Dövlətçilik tariximizdə parlaq imzalar - Ziyadxanov qardaşları

 

Şəxsiyyətlər cəmiyyətin aparıcı qüvvəsi, millətin simasında əsas cizgilər sayılır. Öz əməlləri ilə vətənlərinin tarixinə imza ata bilənlər, xalqına son nəfəsinə qədər sədaqətlə xidmət edənlər tarixin səhnəsində yaşamaqdadırlar bu yaşamaq haqqını heç kim onların əlindən ala bilməz.

 

Azərbaycanda qədim tarixi köklərə, şərəfli şəcərəyə mənsub şəxsiyyətlər az deyil. Belə şəxsiyyətlərdən olan İsmayıl xan Adil xan Ziyadxanov qardaşları Demokratik Cümhuriyyət zamanında tanınmış dövlət hökumət xadimlərindən olublar. Tarix elmləri namizədi, BDU-nun dosenti Boran Əziz ilə bu mövzuda ətraflı söhbətləşdik. Alimin sözlərinə görə , İsmayıl xan Adil xan Ziyadxanov qardaşları məşhur Qacarlar sülaləsinin Ziyadoğlular qolunun siyasi mühitdə görünən sonuncu nümayəndələridir. Ziyadxanovlar Vətənə sədaqətlə xidmət göstərən ailələrdən olub. B.Əziz qeyd edir ki, bu sülalə təkcə Gəncəbasar bölgəsinin deyil, bütün Azərbaycanın siyasi həyatında mühüm rol oynayıb.

 

Qacarlar sülaləsi

 

İranda 1796 1925-ci illər arasında hakimiyyətdə olmuş Qacarlar Azərbaycan-türk sülaləsidir. Qovanlı qolundan olan Qacarlar Monqol işğalı zamanlarında İrəvan ətrafında kök salıblar. Səfəvi sülaləsini Azərbaycanda İranda hakimiyyətə gətirən yeddi Qızılbaş-türk tayfalarından biri Qacarlardır.

 

XVI əsrin əvvəllərində Azərbaycanda İranda hakimiyyəti ələ keçirən Səfəvilər indiki Azərbaycan Respublikasının ərazisini yerli türk xanlarına buraxmışdılar. 1554-cü ildə Gəncə şəhərinin Şahverdi Soltan Ziyadoğlu Qacar tərəfindən idarə edildiyi haqda tarixi məlumatlar mövcuddur. Ziyadoğulları ailəsi sonralar Qarabağa da hökmdarlıq etmişdi. 16-17-ci əsrlərdə Qacarlar Səfəvi dövlətində bir sıra rəsmi vəzifələr tutublar. Ziyadlı oymağının bir qolu Qarabağda (Gəncədə), bir qolu Çuxursəddə (İrəvanda) hakimiyyətdə olub. Gəncə ziyadlıları tarixi ədəbiyyatda Ziyadoğlu kimi tanınırlar. Onların tayfa başçıları bu yörədə öncə bəylərbəyi, sonra müstəqil xan olublar.

 

Tarixçi Məhəmməd Məsum ibn Xocəki-İsfahani "Xülasət əs-səyyar" adlı əsərinin "Ziyadoğlu nəsli Gəncənin xüsusiyyətləri haqqında qısa məlumat" başlığında yazır: "Mən - Allahın yazıq bəndəsi uğurlu tale sahibi olan bu alicənab şəxsin süfrəsinin kənarında oturanlardan biri kimi zati-alilərinin əmri ilə bu kitabı yazmağa məşğul olarkən özümə vacib bildim ki, qüdrətli əzəmətli xanın nəsli, əcdadı haqqında da qısaca məlumat verim. Bu qısa məlumatı sidq-ürəklə hazırladım ki, zəmanə adamları xanın nəsil şəcərəsini bilsinlər. Düzdür, bu nəslin şəxsiyyətlərinin layiqli xidmətləri gün kimi aydındır heç bir tərifə ehtiyacı yoxdur. Lakin bununla belə, mənim ürəyimdən belə bir fikir keçdi ki, arif adamların bu nəslin işləri haqqında məlumatları olsun deyə onları bu kitaba daxil edim. Bu mübarək insanın babalarının məskəni Rum vilayəti olmuşdur. Qəriməş Xızr adı ilə tanınan Xızr bəy o diyarda mötəbər bir şəxs olmuşdur. O, Səfəviyyə təriqətinə sidq-ürəklə etiqad etdiyi o müqəddəslərin işığına ürəkdən bağlandığı üçün eli, qohum-əqrabası ilə birgə vətənini tərk edib Azərbaycana İraqa köçmüşdür. Xızr bəy bir müddətdən sonra dünyasını dəyişmiş onun böyük oğlu Ümmət bəy Lahican vilayətində şahənşaha səcdə etmək şərəfinə nail olmuşdur, o, zəmanəsinin yeganəsi olan bu şəxslə şahənşahla yaxınlıq mərtəbəsinə yüksəlmişdir. Ümmət bəy hörmət izzət sahibi Sufi Lahicinin xidmətində olmuş şahənşahlıq lütfü diqqəti həmişə onun üzərinə kölgə salmışdır. Xalq üçün qorxulu, təhlükəli vəziyyətlərdə bəşəri gücü çatan işləri daha çox o, gördüyü üçün, eləcə saf etiqadına, fədakarlığına çoxlu xidmətlərinə görə Ziyadoğlu ləqəbini qazanmışdır". Məşhur tarixçi Mirzə Adıgözəl isə bəy yazır ki, "Ziyadoğlular təkcə Gəncə bəylərbəyi kimi tanınmır. Tiflisdən Xudafərinə qədər olan ərazidə hər kəs onların nüfuzu ilə hesablaşır".

 

Ziyadoğluların ən parlaq nümayəndəsi

 

Ziyadxanov qardaşları Gəncə xanı Cavad xan Ziyadoğlu Qacarın nəticəsidirlər. Onlar Azərbaycan Rusiyaya birləşəndən sonra Ziyadxanov soyadını almışlar. Anaları Azər Humayun xanım da Abbas Mirzə Qacarın nəvəsi, şahzadə Bəhmən Mirzənin qızıdır.

 

"Rus işğalına sonadək müqavimət göstərən Gəncənin sonuncu xanı Cavad xan Ziyadoğluların ən parlaq nümayəndəsidir. Rus ordusunun generalı Sisianova "Yalnız meyitimin üstündən keçib Gəncə qalasına daxil ola bilərsən" deyən və bir ay qanlı döyüşlər aparıb son nəfəsinədək qərarına sadiq qalan Cavad xanın şücaəti və mərdliyi qarşısında bu gün də hər bir azərbaycanlı baş əyir. Cavad xan 1804-cü il yanvarın 3-də qətlə yetirilib. O Sisianovun qərarı ilə Gəncədə Cümə Məscidində dəfn olunub. Vətən yolunda canından keçənlərə düşmən də öz rəğbətini etiraf etməkdən çəkinmir. Çar Rusiyasının Qafqaz üzrə komandanı Markiz Pauliççi 1812-ci ildə Cavad xanın ev dustaqı olan ailəsini azad edib mərkəzə belə bir məktub göndərmişdi: "Öz vətəninə layiqincə xidmət edən adamları sevdiyim üçün Cavad xana haqq qazandırıram. O, şəhəri müdafiə edərək əlində silah ölmüşdür. Mən Cavad xana dərin hisslərimi və xüsusi hörmətimi nəzərə alaraq onun nəslindən olanların hamısına azadlıq verdim".

 

 Qacarlar tayfasından olan xanları başqa xanlardan fərqləndirən cəhətlərdən biri də onların elmə olan münasibəti idi. Cavad xan tarixi mənbələrdə elm sevən bir insan kimi təqdim olunur.

 

"Cavad xanın hakimiyyəti dövründə Gəncə çiçəklənir. Ticarət genişlənir, müxtəlif sənət sahələri inkişaf edir. Yaşayış binaları, karvansaralar, məscidlər tikilir. Cavad xanın sarayında alimlər, yazıçılar və şairlər toplaşırdı".

 

Ziyadxanov qardaşları rus-çar işğalı dönəmində Azərbaycanda ictimai-siyasi proseslərdə çox yaxından iştirak ediblər.

 

B.Əzizin fikrincə, İsmayıl xan ilk növbədə imperiyanın mərkəzində, Dövlət Dumasının tribunasından Rusiyanı Azərbaycanı işğal etməkdə ittiham eləyən bir cəsur şəxs kimi xarakterizə oluna bilər.

 

- Azərbaycan Rusiya tərəfindən işğal edildikdən sonra istər rus tarixşünaslığında, istərsə də Azərbaycan tarixşünaslığında bu işğala maksimum dərəcədə yumşaq don geyindirməyə çalışıblar. Məsələn, Sovet dövründə Azərbaycanın güya könüllü birləşdiyi deyilirdi. Hətta Mirzə Fətəli Axundzadə öz əsərlərində qeyd edirdi ki, "təxti-himayəsinə sığındığımız Rusiya"... Yəni guya biz özümüz könüllü Rusiyanın təxti-himayəsinə sığınmışıq.

 

İsmayıl xan Ziyadxanov 15 avqust 1867-ci ildə Gəncə şəhərində anadan olmuşdu. İlk təhsilini Gəncə gimnaziyasında alıb, daha sonra Moskva Universitetinin Hüquq fakültəsinə daxil olub. Moskva Universitetini müvəffəqiyyətlə bitirdikdən sonra Tiflis dairə məhkəməsində prokuror müavini vəzifəsində işə başlayıb.

 

İsmayıl xan 1905-ci ildə erməni daşnaklarının törətdiyi dəhşətli qətliamlara məruz qalan azərbaycanlıların acısını dərindən duyaraq siyasi fəaliyyətə qoşulub. Azərbaycanın milli istiqlal hərəkatının fəal üzvləri sırasında yer alan İsmayıl xan 1906-cı ildə Yelizavetpol quberniyasının 1-ci Dövlət Dumasının deputatı seçilib. Dumanın müsəlman fraksiyasının büro üzvü və "Xalq Azadlığı" partiyasının üzvü olub.

 

 Dumadakı fəaliyyəti dövründə çarizmin ucqarlarda köçürmə siyasətini, Qafqazda törədilmiş milli qırğınları, müstəmləkəçilərin xalqımızın başına açdığı bəlaları kəskin tənqid edib.İsmayıl xan təkcə Qafqazda deyil Baltikyanı bölgələrdə də baş verən haqsızlıqlara qarşı çıxıb və öz etirazını bildirib.

 

B.Əziz İsmayıl xan Ziyadxanovun Dövlət Dumasında Çar Rusiyasının müstəmləkəçilik siyasəti əleyhinə çıxışlarından bir neçə maraqlı nüansları bizimlə bölüşdü:

 

- O, Çar Rusiyasının Azərbaycanda həyata keçirdiyi müstəmləkəçilik siyasətinin iqtisadi,siyasi və mənəvi sahədə həyata keçirilmə üsulları və formalarını olduqca kəskin şəkildə tənqid edirdi. İsmayıl xan Ziyadxanov1906-cı ildə dövlət dumasında çıxışında bildirir : "100 il bundan əvvəl Rusiya Qafqazı işğal etmişdir. 100 il ərzində biz bir növ hərbi əsir hesab olunurduq və hərbi əsir kimi daimi nəzarət altındaydıq. Heç bir hüququmuz yox idi. Biz 100 il ərzində sözün əsl mənasında qul idik.Siz sosial,iqtisadi, siyasi həyatın hansı sahəsinə baxsanız hər yerdə yalnız hüquqsuzluq görərsiniz. Bizi işğal edəndə bizim ən həssas və yaralı yerimizə belə toxundular. Bizim dini işlərimizə müdaxilə etdilər. Hətta ruhaniləri seçməyə belə imkan vermədilər".  Yəni İsmayıl xan rus işğalının bütün sahələrdə Azərbaycana olduqca ağır təsir göstərdiyini çəkinmədən qeyd edib.

 

(Ardı var)

 

Ramil HİKMƏT

 

525-ci qəzet.- 2016.- 16 noyabr.- S.4.