıllara, kimsəsizlərə, ümumiyyətlə hər kəsə, insanlığa sevgi payının çatdırılmasıdı. Bax bu gün, dünyada çatışmayan budur. Bu gün təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, bəzi teatr səhnələrində, dramaturqların əsərlərində kin, nifrət sevgiyə üstün gəlir. Amma hesab edirəm ki, teatrın əbədi və əzəli missiyası, bütövlükdə incəsənətin əbədi və əzəli missiyası sevgidir və hər şey bu sevginin üzərində qurulmalıdı. Əslində bizi-sizləri bura dəvət etməyə sövq edən də sevgidir, sizləri bura gətirən də peşənizə, insanlığa olan sevgidir. Ümidvaram ki, bu iki gün ərzində eşitdiyimiz fikirlər hələ uzun zaman beynimizdə qövr edəcək, onları özümüzünküləşdirəcəyik və cəmiyyətə sağlam şəkildə təqdim etmək üçün işlər görəcəyik. Mən söylədiyiniz bütün dəyərli fikirlərə görə, iştirak etdiyinizə və Azərbaycan adlı məmləkətə böyük sevgiylə gəldiyinizə görə hər birinizə təşəkkür edirəm. Arzu edirəm ki, Azərbaycan boyda sevgini öz ölkələrinizə aparasınız. Və o sevgini əzizlərinizlə, doğmalarınızla, həmkarlarınızla bölüşəsiniz!”

 

Görünür, Bakı Beynəlxalq Teatr Konfransının dördüncü dəfə bu səviyyədə keçirilməsinin, baş tutmasının əsas səbəbi də budur. Təşkilatçıların, iştirakçıların və ümumiyyətlə hər kəsin sənətə, teatra sevgisi. Ümidvaram ki, iki il ərzində bu sevgi daha da artacaq, dərinləşəcək və V Bakı Beynəlxalq Teatr Konfransı bu sevgidən güc alacaq!

 

 

PƏRVİN

 

525-ci qəzet.- 2016.- 12 noyabr.- S.9.