“Azərbaycan” qəzetində
parlament hesabatları və şərhlər
Azərbaycan Xalq
Cümhuriyyətinin 100 illiyi qarşısında
I cild (noyabr
1918 - aprel 1920)
Araşdırıb
toplayanı, ərəb əlifbasından latın
əlifbasına çevirəni, ön sözün müəllifi,
lüğətin tərtibçisi: Şirməmməd
Hüseynov
Transliterasiya
redaktorları: professor
Şamil Vəliyev, elmi işçi Samir
Xalidoğlu (Mirzəyev)
(Əvvəli
ötən şənbə sayımızda)
Tənəffüsdən
sonra
Mürtəza
Axundov - Quba şəhəri üzvi sifətilə ərz
ediyorum ki: natiqlərdən birisi buyurdu ki, Quba şimdiki halda
xanlıqdır.
Buna cavabən deyirəm ki, Quba xanlıq isə nə
üçün Quba qəzası Azərbaycan parlamanına 3
məbus göndərmişdir. (Alqış). Bakı Azərbaycanın paytaxtı olduğu halda
burada üç rəngli bayraqdan ancaq bir danə
görüyorum. Halbuki Qubada kasıb,
dövlətli hər kəsin ipək parçadan tikilmiş
üç rəngli bayrağı var, hər cümə
günü şəhəri təzyin ediyorlar. Lakin nədənsə bunu Bakıda görmüyorum.
(Alqış). Sonra buyurdular
ki, Qubada məmurlar öz xəyanətlərini örtməkdən
ötrü özləri üçün dəstə düzəldərək
“filan” məsələyi ortalığa salmışlardır.
Az qalmışdır ki, nə qədər
adam tələf olsun. Bən bu məsələnin
nədən ibarət olduğunu belə söyləməkdən
həya ediyoram. Amma burasını sizə
diyoram ki, Qubada böylə şey yoxdur və olmaz da. (Alqış).
Bir də buyurdular ki, Quba qəzası Qəçrəş
və Kubçal kəndlərində yığılan zəkat
buğda nə olmuşdur. Bən deyə bilərəm
ki, o buğda heç yerə getməyib kənd vəkillərinin
ixtiyarında kənd anbarlarında öz yerində duruyor.
Bən bu barədə Quba qəza qaimməqamı
ilə sual-cavabda bulundum. Qaimməqam cavab verdi
ki, buğda cəm edildigi zaman bən Bakıda olmuşam. Bənim müavinim Azərbaycan hökumətinin ərzaq
nazirinin teleqrafına görə buğda cəm edibdir. Bən qayıdandan sonra bu əhvalatı bənə
söyləmişdir. Cavabında bən
demişəm ki, Azərbaycan hökumətində zəkat
adı ilə buğda yığmaq qanunu yoxdur.
Sonra buyurdular ki, 15 vaqon buğda nə yerə
getmişdir. Əvvəla, 15 vaqon degil, 18 vaqondur. Bu barədə sənədlər vardır. Bunlardan 2 vaqon qubernatorun əmrilə Bakıya gətirilib,
pulu 40 manatdan qubernatora təhvil verilmişdir. Bir vaqon arpa ilə buğda türklər gedən
zaman ingilislərin vürudi əsnasında qubernatorun əmrinə
görə Bakıya gələn pristavlar ilə strajniklər
üçün gətirilib, hələ pulu da vüsul
olmamışdır. Bundan əlavə 8
vaqon da qubernatorun əmrilə Bakıya göndərilərək
bələdiyyə idarəsi vəkili Qəlinfinskiyə təhvil
verilib pulu alınmışdır. Məzkur
pul dəxi pudu 40 manat hesabilə buğda alınan əhaliyə
paylanmaqdadır.
Buğdanın bir vaqonu da hal-hazırda Xaçmaz
mövqifindədir ki, hələ təhvil
alınmamışdır. Qalan altı vaqonun da
türklər Dağıstandan qayıdarkən özləri
ilə aparmışlardır. Bu barədə noyabrın
29-da vükəla şurası daxiliyyə və ərzaq
nazirləri və qubernator naminə böylə bir teleqraf
göndərilmişdir: Qubernatorun əmrinə görə
Xaçmaz mövqifində cəm edilmiş arpa və
buğdayı Dağıstandan gəlib keçən türk əskərləri
güc ilə vaqonlara dolduraraq aparıblar, cəmaət pulunu
almamışdır. Təvəqqi ediyorum cəmaət
mənafeyini müdafiə edib türklər tərəfindən
aparılan arpa və buğdayı Biləcəri mövqifində
saxlatdırasınız.
Uyezd
naçalniki Xoyski
Bir də doğrudur, uyezdni naçalnik Xoyskidən qabaq
pudu 10 manatdan buğda cəm edilmişdir. Pulu da əhaliyə
verilməmişdi. Ona görə bu
buğda pudu 10 manatdan olan məvacib almayan qulluqçulara
paylanıb hasil olan məbləğ buğda sahiblərinə
qaytarılmışdır. Hətta bir dəfə
teleqraf məmurlarından birisi şikayət etdi ki,
buğdadan ona çatmamışdır. Bən təklif
ediyoram ki, hər fraksiyadan bir nümayəndə olmaq üzrə
bir komissiya göndərib bu işləri yerində təhqiq
edəsiniz, tainki həmin komissiya məhəlində təhqiqat
yapıb bu barədə parlamana məlumat versin.
Əhməd
Cövdət - Möhtərəm əfəndilər! İki gündən bəri mövzuyi-bəhs olan məsələ
həqqində bənə bir neçə dəqiqə
söyləməgə müsaidə veriniz. Çünki burada sol firqələri bir növ
türklərin əleyhinə getməkdə ittiham etdilər.
Təəccübdür ki, sosialist firqələrini
töhmətləndirib türk demokratiyasının müdafiəsini
başqaları boyunlarına götürüyorlar. Məhəmməd Əmin əfəndi söylədilər
ki, bizim firqəmiz türk firqəsidir. Əfəndilər,
siz türkçü isəniz biz də diyoruz ki: biz də
türküz, firqəmiz də türk firqəsidir. (Soldan və mərkəzdən alqış). Fəqət bizim ilə sizin aramızda böyük
fərq var. (Məhəmməd Əmin - doğrudur var). Bizim firqəmiz türk füqərayi-kasibəsi
türk xəlqi, türk demokratiyasının hüququnu
müdafiə edən bir türk firqəsidir. (Soldan alqış). Biz kim
olur-olsun türk olsun, müsəlman olsun deyənlərdən
degiliz. Görüyorsunuz millətin
paşası ilə əkinçisini bir dərəcədə
tutan firqələrin ardınca gedənlər səhvlərini
anlamağa başlamışlardır. Türk
xəlqi də kəndi kəndisini idarə etmək arzusu bəsliyor
və istəməz ki, onun zəif əllərilə hasil edilən
sərvət yalnız bir neçə şəxsə qismət
olub qalsın. Məlumunuzdur ki, Azərbaycan
xəlqi üçün türk sözü yeni bir şeydir
və türk olduğunu yenicə anlamışdır. Odur ki, türkləri böyük intizar ilə
gözlüyordular. Qara bəy cənabları
buyurdular ki, türklər həqqində ehtiramdan başqa bir
söz söyləməməli. Bu
doğrudur. Fəqət türklər
burada ikən bir kaç zabitanın ədəbsizligi xəlqımızı
dönməgə, hətta söyməgə belə məcbur
etmişdi. Biz istəmiyoruz ki, böylə
fəna hərəkətlər Osmanlı türklərinə
qarşı Azərbaycan türklərində nifrət
oyatsın. Bunu burada olan bir kaç paşa yaydı, biz
o paşa ilə düşməniz, bizim firqəmiz həm
Osmanlı xəlqinin, həm Azərbaycan demokratiyasının
hüququnu müdafiə üçün həmin paşalar
ilə mübarizə edəcəkdir.
Əvət! Bunu təsdiq ediriz ki, türk demokratiyası
müqəddəsdir, ehtiramlara layiqdir. Fəqət əfəndilər,
burada türk-türk deyə döşünə dögənlər
məgər türklər gələndə paşaların
ayaqlarına sərildikləri halda, ingilislər gəlincə
onlara sıxılıb türk tərəfdarı
olduqlarını danaraq ingilis xidmətinə girməgə
çalışmadılarmı? (Mərkəzdən
və soldan alqış). O vəqt Azərbaycan xəlqinin
hüququnu hamıya qarşı müdafiə edən bizim
firqəmiz olmadımı? Burada yoldaşımız dedi ki,
osmanlılar gəldilər puç olan əsas idarələri
bizimkilərə də təsir etdi. Məgər
həqiqətən Osmanlı hökumətinin əsası
puç degilmi?
Əgər Osmanlı məmləkətini gəzmiş
olsanız, yazıq türk əkinçilərinin nə qədər
zəlil olduğunu görərsiniz. Buna da səbəb
soltanlar və həmin paşalardır. (Soldan
- doğrudur). Bən dediklərimi
Osmanlı xəlqinin ruhunu hər kəsdən artıq bilən,
onun dililə söyləyən, onun sazını çalan
türk şairi Məhəmməd Əmin bəyin sözlərilə
sübut etmək istərəm.
Şair
türk hökumətinin istibdadını təsvirlə diyor
ki:
“Şu istibdad hökuməti Türkiyəyə təhlükə!
Bakın
məsud etmək üçün hər şeyi olan bir
ölkə
Hər
qüvvəti məqsədinə ram eləyən bir ümmət
Üç
qitədə cahangircə hökm sürən bir dövlət
Şu saatdə bir qaranlıq uçurumun üstündə”.
Əfəndilər bunu edənlər, bu istibdadı
quranlar kəndiləri müsəlman və türk degillərmi? (Məhəmməd
Əmin. Çox vəqt degillər).
Bən deyə bilərəm ki, əgər Osmanlı xəlqi
və əkinçilərini Avropa sərmayədarları əziyorsalar
da onlardan daha əvvəl əzən haman
paşalardır. Daima bunlara qarşı üsyan edən
şair türk əkinçilərinin halını təsvir
edərək diyor ki:
Bu
yazıqlar
“Şu
zavallı millət üçün məşrutiyyət xəyanət
Ədaləti düşünən baş əzilir.
Müsavatı
söyləyən dil kəsilir
Hürriyyətlə
çırpınan qəlb xaindir
Zindanlarda
bu məzlumə zəncirlər
Biçarəyə
qızdırılmış dəmirlər
Biçarəyə
soyuq sular tomruqlar
Murdar
sözlər, yumruqlar
Biçarəyə
Mərmərədə qanlı-qanlı ölümlər
Biçarəyə
heç bir yerdə yapılmayan zülmlər”
Kəndləri
və əyalətləri təsvir edərkən şair diyor
ki:
“İştə
sizə dışarılar ki, hər buçağı bir xərabə,
bir məzar
Köylərində
iniltili qəlblər, örümçəklər boş xanələr
Dağlarında
donmaz olmuş dəgirmanlar,
Soyğun
vermiş karvanlar
Hər yerində yangın, yağma, zülm var”.
Məgər bunları edən bir idarənin əleyhinə
danışmaq olmazmı? Bir şair
bütün qəlbilə bunlara qarşı tüğyan edərkən
siyasi bir firqənin tüğyan etməgə həqqi yoxmu?
Məlumunuzdur ki, əfəndilər, burada
Qafqasiya içərisində kəndi qardaşlarını
xilas etmək kibi müqəddəs işlərə
çalışan məhmətçiklər ilə bərabər
çox fənalıqlar yapan ədəbsiz zabitan da
olmuşdur. Bunların ədəbsizlikləri
zavallı məhmətçikin boynuna atılacaqdır.
Burada ingilislərin bir kontrol komisyonu var ki,
müharibədən nəşət edən və birə on
artıq göstərilən zərərləri hesab ediyor ki,
canını fəda edən yazıq türk məhmətçiklərinin
boynuna yükləsin. Hətta bir çox
vicdansız müsəlmanlar dəxi var ki, oraya yazılı ərizələr
vermişlərdir. Bunlar əleyhinə ilk əvvəl
etiraz edən yenə bizim sosialistlər qəzetəsi
olmadımı? Artıq türk barəsində
danışmayıb əleyhimizə əsaslı sübutlar
ilə çıxsınlar.
Sorğuya gəldikdə bu barədə deyərdim ki,
danışılan bir çox sözlərin doğrusu varsa
da bir çoxlarının da doğru olduğunu etiraf etmək
qeyri-mümkündür.
Məhəmməd Əmin həzrətləri buyurdular ki, hökumət məsələsində iki hal ola bilər. Biri parlamandan qabaq, digəri sonra və parlamandan qabaqkı hökumətin nöqsanını tazəyə istinad etmək olmaz. Hökuməti tənqid edərkən daxili və xarici düşmənləri, vəqtin az olmasını nəzərə almayı da tövsiyə etdilər. Bu az vəqtdə işləri tamamilə düzəltmək qeyri-mümkün olduğunu da əlavə etdilər. Burası doğru, biz də etiraz edəməriz. Fəqət sabiq hökumət ilə yeni arasında bir təfavüt olmalı idi. Beş həftə zərfində hökumət barı heç olmazsa bir iş görəydi, tədbir görüldü deyə idi. Fəqət mütəəssüfanə bir tədbir ittixaz edilməmişdir. Qara bəyin “hökumət gözlədigimizi vermədiginə görə etimad etmiyoruz” deməsinə qarşı yoldaşımız Əbilov söylədi ki, hökuməti düşürmək ilə dərdə çarə olmaz. Hər bir işimizi parlaman həll etməlidir. Fəqət dövlət, məmləkət və əkinçinin hüququnu müdafiə edəcək iqdamatı bu parlamandan gözləmək əbəsdir. Lakin ümidvarız ki, bu yaxında dəvət olunacaq Azərbaycan Məclisi-Müəssisanına həqiqi xəlq nümayəndələri cəlb olunacaq, onlar vasitəsilə əsaslı bir xəlq hökuməti qurulub Azərbaycan yaşayacaqdır.
O vəqtədək demokratik bir hökumət təsəvvürü qeyri-mümkündür. Lakin yenə dərdimizə bir çarə etmək üçün firqəmiz qərar qoydu ki, hökumət ilə bərabər parlamanda dəxi işləyib öylə fövqəladə tədbirlər görsün ki, hökumətə bir kömək olsun. Hökumət namindən daxiliyyə naziri buyurdu ki, rüşvət alan xain məmurlar məhkəməyə verilib cəzalanacaqlardır. Fəqət bu vəqtədək bir məmurun həbs edilərək cəzalandığını görmədik. Deməli hazırda mövcud olan məhkəmə qanunları kifayət etmiyor. Ona görə bir ali məhkəmə (tribunal) qurulmalı ki, bütün möhtəkirlər, xainlər bu ali məhkəməyə verilərək cəzalansınlar. Hətta lazım görülsə bütün əmlakını da əlindən almağa səlahiyyətdar olsun. Yoxsa şimdiki məhkəmələrə veriləcək olsalar, xainlər Azərbaycandan çıxıb Gürcüstan, Ermənistan və sair məmləkətlərə gedərək qanundan qaça bilərlər. Bunun önünü ancaq o ali tribunal vasitəsilə almaq mümkündür ki, bu da yalnız bizdə degil, başqa məmləkətlərdə də var. Bütün bu işləri ətraflıca təftiş etmək üçün ikinci parlaman komisyonu dəxi təşkil olunmalıdır. İştə bu surətlədir ki, tamamilə də olmasa əhval bir qədər bəlkə düzəlib Azərbaycan xəlqi ilə kəndlisi üçün rahətlik ola. (Soldan alqış).
Aslan bəy Qardaşov - (Əhrar) Bizim dünki sözlərimizdə hökumətin izahatını kafi görmədigimiz bizim hökuməti yıxmaq arzusunda olduğumuzdan nəşət etməyib verilən izahatın doğrudan-doğruya kafi olmamasından iləri gəlmişdir. Və bir də hökumət əzaları ilə bizim qərəzi-şəxsiyyəmiz olmadığı ilə bərabər kabinəyə bu halda daxil olmaq arzusunu dəxi etmiyoruz.
Fəqət biz onu istiyoruz ki, hökumətimiz bilxassə ədalət, həqqaniyyət üzrə təsis edilsin. Bu üsulsuzluq üzündəndir ki, hökumət idarəsində böyük səhv və xətalar sadir olmaqdadır. Biz çox şad olardıq ki, hökumət özü sorğudan əvvəl bu xəyanətlərin önünü alaydı.
Bu qədər xəyanətlərə hökumətin göz yumması, barmaq arasından baxması təəccüb olunacaq bir şeydir.
Bir para natiqlər: bu cür xəyanətlərin önünü almaq üçün tez bir zamanda Məclisi-Müəssisan çağrılması təklifində bulundular.
Cavab olaraq mən onu demək istiyoram ki, hal böylə davam edərsə Məclisi-Müəssisan çağrılması da mümkün olmaz. Biz xəyanət ismini doğruluğu ilə məşhur olan yollar nazirinin ağzından bu gün eşitdik.
“Müsavat” fraksiyasının rəisi Rəsulzadə cənabları dünki qaynar nitqində “hökumətin səhv və xətaları olmaq mümkündür” diyor. Əcəba, nə cür səhv və xətalardır ki, uzun bir müddət davam ediyor. Nə tühəf bir səhvdir ki, Bakı milyonçusuna, İran konsuluna 10 minlərlə verilən bezin bir arşını da olsun möhtacına verilmiyor. “Müsavat” rəisi nə üçün bu kibi şeylərə cinayət deməyib səhv ismi veriyor.
Hökumətin verdigi bəyanat bizi razı salmadı. Zənn edirəm
bu bəyanat Müsavatı dəxi razı sala bilməz.
Biz “Əhrar” fraksiyası, əvvəlki
etimadımızı geri almırıq. Məəhaza
fövqəladə bir komisyonun təşkilində, sosialist
fraksiyalarına iştirak ediyoruz ki, bəlkə işlər
bir növ yolunda gedər.
“Azərbaycan”,
17 fevral 1919, №115
Qayimməqam
- müavin, inzibati məmur
Məəhaza
- bununla birlikdə
(Ardı
var)
Şirməmməd
HÜSEYNOV
525-ci qəzet.- 2016.- 19 noyabr.- S.21.