“Kitabi-Dədə Qorqud” Baltik xalqlarının dillərində - III məqalə

 

DASTANIN LATIŞCA İKİNCİ NƏŞRİ

 

“Kitabi-Dədə Qorqud” latış dilində ikinci dəfə 2013-cü ildə nəşr olunmuşdur. Bu nəşr Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi və Latviyanın Azərbaycandakı Səfirliyinin tərəfdaşlığı ilə ərsəyə gəlmişdir.

 

Kitab geniş tanınmış latış naşiri   mədəniyyət xadimi Yanis Rozenin (1878-1942) hələ 1914-cü ildə Riqada təsis olunmuş məşhur “Yanis Roze nəşriyyatı” tərəfindən (latışca - “Jana Rozes apgads”) hazırlanıb çapdan buraxılmışdır (“Mana vecteva Korkuda gramata”. Riga, “Jana Rozes apgads”, 2013. 304 lpp. ISBN 978-9984-23-447-2).

 

Dastanın guya pantürkizmi təbliğ edən ideologiyanın daşıyıcısı kimi 50-ci illərdə repressiya olunmuş bir abidə olduğunu nəzərə alaraq, onun məhz göstərilən Latviya nəşriyyatı tərəfindən çap edilməsi zənnimizcə, həm də dərin bir rəmzi məna daşıyır.

 

Deyilən fikri əsaslandırmaq üçün qeyd edək ki, sözügedən nəşriyyat 1940-cı ildə müstəqil Latviya Respublikası məhv edilib SSRİ-nin tərkibinə inkorporasiya olunduqdan sonra, Sovet rejiminin kommunist ideologiyası ilə ziddiyyət təşkil edən və “siyasi cəhətdən təhlükə doğuran bir obyekt kimi” milliləşdirilmiş, naşirin özü isə həyat yoldaşı və qızı ilə birgə 14 iyun 1941-ci ildə Sibirə sürgün edilmişdir. O, 10 may 1942-ci ildə elə sürgündə - Perm diyarının Solikamsk məntəqəsindəki həbs düşərgəsində həyatını itirmişdir. 1987-ci ildə yenidənqurma dövründə” sinfi düşmən” Yanis Rozenin işinə yenidən baxılaraq ona bəraət verilmişdir.”Yanis Roze nəşriyyatı”nın fəaliyyəti Latviyanın dövlət müstəqilliyi bərpa edildikdən sonra bərpa olunmuşdur və indi bu ölkədə nəşriyyatın 40-dan artıq kitab mağazası fəaliyyət göstərir.

 

Eposun birinci nəşri kimi ikinci nəşri də çox nəfis tərtibatla yüksək poliqrafik səviyyədə və analoji formatda çap edilmişdir. Latış rəssamı Liliya Dinerenin “Kitabi-Dədə Qorqud”a çəkdiyi 14 rəngli illüstrasiya abidənin ikinci nəşrində də yer alaraq kitabın bədii tərtibatına xüsusi zənginlik və sərt cizgilərlə çəkilmiş gözəllik gətirmişdir. Bu nəşrdə də Dədə Qorqud ellərinin məskunlaşma coğrafiyası və dillərinin yayılma arealını əks etdirən xəritə yer almışdır.

 

Eposun təkrar nəşrini ilk nəşrdən fərqləndirən bəzi məqamlar da vardır. Onlardan birincisi və başlıcası budur ki, bu dəfə kitabda dastanın tərcüməçisi Uldis Berzinş tərəfindən yazılmış “Paltar dolabında qəşəng papaq axtarışı” (“Uzmeklet skapi slaiku platmali”) başlıqlı 12 səhifədən ibarət geniş və fikrimizcə, böyük peşəkarlıqla hazırlanmış sözardı dərc olunmuşdur (bu sözardı haqqında qısa refleksiyaları bir qədər sonra təqdim edəcəyik).

 

İkinci fərqli məqam onunla bağlıdır ki, dastan ikinci dəfə nəşr ediləndə tərcümənin mətnində bir sıra dəyişikliklər edilmişdir. Bu barədə bəzi bilgilər tərcüməçinin özü tərəfindən Latviya mətbuatına verilmiş açıqlamalarda yer almışdır. Belə ki, U. Berzinşin 70 illik yubileyi münasibətilə latış publisisti və IR.LV adlı həftəlik jurnalın müxbiri Ayvars Ozolinş tərəfindən 17 may 2014-cü ildə yubilyardan götürülmüş geniş müsahibədəki suallardan biri türk dilləri və ədəbiyyatı, o cümlədən, “Kitabi-Dədə Qorqud”un tərcüməsi ilə əlaqədar idi. U. Berzinş o zaman bu sualı cavablandırarkən əvvəlcə göstərir ki, eposun yeni nəşrinin 2014-cü ilin aprel ayında Bakıda düzənlənmiş təqdimat mərasimində iştirak etmək üçün bu yaxınlarda Azərbaycanda olub. Və sonra qeyd edir ki, o, dastanın ikinci nəşri üzərində yenidən işləyərək tərcümənin mətnində bir sıra düzəlişlər və dəqiqləşdirmələr aparıb.

 

Üçüncü fərqləndirici cəhət ondan ibarətdir ki, kitabda tərcüməçinin özü tərəfindən hazırlanmış 100-dən artıq adda qeydlər və izahlar (“Tulkotaja piezimes”) verilmişdir.U. Berzinş bu izahları hazırlayanda, dastanın lüğət təsviri və sözlərin leksik-semasioloji təhlilini verəndə, eləcə də tekstoloji kontekstdə dəqiqləşdirmələr aparanda türk ədəbiyyatşünası və dil araşdırmaçısı Orhan Şaik Gökyayın (1902-1994) hazırladığı “Dedem Korkudun kitabı”ndan (İstanbul, 2000), türkoloq professor Muharrem Ergin (1925-1995) tərəfindən hazırlanmış “Dede Korkut Kitabı”nın 1953-cü və 2004-cü il Ankara nəşrlərindən, professor Semih Tezcanın “Dede Korkut Oğuznameleri Üzerine Notlar” (Hendrik Boeschoten ile. İstanbul, 2001) araşdırmasından, dastanın şərqşünas akademik Vasiliy Vladimiroviç Bartold (1869-1930) tərəfindən rusca hazırlanmış 1999-cu il Bakı nəşrindən, akademik Kamal Abdullanın “Sirr içində dastan və yaxud gizli Dədə Qorqud­2” əsərindən, müqəddəs “Quran”ın latışca nəşrindən və bir sıra digər aidiyyəti olan əsərlərdən mənbə kimi istifadə etmişdir.

 

Tərcüməçinin nəşrə yazdığı sözardı və hazırladığı izahlar həm də göstərir ki, “Kitabi-Dədə Qorqud” latış dilinə tərcümə edilən zaman dastanın müxtəlif nəşrlərindən və əsər haqqındakı fərqli tədqiqatlardan istifadə olunmuşdur.

 

İndi isə sözardı barədə bir neçə kəlmə demək istərdik. Sözardını oxuduqdan sonra belə bir məntiqi nəticəyə gəlmək olar ki, o yalnız dastanın latış dilinə tərcüməçisinin adi yazısı deyil, həm də “Kitabi-Dədə Qorqud”un dərin bilicisi tərəfindən aparılmış olduqca sanballı bir elmi araşdırmadır. Odur ki, göstərilən məqaləni əslində sözardı kimi yox, epos haqqında məxsusi olaraq yazılmış orijinal tədqiqat işi adlandırmaq daha düzgün olardı.

 

U. Berzinş latış oxucusunun dastanı daha dolğun səviyyədə anlaya bilməsi üçün sözardında əsərlə bağlı mühüm tarixi faktlar və əsaslandırıcı dəlillər, dini və ictimai-siyasi açıqlamalar, linqvistik izahlar, filoloji şərhlər, ədəbi müddəalar, tekstoloji təhlillər, tematik paralellər və digər çeşidli yorumlar təqdim edib. Sözardı sanki tərcüməçinin işarət barmağıdır ki, oxucuya lazımi səmti göstərir, onu dastanın zaman kəsimində, etnokulturoloji və dini qatlarında, fəlsəfi fikir dünyasında və latış dilinə aid olmayan ekzotik sözlərin dolanbac cığırlarında azmaması üçün dəqiq istiqamətləndirir. Bu fikri təsdiqləyən çoxsaylı misallar sözardında geniş  yer almışdır. Onlardan birinə nəzər salaq.

 

Qədim türk tarixinin dərin qatlarını işıqlandıran “Kitabi-Dədə Qorqud”da ziddiyyətli görünə bilən  məqamlardan biri budur ki, burada islam motivləri ilə türkçülüyün islamaqədərki adət-ənənələri və həyat tərzi heyrətamiz bir şəkildə uyğunlaşdırılıb ahəngləşdirilmişdir. Bu baxımdan dastanda təsvir edilmiş etnik münaqişələrin əsl səbəblərini qarışıq salıb dini motivlərə bağlamamaq məsələsi mühüm əhəmiyyət kəsb edir. Odur ki, latış oxucusu, eləcə də digər xaricidilli oxucular tərəfindən ozamankı islam dünyasındakı vəziyyətin və sözügedən münaqişə motivlərinin adekvat dərk edilməsi çox vacib bir faktor olaraq həmişə gündəmdə durur. U. Berzinşin bu yönümdə verdiyi bəzi açıqlamalar, izah və anlatmalar sözardında belə təqdim olunmuşdur:

 

“...O zamanlar iki İslam imperiyası - Türkiyə sünniləri ilə İran/Azərbaycan şiələri arasında geosiyasi və konfessional zəmində toqquşmalar hələ başlanmamışdı. Odur ki, “Kitabi-Dədə Qorqud” tarixən o qanlı münaqişələrə qarışmayıb. (...) Kitabda təsvir olunmuş savaşların heç biri dini zəmində baş verməyib. Oğuzlar düşmənlərini kafir adlandırmalarına baxmayaraq, tərəflər arasında olmuş münaqişələr gündəlik həyatdakı adi səbəblər üzündən başlanırdı. Dastanın qəhrəmanlarından heç biri inanc (iman) qəhrəmanı deyildir...”

 

Dastanın latışcaya tərcüməsinin bəzi xüsusiyyətlərinə toxunaraq qeyd edək ki, tərcümədə orijinalın məzmunu ilə forması, həmçinin ruhu ilə lüğət tərkibi arasındakı bütövlük və ahəngdarlıq tam qorunub saxlanılmışdır. Bununla yanaşı aydın görünür ki, U. Berzinş tərcümə zamanı orijinalın mətnindən izafi dərəcədə asılı olmamışdır, sətri tərcümə üsulundan aralanaraq kor-korənə dəqiqlik və hərfilikdən yaxa qurtara bilmişdir, amma eyni zamanda əsərin ana mətninə və milli ruhuna adekvat dərəcədə sadiq qalmağa nail olmuşdur. Hiss olunur ki, o, latış dilinin qrammatik və üslubi imkanlarından, eləcə də təsvir və ifadə vasitələrindən virtuozluqla istifadə etməyə çalışmışdır. Bu, ələlxüsus Dədə Qorqud deyimləri və öyüdlərinin, atalar sözləri, alqış və duaların tərcüməsində özünü bariz şəkildə göstərir. Bu tərcümələrdə orijinaldakı ritm və intonasiyaların ahəngdarlığı, fikir və hisslərin dərinliyi, metafora və səslərin füsunkarlığı, obrazlı ifadələrin parlaqlığı maksimum səviyyədə məna eyniliyi ilə latış oxucularına çatdırılmışdır ki, bu da zənnimizcə, onlarda yüksək estetik zövq yarada bilmişdir.

 

Latış dili öz sintaktik quruluşuna görə, başqa sistemli dillərə aid olan türk dillərində yaradılmış ədəbi əsərlərin obrazlılığını, bədii ifadə tərzini asan və rahat qəbul etmir. Buna baxmayaraq, U. Berzinş dillərə yaxşı fəhmi olan ustad tərcüməçi kimi orijinalın bütün dil parametrlərinə nüfuz edərək bu çətin tapşırığı sənətkarlıqla reallaşdıra bilmişdir. Dastanda milli kolorit daşıyan etnokulturoloji çalarlar, türkçülüyə və islamiyyətə məxsus təsəvvür və baxışlar latışca əlvan və anlaşıqlı bir dildə verilmişdir. U. Berzinş tərcümə zamanı “Kitabi-Dədə Qorqud”un leksik tutumunu və ifadə tərzini əhatə etmək üçün latışca elə dil vasitələrindən istifadə etmişdir ki, onlar məzmun, məna və üslubi  funksiyalarına görə dastandakı dil vasitələri ilə qarşılıq təşkil edirlər.

 

Ümumiyyətlə, U. Berzinş dilə və sözlərə olduqca həssas bir insandır, həm orijinal əsərlərində, həm də tərcümələrində dillərə eyni gözlə baxan, eyni sayğı və məsuliyyətlə yanaşan sənətkardır.O, şübhəsiz ki, “Kitabi-Dədə Qorqud”un tərcüməsinə də digər meyarlarla yanaşı, həm də məhz bu cür kriteriyadan yanaşmışdır.Onun tərcüməyə tətbiq etdiyi leksik kanonları və yanaşma prinsiplərini daha yaxından dərk etmək üçün mütəxəssis fikirlərini dinləmək yəqin yerinə düşərdi. Belə ki, latış ədəbiyyatının tanınmış simalarından biri, nüfuzlu tənqidçi və nasir Guntis Berelis (1962) “Latviya mədəniyyətinin kanonları” adlı məqalələr silsiləsində U.Berzinş poeziyasının təhlilinə həsr etdiyi yapıtların birində şairin dilə olan münasibətini belə təsvir edir:

 

“Uldis Berzinş, onun dilə olan münasibəti və həm də dilin özünün özünə olan münasibəti barədə bütün ömrü boyu möhtəşəm bir epos yazmaqdadır. Dil və zaman bu eposun mərkəzi mövzularıdır ki, onlar haqqında bir-birindən ayrılıqda mülahizələr aparmaq heç cürə alınmır. Berzinş fikirləri ifadə etmir, o, onları yaradıb oxucunu fikrin məna və anlam labirintlərinə istiqamətləndirir. Onun şeirlərinin ayrı-ayrı toplularda nəşr edilməsinə baxmayaraq, belə bir təsəvvür yaranır ki, o, sanki mütəmadi olaraq nəhəng bir mövzunun üzərində çalışır və hər növbəti şeiri ilə - sükunət məngənəsindən azad etdiyi yeni poetik fraqmentlə bu mövzunu daima təkmilləşdirir.

 

Berzinşin poeziyasını təhlil etmək çətindir, hər şeydən əvvəl ona görə ki, bu poeziyanın hansı  ənənəyə aid olduğunu definisiya etmək mümkün deyildir. Daha dəqiq desək, Berzinş poeziyasının köklərini hər yanda görmək olar; bu köklər iki çay arasında mövcud olmuş sivilizasiyanın mixi yazıları və Tövrat kitablarından başlayaraq, sonsuz sayda müasir müəlliflərin - dahi şairlərdən tutmuş küçə şərqilərini qoşan naməlum nəğməkarların yaradıcılığına qədər, və yaxud Berzinşin özünün dediyi kimi, kim nə vaxtsa “sözlə nəfəs alıbsa”, onların hamısının sənətinə qədər gedib çıxır.

 

Berzinş üçün dil yalnız işarələr sistemindən ibarət adi bir alət deyil, canlı varlıqdır. Berzinşə görə, dil dünyada insanlar vasitəsilə yaşayır, insanlarsa əksinə - dildə yaşayırlar. Burdan da onun sözə olan münasibəti ortaya çıxır: o, dili gündəlik və poetik dillərə bölüb ayırmır, onun üçün hər hansı bir söz “nəfəs alıb” poetik duyum daşıya bilər...”

 

EPOSU TANITMA YAZILARI

 

“Kitabi-Dədə Qorqud”un latışca nəşrləri haqqında Latviya mediasında oxuculara müxtəlif illərdə bir neçə tanıtma yazısı təqdim olunmuşdur. Həmin yazılarla bağlı belə bir məqamı qeyd edək ki, onlarda qabardılan tezis və ümumiləşdirmələrdən görünür ki, müəlliflər əsasən U. Berzinşin dastanın ikinci nəşrinə yazdığı sözardından bəhrələniblər.

 

Öncə təəssüflə qeyd olunmalıdır ki, o yazıların bir neçəsində (məsələn, 2009-cu ildə dərc edilmiş “Gözəl və qana boyanmış boylar” adlı annotasiyada, 2013-cü ildə işıq üzü görmüş “Kitabi-Dədə Qorqud” latışca yeni nəşr həyatı yaşayır...” başlıqlı yazıda) oxucuların diqqəti dastandakı savaş səhnələri ilə bağlı təsvir olunmuş qanlı olaylara bəzən qeyri-korrekt məqsədlə yönəldilir və həmin  olaylara qədim oğuzların aqressiv temperamentini, sərt və döyüşkən təbiətini, amansız və barışmaz davranış tərzini, ekspressiv və emosional xarakter xüsusiyyətlərini səciyyələndirən hallar kimi işarət edilir. Beləliklə, oğuz tayfalarının qədim düşüncə və yaşam tərzi, cəmiyyətə baxışları, ictimai və sosial münasibətlərinin kökləri barədə üstüörtülü şəkildə qeyri-adekvat indoktrinasiyalar olunur.

 

Zənnimizcə, ideoloji kökləmə ruhunu daşıyan və köhnə stereotiplərə söykənən bu cür jurnalist ştampları yuxarıda adı çəkilən məqalənin başlığındakı “qana boyanmış boylar” (və yaxud “qanla aşılanmış boylar”) söz birləşməsində də kodlaşdırılıb. Amma bəzi latış müəllifləri bunu edən zaman nədənsə “unudurlar  ki, “qana boyanmış boyları” müşayiət edən səhnələr yalnız “Kitabi-Dədə Qorqud”a aid olan məxsusi bir hal deyildir. Belə ki, həm Baltik, həm də digər Avropa  xalqlarının qədim və orta əsrlərdə yaradılmış bir sıra qəhrəmanlıq dastanlarında, epik poema və nağıllarında “folklorlaşdırılmış” dramatik toqquşmalar və qanlı səhnələr, qəddarlıqla yerinə yetirilən ekzekusiyalar, qeyri-adi işgəncələr və insan ləyaqətini görünməmiş amansızlıqla aşağılayan digər hallar ümumi tendensiya olaraq qırmızı xətt kimi keçir...

 

Dastanın ikinci nəşri barədə məqalələrdən biri Latviyanın “BBC News” şirkətininTVNET.lv xəbər portalında 19 oktyabr 2013-cü ildə latışca dərc edilmişdir. “Kitabi-Dədə Qorqud” latışca yeni nəşr həyatı yaşayır...” adlı həmin məqalə bu portalın mədəniyyət redaksiyası tərəfindən hazırlanıb yayımlanmışdır. Məqalədə yer almış bəzi fikirləri və dəyərləndirmələri oxucuların diqqətinə təqdim edirik:

 

“...Kitabi-Dədə Qorqud” qədim oğuz dilində düzülüb-qoşulmuş dastanlar (boylar) toplusudur. Bu dastanlar VII-IX əsrlərdə yaranmış və tarix boyu təşəkkül edərək XIII-XV yüzilliklərdə indiki şəkildə formalaşmışdır. Qədim oğuz dili əsasında bir sıra müasir türk dilləri - türkmən və Azərbaycan dilləri, Türkiyə türkcəsi, özbək dilinin Xarəzm şivəsi, Krım tatarcası və qaqauz dilinin güney ləhcəsi təşəkkül tapmışdır. Boylarda yer almış hadisələrin süjet və motivləri türk xalqlarının qədim tarixi və türk mifologiyasının arxaik qatları ilə səsləşir. 

 

Epos görünməyən şeyləri və gələcəyi görə bilən Qorqud Atanın adından anladılır və bununla bağlı göstərilir ki, “...Bayat boyunda Qorqud Ata deyilən bir kişi vardı. O kişi oğuzların kamil bilicisi idi: nə deyirdisə, olurdu. Gələcəkdən dürlü xəbərlər söyləyirdi. Tanrı onun könlünə ilham verirdi. (...) Qorqud Ata oğuz xalqının müşkül işlərini həll edərdi. Nə olsa, Qorqud Ataya danışmayınca iş görməzdilər. O nə buyursa, qəbul edirdilər, sözünü tutub gedirdilər...”.

 

Kitabda miflər, əfsanələr və tarix sanki dairəvi çiçək çələngi kimi iç-içə hörülübdür. Boylarda qədim oğuz tayfalarının inanc sistemi, dəliqanlı təbiəti və qaynar temperamenti təsvir olunmuşdur. Bu, həm də türk xalqlarının qədim ənənələrini anlamağa kömək edir. O ənənələrin bəzilərində faciəli toqquşmalar, zorakılıq halları və qantökmə hərisliyi aydınca görünür ki, əsərdə bu baxımdan heç bir çatışmazlıq yoxdur. Dastanda oğuzların yaşadıqları sevinc və fəlakətlər əks edilib, dostları və düşmənləri haqqında boylar təqdim olunub, mənəvi borc, şərəf, nifrət və sevgi hissləri ilə bağlı onların anlamları düzənlənib. Oğuzların  məxsus olduğu dünyada müxtəlif ifrat hərəkətlərə və hər cür dəliqanlığa yol verilirdi, yalnız bir şey bağışlanmırdı - xəyanət!

 

Dünya tarixi, müxtəlif xalqların mədəniyyəti və adət-ənənələri ilə maraqlanan kəslər bu kitabı mütləq oxumalıdırlar. Belə ki, kitabda yer almış zəngin tarixi-etnoqrafik materiallar qədim oğuz tayfalarının oyun səhnələri, toy-düyün mərasimləri, dəfn və yas adətləri, cəmiyyətin sosial düzəmi, əxlaqi dəyərləri, insani münasibətlər, dini təlimlər və sairə haqqında çoxlu sayda bilgilərin ötürülməsini təmin edir...”.

 

Dastanın latışca tərcüməsi barədə həmçinin gənc latış ədəbiyyatşünası, Latviya Universiteti Humanitar elmlər fakültəsi klassik filologiya bölməsinin məzunu, qədim yunan ədəbiyyatı üzrə tədqiqatçı Yeva (Ieva) Fibiga “Kitabi-Dədə Qorqud - çox fərqli və parlaq bir dünya” (“Pavisam citada un spilgta pasaule. “Mana vecteva Korkuda gramata”) adlı latışca tanıtma məqaləsi yazmışdır. Məqalə göstərilən Universitetin internet səhifəsində 2013-cü ilin dekabr ayında dərc edilib. Həmin publikasiyada ehtiva olunmuş bəzi fikirlərlə oxucuları tanış etmək istərdik:

 

“...Oğuz əfsanələri Avropa ədəbiyyatının əsasını təşkil edən və müəllifliyi Homerə aid edilən eposlarla - “İliada” və “Odisseya” ilə çağrışımlar yarada bilər. Dastanda müəyyən formula və epitetlərdən istifadə edilir ki, onlar boylarda təkrarlanır (...), qəhrəmanların hərəkətləri dram janrında olduğu kimi konkret şəkildə təsvir edilir... Boylar həm məzmun, həm də mətnin təqdimatı baxımından müəyyən qədər bir-birinə oxşayırlar. Əsas hadisələr nəsrlə təsvir olunur, lakin qəhrəmanların dialoqları (danışıqları) nəzmlə verilir.

 

Dastanın Homer eposları ilə bənzərliyini həm də insani emosiyaların ifadə tərzində sezmək mümkündür. Burada böyük mənəvi ağrılar, əzablı hisslər, dərin qəm-qüssə və itki həyəcanları insanın fiziki davranışları vasitəsilə təsvir olunur ki, bu da özünü əsasən qadın qəhrəmanların hərəkət tərzlərində parlaq surətdə göstərir. Məsələn, dastanın “Salur Qazanın evinin yağmalandığı boy”unda Burla xatun oğlunun öldürüləcəyini eşidəndə “qarğu kimi qara saçını yolur”, “güz alması kimi al yanağını dartıb yırtır”, “qara gözləri qan yaşla dolur” və i.a.

 

Maraqlıdır ki, dastanın qədim yunan ədəbiyyatının nəhəng abiləri ilə yaratdığı çağrışımlar barədə latış müəllifi Y. Fibiganın gətirdiyi paralellər ədəbiyyatşünas professor Mikayıl Rəfilinin ötən əsrin 40-cı illərində “Kitabi-Dədə Qorqud”un tədqiqinə həsr olunmuş bir sıra məqalələrində, həmçinin “Qədim Azərbaycan ədəbiyyatı” adlı rusca oçerkində (Bakı, 1941), Azərbaycan ədəbiyyatı tarixinə həsr olunmuş doktorluq dissertasiyasında (1944) yer almış araşdırmalar və nəticələrlə uzlaşır. Belə ki, M. Rəfili bu elmi işlərində eposu xalqımızın milli mədəni yüksəlişinin başlanğıcı kimi qiymətləndirərək əsərin Avropa və Bizans gerçəkliyi ilə səsləşdiyini (Homerin “Odisseya” epik poeması, “Roland dastanları”, “Nibelung nəğmələri”, “İqor polku haqqında dastan” və s.) ilk dəfə olaraq qeyd etmiş, Odisseylə Basatın, Polifemlə Təpəgözün yaxınlığını abidələrin qaynaq yaxınlığı ilə əlaqələndirmişdir.

 

Qeyd edək ki, Y. Fibiganın məqaləsində qaldırılmış assosiativ fikirlərlə bağlı ədəbiyyatşünaslıqda bir-birinə diametral zidd olan mövqelər mövcuddur. Qorqudşünasların bir qismi hesab edir ki, məhz “Basatın Təpəgözü öldürdüyü boy” qədim Yunanıstanda analoji süjetlərin əmələ gəlməsinə zəmin yaratmışdır. Və buna görə də Təpəgöz obrazı “Odisseya”dakı Polifem obrazı ilə müqayisədə daha qədimdir. Digər qismi isə bu cür yaxınlıqların təsadüfi oxşarlığa əsaslandığını və təpəgözlər arasında heç bir əlaqə olmadığını deyirlər. Və bu fikri belə əsaslandırırlar ki, Homerin poemaları 3300 il bundan öncənin olaylarını əhatə edir, “Dədə Qorqud”un yaşı isə ən yaxşı halda 1500 ildən uzağa getmir. Odur ki, tematik təsir amili əsasında gətirilən paralellər ağla batan versiyaya söykənmir.

 

Dastanın latışca ikinci nəşri haqqındakı qeydlərimizi ədəbiyyatşünas Y. Fibiganın yuxarıda göstərilən resenziyasından götürdüyümüz bu fikirlərlə yekunlamaq istərdik: 

 

“...Kitabi-Dədə Qorqud”un tərcüməsi yalnız əsrlər və fərqli mədəniyyətlər arasındakı sərhədləri silərək aradan qaldırmır, həm də estetik zövq mənbəyi olaraq latış oxucusunun kitablar aləminə bu aləmi daha da zənginləşdirən bir nəşr kimi daxil olur. Kitabın təkrar çapı bizə bir daha xatırladır ki, ədəbiyyat bir varlıq olaraq yalnız son iki yüz il ərzində yaranmamışdır.

 

Təqdirəlayiq haldır ki, yüz illər öncə, hətta min illər bundan qabaq yaradılmış əsərlər tərcümə edilib nəşr olunur. Belə kitablar oxucunu dərin düşüncələrə sövq edərək göstərir ki, insanlar bizi həyatda maraqlandıran “böyük sualları” hələ neçə yüz illər bundan əvvəl qaldırıblar. Və şübhəsiz ki, “Kitabi-Dədə Qorqud” bunu bir daha təsdiq edən parlaq örnəkdir!

 

Dastanda mifik Dədə Qorqud uca Tanrı iradəsini ifadə edən bir təmsilçi olaraq zamanı önləyib həyati sualları cavablandırır. Belə ki, əsatiri dünyanın qanunauyğunluqlarına görə Tanrının (və yaxud tanrıların) iradəsini təcəssüm edib ötürə bilən bir tərcümanın və yaxud təmsilçinin olması mütləq zərurətdir. Amma nə bilmək olar, bəlkə bu mifik təsəvvür yalnız əsatiri dünyaya aid bir qanunauyğunluq deyildir?!”

 

Mahir HƏMZƏYEV

Litva Azərbaycanlıları Cəmiyyətinin sədri, Litva Respublikası Hökuməti yanında Milli İcmalar Şurasının üzvü

mahir.hemzeyev@post.skynet.lt

 

 

 

525-ci qəzet.- 2016.- 12 noyabr.- S.10-11.