Ağdamın məscid məhləsi
Mən "şəhər
uşağı" olmasam
da, Ağdama olan hörmətim-izzətim,
məhəbbətim sonsuzdur. Bu sevgini,
bu istəyi məndə,
deyərdim ki, elə şəhər özü yaradıb.
Təzadlarla dolu olan şəhərin fəxr
ediləsi məqamları çox idi. Təəssüf edirəm ki,
bu fikri keçmiş zamanda yazmaq məcburiyyətindəyəm.
Şəhər şirin təkəbbürlülüyü,
çevik hərəkəti,
yazılmamış qanunlarla
idarəedilməsiylə seçilirdi.
Açıq etiraf edilməlidir ki, Ağdam bir cox adamlar
üçün çörək
yeri də olmuşdu.
Mən Ağdam şəhərinə
qayıdacağımıza yüz faiz əminəm,
amma sonda dediklərimin yenidən olacağına nə isə inana bilmirəm...
Yolum yenə Ağdama düşəsi olur. Hər dəfə olduğu kimi bu dəfə planımda yaşlı şəhər sakinləriylə görüşmək
də var. Hər dəfə bu istəyimi reallaşdırmağa
çalışsamda bəzən
alınmır. Xoş təsadüfdən
bu dəfə ki, qısa müddətli
səfərimdə iki
nəfərlə həm
Nadir Əliyevlə, həm
də Mehdi Mehdiyevlə görüşə
bildim.
Əlavə edim ki, bu
günə kimi çoxsaylı həmyerlilərimlə
görüşmüşəm. Saysız-hesabsız dəfə Ağdamı, onun küçələrini
qarış -qarış
gəzmişəm. Virtual
olaraq gəzdiyim şəhəri bu gün bəlkə də gözüyumulu gedə də bilərəm.
Bizim orta nəsli yaşadan Ağdama olan istəkdirsə, ağsaqqal
və yaşlı sakinlərimizi yaşadan kövrək xatirələridir. İndiyədək görüşdüyüm insanların
artıq bir qismi dünyasını dəyişib. Yaxşı ki,
indi o şəxslərlə
vaxtında görüşə
bilib, nə isə soruşa bilmişəm. Sözün
həqiqi mənasında,
bu gün dünyasını dəyişən
hər bir orta və yaşlı
ağdamlı özüylə
canlı bir tarix aparır...
Bu yazını bu
günlərdə səksən
yaşını qeyd etməyə hazırlaşan
Nadir Əliyevə həsr
etmişəm.
Maraqlı məqam ondadır
ki, xarakterimizdəki müəyyən
oxşarlığa görə
həmsöhbətimdən ilk olaraq nə vaxt anadan
olduğunu soruşdum.
- Oxatanam, deməsi elə bil ki
ürəyimdən xəbər
verdi...
Atası Əşrəf Əliyev köhnə kişilərdən
olub, təmiz, saf, sədaqətli partiya işçisi olmasıyla daim seçilib.
Atam Tofiq müəllimin doğma dayısı Əşrəf
kişi və bibisi Firəngiz xanım barəsində hər zaman xoş sözlərlə danışması ailəyə
olan marağımı
bir qədər də artırıb.
Söhbətə başlayıram. Gəlişimin məqsədini hiss etdiyindən
söhbəti də elə şəhərdən
və şəhərə
köçməklərindən başlayır.
Öyrənirəm ki, Ağdama 1926-cı ildə köçüblərmiş.
O vaxt Əşrəf Əliyevi Kəhrizli Rayon İcraiyyə Komitəsinin
sədri vəzifəsindən
azad edib öz doğma rayonuna işləməyə
göndərmişdilər. Atamı Ağdam rayon Su İdarəsinə
rəis təyin etmişdilər. İlk
olaraq şəhərdə,
sonralar "KQB" nin
yerləşdiyi
binanın iki otağını bizim ailəyə vermişdilər.
Düz üç il o mənzildə
yaşadıq. Deyim ki,
bildiyim qədər mənzil tanınmış
muğam ifaçısı
İslam Abdullayevə
məxsus olmuşdu.
Nadir kişi danışır
ki, atamı 1929-cu ildə MTS-in siyasi şöbəsinə müdir
təyin edirlər. Siyasi şöbənin müdiri MTS-də ikinici
vəzifə sayılırdı.
Elə o
zamanda Axundov küçəsindəki mənzilimizə
köçəsi olduq.
MTS-in inzibati binası
və həyəti bizim Axundov küçəsində
yerləşirdi. Behbud Əsədov, Soltan
həkimgilin mənziliylə
qonşu olub. Burada söhbət 30-cu illərdən
gedir. MTS-in inzibati binası qonşumuz Həsənqaragilin
evləri idi.
- Bəs sonadək yaşadığınız binanı
kim inşa
etmişdi?
- Bildiyim odur ki,
binanın üzərində onun
1927-1929 -cu illərdə inşa
edildiyi yazılmışdı.
Bir iranlı tacir tikdiribmiş.
Axundov küçəsində bizim
binaya oxşar bir neçə bina var idi.
"NEP" dövründə (Söhbət SSRİ-nın
o illərdə irəli
sürdüyü "Yeni
iqtisadi siyasətindən"
gedir )
tacirə ciddi vergi qoyulduğundan binanı hökumətə
təhvil verib İrana qayıdası olur.
- Bəs şəcərəniz
haqqında bilgi
varmı?
- Quzanlıda "Allahverənlilər"adlanan
tayfanın nümayəndəsiyik. Atam Əşrəf kişi
1891-ci ildə, onun atası Həmid kişi isə 1854-cü ildə
anadan olub. Həmid kişinin atasının adı Əli,
onun atasının adı isə Nəcəfqulu idi. Nəcəfqulunun atasının
adı Allahverən
olub. Tayfanın adı da məhz onun adıyla bağlıdır.
Bu da 1750- ci
illərdən sonrakı
illərə təsadüf
edir. Quzanlı kəndinin salınması
da məhz həmin illərdə olub.
- Yaşadığınız binanı
bəlkə göz önümüzdə bir anlıq canlandırasınız?-Həmsöhbətim bu məqamda kövrəlir.
- Ev zirzəmili idi. Əvvəl iki ailə yaşayırdıq. İki
otaq- 4 metrin 6 metrə, dəhliz 3.2 metrin - 7 metrə olmaqla, mənzildə mətbəx, zirzəmi var idi. Hətta zirzəmisində əlavə bir zirzəmi də var idi. Ora "qaranlıq zirzəmi" deyərdik. Qaranlıq
zirzəmini əsasən soyuducu
kimi istifadə edirdik. Həmin mənzilin digər bir otaqlı olan hissəsində Süleyman Məmmədov ailəsiylə yaşayırdı.
Sonradan o
yeni inşa etdirdiyi mənzilə köçdüyündən onun
otaqlarını da bizə verdilər.
Söhbətə daha bir rəng
qatmaq üçün
Ağdam məscidindən
söz salıram. Məscid binası
Nadir kişigilin mənzilinə
yaxın idi.
- Müharibəyə qədər
məscid fəaliyyətdə
olub. Ancaq müharibə dövrü
taxıl ambarı kimi istifadə edilib. Müharibədən
sonrakı illərdə şəhərin
ağsaqqalları Ağdam
Rayon Partiya Komitəsinin
ovaxtkı birinci katibi Yusif Yusifova
müraciət edirlər.
Ağsaqqallar sırasında
Yunis Vəliyev, Əşrəf Əliyev,
Rəcəb Gözəlov
və Surxay Məmmədov var idi. Ağsaqqalların sözünü birinci katib yerə salmır və məscidin yenidən
fəaliyyətinə yaşıl
işıq yandırır.
Müharibə illərində yerli
sakinlər "Aşura"nı İmarətdə
keçirirdilər. Onu
da deyim ki, müharibədən sonrakı illərdə şəhərdə
elə bir ailə yox idi
ki, müharibədə
öləni-itəni olmasın.
Məhz bu nisgili aradan
qaldırmaq üçün
məscidin bərpası
böyük əhəmiyyət
kəsb edirdi.
Xoş təsadüfdən Məhəmməd ağa Müştəidzadənin ailəsi Ağdama köçmüşdü. M.Müştəidzadə isə bilikli adam idi. O ərəb və fars dillərini mükəmməl bilirdi. Yadımdadı ki, Akademiyanın əməkdaşları tez - tez onu yoluxur, nə isə ondan öyrənməyə çalışırdılar. Məhəmməd ağa çox nurani adam idi. Məscidin fəaliyyəti isə Məhəmməd ağa Müştəidzadənin məscidə axund təyinatıyla başlayıb.
Beləliklə, məscid təsərrüfat subyekti kimi fəaliyyətə başlayır. Məscidin öz möhürü və xəzinədarı olur.
Və hətta yığılan nəzir-niyazdan vergi də verilirmiş.
Əslən Eyvazxanbəyli kəndindən olan Mir Heydər ağa axundun köməkçisi, Quzanlıdan olan Mustafa Əliyev isə məscidin əzan verəni idi.
Eyvazxanbəyli kəndi Mir Heydər
ağanın babasının kəndi olub.
Və kənddə
onun babasının at
ilxısı olub.
Atçılıq zavodunu da yaradanda məhz bu məqam nəzərə
alınmışdı. Yəni ərazinin füsunkar gözəlliyi
və təbii şəraiti var idi...
Deməliyəm ki, məscid əhli məscidi bir növ dolandırırdı.
Əslən Quzanlı kəndindən olan Mustafa Əliyev isə Ağdama müharibədən əvvəl
gəlmişdi və müharibədən əvvəldə
məsciddə əzan
vermişdi. Məsciddə əzan verərkən
onun səsi Göytəpə kəndinədək
yayılırdı.
Mustafa kişi Quzanlıda "Şirinlər" nəslindən
idi. Qardaşı Şirin kişi
vaxtiylə Mir Cəfər
Bağırovla yaxın
münasibətdə olmuşdu.
Və məhz onun yaratdığı şəraitlə də
İrana köç etmişdi.
Mustafa kişinin Tofiq
adlı oğlu da var idi.
Bir nömrəli məktəbdə
oxumuşdu. Tofiq
Babaş oğlu Mamedin qızı ilə ailə həyatı qurmuşdu...
Nadir Əliyevlə söhbətim
xeyli çəkdi.
Söhbətdə məscid ətrafında
olan məhkəmə
binasından, habelə o ətrafda
olan ticarət obyektlərindən, hətta
Seyid Həşim kişinin dondurma sexindən danışdıq.
Həmsöhbətimin fikrincə, seyidin
hazırladığı dondurmaya
hələ indiyədək
heç yerdə rast gəlməyib.
Sonda həmsöhbətim
maraqlı bir faktı da xatırlamağı
unutmadı. Ona ətrafda
olan Məşədi Hacılıq məhəlləsiylə
bağlı sual verdikdən Nadir Əliyev cavabını gecikdirmədi.
Məşədi Hacı dövrünün
samballı tacirlərindən
olub. Əslən Şuşadan idi.
İkimərtəbəli geniş otaqlı
mənzilərdə sovet
dövründə ona
yaxın ailə yaşayırdı. Əlavə edim ki, Məşədi
Hacı tanınmış
pianoçu Xalq
artisti Çingiz Sadıxovun babası olub. Bir fakt
dəqiq yadımdadı
ki, bir qrup
incəsənət xadimi
70-ci illərdə Ağdama
konsert verməyə gələndə Çingiz
Sadıxov ona baba
yurdunun göstərilməsini
xahiş etmişdi.
Nadir Əliyevlə bir
daha Ağdamı xatırladıq. Öz küçələrini, "Məscid
məhləsi"ni birgə gəzəsi olduq...
Ondan kövrək
hisslərlə ayrılıram. Nadir kişi əsli-kökü
Quzanlı kəndindən
olsa da, bu gün Ağdam
üçün burnunun
ücü göynəyir.
Hər günə şükür
edir və inanır ki, qəsəbəyə çevrilən
doğma kəndi şəhər statusu alacaq. Və ən əsas arzusu "qaranlıq zirzəmi"də
gizlətdiyi balın
dadına baxa biləcək.
Balı ailəlikcə
yarım əsr əvvəl kəsmişdilər...
Vüqar TOFİQLİ
525-ci qəzet.- 2016.- 15 noyabr.- S.8.