PAYIZ

 

Yenə soyuğuyla görünür payız,

Elə bil qorxudur baharı, köçsün.

Məşq edən əsgərtək sürünür payız,

Komanda gözləyir hücuma keçsin.

 

Qoymayır artırsın gül-çiçək nəsil,

var təbiətdə alır çənginə.

Qızıl hərisidir, sanki bu fəsil,

Boyayır dünyanı qızıl rənginə.

 

Sanarsan bəsləyib intiqam yükün,

Ona asilərdən qanını alır.

Öz rəng aləmini yaratmaq üçün,

Yaşıl vardırsa canını alır.

 

Küləklər başlayır əsl tüğyana,

Özü bilməyir nəyi nuş etsin.

Çalışır gözünə qoymaqdan yana,

Bulaqlar eynəyin sifariş etsin.

 

Elə bil nədənsə ehtiyat edir,

Gizlənir dağ, təpə duman içində,

Payız etdiyini ikiqat edir,

Öz ömrü yaşayan zaman içində.

 

Bu da bir fəsildir, gözəldir, yalnız,

Həddən çox vurğundur o öz taxt ına.

Məndən inciməsin, bənzəyir payız,

Nənəmin babamdan küsən vaxtına.

 

MƏNİ

 

65 yaşıma hədiyyə edirəm

 

Ürək, çox ağrıtdım  səni, sirdir,

Sənsə çatdırmısan bu yaşa, məni.

Azca vaxt deyildir, altmış beş ildir,

Bir yol, salmamısan çaş-başa məni.

 

Ruhunla min dərdi, qəmi yıxmışam,

Gücünlə dumandan, çəndən çıxmışam,

Yer olub mən səni yüz yol, sıxmışam,

Yenə çevirmisən sirdaşa məni.

 

Ritminə say salıb, saymamışam da,

Səninlə qəlbsizə, uymamışam da,

Səni duymuşam da, duymamışam da,

Sən, hər vaxt sevmisən birbaşa məni.

 

Məsləyin qoymayıb tuş gələm dara,

Döyüntün könlümü qıymayıb, qıra,

İndi haqq verirəm, səndədir sıra,

İstər sev, istərsən vur daşa məni.

 

Daim su vermisən həyat tingimə,

Sən Allah, bağışla məni, incimə,

Elə həyan olub sevgin, sevgimə,

Sevgim çevirməyib Balaşa məni.

 

Ülvini qoymadın tuş gəlsin xara,

Cavan görünürəm hələ, bu ara,

Az qalır komsomol deyib çağıra,

Sayəndə  Bəxtiyar, Mirpaşa məni.

 

Ömür eskizi

 

Qırışlar artdıqca eyləyir qiyam,

Biri, o birini dolaşıq salır.

Bəlkə elə bilir təbiət qağam,

Bu yolla alnıma yaraşıq salır.

 

Ahıllıq gəldikcə tuşuma mənim,

İstəmir canımda tez hiss olunsun.

Sanki əhəng səpir başıma mənim,

Saçlarım dəridən asan yolunsun.

 

Hələlik dursa da ayaqlar mətin,

Baxışlar hey salaməlik axtarır.

Baba çəliyinə gülən xislətim,

İndi özü üçün çəlik axtarır.

 

Bəzən danışanda donur sözlərim,

Yaşım çoxaldıqca, ömür azalır.

Hərdən kövrəklikdən dolan gözlərim,

Elə bil bu suyla dəstəmaz alır.

 

Qiymətin almağa qalxır əməllər,

Hər gün həyatıma öz izin çəkir.

Bəlkə qırış deyil, ötüşən illər,

Alnıma ömrümün eskizin çəkir.

 

MƏNİMLƏ OLSUN

 

Sən külək olsaydın dayanıb, hər an,

Qarşında durardım, dəyəsən mənə.

Doluya dönsəydin, qorxmadan bir an,

Yalvarıb, deyərdim döyəsən mənə.

 

Ətrini alardın ətrindən gülün,

Baxışın baxdıqca bala dönərdi.

Kaş mənə dinəndə dinəydi, dilin,

Özgəyə dinəndə lala dönərdi.

 

İlana dönsəydin, atıb dərd yükün,

Gələrdim toruna salasan məni.

Təki başqa kəsə toxunmamaqçün,

İstərdim min dəfə çalasan məni.

 

Bu sevda, bu sevgi tuş gəlsə şərə,

Mən can saxlamaram bu başın altda.

Daş olub göylərdən düşsəydin yerə,

Özüm dayanardım o daşın altda.

 

 Yox-yox, nahaq yerə istəmirəm qəm,

Vermərəm bir telin qəmimlə olsun.

Bütün sitəmlərə dözürəm ki, mən,

Yalnız, təmasların mənimlə olsun.

 

SIFIRA

 

Dil tapır, hər cürə ədədlə, ərklə,

Olmayıb heç zaman hədəm sıfıra.

Sıfırı mən belə tərifləməkdə,

Sanmayın borcludur dədəm sıfıra.

 

Onun da var yeri, yurdu həyatda,

Özünü, özütək qurdu həyatda,

Hesabda-kitabda, riyaziyyatda,

Böyük ehtiyac var rəqəm sıfıra.

 

Sözü söyləməkdə naşı deyiləm,

Tarazam, tərəzi daşı deyiləm,

Mən heç bir rəqəmə qarşı deyiləm,

Yalnız nifrətim var adam-sıfıra.

 

Yaxşıyam, yaxşıya qanımı verrəm,

Şöhrəti bölərəm, şanımı verrəm,

Alnından öpərəm, canımı verrəm,

Ensə dərdim, qəmim, qadam sıfıra.

 

Ülvi, qoyma ona dil şər söyləsin,

Kimsə dodaq büzsün, tənə eyləsin,

Sıfır da rəqəmdir, sıfır neyləsin,

Tənələr vurmayaq hər dəm sıfıra.

 

Əbülfəz ÜLVİ

 

525-ci qəzet.- 2016.- 15 noyabr.- S.7.