Dövlətçilik tariximizdə parlaq imzalar - Ziyadxanov qardaşları

 

 

Şəxsiyyətlər cəmiyyətin aparıcı qüvvəsi, millətin simasında əsas cizgilər sayılır.

 

Öz əməlləri ilə vətənlərinin tarixinə imza ata bilənlər, xalqına son nəfəsinə qədər sədaqətlə xidmət edənlər tarixin səhnəsində yaşamaqdadırlar bu yaşamaq haqqını heç kim onların əlindən ala bilməz.

 

Azərbaycanda qədim tarixi köklərə, şərəfli şəcərəyə mənsub şəxsiyyətlər az deyil. Belə şəxsiyyətlərdən olan İsmayıl xan Adil xan Ziyadxanov qardaşları Demokratik Cümhuriyyət zamanında tanınmış dövlət hökumət xadimlərindən olublar.

 

Tarix elmləri namizədi, BDU-nun dosenti Boran Əziz ilə bu mövzuda ətraflı söhbətləşdik. Alimin sözlərinə görə, İsmayıl xan Adil xan Ziyadxanov qardaşları məşhur Qacarlar sülaləsinin Ziyadoğlular qolunun siyasi mühitdə görünən sonuncu nümayəndələridir.

 

Ziyadxanovlar Vətənə sədaqətlə xidmət göstərən ailələrdən olub. B.Əziz qeyd edir ki, bu sülalə təkcə Gəncəbasar bölgəsinin deyil, bütün Azərbaycanın siyasi həyatında mühüm rol oynayıb.

 

(Əvvəli ötən sayımızda)

 

Cümhuriyyət dövründə gedən proseslərlə bağlı tarixçi T.Svyatoçovski yazır: "Tehran Azərbaycan Cümhuriyyətinin Təbrizi İrandan ayırmaq üçün Osmanlıların əlində alət olduğunu hiss edirdi. Bu şübhə Osmanlıların 1918-ci il iyun ayı boyunca bu vilayəti təkrar işğal etməsilə daha da güclənmişdi. Nəticədə Azərbaycan hökuməti yanında İranın həyəcanını yatırmaq üçün, xarici siyasətində "Qafqaz Azərbaycanı" terminini işlətdi. İranın rəsmi diplomatik nümayəndələri "Azərbaycan" adına etiraz etməklə yanaşı, İranın şimalında müstəqil dövlətlərin, xüsusən müsəlman dövlətlərin yaranmasını İranın mənafeyinə uyğun hesab edirdilər.

 

B.Əziz bildirir ki, Qacar İran dövlətinin bir sıra dövlətlər kimi, uzun müddət Azərbaycan Xalq Cümhuriyyətini tanımaqdan imtina etməsi, ona ərazi iddiaları irəli sürməsi bunun üçün Paris sülh konfransında səy göstərməsi, yalnız müttəfiqlər tərəfindən Azərbaycanın rəsmən tanınmasından sonra İranın Azərbaycan Xalq Cümhuriyyətini tanıması faktı, Müsavat hökumətinin çıxış yolunu İranla həmrəylikdə görməsi, ölkəmizin "Muxtar Cümhuriyyət" adlandırması digər məsələlərə İran İslam Respublikası Xarici İşlər Nazirliyinin Sənədlər Diplomatiya Tarixi Mərkəzinin nəşr etdirdiyi "Heyət-e Fouğalade-ye Ğəfğaziyyə" sənədlər toplusu kitabında tam aydınlıq gətirilmişdir.

 

Paris sülh konfransında təqdim etdiyi memorandumunda İran, demək olar ki, bütün keçmiş Azərbaycan xanlıqları ərazisinə iddia irəli sürdü. Lakin get-gedə İran Azərbaycan Xalq Cümhuriyyətinə qarşı ərazi iddialarının perspektivsizliyini başa düşdü siyasi reallıqlarla razılaşmaq məcburiyyətində qaldı.

 

İranla AXC arasında ilk diplomatik münasibətlər 1919-cu ilin yazında İsmayıl xan Ziyadxanovun başçılığı ilə Tehran Fövqəladə missiyanın göndərilməsi ilə quruldu. Bu missiya İran hökuməti ilə bir sıra əhəmiyyətli məsələlər üzrə ilkin danışıqlar aparmış, AXC-nin Tehranda diplomatik nümayəndəliyinin Təbrizdə, İranın sərhəd mərkəzi məntəqələrində konsulluqların yaranması məsələlərini müzakirə etmişdi .

 

1919-cu ilin yanvar ayının sonu (1338-ci il Rəbiüssani ayının axırları) Fətəli xan Xoyski hökuməti elan etdi ki, bundan öncə adı çəkilmiş İsmayıl xan Ziyadxanovun başçılığı ilə əhalinin hissiyyatını təbliğ etmək üçün Tehrana bir heyət göndərmək qərarına gəldilər. Bununla da o, qarşılıqlı anlaşma üçün bir addım atırdı.

 

İsmayıl xan Ziyadxanov 1919-cu il aprel ayının ortalarında Ənzəli yolu ilə İrana daxil oldu. Yarı rəsmi "İran" qəzeti "Qonaq bizdəndir" adlı dərc etdirdiyi bir məqalədə "Qafqaz islam millətinin" nümayəndəsinin İrana gəlişindən məmnunluğunu bildirərək (Qədim dövrdən Qafqazla İran geniş əlaqədə olub) yazır ki, "... Bu möhtərəm qonaq bizdəndir, yəni o tayfadandır ki, İranda 100 ildən artıq səltənət etmiş, sözün əsl mənasında İran dövlətinin və millətinin nümayəndəsidir. Cənab İsmayıl xan Ziyadxanov Qacar tayfasındandır, bunlar Gəncədə ən möhtərəm və etibarlı xanlardan sayılırlar və çar Rusiyası hökumətinin işğalından öncə Gəncədə hökmranlıq etmişlər". Xarici İşlər Nazirliyi rəsmiləri ilə İsmayıl xan arasında müxtəlif sahələrdə, xüsusilə İran təbəələrinə dəymiş xəsarətin qarşılığını ödəmək, poçt və ticarət sahəsindəki problemlərin həlli ilə müzakirələrdən başqa Şərqi Qafqaz xanlıqlarının Azərbaycan adlandırılması mövzusu əsas məsələlərdən biri idi .

 

Bu arada Tehranda İsmayıl xan Ziyadxanovİran Xarici İşlər Nazirliyi arasında müzakirə mövzusu olan məsələlər haqqında müəyyən razılaşmalar əldə edildi və 4 iyun 1919-cu ildə İsmayıl xan Ziyadxanov ilə Rus idarəsinin müdiri Mötəsəmül Səltənənin imzası ilə 14 maddədən ibarət müqavilə layihəsi imzalandı. Bu müqavilədə Respublikanın  tanınması mövzusu yaxud da iki dövlət arasında müştərək sərhədlər məsələsi müzakirə obyekti olmalı idi. Daha doğrusu, əsas müzakirə iki dövlət arasında ticari münasibətlərlə bağlı mövcud problemlərin təcili aradan qaldırılması və iki dövlət vətəndaşlarının mütərəqqi olaraq hüququnun qorunması məsələsi müzakirə obyekti oldu.

 

Lakin bununla belə işin nəticəsi təsdiqlənib qəbul məsələsinə çatan kimi o da ləğv edildi. Belə nəzərə çarpır ki, Bakı hökuməti bu razılaşmanın tənzimlənməsi prosesindən xəbərsiz olmuşdur, çünki şəban ayının ortalarında Azərbaycan Xarici İşlər Nazirliyi İsmayıl xanın qayıdış vaxtını öyrənərkən qeyd etmişdir ki, onun hərəkət etdiyi gündən məlumatsız olmuşdur. Elə buna görə də, sonrakı mərhələlərdə Bakıda bu razılaşma haqqında söhbət getdiyində bu mövzu nəticəsiz qaldı".

 

B.Əziz xatırladır ki, həmin dövrdə İran hökuməti Azərbaycan Xalq Cümhuriyyətini tanımaq istəmirdi. Onlar xüsusilə Azərbaycan adı orada olduğuna görə qəbul etmək istəmirdilər. Əlimərdan bəy Topçubaşov da İstanbuldan Azərbaycan hökumətinə yazdığı məktublarda da qeyd edirdi ki, "İran tərəfi tələb edir ki, siz Azərbaycan adından imtina edin və İranın tərkib hissəsi olması haqqında bəyanat verin ki, bizsizi müdafiə edək".

 

Azərbaycan XI ordu tərəfindən işğal edildikdən sonra 5 may 1920-ci il tarixdə Azərbaycan İnqilab Komitəsinin xüsusi dekreti ilə İsmayıl Xan Ziyadxanovun mülkü və torpaqları müsadirə edilir. Özü isə Qızıl ordunun hərbi səhra məhkəməsi tərəfindən güllələnir. Ziyadxanovların mülkü sovetlər dövründə ictimailəşib, uzun illər burada müxtəlif təşkilatlar fəaliyyət göstərib. Hazırda Gəncə Tarix-diyarşünaslıq muzeyi Ziyadxanovlardan miras qalan mülkdə yerləşir.

 

Adil xan Ziyadxanov haqqında söz açarkən həmsöhbətimiz bu fikirləri önə çəkdi:

 

" Böyük ziyalı kimi o, 1905-ci ildən Bakıda Ə.B.Topçubaşovun redaktorluğu altında çıxan "Kaspi" qəzetiylə əməkdaşlıq edib, orada çox sayda maarifçi məqalələr yazıb. Həmin il Azərbaycan türkləri adından çar II Nikolaya göndərilmiş petisiyanı o da imzalamışdı. Bu petisiya tarixi ədəbiyyatda "ərzi-hal" və ya "haqq istəyi" kimi qeyd olunur. Bu haqq istəyində Azərbaycan və Dağıstandan toplanan müsəlmanlar onlara qarşı tətbiq edilən ayrı-seçkiliklərin aradan qaldırılmasını, köçürülmələrin dayandırılmasını, dini idarələrin Rusiya Daxili İşlər Nazirliyinin nəzarətindən çıxarılmasını və kənd müəllimlərindən tutmuş şeyxülislama din xadimlərinin müsəlmanların  özləri tərəfindən seçilməsinin təmin edilməsini müsəlman məktəblərinin açılmasını tələb etmişdilər. Belə bir petisiyanın hazırlanması o dövr üçün böyük bir hadisə idi. Rusiyanın daxili işlər naziri Boliginə  təqdim olunanda onu da dəhşət götürmüşdü ki,  ilk dəfə olaraq müsəlmanlar sivil qaydada bir yerə yığışaraq öz hüquqsuzluğunu məktub vasitəsilə bildirməklə yanaşı onun aradan qaldırılmasını tələb eləyir.1906-cı ildə Tiflisdə canişinin rəhbərliyi altında təşkil olunmuş erməni-müsəlman münaqişəsini nizamlayan yığıncaqlarda da o, qətiyyətlə öz millətinin mənafeyini müdafiə edib".

 

D. Seyidzadə "Rusiya Dövlət Dumasında Azərbaycan deputatları" kitabının XIX-XX əsr ərəfəsində Azərbaycan burjuaziyası və onun ideologiyasına aid I fəslində yazır: Proqramın bəndlərinin təhlili onu göstərir ki, təkliflərlə yanaşı, proqramı hazırlayanların fikrincə, - burada əyalətin sakitləşdirilməsindən başqa, həm də demokratik fikirlər də vardır. A.Ziyadxanov Dumada müzakirə zamanı qeyd edir ki, "müsəlman nümayəndələr proqramı tərtib edərkən qarşılarına öz siyasi ideyalarını həyata keçirmək məqsədi qoymamış, əksinə,- bizim inamımıza əyalətdə qalxan dalğaların yatırılmasına gətirib çıxaracaq bəndlər yazmışlar. Yalnız bundan sonra 17 oktyabr manifesti və hər hansı azadlıq haqqında danışmaq olar. Nə qədər ki, bu qanlı hadisələr Damokl qılıncı kimi başımızın üstündə asılıb, heç bir azadlıq haqqında arzu etmək olmaz. Azadlıq müsəlmanlara hava kimi lazımdır".

 

(Ardı var)

 

Ramil HİKMƏT

 

525-ci qəzet.- 2016.- 18 noyabr.- S.4.