Bana Ali beyi anlat...

 

 

Dünən Türk dünyasının böyük oğlu, əvəzsiz hoca, Bakı Atatürk Liseyinin müdiri Ali Devrem Bakıda dünyasını dəyişdi...

 

Sevgili Ali bəy,

 

10 Kasımda - Atatürkün anım günündə Fatihə ilə birlikdə əvvəl Atatürkə məktub yazıb, sonra törən üçün iki ədəd qırmızı qərənfil alanda bilməzdim ki, 5 gün sonra Sizə məktub yazacağam. Sizin üçün qaraya bükülmüş qırmızı qərənfillər alacağam...

 

Bizim Atatürkə məktubumuz bu sözlərlə başlayırdı:

 

"Sevgili, Atatürk, öyrətmən bu gün bizə Səni anlatdı".

 

Düzünü deyirəm, Ali bəy. Birinci sinifdən "anlat" felini keçirik, mənasını incələyirik, amma yalnız bu il: "Öyrətmən bu gün bizə Atatürkü anlatdı", - yazanda hiss etdik ki, deyəsən, mənasını düz yazdıq, yazdığımızın mənasına vardıq.

 

Sevgili Ali bəy, bu tutqun payız günündə Sizin qəfil gedişinizlə Sizi  anlatmanın zamanı yetişdi...

 

"Kimdir Ali bəy?" - soranlar üçün...

 

Bu gün şəklini yaxama taxanda iynənin əksini deşə biləcəyindən belə ehtiyat etdiyim BİRİSİ,

 

Sevgidən nurdan yoğrulmuş, bizim övladlarımızın ruhunu heç zaman incitməyən bir KİŞİ,

 

Okul koridorunda ayaq saxlayıb, dərs ilinin ilk günündə öyrənci ilə əl verib, əyilib onun üzündən öpən MÜDİR BƏY,

 

Sinif qapısına "Bu sinfə girincə sən sayğınsan, özəlsən, dəyərlisən, arkadaşsan, yazarsan, şairsən, araşdırmaçısan, matematiksən, ən önəmlisən" yazılan bir məktəbin RUH ATASI,  

 

Bakı Atatürk liseyini təsisata çevirən, ayaqda saxlayan, yay tətilini Türkiyəyə getməyib, məktəbin tozlu həyətində fəhlələrlə çalışan, siqaretin tüstüsü ilə birlikdə tikintinin tozunu da ciyərlərinə çəkən FƏDAİ,

 

Qapısı hər zaman açıq, fikirləri işıqlı, sevgisi səbri ümman, bir məktubun cavabını 3 ay gözləyə bilən MƏMUR,

 

Okul ücrətindən başqa, bir çöp belə vermədiyimiz, fəqət övladlarımızı əmanət etdiyimiz İNSAN,

 

Küçədə onun arxasınca baxan sahibsiz xəstə kediyə sahib çıxan, sağaldan, ona pasport yapdırıb özü ilə Türkiyəyə daşıyan ALLAH BƏNDƏSİ,

 

Keçmiş öyrəncisinin ali məktəbdə təhsil haqqını verə bilmədiyini eşidəndə ona əl tutan, fəqət öz qızına "Kızım, babanın kazancı bu, bundan fazlasını sənə satın ala bilmərəm", - deyə bilən gözü, könlü tox, nəfsinə sahib bir KİŞİ,

 

Son telefon zəngində "Nəfəsim çatmır" - deyib, amma bizlərə yeni nəfəs verən, təcili yardım çağırmaq üçün ev ünvanını bilməyən, amma son ünvanı bizim ürəklərimiz olan ölümsüz İNSAN,

 

Tabutunu Türkiyənin, Azərbaycanın Atatürk liseyinin bayraqları öyrəncilər qucaqlayan, cənazəsi önündə 10-12 yaşlı bir məktəblinin sakit-sakit fatihə verib, güllər düzüb, bir küncə çəkilib həzin-həzin ağladığı bir HOCA,

 

Öz ailəsi burada olmasa da, Atatürk liseyini bir ailəyə çevirə bilən, təkcə öz övladlarına nəvələrinə deyil, bütün cocuqlara baba itkisi yaşatdıran KİŞİ...

 

Sağlığında alqış, dünyasını dəyişəndə rəhmət dua qazanan, savabları qiyamətə qədər çoxalacaq, Haqqın dərgahında behişti haqq etmiş  BƏNDƏ,

 

Bizə Atatürkü anladan böyük TÜRKÇÜ ALİ BƏY...

 

Sevgili Ali bəy,

 

Bizim Atatürkə məktubumuz belə bitdi.

 

"Sevgili Atatürk, mən Ankaraya gəlmək, Anıt Kabrı ziyarət etmək, sənə Bakıdan qərənfillər və hədiyyə gətirmək istəyirəm"...

 

Sevgili Ali bəy, bir gün biz Türkiyəyə gələcəyik. Anıt Kabırdan sonra ziyarətinə gələcəyimiz Siz olacaqsınız. Sizə Bakıdan güllər gətirəcəyik. BirSizin bizə anlatdıqlarınızı Allah əmanəti kimi kimi qoruyub hədiyyə gətirəcəyik...

 

Mutluyam, "Ali bəyi tanıdım"- deyənə...

 

Mutluyam,  "Mənə Məktəbi, Vətəni, Türkçülüyü və İnsanlığı Ali bəy anlatdı" -  deyənə.

 

Haqqını halal et...

 

Sonsuz sayğı, sevgi, ehtiramla

 

Aynur BƏŞİRLİ

 

525-ci qəzet.- 2016.- 17 noyabr.- S.8.