"Media ilə sosial şəbəkələrin ciddi əməkdaşlıq etməsi artıq
qaçılmazdır"
Dünən, noyabrın 16-da APA İnformasiya
Agentliyi 12 yaşını
qeyd edib. Bu münasibətlə "APA Holdinq"in
prezidenti Vüsalə
Mahirqızı "Trend" İnformasiya Agentliyinə
müsahibə verib.
Müsahibəni təqdim edirik.
- Sizcə, müasir Azərbaycan mətbuatının
əsas uğurları
və problemləri hansılardır?
- Hesab edirəm ki, bu gün
mətbuatımızın kifayət
qədər azad
internet müstəvisində inkişaf etməsi yaxşı tendensiyadır.
Demək
olar ki, Azərbaycanda bütün
internet resursları yaradılıb,
çoxlu sayda aktiv internet istifadəçiləri
var, xəbər portalları, informasiya agentlikləri, internet televiziyaları
fəaliyyət göstərir.
Son statistikaya görə,
ölkədə 40-dan çox
informasiya agentliyi, 15
internet televiziya və
300-dən artıq aktiv
xəbər portalı
fəaliyyət göstərir,
o cümlədən, ölkəmizin
bütün regionlarında
televiziyalar fəaliyyət
göstərir, beynəlxalq
müstəviyə çıxan
media qurumlarımız var. Bütün
bunlar Azərbaycan mətbuatının uğurudur.
Ölkə mediasında artıq
xaricidilli jurnalistlərin,
strukturlaşmış, oturuşmuş
media qurumlarının sayı
artır. Xüsusilə öz sahəmizlə bağlı deyə bilərəm ki, internet mediada artıq maddi-texniki bazanın yaranması, zənginləşməsi
prosesi uğurla gedir. Misal üçün, əgər bir müddət əvvəl bizim internet resurslarımız
adi haker hücumlarına dözə
bilmirdilərsə, artıq
bu gün böyük hücumların
qarşısında tab gətirə,
böyük proseslərdə
fasiləsiz çalışa
bilirlər. Bütün bunların
hamısı müsbət
amillərdir.
Mətbuatımızın problemlərinə gəlincə
isə onu qeyd edə bilərəm
ki, son vaxtlar dünyada baş vermiş qlobal böhran media sahəsinə
də təsir göstərib. Çünki media öz işini
daha çox reklam, piar üzərində
qurur və istənilən şirkət
də böhrana məruz qalanda ilk kəsdiyi vəsait reklam və piardan olur. Əlbəttə, reklam bazarının formalaşması
və artması istiqamətində ciddi problemlərimiz var. Hesab edirəm ki, internet resurslarının bu istiqamətdə birgə müzakirələr aparmasına,
dünyada yeni trendlərdən istifadə
edərək öz tendensiyalarımızı formalaşdırmağa,
internet medianın reklamvericilərə
daha cəlbedici olması üçün
iş aparmağımıza
ehtiyac var. Təbii ki, xaricidilli media qurumlarımızın çoxalmasına
da ehtiyac var.
Bu gün mediamızın
bir sıra problemləri var, amma mən çox
nikbinəm, çünki
dünyada hazırda inkişaf tendensiyasında
olan media vasitəsi
internet mediadır. Eyni zamanda
internet özü həmin
media qurumlarına təkcə
xəbər şirkətləri
kimi yox, həm də internet biznes layihələri kimi fəaliyyət göstərmək imkanları
yaradır. Hesab edirəm
ki, biz bunlardan da yararlanaraq işlərimizi inkişaf
etdirə biləcəyik.
- Bu gün Azərbaycan jurnalistikasının cəmiyyətdə
nüfuzunu qənaətbəxş
hesab etmək olarmı?
- Əgər jurnalistika
obyektivdirsə, müəyyən
problemləri qabarda bilirsə və müxtəlif məsələlərə
təsir göstərə
bilirsə, əlbəttə
ki, nüfuzu da olacaq. Bu gün çox təəssüf ki, jurnalist adından sui-istifadə edənlər var, onların sayı çoxdur, böyük bir kütlədir. Bu da cəmiyyətdə jurnalistlərə qarşı
bir nüfuzdan salma görüntüsü
yaradır. Bəzi insanlar
da bundan sui-istifadə edirlər.
Əslində belələri ağla
qaranın fərqini çox yaxşı bilirlər, amma özlərinə sərf
edəndə hamını
o kateqoriyaya daxil edirlər. Lakin düşünürəm ki, cəmiyyətin böyük hissəsi ayrı-ayrı qurumlarla, jurnalistlərlə bağlı
çox yaxşı məlumatlıdır, jurnalistikanın
hansı nüfuz dairəsinə məxsus olduğunu bilir. Son vaxtlar isə
internet medianın nüfuzu
kifayət qədər
artıb. Belə ki,
son zamanlar cəmiyyətimizdə
müzakirə olunan və müsbət həllini tapan məsələlərin hamısını
media qabardıb. Medianın qaldırdığı
məsələlər cəmiyyət
tərəfindən, dövlət
strukturları tərəfindən,
ayrı-ayrı institutlar
tərəfindən nə
qədər çox həllini taparsa, medianın da nüfuzu o qədər yüksələr. İstənilən cəmiyyətdə medianın
nüfuzlu olması həmin cəmiyyət üçün, həmin
ölkənin idarəetməsi
üçün asanlaşdırıcı
vasitələrdən biridir.
Çünki media bütün hallarda cəmiyyətin idarə olunmasında əsas köməkçi
vasitədir.
- Bəs sosial şəbəkələr internet mediaya rəqib ola bilərmi?
Ümumiyyətlə, bu iki sahə arasında fərqi nədə görürsünüz?
- Mən buna rəqabət
deməzdim. Çünki sosial şəbəkələr
və media tamamilə
başqa müstəvilərdir.
Sosial şəbəkələrin işləmə
prinsipinin əsas amili subyektivlik, medianın isə obyektivlikdir. Lakin media ilə
sosial şəbəkələrin
çox ciddi əməkdaşlıq etməsi
artıq qaçılmazdır.
"Media sosial şəbəkələrə uduzur" fikri ilə razı deyiləm. Çünki
medianın yayılma arealı, nüfuzetmə dərəcəsi, hadisələrə
münasibəti sosial
şəbəkələrlə eyni ola
bilməz. Sosial şəbəkələrdə
olan hər şey subyektivdir, amma medianın o subyektiv xammalı götürüb obyektiv işləmək və obyektiv bir xəbərə
çevirmək imkanı
var. Bu imkan hələ
də medianın əlində qalır və qalacaq.
Media cəmiyyətlə dövlət arasında bir körpüdür. Sosial şəbəkələrin
isə belə funksiyası yoxdur. Çünki sosial şəbəkələr
cəmiyyətin virtual formasıdır.
Medianın dövlətlə, digər institutlarla cəmiyyət arasında körpü olma funksiyası daşıyır.
Sadəcə olaraq, bu körpü funksiyasını
uğurla yerinə yetirmək lazımdır.
Çox
təəssüf ki, bu gün bizim
bir çox saytlarımız sosial şəbəkələrdə nə varsa, eynilə yayırlar.
Belə saytların sosial şəbəkələrdən fərqi yoxdur. Sosial şəbəkələr bizə
daha çox insana, daha çox
istifadəçiyə çatmaq
imkanı verir. Amma bütün hallarda subyektivdir. Buna görə də sosial şəbəkələrin
nə zamansa medianın yerini tutacağını düşünmürəm.
Bu, sadəcə mediaya çox yaxşı bir dəstəkdir.
- Bu gün belə fikirlər var ki, çap mediası, demək olar, nüfuzunu itirib. Siz necə hesab
edirsiniz?
- Əslində qəzetin
qalmasının tərəfdarıyam. Bəlkə də
qəzetçilikdən gəldiyim
üçün belə
düşünürəm. Amma qəzet tarixdir. Lakin internet mediada texniki nasazlıq baş verəndə hər şey məhv olub gedir. Qəzet isə yazılı arxivdir. Bu gün
internet mediadan istənilən
məlumatı silmək
olar. Amma qəzetdə bunu
etmək qeyri-mümkündür.
Qəzet
yaxşı bir ənənədir, sadəcə
olaraq, düşünürəm
ki, dünyada media öz fəaliyyətində
yeniliklər edirsə,
Azərbaycan mətbuatı
da öz imkanları daxilində bu yeniliklərə getməlidir. Əminəm ki, bizim çox
istedadlı qəzet baş redaktorlarımız
var. Təbii ki, onlar dünyada gedən trendləri izləyirlər. Burada
bir az
maliyyə məsələsi
də rol oynayır. Hesab edirəm ki,
araşdırmaçılıqla məşğul olan, yeni mövzular ortaya çıxaran qəzetlər hələ
yaşamalıdır.
- Məlumdur ki, Azərbaycanda çap mediasına dövlət tərəfindən maliyyə
dəstəyi göstərilir.
Sizcə,
internet mediaya da dövlət dəstəyinin
göstərilməsinə ehtiyac varmı?
- Əlbəttə, dəstək
göstərilsə, yaxşı
olar. Amma düşünürəm ki, dövlətin mediaya yardım etmək kimi bir borcu, öhdəliyi
yoxdur. Sadəcə Azərbaycan Respublikasının
Prezidenti yanında Kütləvi İnformasiya
Vasitələrinin İnkişafına
Dövlət Dəstəyi
Fondunun yaradılması
və çap mediasına bu dəstəyin göstərilməsi
cənab Prezidentin bir humanizmi, mediaya olan diqqətidir.
Dövlət medianın inkişafı üçün şərait
yaradıb. İnternet azaddır, ölkədə
fəaliyyət göstərmək
üçün heç
bir problem yoxdur,
internet media qurumlarının reklam alması üçün heç bir qadağa yoxdur. Mən dövlətdən əlavə köməyin
olmasının ona görə tərəfdarıyam
ki, internet medianın maddi-texniki bazasının
yaradılması vacibdir.
Çünki internet medianın maddi-texniki bazasının
yaradılması həm
də ölkənin milli təhlükəsizlik
məsələsidir. Bizim ciddi server ehtiyatlarımızın
olması vacibdir.
Çünki biz başqa bir
ölkə ilə müharibə vəziyyətindəyik.
Tez-tez cəbhə bölgələrində
insidentlər olur və çox təəssüf ki, həmin insidentlər zamanı düşmən
tərəfin istifadə
etdiyi silahlardan biri də kiberhücumlardır.
Onlar kiberhücumlar vasitəsilə
bizim media qurumlarımızı
və dünyaya çıxışımızı əngəlləmək istəyirlər.
Biz öz imkanlarımız hesabına çox böyük bir hissəni keçib gəlmişik. Böyük media qurumlarının maddi-texniki bazası formalaşıb. Amma informasiya texnologiyalarında hər gün bir yenilik olur. Mən dövlətdən daha çox bu istiqamətdə köməyi xahiş edərdim. Amma yenə də təkrar edirəm ki, dövlətin mediaya yardım etmək öhdəliyi yoxdur. Dövlət öz üzərinə düşəni edib, bizim üçün şərait yaradıb.
- APA yaranan zaman qarşıya qoyulan məqsədlərə nail oldunuzmu?
- Hesab edirəm ki, böyük əksəriyyətinə nail olunub. Tam nail olunduğunu deyə bilmərəm, çünki missiyası bitən qurumlar, adətən, məhvə məhkum olurlar. Düşünürəm ki, APA qarşısına qoyduğu məqsədlərin böyük bir hissəsinə nail oldu. Biz Cənubi Qafqazda və MDB-də kifayət qədər tanınmış bir agentliyik. Dünyanın aparıcı media qurumları bizə istinad edirlər, müxtəlif ölkələrin media qurumları ilə yaxşı əməkdaşlığımız var. Ölkənin tanınmış xəbər istehsalçılarından biriyik. Amma fikrimcə, APA daha çox analitik agentlik kimi fəaliyyət göstərməlidir. Bizim qarşıdakı hədəflərimizdən biri budur. Daha çox yerlərdə filial açmaq və daha çox dillərdə fəaliyyət göstərmək hədəflərimiz də var.
Redaksiyadan: "525-ci qəzet"in kollektivi ad günləri münasibəti ilə APA-dakı həmkarlarını təbrik edir, onlara işlərində daha böyük uğurlar arzulayır.
525-ci qəzet.- 2016.- 17 noyabr.- S.5.