75 yaşlı alim və 70 yaşlı universitet

 

Bakı Slavyan Universiteti -70

 

Müsahibim böyük alim, tərcüməçi, əvəzsiz pedaqoq, gözəl insan, BSU-nun professoru 75 yaşlı Məmməd Qocayevdir.

 

Ömrünün 55 ilini Bakı Slavyan Universitetinə həsr etmiş alimlə görüşümüz universitetin 70 illik yubileyinə təsadüf edir.

 

Elə söhbətimiz də Məmməd müəllimin BSU-dakı fəaliyyətinin keçmişi və bu günü barəsindədir.  Əvvəlcə böyük alimin qısa tərcümeyi-halına nəzər salaq:

 

M.Q.Qocayev 1941-ci ildə Gürcüstanda anadan olub. 1965-ci ildə o vaxtki M.F.Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutunu (indiki BSU) bitirib. Həmin vaxtdan bu universitetdə çalışır. 1975-ci ildə rus ədəbiyyatı ixtisası üzrə namizədlik, 1990-cı ildə doktorluq dissertasiyalarını müdafiə edib. Müxtəlif illərdə kafedra müdiri, fakültə dekanı, elmi işlər üzrə prorektor, "Azərbaycanda rus dili və ədəbiyyatı" jurnalının baş redaktoru olub. Hazırda  Klassik Rus ədəbiyyatı tarixi  kafedrasının müdiridir.

 

- Məmməd müəllim, necəsiniz? Zamanın, yaşın hansı vədəsidir sizin üçün?

 

- Təşəkkür edirəm, yaxşıyam. Əvvəlki enerji və əvvəlki həvəslə işləyirəm, həyatımın mənasını məhz pedaqoji fəaliyyətdə görürəm. Hər halda, gənc həmkarlarıma, tələbələrə lazım olduğumu bilirəm. Bu da mənim yaşamağımın, çalışmağımın stimuludur.

 

Yaşın elə vədəsidir ki, insan daha çox keçmişə nəzər salır. Mən də olub-keçənləri təhlil edirəm, nəyin düz, nəyin səhv olduğunu anlamaq istəyirəm. Cavanlıqda insan ancaq  gələcək haqqında düşünür. Onun fikirləri gələcəyə yönəlik olur. Amma yaşa dolduqdan, müəyyən həyat təcrübəsi qazandıqdan sonra insanlar daha çox keçmiş haqqında düşünür,  yaşananları təhlil edirlər. Bəzən müsahibə zamanı əksər məşhurlar öz həyatlarından razı olduqlarını söyləyirlər və deyirlər ki, həyata yenidən gəlsəydim, yenə də bu həyatımı yaşayardım. Amma mən belə fikirləşmirəm. Mənə görə həyat səhvlərlə doludur. İnsanın nailiyyətləri nə qədər çoxdursa, səhvləri, edə bilmədikləri ondan da çoxdur. Ona görə də sonradan səhvlər haqqında düşünəndə deyirəm ki, yenidən yaşasaydım həyatımı başqa cür qurardım. Məsələn, hökmən ingilis və ərəb dillərini öyrənərdim. Şərqin və Qərbin ən böyük dillərini öyrənmək hamı üçün vacibdir. Hesab edirəm ki, xarici dil mütləq öyrənilməlidir.  Rus dili də çox vacibdir. Bu dildə böyük ədəbiyyat var, Dostoyevski, Tolstoy var. Hesab edirəm ki, 75 ilin zirvəsindən keçmiş mənə nailiyyətlətlərlə yanaşı səhvlərin də çox olduğu həyat kimi görünür. Belə də olmalıdır, insan səhvlərdən keçərək həqiqəti tapır. Keçmişi dəyişmək  olmaz, amma onu təhlil etmək lazımdır.

 

- 75 yaşlı Məmməd Qocayev və 70 yaşlı BSU. Hardasa yaşıdsınız...

 

- Bu 75 ilin 55 ili BSU ilə bağlıdır. Bu instituta  gələndə mənim 20 yaşım var idi. Həm tələbə , həm müəllim həyatım burada keçib. BSU mənim ikinci evim olub. Ömrümün yarısını burada keçirmişəm. Mən BSU-nun həmişə təəssübünü çəkmişəm. Onun inkişafı, baş verən dəyişikliklər  mənim gözümün qabağında olub. Tələbəlik illərimdən bu günə kimi 10 rektorla işləmişəm və işləməyə davam edirəm. Universitetə təzə gələndə pedaqogika elmləri namizədi Qulam Məmmədov institutun rektoru idi. Çox mötəbər bir kişi idi. O zaman institutumuz M.F.Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutu adlanırdı. Xarici dillər və rus dili və ədəbiyyatı fakültələri var idi. Sonralar  M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutu kimi fəaliyyət göstərdi, indi isə Bakı Slavyan Universiteti kimi fəaliyyət göstərir.

 

- Pedaqoji və elmi fəaliyyətinizin BSU (keçmiş M.F.Axundov adına Azərbaycan  Pedaqoji  Rus dili və Ədəbiyyatı İnstitutu) ilə bağlı olması təsadüf  idimi?

 

- Mən özümü ədəbiyyatçı kimi görmürdüm. Elə hesab edirdim ki, iqtisadçı, fizik, riyaziyyatçı, mühəndis olacam. Bu elmlərə də can atırdım. Görünür bu qismət imiş, yaxşı ki, belə oldu. Amma əvvəlcədən  bilsəydim ki, ədəbiyyatçı olacam, ədəbiyyatı sevməyə, oxumağa, mahiyyətini dərk etməyə elə orta məktəbdən başlayardım. Bunun üçün də yaxşı müəllim, yol göstərən lazım idi. Təəssüf ki, mənim yaxşı ədəbiyyat müəllimim olmayıb, ona görə də ədəbiyyata gəlişim çox gecikib. Mən institutun III kursunda oxuyanda müəllimim rəhmətlik Asif Əfəndiyev (Asif Ata) mənə ədəbiyyatı sevdirdi, ədəbiyyata marağım Asif müəllimin mühazirələrindən sonra başladı.

 

BSU-da elmi və pedaqoji fəaliyyətimə gəlincə, 1960- cı ildə bu instituta daxil olmağım tamamilə təsadüf idi. Beş illik təhsildən sonra məni institutda saxladılar. Beləcə, elmi və pedaqoji fəaliyyətim başlandı. Pedaqoji fəaliyyətimi elmi fəaliyyətimdən üstün hesab edirəm, alimlikdən müəllimliyi üstün tuturam. Müəllimlik etdiyim müddətdə tələbələrimin görüşünə həmişə böyük həvəslə getmişəm, onların da ədəbiyyata marağı böyük idi. Təsəvvür edin ki, mən orta məktəbi Azərbaycan dilində bitirmiş tələbələrə  rus ədəbiyyatını rus dilində tədris edirdim. Məqsədimə də nail oldum, rus dilini və ədəbiyyatını, xüsusilə Dostoyevski yaradıcılığını  tələbələrimə  sevdirə bildim.

 

- BSU-da başlayan və bu günə qədər bu təhsil ocağında davam edən 55 illik səmərəli fəaliyyətinizdən hansı tərəf daha çox qazandı?

 

- Əlbəttə, mən çox qazandım. Mənim BSU-ya verdiyim dəryada bir damladır. Əsas odur ki, nələrisə etmişəm. Amma mənim həyatda bütün nailiyyətlərim BSU ilə bağlıdır. Əvvəlcə təhsil aldığım, sonra çalışdığım universitet mənə daha çox şey verib, nəinki mən ona.

 

- Sizcə BSU-nun bu gün Azərbaycan təhsil sistemində, elmində rolu və yeri hansı səviyyədədir?

 

- Sovetlər birliyi dağıldıqdan, ölkəmiz müstəqillik əldə etdikdən sonra keçmiş M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutunun gələcək taleyi  haqqında müxtəlif fikirlər səslənməyə başladı. Hətta bağlanacağı belə deyilirdi. O zaman Ulu Öndər Heydər Əliyev çox müdrik qərar qəbul etdi, mövcud institutun bazasında Bakı Slavyan Universitetini yaratdı. Deməli, biz müstəqil dövlət kimi təkcə rus dilini və ədəbiyyatını deyil, bütün slavyan xalqlarının mədəniyyətini öyrənməliyik. Bu gün Slavyan Universiteti bu işlə məşğuldur, biz slavyan xalqlarının dilini, mədəniyyətini, tarixini bilən mütəxəssislər yetişdiririk. Həmişə hesab etmişəm ki, bu iniversitetdən Azərbaycan ədəbiyyatşünaslığını inkişaf etdirə biləcək qüvvələr çıxa bilər. Çünki Azərbaycan ədəbiyyatı ilə məşğul olan hər bir kəs dünya ədəbiyyatını, o cümlədən, rus ədəbiyyatını yaxşı bilməlidir. Bu mənada Bakı Slavyan Universiteti çox müasir və Azərbaycan elmində, mədəniyyətində öz yeri olan təhsil ocağıdır. Mən universitetimizin gələcəyinə böyük ümidlər bəsləyirəm.

 

- Çoxillik təcrübənizdə müxtəlif nəsillərlə işləmisiniz. Yetişdirdiyiniz tələbələrdən BSU-da çalışanlar da var. Sizcə tələbələr çoxmu dəyişib?

 

- Uzun illər müəllim kimi çalışmışam. Tələbələrimdən 10 nəfərdən çox elmlər doktoru, professorlar var. Son vaxtlar auditoriyaya girməsəm də, indiki tələbələrin tez-tez tənqid edildiyini eşidirəm. Hər dövrün öz tələbi var. Əvvəllər tələbələr elmə həris idilər. Bəlkə də bu ondan irəli gəlirdi ki, onlar çox şeyi bilmirdilər, az məlumatlı idilər, onda internet, həmçinin televizor da yox idi, amma çox şey öyrənmək ehtirası vardı. Müasir tələbələr isə çox inkişaf etmiş, geniş dünyagörüşünə malikdirlər. Elə IX, X sinif şagirdləri var ki, alim kimi mühakimələr yürüdürlər. Bu yaxınlarda oxudum ki, hətta Qədim Misirdə qocalar gənclərdən şikayətlənirmişlər. Əslində isə həyat daim inkişaf edir. Sabah bu gündən daha irəlidədir. Qanunauyğun olaraq bu günün gəncliyi daha inkişaf etmişdir. Ümumiyyətlə, həyatda yaxşılar daha çoxdur, amma nədənsə daha çox kəm-kəsirlər gözə dəyir.

 

Gənclərimizin elmə münasibətinə gəlincə, elm heç vaxt yiyəsiz qalmır. Ötən əsrin 60-cı illərində cəmiyyətin qəhrəmanı ziyalı idi. Hər kəs çalışırdı ki, özünü ziyalı kimi təqdim etsin, mağaza müdirinin belə evində kitabxana, pianino olardı. Dövrümüzün qəhrəmanı isə iş adamlarıdır. Ona görə də gəncliyin idealı onlardır,  bu da normaldır. Bu o demək deyil ki, gənclərimiz elmdən uzaqdır. Bizim nə qədər 700 bal toplayan, dünyanın nüfuzlu universitetlərində təhsil alan tələbələrimiz var. Bu mənada mən gələcəyimizə çox ümidliyəm.

 

- Keçmiş tələbələriniz sizinlə bağlı xatirələrini qələmə alıblar, kifayət qədər səmimi yazılardır. Müəllim kimi belə böyük sevgini sadəcə gözəl insan, yoxsa əsl pedaqoq Məmməd Qocayev qazanıb?  Sizin bir müdrik insan və pedaqoq kimi məsləhətlərinizə həmişə ehtiyacımız var.

 

- Bu sualı mənə həmişə verirlər. Həqiqətən tələbələrim məni çox sevirlər. Məni tez-tez ziyarət edirlər. Bu mənim üçün çox xoşdur. Əgər müəllim tələbələrinin sevimlisi deyilsə, işləməməlidir. Həm də bu sevgi qarşılıqlı olmalıdır. Sevilməyimin səbəblərinə gəlincə, mən tələbələrimdən heç nəyi əsirgəməmişəm, onlarla işləmişəm. Tələbə hiss edib ki, onlar üçün çalışıram. Buna görə də məni seviblər. Digər səbəbinə gəlincə, müəllim tələbəyə qarşı tələbkar olmalıdır, amma onunla acıqlı danışmamalıdır. Tələbə müəllimin ona olan sevgisini hiss etməlidir. Övladlarımıza olan doğma münasibət eynilə tələbələrimizə də olmalıdır. Tələbələrimi heç vaxt yad hiss etməmişəm. Mənim onlara olan sevgim onların mənə münasibətindən əvvəldir. Bəziləri ilə indi də görüşürük. Məsləhətlərimi verirəm, yazılarını oxuyuram, redaktə edirəm. Bəzən kiməsə köməyim dəyəndə, bundan böyük  zövq alıram. Başqalarının uğuruna sevinməyi bacarıram.

 

- Azərbaycan filologiya elminin inkişafında əməyiniz əvəzsizdir. Elmi  fəaliyyətinizdə F.M.Dostoyevski yaradıcılığına müraciətiniz  yazıçıya olan dərin ehtiramdır, yoxsa?

 

- Dostoyevski yaradıcılığı mənim elmi fəaliyyətimdə mühüm yer tutur. F.M.Dostoyevski mənim üçün bir kəşf oldu. Namizədlik dissertasiyamı məşhur tənqidçi A.Qriqoryev haqqında yazmışam. Doktorluq dissertasiyam "F.M.Dostoyevski yaradıcılığında xarakter konsepsiyası" adlanır. Yazıçı haqqında monoqrafiyalarım rus və Azərbaycan dillərində çap olunub. Həyatda qazandığım ən böyük uğurum F.M.Dostoyevski irsini araşdırmağım və tədris etməyimlə bağlıdır. Bu yazıçıya mənim münasibətim çox ziddiyyətlidir, mürəkkəbdir. Yazıçı özü çox ziddiyyətli yazıçıdır. Bir var yazıçını oxuyursan, o sənə estetik zövq verir, bir də var sarsılırsan. Dostoyevski sarsıntıları ilə maraqlıdır. Onu sevənlər də var, sevməyənlər də. Dostoyevski öz bədii yaradıcılığında həqiqətə daha yaxındır, çünki o, təbiətən bədii düşüncə sahibidir. Amma məntiqi düşüncədə, publisistik yazılarında, siyasi fikirlərində, xüsusilə Rusiya-Türkiyə münasibətlərində böyük səhvlərə yol verirdi. Məncə Dostoyevski bədii yaradıcılıq adamı olaraq publisistikaya varmamalı, siyasətdən uzaq olmalı idi.

 

- Ömrünün 10 ilini tərcümə işinə həsr edən alim kimi Azərbaycanda bu sahənin indiki durumunu necə qiymətləndirirsiniz?

 

- Mən özümü heç vaxt peşəkar tərcüməçi hesab etməmişəm və heç vaxt ağlıma da gəlməzdi ki, tərcümə işi ilə məşğul ola bilərəm. 60 yaşdan sonra bir həqiqəti dərk etdim ki, mənim sevdiyim və illərlə tədris etdiyim Dostoyevski, onun  "Cinayət və cəza" və "İdiot" əsərləri istisna olmaqla, Azərbaycan dilinə tərcümə olunmayıb. İlk olaraq "Karamazov qardaşları"nın bir hissəsini tərcümə edərək "Mütərcim" jurnalında çap etdirdim. Sonra "Şeytanlar", "Yeniyetmə", "Gizlindən qeydlər", "Ölü evdən qeydlər", "Yoxsul insanlar", "Ev sahibəsi", "Gülməli adamın yuxusu", "Yazıçının gündəliyi"    M.Baxtinin "Dostoyevski poetikasının problemləri" əsərlərini tərcümə etdim. "Şeytanlar" romanı 150 cildlik "Dünya ədəbiyyatı kitabxanası"na daxil edilib.

 

Çox xoşbəxtəm ki, Dostoyevskini Azərbaycan oxucusuna sevdirə bildim. Həmin müddətdə elmdən ayrı düşdüm, bütün gücümü tərcüməyə sərf etdim. Sonda bu qərara gəldim ki, tərcüməçi yazıçı olmaq istəyən, hansısa səbəbdən yazıçı ola bilməyən insandır. Yazıçının güclü müşahidə qabiliyyəti olmalıdır. O, hər kəsin duya bilmədiklərini duya, həyata həssas yanaşa bilməlidir, onun  güclü bədii təsvir qabiliyyəti olmalıdır. Tərcüməçidə sonuncu cəhət olmadığı üçün o hazır material üzərində işləməyi daha çox sevir.

 

Tərcümə ədəbiyyatı çox geniş məsələdir. Mənə görə Azərbaycan filologiyası, dilçiliyi və ədəbiyyatşünaslığı özünün intibah dövrünü yaşayır. Ədəbiyyatşünaslığın inkişafı üçün ilk növbədə tədqiqat materialı lazımdır. Şair və yazıçılarımızın irsinin tam külliyyatı  çap olunmalıdır. N.A.Dobrolyubov 24 yaş yaşayıb, irsi doqquz cilddə çap olunub. M.F.Axundovun irsi isə üç cilddə çap olunub. Ədəbiyyatşünas alimlərimiz alimlərimiz bu haqda düşünməlidirlər.  Sonra yazıçı və şairlərimizin fars, ərəb dillərində yazılmış əsərləri tərcümə olunmalıdır. F.Nəiminin "Cavidannamə"si hələ Azərbaycan dilinə tərcümə olunmayıb. N.Gəncəvinin poemaları dilimizə tərcümə olunub, amma nədənsə hamı hesab edir ki, bu kifayətdir. Təkrar tərcümələr mütləq olmalıdır, özü də təkcə bədii yox, həm də filoloji tərcüməsi olmalıdır. Dünya ədəbiyyatının dilimizə tərcüməsi vacibdir. Bu sahənin inkişafı məqsədi ilə Prezidentin sərəncamı əsasında dünya ədəbiyyatı 150 cilddə "Dünya ədəbiyyatı kitabxanası" adı ilə çap olunub. Bu sahəni gücləndirmək üçün nəşriyyatlar peşəkar tərcüməçilərə sifariş verməli, tərcümə materialı ciddi redaktə olunmalıdır.

 

- 70 illik yubiley ərəfəsində BSU elmi ictimaiyyətinə arzularınızı eşitmək istərdik.

 

- Hesab edirəm ki, hər kəs sevdiyi və bacardığı işlə məşğul olmalıdır. Başqasının işinə qarışmamaq, aza da qane olmaq olar. Gərək deyil ki, dahi olasan. Öz yerini düzgün təyin edə bilmək insandan müdriklik tələb edir. Şair Qabil yaxşı deyib:  "Müsibət oluruq biz, səhv düşəndə yerimiz". Yerimizi səhv salmayaq.

 

Səbinə MƏMMƏDOVA

BSU Jurnalistika kafedrasının müəllimi

 

525-ci qəzet.- 2016.- 17 noyabr.- S.8.