Afaq Məsud - bütün cizgiləri ilə
Azərbaycan filologiya elmi mühitində istər klassik
anlamda, istərsə də müasir zamanda ünlü alimlərimiz
çoxdur.
Bu
sırada AMEA-nın müxbir üzvü, filologiya elmləri
doktoru, professor Nizami Cəfərovun ayrıca yeri var. Və həm
də ona görə ayrıca ki, bir sıra həmkarlarından
fərqli olaraq, Nizami Cəfərov təkcə filoloji istiqamətdə
deyil, filoloji sahənin dəyib toxunduğu bütün sahələrdə
özünün məhsuldar elmi fəaliyyəti və orijinal
elmi yanaşmaları ilə xeyli dərəcədə fərqlənən
bir ziyalıdır. Onun təkcə son iki illik -
2014-2016-cı illər elmi yaradıcılığının
yalnız monoqrafiya - kitab formatlarına nəzər salsaq,
qarşımıza ən azı on ədəd səviyyəli
kitab çıxacaq. Bu kitablar: “Türkologiyaya giriş”
(15,5 çap vərəqi), “Azərbaycan xalqının tarixi
və ya “tərcümeyi-halı” (9 çap vərəqi),
“Türk dünyasından türkün dünyasına” (7
çap vərəqi), “Səməd Vurğun və Səmədoğlular”
(7 çap vərəqi), “Məqalələr” (Mərhum
akademik Tofiq Hacıyevlə birlikdə -8 çap vərəqi),
“Elçin” - portret cizgiləri” (4 çap vərəqi),
“Ədəbiyyatın müstəqilliyindən müstəqilliyin
ədəbiyyatına” (12 çap vərəqi), “Afaq Məsud
dünyası” (12 çap vərəqi) kimi
çoxçeşidli tematikada olub ictimai-filoloji həyatımızın
mühüm tərəflərini əks etdirir. Mən indi bu məhsuldar
filoloqun təkcə son iki ildə nəşr etdirdiyi
kitablarının çap vərəqinin həcmini
hesablayıram və belə bir rəqəm alınır: təxminən
74 çap vərəqi. Və mən nəşriyyat
işinə nabələd oxucu üçün deyirəm ki,
bir çap vərəqi on altı səhifə deməkdir.
Onda mən 74 çap vərəqini 16 səhifəyə
vururam və belə bir rəqəm alınır: 1224. Deməli, Nizami Cəfərovun son iki ildəki kitab məhsuldarlığı
1224 səhifədir. Bütün bunlar və
üstəgəl bu böyük filoloq, politoloq, sosioloq...
alimin dövrü mətbuatda iki ildə dərc edilən
saysız-hesabsız məqalələri. Bu
məqalələri də təxmini olaraq çap vərəqi
ilə hesablasaq və onları da 16 səhifəyə vursaq ən
azı 300 səhifə həcminə gələcək.
Elmi məhsuldarlığına görə Nizami Cəfərovu
böyük rus yazıçı və jurnalisti
A.P.Çexovun jurnalist məhsuldarlığı ilə
müqayisə etmək olar.
Nizami Cəfərov,
əlbəttə, hər şeydən əvvəl,
filoloq-türkoloq, filoloq-ədəbiyyatşünasdır. Onun ən maraqlı xarakterik elmi xüsusiyyətlərindən
biri budur ki, qələmə aldığı, tədqiq etdiyi
yazıçı və şairlər ədəbi prosesdə
mütləq hadisə səciyyəsi
daşımalıdır. Onun əsərlərində
Anar, Elçin, Vaqif Səmədoğlu, Tofiq Hacıyev, Asif
Əfəndiyev, Ramiz Rövşən, Məmməd Oruc, Zəlimxan
Yaqub, Zakir Fəxri, Sadıq Elcanlı, Rəşad Məcid,
Yunus Oğuz, Pərvin və s. yaradıcı şəxsiyyətlər,
həqiqətən, ədəbi mühitdə hadisə kimi
qarşılanmış və qarşılanmaqdadır. Bu sırada Nizami Cəfərovun bədii
yaradıcılığına çox böyük hörmət
etdiyi və bu yaradıcılığı bütün istiqamətləri
üzrə bəyəndiyi yazıçı Afaq Məsud
ayrıca yer tutur. “Ayrıca” deyirəm ona
görə ki, filoloq-alim bu fenomenal yazıçının
yaradıcılığını “525-ci qəzet”də silsilə
məqalələri ilə təhlil etmiş və bu elmi təhlillərini
indi ayrıca monoqrafiya halında nəşr etdirmişdir.
Mən bu məqalədə məhz həmin
kitab üzərində- “Afaq Məsud dünyası” adlanan
monoqrafiya üzərində dayanmaq istəyindəyəm.
Bu istək iki cəhətdən irəli gəldi.
Birincisi, yaradıcılığını mənim də
çox bəyəndiyim və hər əsərini müasir ədəbiyyatımızda
hadisə kimi qəbul etdiyim Afaq Məsud haqqında bu kitab təkcə
bir yazıçını deyil, bir sənətkarın yaradıcılığı
fonunda çağdaş nəsrimizin uğurlarını
ortaya qoyması ilə; ikincisi, əsərin haçansa mənim
də tələbəm olmuş Afaq Məsud haqqında bu
kitab təkcə bir yazıçını deyil, bir sənətkarın
yaradıcılığı fonunda çağdaş nəsrimizin
uğurlarını ortaya qoyması ilə.
Mən
ilk növbədə belə bir qəti fikir demək istərdim:
Afaq Məsudu bir sənətkar kimi (hətta bir şəxsiyyət
kimi) tanımaq üçün “Afaq Məsud dünyası”nı oxumaq da kifayət edər. Çünki
bu kitab Afaq Məsud yaradıcılığını əvvəldən
bu günədək təhlil süzgəcindən keçirir
və təhlil süzgəcində o əsərlərin
geniş kontent əhvalı ortaya qoyulur.
“Afaq Məsud
dünyası”nın maraqlı bir “Ön
söz”ü var. Bu ön sözün maraqlılığı
orasındadır ki, əsərə bir prelüdiya formatı
kimi oxucunu əvvəlcədən geniş təhlillərə
hazırlayan yol göstəricisidir. Elə ilk
cümlədən N. Cəfərov Afaq Məsudu “yalnız Azərbaycan
yox, ümumən dünya miqyasında özünü təsdiq
etmiş böyük bir yazıçı” kimi təqdim edir.
Bəs bu qiymət Afaq Məsud
yaradıcılığında özünü necə
doğruldur? Suala əsərin bütöv
kompozisiyası cavab verir. Amma yenə təkrar
edirəm, bu qısa ön sözdə Afaq Məsudun
yaradıcı ziyalı obrazı əvvəlcədən
oxucunu böyük bir ədəbiyyat söhbətinə
hazırlayır. “Ön söz”ün ilk sətirləri
obyektin böyük təhlilə layiq olduğunu vəd edir.
Kitab sanki böyük və tükənmək bilməyən
bir dialoqa bənzəyir. Bu, ədəbiyyat ətrafında söhbətin
yeni formatı kimi də maraqlıdır. Çünki
əsərin müəllifi bu təhlilləri Afaq Məsudun
polifonik əsərləri ətrafında indiyə qədər
söz demiş peşəkar yazıçı və tənqidçilərin,
ədəbiyyatşünasların fikirləri ilə - məqalələrinə
intensiv müraciətləri ilə dialoqlaşır, bəzi
hallarda polemika səviyyəsinə istiqamətlənir. Maraqlı bir də orasıdır ki, alimin diqqətlə
oxuduğu məqalələr bir yandan
yazıçının və onun haqqında yazanların
fikirləri ilə, digər tərəfdən bu
yazıçının əsərlərindən gətirilən
illüstrativ misallarla zənginləşir və dediyimiz
dialoqu bir sıra hallarda poliloq formatına salır. Bu
poliloq formatının iştirakçıları sadə
adamlar deyil, onların hər biri ədəbiyyatın, tənqidin
elitar qüvvələridir: Anar, Elçin, Ramiz Rövşən,
Vaqif Bayatlı, Vaqif Yusifli, Nurlana Əliyeva və s.
Nizami Cəfərovun
bütün əsərlərinə xas olan bir keyfiyyət bu
kitabda bir az da qabarıq görünür:
əsər dəqiq, cəzbedici bir kompozisiya üzərində
qurulur. Bu kompozisiya özü ədəbiyyatşünaslığın,
sinkretik humanitar elmin, ədəbi tənqidin, bir sıra
hallarda ədəbiyyat tarixinin və bir də bu yerdə
çox vacib olan publisistikanın sintezindədir. Və
bütün bu dərinlikləri bir kənara qoysaq, əsərin
əsas kompozisiyasını üç fundamental bölmə
müəyyənləşdirir:
Afaq Məsudun
hekayə dünyası
Afaq Məsudun
roman dünyası
Afaq Məsudun
dramaturgiya dünyası
Yəni müasir çağımızın hər kəs
tərəfindən qəbul olunmuş bir ustad
yazıçısının yaradıcılığı
bütün istiqamətlərdən təhlilə cəlb
olunur. Bəlkə
də format və kompozisiya etibarı ilə “Elçinlə “ədəbiyyat
söhbəti” Yaşarın Xalq yazıçısı
Elçin ilə müsahibəsi”, akademik İsa Həbibbəylinin
“Bütün yönləri ilə yaradıcı” (Rəşad
Məcidin yaradıcılığı haqqında), Pərvinin
“Anar dünyası” kimi əsərlərlə xeyli birləşən
“Afaq Məsud dünyası” ürəklərə yol
tapmış bir sənətkarın bədii
yaradıcılıq faktlarını tam dolğunluğu ilə
açaraq oxucunu zənginləşdirir, ədəbiyyat
üfüqlərinin zəngin palitrasını, mənzərəsini
yaradır.
Nizami Cəfərovun
Afaq haqqında lap əvvəlcədən dediyi qəti bir
fikri var: Afaq Məsud yalan danışa bilmir. Qəribədir,
bədii ədəbiyyat başdan-ayağa təxəyyülün
məhsulu olsun və burada “yalan” özünə yer
tapmasın. Bəli, əsl sənətkarlarda
- Çexovdan Mirzə Cəlilə, Dostoyevskidən Markesə,
Kortasardan İlyas Əfəndiyevə qədər
böyük söz ustalarında biz heç vaxt uydurma
görmürük. Çünki əsl sənətkarın
bütün təxəyyülü həyat həqiqətinə
o qədər bağlı olur ki, “uydurmalara” yer qalmır.
Nizami Cəfərovun Afaq Məsuddan
- onun müsahibələrindən gətirdiyi misallarda belə
bir həqiqət də var ki, Afaq Azərbaycan ədəbiyyatında
azman söz ustası olan babasından - Əli Vəliyevdən
fərqli - tamam başqa üslubda yazdı. Amma
bu yerdə mən Afaq xanımın atası Məsud
Əlioğlunun o dövr üçün modern bir ədəbiyyatşünas,
tənqidçi olduğunu da deməyə bilmərəm.
Görünür, Afaq xanımın tamamilə orijinal, hətta
mən deyərdim, Markesvari, Pamukvarı üslubu xeyli dərəcədə
Məsud Əlioğlu tənqidinin tələblərindən
də doğa bilər...
Nizami Cəfərovun özünün elmi-filoloji, bir
sıra məqamlarda elmi-fəlsəfi həqiqətləri
Afaq xanımın nəsrindəki bədii həqiqətlə
birləşəndə çox maraqlı bir mənzərə
alınır.
Bu elmi-filoloji, elmi-fəlsəfi təhlillər publisistikaya
meyllənib bir az da emosionallıq kəsb
edəndə oxucu, bəlkə də, Afaq Məsuddan
haçansa oxuduğu hekayələrin, romanların fəlsəfi
həqiqətlərini axıradək anlaya bilir. Bu həqiqətlər bəzən elə bölmələrin
prelüdiyasındaca özünü göstərir və
oxucunun hər şeyi anlamasına inam yaradır.
Filoloji-fəlsəfi-publisistik süzgəcdən keçən
belə həqiqətlərdən biri “Afaq Məsudun hekayə
dünyası” adlanan birinci bölmənin
başlanğıcındadır:
“Azərbaycan ədəbiyyatının, ümumən ədəbi-ictimai
fikrin tarixində yetmişinci illər altmışıncı
illərdən başlayan demokratikləşmə hərəkatının
ən məhsuldar dövrü idi. İsa Hüseynov
(sonradan Muğanna), Yusif Səmədoğlu, Anar, Elçin
başda olmaqla “yeni ədəbiyyat” artıq özünü təsdiq
etmişdi. “Köhnə ədəbiyyat”ın
“fəhlə qardaş”ilə “kəndli bacı”sı hələ
yaşasa da, heç bir ideya-estetik əhəmiyyət
daşımırdılar.
Və Afaq Məsud ədəbiyyata bu “inqilab” illərində
gəldi.
Fikrimizcə,
genotipoloji bir müqayisəyə ehtiyac var: Səməd
Vurğun, Rəsul Rza, İlyas Əfəndiyev. ... birinci nəsil idi; sonra ikinci nəsil gəldi -
Yusif Səmədoğlu, Anar, Elçin... Afaq Məsudu İsa
Hüseynovla müqayisə etmək olar...
İsa
Hüseynov birinci nəsildən olmaq üçün gecikib,
Afaq Məsud isə üçüncü nəsildən
olmağa tələsib...”
Mən indi Nizami Cəfərovun elmi təhlilindən bəlkə
də uzun görünə biləcək daha bir misal gətirəcəm. Çünki belə
misallar “Afaq Məsud dünyası”nın
elmi-fəlsəfi, elmi-publisistik keyfiyyətini bir daha təsdiq
edir:
“İlk baxışda belə görünə bilər
ki, yazıçı ilk hekayələrində (eləcə də,
müəyyən mənada, bütün
yaradıcılığı boyu) öz üslubunu “qəliblərə
və məngənələrə” qarşı
çıxmaqla yaradır. Məsələ isə daha mürəkkəbdir...
Hər şeydən əvvəl ona görə
ki, ümumiyyətlə cəmiyyət “qəliblərsiz və
məngənələrsiz” yaşaya bilməz. Və Afaq Məsudun bir yazıçı-mütəfəkkir
olaraq etirazı bütövlükdə “qəliblərə və
məngənələrə” deyil, onların əsassız, məntiqsiz
və qeyri-humanist formalarına, üsullarınadır.
Bu etirazlar bir də ona görə maraqlıdır ki,
mövcud mənəvi-əxlaqi (ümumən ictimai-humanist)
kanonların mahiyyətinə nüfuz edərkən hansısa
daha məqbul ideal modellərin təsdiqinə emosional cəhdlərlə
müşayiət olunur, həyat hadisələri psixoloji
paralelizm, zəngin idrak müqayisələri kontekstində
araşdırılır...
Hər
hansı yazıçının ideya-estetik mövqeyinin
(üslubunun!) özü kanon deməkdir... Məsələnin
mahiyyəti isə burasındadır ki,
yazıçının mövcud trafaretlərə
qarşı düşünüb və ya təhtəlşüur
şəkildə (bunun özü də fövqəl bir
düşüncə tipidir) tapdığı kanonlar nə dərəcədə
harmonik, bəşəri və perspektivlidir...”
Afaq Məsudun
ilk hekayələrindən “Tutuquşu”, “Öldürdülər”dən
başlamış “Şənbə gecəsi”, “Uydurma”, “Tək”,
“Qəza”, “Dovşanın ölümü”, “Müvəkkil
Vaysman”, “Can üstə” və s. fundamental hekayələrinə
bələd olan hər kəs N.Cəfərovun
aşağıdakı fikrinin nə qədər həqiqət
olduğunu etiraf etməyə bilməz: “Afaq Məsudun ilk hekayələrindən
başlayaraq, demək olar ki, bütün
yaradıcılığını bürüyən
“ölüm kabusu” onun ideya-bədii dünyasını anlamaq
üçün, əgər belə demək mümkünsə,
universal bir motivdir”. Alimin bu həqiqəti onun
sonrakı təhlillərində açılır, amma Afaq nəsrinə
bələd olanlar üçün elə bu fikrin özü
filoloji bir kəşf kimi çox maraqlıdır.
Mən də
əlavə etmək istərdim ki, Afaq Məsud olumun və
ölümün, varlığın və mistik dünyanın insan
psixologiyasının ustalıqla ifadəsində çox
böyük yaradıcılıq manerasına sahibdir. Həm də, məncə, ilk növbədə hekayələrində.
A.Çexovun alman ədəbiyyatşünas müasirlərindən
biri deyirdi: “Biz oturub uzun-uzun, yorucu romanlar
yazdığımız bir vaxtda, rusiyalı Çexov
özünün kiçik həcmli hekayələri ilə
dünyanı heyran qoymaqdadır”. Bu fikri xeyli dərəcədə
Afaq Məsudun da hekayələrinə aid etmək olar.
“Afaq Məsud dünyası” öz orijinal romanları ilə
yeni nəsrin maraqlı nümunələrini yaratmış bu
yazıçının roman formatı ətrafında da ciddi
elmi təhlillər aparır. Əvvəlki bölmədə
olduğu kimi, burada da Afaq Məsud nəsrinin roman dövrü
bütün çalarları - inkişaf, intişar
və ustad dövrü təhlil edilir. Yazıçının
ilk romanı “Qarğış” ətrafında polemika və
mübahisələr, tənqidin ehmal iradları
xatırlanır. Hiss olunur ki, alim-filosofu
yazıçının “Dəfn” romanı daha çox
maraqlandırıb. Çünki “qədim hind fəlsəfəsindəki
“hər bədbəxt hadisə- insanın
özü-özünü cəzalandırmağıdır”
postulatına söykənən bu fikrin (romana epiqrafın) dərin
məzmun - mündəricəsi qəhrəmanın
bütün hisslərinə, düşüncələrinə
və ümumən varlığına hakim kəsilir...” Bu elmi-filoloji, elmi-fəlsəfi
fikrin özü romanın mahiyyətini dərindən
anlamağa imkan verir...
Müəllif
Afaq xanımın digər bir maraqlı romanına -
“Üzü işığa” əsərinə keçidə
sadə bir kontent düşüncə ilə başlayır:
“Üzü işığa” romanı ölüm
yatağında olan bir qadının yaşantıları -
düşüncələri, həyəcanları, tərəddüdləri
üzərində qurulmuşdur”. Romanın
mahiyyəti dəqiq ifadə edilmişdir. Qeyd edim ki, bu
roman öz ideyası və bir qədər də fani
dünyaya baxışı ilə rus
altmışıncılarından olan Valentin Rasputinin “Son
macal” (“Posledniy srok”)
povesti ilə bərabər tutula bilər. Fərq burasındadır ki, “Son macal”dakı ana
birbaşa rus xarakterinə bürünüb rus kəndinin
tipik qadınıdırsa, “Üzü işığa”
romanındakı ana tipik azərbaycanlı qadın və həm
də bəşəri ümumiləşdirmə mahiyyəti
daşıyan bir insan kimi fərqlənməkdədir. Nizami Cəfərov ölüm yatağında olan bu
ananın mükəmməl obrazını yaratmış
romanı bir neçə səhifədə aça
bilmişdir.
Beləcə, kitab müəllifi haqqında bəhs etdiyi ayrı-ayrı romanları təhlillərdə bəzən bir sətirdə elə maraqlı düşüncələr ifadə edir ki, bu sətirlər bizim üçün bir tərəfdən əsərə elmi münasibətin orijinallığı, digər tərəfdən məzmuna verilən dəqiq qiymət kimi maraqlı görünür. Məsələn, Nizami Cəfərova görə Afaq xanımın “İzdiham” romanı onun ən orijinal əsəridir. Və bu orijinallığın alt qatında olan məna dünyası elmi təhlildə öz əksini belə tapır: “Əsəri oxuyub qurtarırsan, daha doğrusu, udursan və onda görürsən ki, daxilində, ruhunda yazıçının səni köklədiyi hadisələr artır, törəyir, şaxələnir, gözlərin qarşısında canlı, izdihamlı insan (və ovqat, tipaj, maska) mənzərələri oynaşır, sayrışır, sürətlə bir-birini əvəz edir, bərq vurur... Və sönür... Yerində isə qəribə bir hiss giziltisi qalır...” Burda bir məqam da maraqlıdır. Afaq Məsud “İzdiham”ı poema adlandırıb. Əlbəttə, ədəbiyyat tarixində Qoqolun nəsrlə yazdığı “Ölü canlar” əsərini poema kimi, A.Puşkinin nəzmlə yazdığı məşhur “Yevgeni Onegin”i roman kimi təqdim etmələri məlumdur. Nizami Cəfərov Afaq xanımın əsərini daha dəqiq ifadə edərək “roman-poema” formatında araşdırır və səbəbini də bu əsərin “zahirən rahat, təmkinli, daxilən isə gərgin bir poetik (kursiv mənimdir - C.M.) intonasiya-sintaksislə” başladığını deyir və gətirdiyi uğurlu misal bu fikrin dəqiqliyinə şübhə yeri qoymur.
Kitabda yazıçının “ən çox müzakirə obyekti olmuş” “Azadlıq” romanı ətrafında da maraqlı təhlillər var.
“Afaq Məsud dünyası”nın süjet xətti bu sənətkarın dramaturgiyasına nəzər salan üçüncü bölmə ilə başa çatır. Bu yerdə Afaq xanımın “Can üstə”, “O məni sevir”, “Qatarın altına atılan qadın”, “Kərbəla”, “Həllac Mənsur” kimi dram əsərlərinin səhnə həyatı və estetik dəyərləri barədə maraqlı təhlillər aparılır.
Belə bir fikri də qeyd etmək istərdim ki, “Afaq Məsud dünyası” bir tərəfdən istedadlı yazıçının həm bədii dünyasını, həm də sənətkar şəxsiyyətini yaxından tanımağa xidmət edirsə, digər tərəfdən monoqrafiya müəllifinin özünün də elmi-filoloji, elmi-fəlsəfi dünyasını qiymətləndirməyə əsas verir.
Kitabda Nizami Cəfərovun ədəbiyyatşünaslığa,
bədii yaradıcılığın ən ciddi parametrlərinə,
bütövlükdə sənətkarlığın uca
nöqtələrinə müraciəti və bütün
bunların elmi təhlillərini təqdim etmək
baxımından elə postulatları var ki, bunlar ədəbiyyatımızın dünəninə yenidən işıq
salmaq, bu gününü dəyərləndirmək və təhlil
etmək, sabahının proqnozlarını vermək
baxımından mükəmməl savada malik bir alimin
özünün də yaradıcılıq göstəricisidir.
Afaq Məsud dünyasının böyüklüyü və
mükəmməlliyi də orasındadır ki, bütün
bunlara parlaq bir güzgü tutmağa layiq illüstrativ fakt səviyyəsindədir.
Cahangir
MƏMMƏDLİ
525-ci qəzet.- 2016.- 19 noyabr.- S.14-15;23.