Dövlətçilik tariximizdə parlaq imzalar - Ziyadxanov qardaşları
Şəxsiyyətlər cəmiyyətin aparıcı
qüvvəsi, millətin
simasında əsas cizgilər sayılır. Öz əməlləri ilə vətənlərinin tarixinə
imza ata bilənlər, xalqına
son nəfəsinə qədər
sədaqətlə xidmət
edənlər tarixin səhnəsində yaşamaqdadırlar
və bu yaşamaq haqqını heç kim
onların əlindən
ala bilməz.
Azərbaycanda qədim tarixi köklərə, şərəfli
şəcərəyə mənsub
şəxsiyyətlər az deyil. Belə şəxsiyyətlərdən olan İsmayıl xan və Adil
xan Ziyadxanov qardaşları Demokratik Cümhuriyyət zamanında
tanınmış dövlət
və hökumət xadimlərindən olublar.
Tarix elmləri
namizədi, BDU-nun dosenti
Boran Əziz ilə bu mövzuda
ətraflı söhbətləşdik. Alimin sözlərinə görə , İsmayıl xan və Adil xan
Ziyadxanov qardaşları
məşhur Qacarlar sülaləsinin Ziyadoğlular
qolunun siyasi mühitdə görünən
sonuncu nümayəndələridir.
Ziyadxanovlar Vətənə sədaqətlə xidmət
göstərən ailələrdən
olub.
B.Əziz qeyd edir ki,
bu sülalə təkcə Gəncəbasar
bölgəsinin deyil,
bütün Azərbaycanın
siyasi həyatında mühüm rol oynayıb.
(Əvvəli ötən sayımızda)
İsmayıl xan Rusiyanın Azərbaycanda həyata keçirdiyi müstəmləkəçilik
siyasətindən bəhs
edərkən bildirirdi:
"Uzun illər ərzində Azərbaycan
türklərinin ali müsəlman təbəqəsinin nəinki
siyasi hətta mülkiyyət hüququnu
da tanımırdılar".
İsmayıl xan Dumadakı çıxışlarında
bildirirdi ki, "Bizi müsəlman və türk olduğumuza görə bir çox ali məktəblərə
qəbul etmirlər. Ali məktəbləri bitirəndə isə hökumət idarələrində
yüksək vəzifə
tutmağımıza qətiyyən
icazə vermirlər.
Çar
hökumət orqanları
bizi bisavad, geridə qalmış adlandırır. Halbuki
çar senzurası dövründə biz ən
yaxşı halda cəmi bir qəzet
buraxa bilirdiksə, bu gün (1906-cı ili nəzərdə
tutur) bizim 30-dan artıq qəzet və jurnallarımız çap olunur... Çar hakimiyyət orqanları o qədər də böyük səlahiyyətləri
olmayan şəhər
bələdiyyələrinə seçkilərdə də
ayrı-seçkilik yaradır.
Müsəlmanlara ikinci növ
adamlar kimi baxırdılar".
O dövrdə Çarın
verdiyi fərmana görə müsəlmanlar
şəhər bələdiyyələrinin
ən yaxşı halda yarısını təşkil edə bilərdi. Rus hökumətinin verdiyi qanuna görə 499 xristianın
səsi 2900 müsəlmanın
səsinə bərabər
idi. İsmayıl xan bunu da çox kəskin
tənqid edib.
Müsəlmanların çarizmə qarşı
mübarizəsini rəsmi
ərizələrdən və
xahişnamələrdən Dumadakı etiraz səviyyəsinədək yüksəldib. Onun Rusiya Dövlət Dumasının tribunasından
erməni müsəlman
qırğını barədə
söylədiyi fikirlər
öz aktuallığını
bu gün də qoruyub saxlayır: "Çar hakimiyyət orqanları azərbaycanlı və ermənilərin öz azadlığı, haqq və hüriyyətləri
uğrunda mübarizəyə
qalxdığını görərək
onları bu fikirdən yayındırmaq
üçün iki xalqın arasında qarşıdurma yaratmışdır.
Rusiya imperiyası iki xalqı bir-birini ölüb-öldürməyə sövq etmişdir ki, burada da
daha çox əziyyət çəkən
məhz müsəlmanlar
olmuşdur". Ona görə
ki, çar hakimiyyət orqanları erməniləri bu ərazilərdə özlərinin
əsas dayaqlarından
biri sayırdı.
İsmayıl xan çar
hökumətindən belə
bir qırğının
dərhal dayandırılmasını
və günahkarların
cəzalandırılmasını tələb edirdi.
Çar hakimiyyət orqanlarının
Azərbaycanda həyata
keçirdiyi müstəmləkəçilik
siyasətindən biri
də köçürmə
siyasətidir.Çar buraya
təkcə erməniləri
və rusları köçürməklə kifayətlənməmişdir. Yerli azərbaycanlıları xüsusilə
də ali
müsəlman təbəqəsini
buradan baş götürüb getməyə
məcbur edirdi. İsmayıl xan Ziyadxanov dumadakı çıxışlarında köçürmə
siyasətini də kəskin şəkildə
pisləyirdi: "Azərbaycan
kəndliləri onsuzda
az torpaqlılıqdan
əziyyət çəkirdi.
İrandan və Türkiyədən qeyri azərbaycanlıları bura
köçürməklə sosial vəziyyət bir az da ağırlaşdırılıb.
Bu, dolayısı ilə azərbaycanlıların
ruslaşdırılması və xristianlaşdırılmasına
xidmət edir".
İsmayıl xan ermənilərin
Azərbaycanda törətdikləri
qırğınlar ilə
əlaqədar Dumadakı
çıxışlarının birində deyib: "Hər dəqiqə ölkəmdən qorxulu xəbərlər alıram.
Bu dəqiqə İrəvanda silah səsləri eşidilməkdədir.
Cənablar iki ildən
bəri qan içində üzən
ölkəmizdə cəsədlərin
üstündən keçirik.
Artıq
səbrimiz tükənib.
Bizə də acıyın. Biz anaların qucağından
alınıb havaya atılan südəmər
uşaqların havada ikən xəncərlərə
keçirildiklərini görmüşük.
Biz hamilə qadınların
qarnına salınan xəncərlərin açdığı
yaralardan uşaq əllərinin bayıra sallandığının şahidi
olmuşuq. Qoy mətbuat və təbliğat vasitələrilə
aramıza nifaq toxumu səpən provokatorlar utansınlar, yanğın və alovlardan xoşlananlar iş başından çəkilsinlər, dəlik-deşik
edilən cəsədlərin,
anaların, uşaqların
fəryadından, iniltisindən
həzz alanlar rədd olsunlar".
İsmayıl xan Ziyadxanov Dumanın buraxılmasına
etiraz edən deputatların (onların arasında Əlimərdan
bəy Topçubaşov
da vardı) Vıborq müraciətnaməsini
imzaladığına görə
üç aylıq həbs cəzasına məhkum olunmuş və Dumaya seçilmək hüququndan
məhrum edilmişdi.
Erməni-müsəlman qırğınının qarşısının
alınması məqsədilə
1906-cı ilin fevralında
Tiflisdə barışıq
qurultayı çağırılmışdı. Əlimərdan bəy Topçubaşov, Əhməd bəy Ağaoğlu, Xəlil bəy Xasməmmədov qardaşları ilə yanaşı Ziyadxanov qardaşları da bu barışıq qurultayında iştirak edirdilər. Orada müsəlmanların
əsas tələblərini
dilə gətirən
və onların mövqeyini əks etdirən əsas sənədin hazırlanmasında
hər iki qardaşın böyük
rolu olmuşdu.
Məhz bundan sonra Ziyadxanov qardaşları Gəncədə "Müdafiə" adlı təşkilat yaratmışdılar. Bu təşkilat gizli olaraq fəaliyyət göstərirdi. Onlar çağırış adlı bir vərəqə buraxmışdılar. Bu vərəqədə təşkilatın əsas məqsəd və məramı qeyd olunmuşdu. Çağırışın aşağısında möhür var idi. Möhürdə tərəzi, kitab, saman topası və bir-birini kəsən iki qılınc təsvir edilmişdi. Bu isə əslində təşkilatın qarşısına qoyduğu vəzifələri əks etdirirdi.Yəni burda ədalət uğrunda mübarizə, əkinçinin mənafeyinin qorunması habelə tamahkarlığının və amansızlığının həddi olmayan məmurlara qarşı mübarizə aparılması, hətta lazım gələrsə, onların cəzalandırılması eyni zamanda müsəlman əhalisinin azadlığına qəsd edənlərin cəzalandırılmasına nail olunması başlıca məqsədlərindən biri idi. "Müdafiə" təşkilatı müsəlmanlar arasında maarif mədəniyyət işlərinə qayğı göstərirdi. O dövrdə müsəlmanların əksəriyyəti savadsızlığı ucbatından öz hüququnu düzgün başa düşə bilmirdilər. Təşkilat çar məmurlarının da bu insanları incitməsinə qarşı mübarizə aparırdı, onlara hüquqi yardım göstərirdi. O dövrdə buraxılan çağırışda deyilirdi ki,"Partiya cəmiyyətin sağlam düşüncəli və alicənab hissəsini ədalət və azadlıq uğrunda apardığı çətin mübarizəyə köməyə çağırır. Müdafiə sülh yolu ilə işləsə də hüququ, ədaləti və vicdanı tapdalayanları amansızcasına cəzalandıracaqdır. Xalqın fəlakətlərində dərin günahı olanlar amansız qisasdan qaça bilməyəcəklər" .
1907-ci ilin martında Qafqaz və Krım müsəlmanlarının nümayəndələrinin Gəncədə keçirilmiş qurultayında İsmayıl xan Ziyadxanovun rəhbərliyi ilə Zaqafqaziya Ümummüsəlman İttifaqının yaradılması qərara alınmışdı.
1917-ci il Rusiya fevral burjua inqilabından sonra Gəncədə ictimai təşkilatların icraiyyə komitəsini təşkil edib və şəhər milisinin rəisi təyin edilib. Gəncə şəhərinin asayişi İsmayıl xan Ziyadxanlının rəhbərlik etdiyi milis dəstələri tərəfindən qorunub.
B.Əziz qeyd edir ki, 1918-ci ilin 18-22 martında Stepan Şaumyan yaxın dostu Stepan Lalayevin başçılığı altında Daşnak ordusunu Şamaxıya göndərdi. Şamaxıya girən ermənilər şəhəri top atəşinə tutdular. Evlər yandırıldı, evlərdən qaçan qadınlar, uşaqlar və küçələrdə görünənlərin hamısı güllələndi. Şəhərdə qırğın və talanlar Gəncədən müsəlman dəstəsi gələnə qədər davam etdi. Martın 28-də İsmayıl xan Ziyadxanovun rəhbərliyi ilə Şamaxının müdafiəsinə yetişən milis dəstələri qısa vaxt ərzində Şamaxını rus və erməni dəstələrindən azad etdi. Ermənilər Malakan kəndi olan Qozlu çaya çəkildilər. İsmayıl xan bu kəndin ağsaqqallarını dəvət edərək erməniləri təhvil vermələrini, ya da onları kənddən çıxarmalarını tələb etdi. Malakanlar iki gün vaxt istədilər. İki gün sonra Bakıdan əlavə kömək gələndən sonra verdikləri sözdən imtina etdilər. İsmayıl xan əhalini xəbərdar etdi ki, ermənilər geri qayıda bilər. Ona görə də ayıq-sayıq olsunlar. S. Şaumyan İsmayıl xan Ziyadxanovu Azərbaycanda Sovet hakimiyyəti üçün ən təhlükəli adam adlandırmışdı. Halbuki, İsmayıl xan özgə millətlərə nifrət hissi olmayan, bütün insanlara kömək etmək düşüncəsilə yaşayan bir adam idi".
Sovet dövrü tarix kitablarında Gəncə mülkədarı, əks-inqilabçı kimi qələmə verilən bu adamın adı Fövqəladə Hallar Komissiyasının sənədlərində bir neçə dəfə xatırlanır. Ancaq həmin xatırlamalarla bu insana qarşı bir məhəbbət və xalq sevgisi hiss olunur. Dar gündə kiçik bir dəstə ilə Şamaxılı qardaşlarının harayına yetişən bu igid azərbaycanlı xalq arasında böyük rəğbət qazanır. Arxiv sənədlərində göstərilir ki, "Xan dəstəsi" gedəndən sonra Şamaxının əsl müsibəti başladı. Şamaxı qəzasının 58 kəndi yerlə-yeksan edildi. 7 minə yaxın azərbaycanlı amansızcasına qətlə yetirildi. Öldürülənlərin 1653 nəfəri qadın, 965 nəfəri uşaq idi. Həm bu qırğın və talanlar ağlasığmaz bir qəddarlıqla həyata keçirilir, müsəlmanlar nəinki diriykən, hətta öldürüldükdən sonra vəhşicəsinə təhqir edilirdi.
İsmayıl xan Ziyadxanov Azərbaycan Xalq Cümhuriyyətinin 2-ci hökumətinin tərkibində hərbi işlər üzrə müvəkkil olub, daha sonra xarici işlər nazirinin 1-ci müavini təyin edilib.
İstiqlal bəyannaməsindəki qonşu dövlətlərlə qarşılıqlı münasibətlərin qurulması zərurəti prinsipləri Azərbaycanın cənub qonşusu olan İranla da normal əlaqələrin yaranmasını tələb edirdi.
Yusif Vəzir Çəmənzəminli "Xarici siyasətimiz" əsərində yazır: "Rusla İranın arasında Azərbaycan dövləti təşəkkül etdi. Rus qorxusuna qarşı Qafqaz orduları sinəsini sipər edərək durdular və duracaqlar. İran da asudə nəfəs almağa başladı. Bundan sonra iki qonşu və müsəlman dövlətləri arasında dostluq hasilə gəlməlidir. İranla aramızda məchul və ixtilaflı bir məsələ yoxdur. İki qonşu dövlətin tərəqqisi yalnız dostluq ilə ola bilər. İran bizi tutarsa və bizi müstəqil deyə tanırsa, özü üçün şimal tufanına qarşı sipər qazanar".
(Ardı var)
Ramil HİKMƏT
525-ci qəzet.- 2016.- 17 noyabr.- S.6.