Fərəh Əliyeva:
"Universiteti bütün neqativ hallardan təmizləmişik"
Milli.Az Mədəniyyət və İncəsənət
Universitetinin rektoru, professor Fərəh Əliyevanın APA-ya
müsahibəsini təqdim edir.
May,
2014-cü il. Ölkənin ən çox
oxunan saytları belə bir xəbər yaydı: "Şirməmməd
Hüseynovun qızı rektor oldu". Mən bilmirəm bu
cür xəbər başlığı Fərəh
Əliyevaya xoş gəlib, ya yox, hər halda
ömrünü milli mətbuatın, Azərbaycan Xalq
Cümhuriyyəti tarixinin tədqiqinə həsr edən
Şirməmməd Hüseynovun qızı olması xanım
rektora diqqəti birə-beş artırdı. Hələ
onu demirəm ki, Fərəh Əliyeva professor Timuçin
Əfəndiyevi əvəz edəcəkdi. Baş nazirin
müavini Elçin Əfəndiyevin qardaşı, 100 ilə
yaxın tarixi olan təhsil ocağına 27 il
rəhbərlik etmiş Timuçin Əfəndiyevi. Məncə,
bütün faktların ən yaxşısı budur: Azərbaycanın
mədəniyyət və incəsənətinə yüzlərlə
şəxsiyyət bəxş edən bir universitetin
sükanı uzun illər təhsil sahəsində
çalışan xanıma həvalə olunmuşdu.
Mədəniyyət və İncəsənət
Universitetinin əsas binası təmirdədir. Universitet
müvəqqəti olaraq darısqal, şəraitsiz binaya
sığınıb. Əsas odur, bu
"sığınacağın" otaqlarında
çal-çağırdır, pilləkənlərdə,
foyelərdə tələbələr yaradıcılıq
söhbətləri, mübahisə edirlər. Uzaqdan baxanda adama elə gəlir, teatrda, kinoda, rəssamlıqda
bölüşə bilməyəcəkləri nələrsə
qalıb. Universitet belə olmalı deyilmi?
Əlbət, belə olmalı!
Danışır
Fərəh Əliyeva...
* * *
- Mədəniyyət
və İncəsənət Universiteti böyük təhsil
ocağıdır, ölkəmizdə aidiyyəti üzrə
demək olar, bütün sahələrdə kadr
hazırlığı aparılır. Bilirsiniz
ki, Bakı Musiqi Akademiyası, Milli Konservatoriya fəaliyyət
göstərir və onlar musiqi təhsili verirlər. Eyni
zamanda Rəssamlıq Akademiyası təsviri sənət sahəsində
aparıcı ali təhsil
ocağıdır. Bizim Universitet isə musiqi
sahəsi, o cümlədən, rəssamlıq, teatr və kino
üzrə kadrlar hazırlayır. Yəni unikal tədris
ocağıdır, 93 illik böyük tarixi var. Eyni zamanda Mədəniyyət
və İncəsənət Universitetinin gözəl ənənələri
var. Əgər biz Azərbaycan mədəniyyətinin
bütün sahələrindəki uğurları ilə
öyünə biliriksə, əlbəttə, bu universitetdə
çalışan müəllimlərə minnətdar
olmalıyıq. Təbii ki, hər bir ali məktəbin
inkişafında mərhələlər olur. Hər
mərhələ o zaman burda dərs deyən müəllimlərin,
oxuyan tələbələrin yaddaşında müxtəlif
cür qala bilər. Əlbəttə,
rektor kimi mən də çalışıram ki, nə
zamansa bu dönəmdə işləyən müəllimlər,
oxuyan tələbələr universitet haqqında xoş
söz desinlər.
- Tələbələr
desin ki, biz Fərəh Əliyevanın rektor olduğu
dövrdə oxumuşuq...
- Yox, mən
bu iddiada heç vaxt olmamışam və əslində
sualın bu cür qoyuluşunun da tərəfdarı deyiləm.
- Bu
çox normal iddiadır...
- Mənim
baxışım fərqlidir. Hesab edirəm,
universitetin simasını rektor müəyyənləşdirmir.
Rektor ölkə prezidenti tərəfindən təyin
olunan şəxsdir. Onun ali məktəbdə
apardığı özünəməxsus islahatlar bilavasitə
ölkə başçısının verdiyi tövsiyələr
əsasındadır. Heç kim deyə
bilməz ki, bu, mənim şəxsi qənaətimdir. Dövlətin təhsil, mədəniyyət
haqqında qanunları, strategiyası var. Mən rektor olaraq bu
istiqaməti əsas götürmüşəm. Hesab edirəm, universitetin əsas gücü onun
akademik personalıdır. Çox istərdim, hər bir
tələbə desin ki, mən hansısa tanınmış
professorun kursunda oxumuşam. Mən bunun tərəfdarıyam.
- Sizin təbirinizlə
desək, universitetin akademik personalı hansı səviyyədədir?
- Mədəniyyət
və incəsənət sahəsində hansı narahatedici məqamlar
varsa, onlar istər-istəməz universitetə də proyeksiya
olunur. Bütün dünya universitetlərində belədir: ənənənin
qorunması ilə yanaşı mütləq yenilənmə
getməlidir. Buna islahat da deyə bilərik, inqilab
da. Mən buna zamanın tələbindən
doğan yenilənmə deyərdim. Universitet
canlı mühitdir. Ola bilər, nə isə
yaransın, özünü doğrultmasın və zamanla səhnədən
getsin. Biz yenilənməni ona görə
etməliyik ki, verdiyimiz təhsilin məzmununda dəyişiklik
olsun. Əvvəlki sistemdə təhsil
yaddaşa söykənirdi. Əsas o idi ki,
müəllim biliyini tələbəyə öyrədir, tələbə
praktikada onu tətbiq edirdi. İndi isə
bizə lazımdır ki, verdiyimiz biliklər, vərdişlər
universitet daxilində səriştəyə çevrilsin.
Yəni tələbə aldığı biliyi
komanda şəklində inkişaf etdirsin. Biz kadr
hazırlayıb cəmiyyətə təqdim ediriksə, onun
nüfuzu olmalıdır, əmək bazarında iş
tapmalıdır. Mədəniyyət və İncəsənət
Universitetində 25 kafedra, 30-dan artıq ixtisas üzrə
beş fakültə - "Teatr sənəti", "Kino və
televiziya", "Musiqi sənəti", "Rəssamlıq",
"Kulturologiya" fakültələri fəaliyyət
göstərir. İkinci kursdan başlayaraq tələbələr
müştərək şəkildə
çalışır. Məsələn,
rejissorlar tamaşa hazırlayırlarsa, aktyorluq, rəssamlıq,
musiqi, kulturologiya ixtisaslarındakı tələbələr
işə cəlb olunur.
- Yəni
Universitet təkcə nəzəri biliklər vermir, həm də
laboratoriya rolunu oynayır...
- Bəli,
tamamilə doğrudur. Nəzəri biliklər
mütləq praktikada özünü təsdiq etməlidir.
Gözləmək lazım deyil ki, praktika
universiteti bitirəndən sonra olsun.
Yaradıcılıq ixtisaslarında oxuyanlar isə ilk gündən
bir-birilərinə ehtiyac hiss etməlidirlər. Aktyor, rejissor tək heç nə edə bilməz.
Rejissor lider olmalıdır, çünki
tamaşa qurur, aktyor heyətini idarə edir. Əlbəttə, biz həm də
çalışırıq, tələbələr
universitetdə təkcə təhsil almasınlar, həm də
maraqlı həyat yaşasınlar. Mən
rektor kimi çox istəyirəm ki, bizim tələbələr
"universitetə gəldim, dərsim bitdi, getdim" niyyəti
ilə yaşamasınlar.
- Yeni
ixtisas və fakültələrin açılması
müzakirə olunurmu?
- İlk növbədə hazırda mövcud olan
ixtisasların məzmununda dəyişiklik olmalıdır. Aktyora 20-30 il
əvvəl qoyulan tələblə indiki tələb eyni
deyil. Bizim yaşadığımız dövr dəyişib,
öyrənmək üçün mənbələr
çoxalıb. Ona görə də yeniləşmək
vacibdir. O ki qaldı yeni ixtisaslara, məsələn,
ayrıca səs rejissorluğu ixtisasına ehtiyac var. Bu ixtisas
mütləq olmalıdır.
"Şərait,
bina əsasdır, amma bundan da vacibi yaratmaq, yaşatmaq
ruhudur"
Mədəniyyətin idarə olunmasının spesifik
qanunları var. Bəlkə də mədəniyyət və
incəsənət sahəsində menecerlik ayrıca ixtisas
olmalıdır. Yaxud prodüserlik özfəaliyyət
şəklində yox, peşəkar təhsil bazası kimi
mövcud olmalıdır. Bəs yeni
ixtisasları hansı fakültələrin bazasında yaratmaq
lazımdır? Bütün bunlar
müzakirə tələb edən məsələlərdir.
Bizdə teatr tarixi ilə məşğul olan tələbələr
var. Ola bilər, onların bir qismi teatr menecmenti üzrə
ixtisaslaşsın.
- Mədəniyyət
və İncəsənət Universitetini bitirib xaricdə təhsil
alan insanlar var. Onlarla söhbət edib
müqayisə aparanda nəticə necə olur? Biz
bu sahədə çox geri qalırıq?
- Əlbəttə,
bu sahədə xaricdə təhsil alan
xeyli sayda gənclərimiz var. Məsələn, onlardan ikisini
universitetdə işə qəbul etmişik. Biri
musiqiçi Allahyar Vəzirov, o biri isə montajçı
Emil Qafarlıdır. Allahyar Vəzirov
Bakı Musiqi Akademiyasını bitirib, ABŞ-ın Ruzvelt
Universitetində magistr pilləsini bitirib. Bunu
da deməliyəm ki, hazırda universitetdə 36 nəfər əcnəbi
tələbə təhsil alır. Bunlar əsasən
Türkiyə və İran vətəndaşlarıdır.
Eyni zamanda ABŞ, Rusiya, Qazaxıstan, Tacikistan,
Hindistan, Əfqanıstan, Pakistan, Gürcüstan vətəndaşları
da oxuyur. Bir dəfə oxumuşdum ki, Harvard Universitetinin
məzunlarına iş tapmağın yox, iş
qurmağın yollarını öyrədirlər. Elə etməliyik,
tələbələr müstəqil şəkildə iş
yaratsınlar. Hazırda universitetin əsas
binası təmir olunur. Ölkə
başçısına, Təhsil Nazirliyinə təşəkkür
edirəm ki, bu işdə bizə kömək etdilər, bu
imkanı yaratdılar. Mədəniyyət
və incəsənətin inkişafı üçün məkan
və avadanlıq çox vacibdir. Təmirdən
sonra səhnəli otaqlarımız olacaq. Planımızda
var ki, müasir avadanlıqla təchiz olunan pavilyonumuz olsun.
Yəqin ki, növbəti semestrdən tədrisimizi
orda qura biləcəyik. Əlbəttə,
şərait, bina əsasdır, amma bundan da vacibi yaratmaq,
yaşatmaq ruhudur.
-
Rejissorluqda oxuyan tələbənin keyfiyyətli kamerası,
montaj və çəkiliş imkanları yoxdursa, ruhu
axıra qədər qoruyub saxlamaq olmur. Kino
ixtisaslarını bitirən tələbələrdən dəfələrlə
eşitmişəm ki, universitetdə bizə nəzəriyyə
öyrədilib, praktikanın nə olduğunu bilməmişik.
Və biz həmin tələbələrdən keyfiyyətli bədii-sənədli
filmlər tələb edirik, seriallar
bayağılığından şikayətlənirik...
Haşiyə:
Xanım rektor cavab verməzdən əvvəl xeyli
düşünür. Bu, ittiham deyil. Ola bilər ki, jurnalistin bu sayaq sual verməyi, fikir
bildirməyi peşə etikasına, prinsiplərə ziddir.
Olsun! Vacib olan başqa şeydir: biz şərti lap əvvəldən
kəsmişdik ki, xoş niyyətə söykənən səmimi
söhbət edəcəyik, bütün suallarıma rektordan
cavab istəyəcəyəm. Və onu da
anlayıram ki, "praktikanın nə olduğunu bilməmişik"
cümləsinin arxasında nələr dayanır. Hakim ədalı
qonağın sualına rektorun cavabı xeyli əhatəli,
diplomatik, faktlarla dolu olur:
- Sizin
sadaladığınız bütün problemlər həll
olunmağa doğru gedir. Müsahibədən
sonra tələbələrlə söhbət edin, dediklərimin
təsdiqini eşidəcəksiniz. Bu
gün Mədəniyyət və İncəsənət
Universitetində tədris elə qurulub ki, tələbələr
birinci-ikinci kursdan film çəkir, bütün praktiki
işlərə məşğul olurlar. Montajla
bağlı səsləndirdiyiniz fikrə konkret cavab verim:
Türkiyədə "Ankara Universiteti"ni
bitirən gənc məzunu universitetdə işə cəlb
etmişik, çox böyük həvəslə
çalışır. Təbii ki, bahalı
kameralarımız yoxdur, amma bu o demək deyil ki, ümumiyyətlə,
heç nə yoxdur. Normal çəkiliş
imkanları olan kameralarımız var, tələbələr
onlarla çəkiliş aparırlar. Məsələn,
uşaqlar "Tələbə filmləri festivalı"nda
iştirak edirlər. Yaxud digər ölkələrdə
olan tədris prosesləri ilə tanış
olmaq, təcrübələrini artırmaq məqsədi ilə
xarici mütəxəssislər universitetə dəvət
olunur. Nyu-York Müstəqil Film qrupunun direktoru
Lanre Olabisi 40-a yaxın tələbəyə film çəkilişləri
ilə bağlı təlimlər keçib. Dərslərdə rejissor, aktyor, SABAH
qruplarının tələbələri iştirak edib. İki gün davam edən dərslərdə 30-40
qısametrajlı film nümayiş etdirilib, ssenarinin
yazılma prosesi, filmin strukturu, planı, ideya, obraz və s. incəliklərlə
bağlı təhlillər aparıb, tələbələrə
maraqlı tapşırıqlar verib. Bundan
başqa, bu ilin aprelində "British Counsil"ın təşəbbüsü
ilə tanınmış sənədli film rejissoru və
televiziya jurnalisti Corc Kerini Kino və televiziya, Kulturologiya
fakültələrinin tələbələri
üçün mühazirə keçirib. Bir faktla razıyam ki, xaricdə ən yaxşı
avadanlıqlar ilk növbədə universitetlərə
göndərilir. Təəssüf ki, bizdə
başqa cürdür. Kadr olmazsa,
avadanlıq əhəmiyyətini itirir. Biz
nəzəriyyəni öyrədirik, tələbə təcrübəyə
başqa yerə gedəndə görür ki, hər şey
tamam başqadır. Ona görə də
televiziya üzrə təhsil alanları dərs
üçün telekanallara göndəririk. Məsələn, tələbələr İTV-də,
AzTV-də, "Space"də dərs keçirlər. Rejissorluq üzrə müəllimlərimiz ən
tanınmış rejissorlardır. Eldar Quliyev, Oqtay
Mirqasımov, Vaqif Mustafayev kimi peşəkarlar bizdə tələbə
yetişdirirlər.
- Qəbul
nəticələri necədir? Məzun diplom
almaq, əsgərlikdən qalmaq üçün Mədəniyyət
və İncəsənət Universitetinə gəlir, yoxsa məqsədli
şəkildə seçim edir?
- Qabiliyyət
tələb edən ixtisaslara gələnlər məqsədli
gəlir. Bu imtahanlarda obyektivliyinə
inandığım peşəkar insanlar otururlar. Məsələn,
Şəfiqə Məmmədova, Cənnət Səlimova, Məmməd
Səfa Qasımov, Rafiq Quliyev, Cəmil Quliyev və
başqaları. İmtahanlar Tələbə Qəbulu üzrə
Dövlət Komissiyası tərəfindən keçirilir və
şəffaflığına heç kimin şübhəsi ola bilməz.
- Bilirəm
ki, qabiliyyət tələb edən ixtisaslar üzrə
imtahanlar ciddi keçirilir. Qəbul planında kəsr
olurmu?
- Olur. Qəbul planını doldurmaq xətrinə istedadsız
uşağı tələbə edə bilmərik. Çünki həmin abituriyentlərin burda
oxuması çətin olur. Az sayda tələbə
qəbul olunmasından çəkinmirəm. Kəmiyyət
və keyfiyyət seçimi qarşısında keyfiyyəti
qurban verməməliyik. Mədəniyyət
və İncəsənət Universitetində "təsadüfi"
tələbələrin sayı getdikcə azalır.
- Mədəniyyət
və İncəsənət Universitetinin tələbə və
məzunlarının intellektual səviyyəsinin
aşağı olması ilə bağlı tez-tez fikirlər
səslənir. Bu fikirlə razısınız?
-
Baxır, biz intellektual səviyyə deyəndə nəyi nəzərdə
tuturuq.
- Daha
doğrusu, elementar yazı qaydalarını bilməyənlər
var. Məsələn, aktyorluğu bitirib, rejissor
sözünü düzgün yaza bilmir, vergüldən
ümumiyyətlə, xəbəri yoxdur, bağlayıcı və
ədatlar haqqında danışmağa dəyməz...
- Bizim universitetin tələbələri ümumən şagird ordusunun içində yetişənlərdir. Onlar başqa ölkədə tərbiyə alıb bura gəlməyiblər axı. Amma bu cür faktlar da var ki, məzun 500-dən yuxarı bal toplayıb, birinci yerdə məhz bizim universiteti seçib. Həmin tələbələri şəxsən tanıyıram.
- Fərəh xanım, Bakıda keçirilən Teatr Konfransı çərçivəsində Pavel Rudnevin seminarı təşkil olunmuşdu. Mən həmin seminarda iştirak edirdim. Sizin universitetin professorlarından biri "biz hər il teatrşünaslar yetişdiririk" sözlərini deyəndə, bir çoxlarının üzündə istehzalı təbəssüm yarandı. Hətta arxa sıralarda gülənlər vardı. Həmin adamların üzündən bu sualı oxudum: "Professor, o teatrşünasları biz niyə tanımırıq?"...
- Anlayıram nə demək istəyirsiniz. Və sualınıza bu cür cavab verə bilərəm: Azərbaycanda teatrşünaslıq elminin aparıcı simaları bizim universitetin müəllimləridir. Məsələn, Məryəm Əlizadə, Aydın Talıbzadə, İsrafil İsrafilov və başqaları. Yəqin razılaşarsınız ki, bu müəllimlərin səviyyəsi çox yüksəkdir. Adını çəkdiyim alimləri mütəmadi olaraq xaricə çağırırlar.
"Təhsildə bir-iki ilə yenilik etmək olmur. Amma yenilik odunu mütləq yandırmaq lazımdır"
Tələbələr arasında da bir
neçəsi var ki, onların gələcəyinə
çox böyük ümidim var. Onlar teatrla yaşayırlar,
nəfəs alırlar. Teatrşünas kütləvi şəkildə
yetişdirilə bilməz. Üç-beş nəfər
yetişə bilər. Burda başqa, bir faktor dil bilgiləri ilə
bağlıdır. Müasir dövrdə xarici dil bilmədən
prosesin içində olmaq çox çətindir. Hər gün
nə isə yenilik yaranır. Ona görə də
universitetimizdə "Conversation Club" yaratmışıq.
Sizə deyim, çox böyük həvəs
var. Hətta məcbur olduq ki, qrupların sayını
artıraq. Vaxtilə Amerikada yaşayan indi
bizim universitetdə fəaliyyət göstərən gənc
mütəxəssis var, o uşaqlarla çox böyük həvəslə
məşğul olur. Bilirsiniz, təhsildə
bir-iki ilə yenilik etmək olmur. Amma
yenilik odunu mütləq yandırmaq lazımdır.
- Rektor kimi tələbələrlə münasibətiniz necə qurulub və onlar qayğılarını sizinlə bölüşə bilirlər? Biz tələbə-müəllim məhrəmliyinin şahidi oluruqmu? Olmuruq! Biz rektor gələndə pilləkən boyu, foye uzunu sıraya düzülürük...
Fərəh Əliyeva deyir ki, şərhlər, statuslar yazmasa da, facebook istifadəçisidir, dostluğunda olan tələbələrin yazdıqlarını izləyi. Rektor bunun yazılmağını istəməsə də, xahişini yerə salıram. Ki, naharımı da universitetin bufetində, tələbələrlə bir yerdə edirəm...
* * *
- Qapım bütün tələbələrin üzünə açıqdır. Mənim aləmimdə rektor anlayışı tamam başqa cürdür. Bakı Musiqi Akademiyasında uzun illər elmi katib işləmişəm. Bilirsiniz ki, Fərhad Bədəlbəyli Musiqi Akademiyasının rektorudur. Tərif üçün demirəm, Fərhad müəllim çox demokratik rəhbərdir. Tələbə ona istədiyi vaxt yaxınlaşıb rahatlıqla nə isə deyə bilər. O, tələbəni dinləyirdi, nə çətinliyi vardısa, əlindən gələn köməkliyi edirdi. Yəni kiçik hisslərlə, təmənna ilə yaşayan adam deyil. Bu, təfəkkür məsələsidir. Hesab edirəm, mənim tələbələrlə də, müəllimlərlə də normal münasibətim qurulub. Hər zaman onlara deyirəm ki, nə qayğınız, çətinliyiniz var, gəlin deyin. Tələbələrimi çox istəyirəm, onlara öz övladım kimi baxıram. Öz övladlarıma qarşı necə tələbkaramsa, eyni şeyi tələbələrimə qarşı da edirəm. Qanun çərçivəsində nə kömək edə bilərəmsə, əsirgəmirəm. Universiteti bütün neqativ hallardan təmizləmişik. Başqa bir tərəfdən də, bilirsiniz, müəssisənin rəhbəri hər şeydən xəbərdar olmalıdır ki, kollektivi idarə edə bilsin. Amma qayda-qanunu gözləmək, tədris qanunlarına əməl etmək vacibdir. İstisnasız olaraq hər kəs bu qaydalara əməl etməlidir. İş və şəxsi münasibətləri bir-birinə qarışdırmaq lazım deyil.
- Dediniz ki, universiteti neqativ hallardan təmizləmişik. İstəyirəm, bu haqda bir qədər geniş danışaq...
- Bu məsələyə qısa cavab verə bilərəm: cəmiyyətin bütün sahələrində korrupsiya faktlarının aradan qaldırılması cənab prezidentin siyasətidir.
"Qapım bütün tələbələrin üzünə açıqdır. Mənim aləmimdə rektor anlayışı tamam başqa cürdür"
"ASAN Xidmət" kimi brend yaranıb. Dövlət və vətəndaş
bir-birinin yanında üzü ağ,
alnı açıq olmalıdır. Biz də
ölkə başçısının bu siyasətini əsas
götürürük və işimizə davam edirik. Tələbə yalnız təhsil haqqında
düşünməlidir. İmtahan
vaxtı apellyasiya şikayətləri olanda, kəsilən tələbə
gələndə həmin yazıları şəxsən
özüm oxuyuram.
- Tələbələrin
əsas müraciəti nədən ibarət olur?
- Təhsil
haqları ilə bağlı daha çox müraciətlər
olur. Qanun çərçivəsində əlimizdən
nə gəlirsə, köməklik göstərməyə
çalışırıq. Əsas odur,
müəllimlərdən şikayət halları yoxdur.
- Mədəniyyət
və Turizm Nazirliyi, onun tabeliyində olan müəssisələrlə
əlaqələriniz necədir?
- İstər nazirliklə, istərsə də onun
tabeliyində olan qurumlarla çox gözəl münasibətimiz
var. Məsələn, "Azərbaycanfilm"
kinostudiyası, Bakı Şəhər Mədəniyyət və
Turizm Baş İdarəsi ilə əlaqələrimiz, əməkdaşlığımız
mövcuddur. Bizim tələbələr "Azərbaycanfilm"də
diplom işlərini çəkdilər. Kinostudiyada
dərs keçmək, film çəkmək tələbələr
üçün inanılmaz dərəcədə
maraqlıdır. Bundan başqa, "Azərbaycanfilm"
şəhid rejissor Vaqif Əhmədovun adına
təqaüd təsis edib. Bizim tələbələr
həmin təqaüdü alırlar.
-
Eşitmək istədiyiniz sual, demək istədiyiniz fikir
qaldısa, buyurun...
- Ən böyük arzum, istəyim
odur ki, Mədəniyyət və İncəsənət
Universitetində əmək bazarında rəqabətə
davamlı peşəkar kadrlar yetişdirək və həmin
məzunlarımız təkcə Azərbaycanın yox,
qonşu ölkələrin də ehtiyaclarını təmin
etsinlər.
525-ci qəzet.- 2016.- 17 noyabr.- S.4.