“Kitabi-Dədə Qorqud” Baltik
xalqlarının dillərində
ESTONCA
Estoniyada
“Kitabi-Dədə Qorqud” dastanını tanıtma istiqamətində
ilk addımlar digər Baltik ölkələrindən fərqli
olaraq, eposun “milli ədavəti qızışdıran” bir
abidə kimi Mərkəzin ideoloji təzyiqi altında 1951-ci
ilin may ayında Azərbaycan Kommunist (bolşeviklər)
Partiyasının XVIII qurultayında tənqid və qadağan
olunmasına qədərki dövrdə
atılmışdır.
Daha dəqiq desək, eston oxucusuna dastanla bağlı bəzi
bilgilər, etnokulturoloji izahlar və ədəbi dəyərləndirmələr
ilk dəfə 1941-ci ildə təqdim edilmişdir.
Maarifləndirmə səciyyəli o bilgilər “Viisnurk”
(“Beşguşəli”) adlı eston mədəniyyət
jurnalının 1941-ci ilin aprelində çıxmış
4-cü sayındakı “Azərbaycan xalqının ədəbiyyatı”
(“Azerbaidzani rahva kirjandus”) adlı doqquz səhifədən ibarət
geniş ədəbi icmalda yer almışdır.
Təəssüf
ki, həmin publikasiyada icmal müəllifinin kim
olduğu göstərilməyib. Yalnız qeyd
olunub ki, publikasiya Moskva Yazıçılar İttifaqından
alınmış ədəbi materiallar əsasında
jurnalın əməkdaşları tərəfindən
hazırlanıb. O zaman jurnalın “Ədəbiyyatşünaslıq
və SSRİ xalqları ədəbiyyatı” məsələləri
üzrə Redaksiya heyətinin üzvü eston Sovet ədəbiyyatşünası
Karl Ottomar Taev (1903-1992) idi. O, sonralar - 1945-1971-ci illərdə
Tartu Dövlət Universiteti Ədəbiyyat kafedrasının
müdiri və dosenti (1968) olaraq çalışıb. Bu faktları nəzərə alaraq belə bir
hipotezi irəli sürməyə meylliyik ki, sözügedən
ədəbi icmalın estonca hazırlanmasında çox
ehtimal ki, onun əməyi keçibdir.
Bir xırda haşiyə çıxıb qeyd edək
ki, “Viisnurk” jurnalı 1940-1941-ci illərdə Estoniya SSR Xalq
Maarif Komissarlığının nəşri olaraq “Pedaqoji ədəbiyyat”
Dövlət nəşriyyatı tərəfindən Tallində
buraxılırdı. 1941-ci ildə jurnalın yuxarıda
göstərilən sayı Azərbaycan ədəbiyyatı və
incəsənəti haqqında bilgilərin, eləcə də
ədəbi nümunələrin estonca yayımlanmasına həsr
olunmuşdu. Bu tanıtma layihəsi 1940-cı ilin
yayında Qırmızı ordunun süngüləri
üstündə Estoniyaya Sovet hakimiyyəti gətirildikdən
sonra SSRİ Yazıçılar İttifaqının xətti
ilə həyata keçirilmişdi və əsasən
siyasi-ideoloji mahiyyət daşıyırdı(Sözgəlişi
deyək ki, jurnalın 1940-cı ilin noyabr və dekabr
aylarında buraxılmış 4-cü və 5-ci sayları
rus və Ukrayna ədəbiyyatlarının, 1941-ci ilin
martında çıxmış 3-cü sayı isə erməni
ədəbiyyatı və incəsənətinin Estoniya SSR-də
təbliğinə həsr edilmişdi. Lakin bu,
tamam başqa mövzu olduğuna görə, indi üstündə
dayanmaq istəməzdik. - M.H.).
Sözügedən
layihə çərçivəsində jurnalın Azərbaycan
mədəniyyətinə həsr edilmiş sayında “Azərbaycan
xalqının ədəbiyyatı” adlı icmaldan savayı,
şairə və tərcüməçi Adelina Adalisin
(1900-1969) “Misli görünməmiş dəyişikliklər
ölkəsi” oçerki, yazıçı və ədəbiyyatşünas
Marietta Şaqinyanın (1888-1982) “Azərbaycan nəsri
haqqında” məqaləsi, sənətşünas və
bibliofil Yulius Genssin (1887-1957) “Azərbaycan mədəniyyəti
haqqında fraqmentlər”
başlıqlı yazısı çap edilmişdi.
Göstərilən
qeyri-azərbaycanlı müəlliflərin məqalələri
ilə yanaşı jurnalda eston oxucularının mühakiməsinə
klassik Azərbaycan poeziyasından bir neçə nümunə
- Nizaminin “Leyli və Məcnun” poemasından “Məcnunun
qarğa ilə söhbəti” hekayəsi, Molla Vəli Vidadinin
“Durnalar” qoşması, Xurşidbanu Natəvanın “Sevgi nəğməsi”
şeiri və Sabirin “Bakı fəhlələrinə”
satirası verilmişdir. Nizaminin və Vidadinin əsərlərini
estoncaya şair, yazıçı və publisist Bernard Kangro
(1910-1994) çevirmişdir. Sabirin
satirası Meeme Murang təxəllüslü məşhur
eston ədibi, şair və tərcüməçi Uku Mazing
(1909-1985) tərəfindən tərcümə edilmişdir.
Natəvanın göstərilən şeirini isə
təəssüf ki, hələ kimliyini öyrənə bilmədiyimiz
M.R.inisiallı bir müəllif çevirmişdir.
Azərbaycan
ədəbiyyatı haqqında jurnalda getmiş icmal çərçivəsində
“Kitabi-Dədə Qorqud” eposu ilə bağlı eston
oxucularına belə məlumatlar təqdim olunmuşdur:
“Azərbaycan xalqının min illik tarixi olan zəngin ədəbiyyatı
vardır. Əsrlər boyu şiddətli dini basqı və
ağır feodal münasibətlərinin hökm
sürdüyü şəraitdə Azərbaycan
xalqının yaratdığı bənzərsiz poeziya inciləri
dünya ədəbiyyatı tarixində özünəlayiq
yer tutaraq möhkəm zəmində dayanır. Nizami,
Xaqani, Füzuli və Vaqif kimi böyük söz
ustalarının poetik irsi Azərbaycan xalqının nə qədər
istedadlı xalq olduğunu təsdiq edən bariz nümunələrdir.
Azərbaycan
ədəbiyyatının məşhur abidəsi - qədim qəhrəmanlıq
dastanı olan “Kitabi-Dədə Qorqud”un Azərbaycan
şifahi xalq ədəbiyyatının kamilləşmə
dövrünün gözəl nümunəsi kimi XI əsrdə
formalaşdığı güman edilir (XVI əsrdə
yazıya alınmışdır). “Kitabi-Dədə
Qorqud” dastanının baş obrazları cəsur qəhrəmanlar,
xalq sevgisini qazanmış igid döyüşçülər
və sərt savaşçılardır ki, onlar
ayrı-ayrı boylarda təsvir və vəsf olunublar.
Dastanın boylarında xalqın tarix boyu
apardığı qəhrəmanlıq mücadiləsi təsvir
olunub, xalq hikməti, onun arzuları, duyum və inancları tərənnüm
edilib. Eposda savaş ənənələrinin ciddiliyi və
amansızlığı cəngavərlərin (igidlərin -
M.H.) nəcibliyi vəqəhrəmanlığı ilə vəhdət
təşkil edir. Dədə Qorqud igidləri
dağlarda qurulmuş çadırlarda yaşayırlar,
çəmənlərdə onların at ilxıları bəslənilir.
Bu səhnələrdən onların
yarıköçəri həyat tərzinə aid spesifik məlumatlar
əldə etmək mümkündür. Dastanda
insanların yaylaq həyatı, saldıqları barlı-bəhərli
bağlar və üzümlüklər, patriarxal məişət
qanunları, döyüşçülərin və sadə
adamların həyat çətinlikləri obrazlı dillə
təsvir olunub. Bütün bunlar parlaq və
gerçək səhnələrdə öz əksini taparaq xəlqi
ruhu, sadəliyi və insaniyyətliyilə diqqəti çəkir.
Boylarda həmçinin cəsarətli və nəcib
qadınlar təsvir edilib. Özünün toy günündə
savaşa yola düşən gənc ərənlərin
adaxlıları həmişəlik onlara sədaqətli
qalacaqlarına söz verib belə and içirlər: “Qoy məni
abırsız gəlin adlandırmaqdansa, bəxtsiz gəlin
çağırsınlar!”.
“Kitabi-Dədə
Qorqud” eposu tarixi və bədii önəmi baxımından
“İqor polku haqqında dastan”, “Roland dastanları”, “Nibelung nəğmələri”,
“Kalevala” və digər klassik abidələrlə bir sırada
durur...”.
AKADEMİK
TƏRCÜMƏ STRATEGİYASI
Bu
publikasiyadan təxminən 70 il keçdikdən
sonra - 2008-ci ildə “Kitabi-Dədə Qorqud”un özü
Tallində “Kiil” (“Cırcırama”) nəşriyyatı tərəfindən
ilk dəfə eston dilində buraxılıb işıq
üzü gördü. (“Dada Gorgudi raamat”.
Tallinn, Kirjastus “Kiil”, 2008, 270 lk. ISBN 978-9949-15-611-5).
Dastan
estoncaya tərcümə edilərkən əsərin
dilçi alim Samət Əlizadə (1938) tərəfindən
çapa hazırlanmış və 1999-cu ildə “Yeni Nəşrlər
evi”nin xətti ilə buraxılmış
nəşrindən orijinal qismində istifadə olunmuşdur. Epos bütünlüklə (müqəddimə və
on iki boy) eston dilinə çevrilib nəşr edilmişdir.
“Kitabi-Dədə Qorqud” dastanını eston dilinə
tanınmış tərcüməçi Anneli (Annely)
Pekkonen və Estoniyada yaşayan ziyalı həmvətənimiz
Vidadi Məmmədov birgə tərcümə ediblər. Tərcümənin
təşəbbüskarı, işin təşkilatçısı,
kitabın tərtibatçısı və xüsusi redaktoru
V. Məmmədovdur. Mütərcimlər
eposun tərcüməsi və nəşrə
hazırlanması üzərində iki ildən artıq bir
müddətdə - 2006-2008-ci illərdə mütəmadi
olaraq çalışıblar.
Bu nəşrlə bağlı şübhəsiz ki,
bizi ilk növbədə maraqlandıran sual budur ki, dastan eston
dilinə necə tərcümə olunub?! Tərcüməçi V.
Məmmədovla “Kitabi-Dədə Qorqud”un
estonca nəşri, eston dilinə tərcümənin spesifik
xüsusiyyətləri, qarşıya çıxan çətinliklər
və onlardan çıxış yolları barədə
apardığımız yazışmaların birində o, bu
suala cavab olaraq belə açıqlamalar verdi:
“Dastanı eston dilinə çevirməzdən əvvəl
tərcüməni hansı oxucu dairəsi üçün edəcəyimiz
barədə fikirləşdik. Əlbəttə, ən
asan yol eposun estonca sadələşdirilmiş mətnini
hazırlamaq idi. Belə olan halda, sonsuz sayda ədəbiyyat toplamaq,
qalaq-qalaq kitabları vərəqləmək,
saysız-hesabsız tədqiqat əsərlərini oxuyub
müqayisələr aparmaq və daha nələr, nələr
üstündə baş sındırmaq lazım gəlməzdi.Lakin
biz akademik tərcümə strategiyasını seçdik.Çalışdıq
ki, dil baxımından zəngin bədii-poetik palitrası ilə
seçilən abidəni estoncaya tam dolğunluğu və
obrazlı dillə çevirək. Tərcümə
zamanı deyimlərdəki (söyləmələr,
oxşamalar və s.) intonasiya və ritmlərin, heca
sayının və qafiyələrin saxlanılmasına xüsusi
diqqət yetirdik. Bu, əlbəttə ki, çox çətin
bir iş idi və buna tam nail olmaq zənnimcə,
qeyri-mümkündür.
Ümumiyyətlə,
nəzərdən qaçırmaq olmaz ki, “Kitabi-Dədə
Qorqud”un mətni ilk baxışdan asan
göründüyü qədər də çətindir. Xüsusən də, başqa dilə çevirmək
üçün. Üstəlik, eston
dilinin müstəsna dərəcədə özünəməxsusluqları
vardır ki, bu da şübhəsiz, tərcüməni
asanlaşdıran faktorlardan deyildir. Misal
üçün qeyd edək ki, eston dilində ismin 14 halı
vardır. Həm də ki, bu dildə xeyli
sayda diftonqlar, hətta bir sözdə 4, 5 və yaxud 6 saitin
birləşik yazılıb tələffüz edildiyi leksik
vahidlər vardır. Odur ki, şeirləri
eston dilinə tərcümə edən zaman heca sayını
saxlamaq, və yaxud Azərbaycan poeziyasına xas olan daxili qafiyələri
qorumaq cəhdi həmişə uğurla nəticələnmir.
Amma biz çalışdıq ki, “Kitabi-Dədə
Qorqud”u eston dilinə Oğuz-türk ellərinin Atası Dədə
Qorquda layiq səviyyədə çevirək”.
Qeyd olunmalıdır ki, A. Pekkonen həm istedadlı ədəbiyyatşünas
və tərcüməçi, həm də ana dilimizin
bilicisi olaraq Azərbaycan ədəbiyyatına və
etnokulturoloji dəyərlərinə çox yaxın bir
ziyalıdır. Bu, onun “Kitabi-Dədə Qorqud”u estoncaya uğurla tərcümə
etməsilə yanaşı, həm də kitaba
yazdığı geniş və dərin məzmunlu
sözardından (estonca - J?rels?na)
aydınca görünüb təsdiqlənir. Sözardı
sübut edir ki, A. Pekkonen Azərbaycan və dünya
qorqudşünasları tərəfindən eposun müfəssəl
öyrənilib yayımlanması sahəsində indiyədək
Avropa xalqlarının dillərinə edilmiş tərcümələrlə,
ən müxtəlif səpkilərdə və kəsimlərdə
aparılmış elmi araşdırmalarla, çeşidli təhlillərlə,
həmçinin bu sahədə hazırlanmış
mühüm akademik nəşrlər və digər tədqiqat
işləri ilə yaxından tanışdır.
A. Pekkonen
sözardını hazırlayan zaman ünlü tərcüməçilər
və nüfuzlu qorqudşünaslar - Bakı Dövlət
Universitetinin professoru S. Əlizadə, ədəbiyyatşünas
professor Azad Nəbiyev (1945-2012), folklorşünas professor
Xalıq Koroğlu (1919-2002), folklorşünas alim, filologiya
elmləri doktoru Bəhlul Abdullayev (1940-2011), folklorşünas
və türkoloq professor M. Fahrettin Kırzıoğlu
(1917-2005), İstanbul Universitetinin Fəxri doktoru Orhan Şaik
Gökyay (1902-1994), şərqşünas alim Henrix Fridrix fon
Dits (1751-1817), məşhur italyan şərqşünası
Ettore Rossi (1894-1955), Oksford Universitetinin professoru Geoffrey Levis
(1920-2008), şərqşünas rus akademikləri Vasiliy
Bartold (1869-1930) vəViktor Jirmunski (1891-1971), folklorşünas
rus professorları Eliazar Meletinski (1918-2005) və Serqey Neklyudov
(1941), Rusiya Elmlər Akademiyası Şərqşünaslıq
İnstitutunun əməkdaşı, türkoloq və
qorqudşünas alim Tatyana Anikeeva və digər müəlliflərin
“Kitabi-Dədə Qorqud”un tədqiqatı ilə bağlı
işləyib ortaya qoyduqları mühüm yapıtlardan
istifadə etmiş və yaradıcı surətdə bəhrələnmişdir.
Odur ki, 33 səhifəlik həmin
sözardını heç bir tərəddüd etmədən
dastan barədə yüksək elmi səviyyədə
hazırlanmış əhatəli araşdırma işi kimi
qəbul etmək olar.
Dastanın
eston nəşri “Kitabi-Dədə Qorqud”un
söz lüğətinə aid çox geniş spektri əhatə
edən 122 adda şərhlər və izahlarla təmin olunub. Çox anlaşıqlı və hərtərəfli
əsaslandırılmış şəkildə təqdim
edilmiş bu izahlar eposun tərcüməçiləri tərəfindən
yazılmışdır. İzahları əsaslandıran
mənbələrdən məlum olur ki, A. Pekkonen və V. Məmmədov
onları hazırlayarkən 20 müəllifdən artıq
qorqudşünasın və ilahiyyat üzrə alimin tədqiqat
işlərinə əsaslanıblar. Bunun nəticəsi
olaraq işin səviyyəsindən aşkar görünür
ki, izahlar böyük məsuliyyətlə və xalis peşəkarlıqla
hazırlanmışdır. V. Məmmədovun
özünun sözləri ilə desək, “onlar çox ciddi
şəkildə çalışıblar ki, eston oxucusu əsəri
oxuyarkən onun “Bu nə deməkdir?” sualı cavabsız
qalmasın”.
BƏNZƏR
DƏYƏRLƏRƏ SÖYKƏNƏN FƏALİYYƏT
Tərcüməçilərin
yaradıcılıq fəaliyyəti ilə bağlı
vurğulamaq istərdik ki, A. Pekkonen və V. Məmmədov
uzun illərdir ki, Estoniyanın ədəbi-mədəni və
ictimai həyatında xüsusi dəsti-xətti olan və az
rast gəlinən fəal tandem olaraq uğurla iştirak edirlər.
Onları yaradıcılıq cəhətdən ilk növbədə
bir-birinə yaxınlaşdıran mühüm mənəvi
amillərdən biri etnikcə fin əsilli Estoniya vətəndaşı
olan Anneli xanımın Azərbaycana bəslədiyi dərin
hörmət hissləri, həmçinin dilimizə və ədəbiyyatımıza
göstərdiyi yaradıcılıq marağı, azərbaycanlı
Vidadi bəyin isə ana dilimizlə yanaşı, eston dili və
mədəniyyətinə göstərdiyi yüksək diqqət,
həqiqi vətəndaş və ziyalı münasibətidir.
Bununla
yanaşı onları həyatda ideya və məslək silahdaşlarına
çevirən bir çox ortaq dəyərlər,
oxşar ictimai baxışlar, əqidələr və digər
mənəvi ümumiliklər vardır. O ümumiliklər ilk
növbədə bu tandemin milli və ümumbəşəri
dəyərlərə eyni bucaq altında bəslədikləri
sayğını, müstəqil Azərbaycan və Estoniyanın
mədəni tərəqqisi naminə gördükləri
müştərək işləri əhatə edir, həmçinin
eyni zamanda onların demokratik ideallara, fəaliyyət və
seçim azadlığına, vətəndaş cəmiyyəti
quruculuğunun baza prinsiplərinə eyni platformadan
yanaşmalarını əks etdirir.
Burda bir lirik haşiyə çıxıb göstərmək
istərdik ki, bu tandemin yaradıcılıq münasibətləri
əsrarəngsiz ədəbiyyat dünyasından və
gözəl poetik duyğular məkanından kök atıb
rişələnib. Məmnunluq hissi ilə qeyd edək ki, bir
zaman sonra həmin münasibətlər onların arasında
qarşılıqlı sevgi hisslərini yaratdı, Vidadi bəylə
Anneli xanımın qəlblərini bir-birinə
bağladı, yaradıcılıq yolları kimi həyat
yollarını da birləşdirdi. Və
onlar əl-ələ verib həyatın mürəkkəb və
çətin yollarına çıxdılar. Gün gəldi ki, bu cütlüyün qəlbi
övlad sevincinə büründü. İndi Vidadi bəy
ömür-gün yoldaşı ilə birlikdə Sevinc və
Humay adlı iki gözəl qızını
böyüdürlər...
A.Pekkonenin
Azərbaycan ədəbiyyatı ilə yaradıcılıq əlaqələrinin
o biri qütblərini və əhatə dairəsini göstərmək
məqsədi ilə qeyd edək ki, o, “Kitabi-Dədə
Qorqud”dan əlavə, məşhur detektiv yazıçı və
publisist Çingiz Abdullayevin 3 kitabını - “Mənim
gözəl alibim”, “Vahimələr tuneli” və “Özün
üçün bir dünya yarat” adlı kriminal romanları
2008-2010-cu illərdə ruscadan eston dilinə tərcümə
edib. Bunlarla yanaşı, Qurban Səidin “Əli
və Nino” populyar romanını estoncaya çevirib 2014-cü
ildə Tallində nəşr etdirib. Göstərilən
kitabların və həmçinin Ç. Abdullayevin tərcüməçi
Mae Taal tərəfindən tərcümə edilmiş daha bir
əsərinin - “Demək olar ki, ağla sığmayan qətl”
romanının eston dilində işıq üzü görməsində
V. Məmmədov tərtibatçı və yaxud xüsusi
redaktor qismində iştirak edib.
Dastanın estoncaya tərcümənin həmmüəllifi
Vidadi Məmmədovun həyat və fəaliyyəti
haqqında bəzi bilgiləri təqdim edərkən qeyd edək
ki, o, 3 sentyabr 1959-cu ildə Füzuli rayonunun Veysəlli kəndində
dünyaya gəlib. 1984-cü ildən Estoniyada yaşayır.
Bu ölkənin vətəndaşıdır.1990-cı
ildə Tallin Texniki Universitetini bitirib. Azərbaycan
diasporunun tanınmış təmsilçilərindən
biridir. 1988-ci ildə Estoniyada ilk Azərbaycan
diaspora təşkilatını - “Ocaq” Cəmiyyətini
yaratmış təşəbbüs qrupunun fəal
üzvü, həmçinin 1989-cu ilin dekabr ayından
1994-cü ilə qədər Tallində nəşr edilmiş
(müəyyən fasilələrlə) “Ocaq” qəzetinin
Baş redaktoru olub.
V. Məmmədov
uzun illərdir ki, həm də Azərbaycan-Estoniya ədəbi-mədəni
əlaqələrini genişləndirib inkişaf etdirmək
üçün konkret işlər görür. İndiyədək
bu sahədə bir sıra uğurlu layihələr həyata
keçirib.Onun imza atdığı mühüm işlərdən
biri 2000-ci ildə “Eston Dili Fondu” tərəfindən Tallində
buraxılmış müxtəsər “Azəri-eston
lüğəti”dir. O, ədəbi-mədəni əlaqələrimiz
tarixində ilk dəfə olaraq hazırlanıb çap
edilmiş bu qiymətli və vacib lüğətin müəllifi
kimi Estoniyada geniş tanınıb.
Geniş istifadəçi dairəsi üçün nəzərdə tutulmuş və 12 min sözdən ibarət olan bu lüğətin ərsəyə gəlməsində müəllifə çox vacib akademik yardım göstərən şəxslərdən biri A. Pekkonen olmuşdur. Elə buna görədir ki, V. Məmmədov sözügedən nəşrə yazdığı müqəddimədə “lüğətin hazırlanmasında əvəzsiz köməyi olmuş, Azərbaycan dili və ədəbiyyatının böyük pərəstişkarı Anneli Pekkonenə (...) öz dərin minnətdarlığını bildirmişdir”.
Önəmli haldır ki, V. Məmmədov göstərilən akademik işi ilə kifayətlənməmiş və bu sahədə fəaliyyətini davam etdirərək 2006-cı ildə daha bir lüğəti - 12 mindən artıq leksik vahidi ehtiva edən “Estonca-azərbaycanca sözlük” nəşrini hazırlayıb “Eston Dili Fondu”nun xətti ilə Tallində çap etdirmişdir.
Ümumən bunların hamısına baxmayaraq, A. Pekkonen və V. Məmmədovun indiyədək birgə imza atdıqları yaradıcılıq işlərinin ən önəmlisi şübhəsiz ki, “Kitabi-Dədə Qorqud”un estoncaya tərcüməsidir.
BÖYÜK OĞUZ BƏYLƏRİNİN MƏDHİ
Bu yarımbaşlığı təsadüfi seçmədik. Dastanın estonca nəşrinə yazılmış ön söz elə beləcə də adlanır: - “Böyük Oğuz bəylərinin mədhi” (“Suurte oguusi beide kiituseks”). Dörd səhifəlik bu giriş məqaləsinin müəllifi tanınmış eston ictimai-siyasi və mədəni xadimi Andres Herkeldir (1962). Məqalədən aydın görünür ki, müəllif Azərbaycan folkloru və yazılı ədəbiyyatının həm həvəskarı, həm də yaxşı bilicisidir. Odur ki, o, ön sözdə eston oxucusunu dastanın ruhuna uyğun axarda kitabın mahiyyətinə kökləyə bilib.
A. Herkel 1999-cu ildən Estoniya Respublikası Riigikogunun (Parlamentinin) üzvü, Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Estoniya nümayəndə heyəti sədrinin müavini və AŞPA-nın Monitorinq Komitəsinin Azərbaycan üzrə sabiq həmməruzəçisi olaraq Azərbaycan ictimaiyyətinə siyasətçi kimi kifayət qədər yaxşı tanış olan şəxsdir. Odur ki, bu yazımızda daha çox onun yaradıcılıq fəaliyyəti ilə bağlı və geniş ictimaiyyətə az məlum olan bəzi bilgiləri təqdim etmək istərdik.
A.Herkel Tartu Universitetinin məzunudur (1985). Burada
psixologiya və tarix elmləri üzrə təhsil alıb.
Görkəmli eston tarixçisi, tərcüməçi,
şərqşünas alim və buddoloq tədqiqatçı
Linnart Mallın (1938-2010) elmi fəaliyyətinin təsiri
altında şərqşünaslıqla məşğul
olmağa başlayıb. 1998-ci ildə
Tartu Universitetində “Qədim Hind abidələrində
mifoloji psixologiya” mövzusunda magistr işini müdafiə
edib. Klassik sanskrit dili ilə
maraqlanır.
O,
Estoniyada öz dəsti-xətti ilə seçilən
yazıçı-publisist kimi tanınıb. Şeir
və esselər də yazır. 1997-2012-ci
illərdə estonca nəşr edilmiş bir sıra
kitabların müəllifidir. Bir neçə
ədəbi ödülün sahibidir. 2010-cu
ildə “Azərbaycan məktubları” (“Aserbaidzaani kirjad”)
adlı iki hissədən ibarət kitabı işıq
üzü görüb.
İndi dastanın nəşrinə qayıdaraq qeyd edək ki, “Kitabi-Dədə Qorqud” estonca iç və üz qrafikası özəl tərtibatla işlənmiş halda, yüksək poliqrafik keyfiyyətlə və nəfis şəkildə çap edilmişdir. Dastanın belə səviyyədə işıq üzü görməsində azərbaycanlı sənətkar, istedadlı rəssam Fəxrəddin Seyfəddinoğlunun (1962) danılmaz əməyi vardır.Onun “Kitabi-Dədə Qorqud”a miniatür üslubda çəkdiyi 6 ədəd rəngli rəsm kitaba illüstrasiyalar kimi daxil edilmişdir. İllüstrasiyaların stilizasiya edilmiş iki görüntüsündən həm də kitabın üz və arxa qabığının dizayn tərtibatında istifadə olunmuşdur.
Nəşrdə yer almış illüstrasiyalar əsasən batal lövhələr üslubunda yaradılmış kompozisiyalardan ibarətdir. Rəssam bu əsərlərdə qarışıq fiqurların ayrı-ayrılıqdakı görüntülərini verməklə qədim oğuzların yurd yerləri və yaşamına aid cəlbedici səhnələr yaratmışdır.Belə ki, əli qopuzlu xalq ozanı Dədə Qorqudun möhtəşəm təsvirləri, rəngbərəng çadırlar, müxtəlif geyimlər və çeşidli məişət əşyaları, qara zurna, nağara və təbil sədaları altında ozanların müşayiəti ilə keçirilən el şənlikləri, digər təlatümlü mərasimlər, əsrarəngsiz təbiət lövhələri, quşlar və bitkilər aləminə aid görüntülər, boz qurd və ev heyvanlarının (at, it, dəvə və s.) fiqurları, fövqəltəbii varlıqlar,növbənöv silahlar (qılınc, ox, nizə, dəbilqə, qalxan, sapand)və s. elementlər yüksək sənətkarlıqla düşünülüb işlənmişdir. Bütün bunlar ayrı-ayrı fraqmentlər şəklində çəkilməsinə baxmayaraq müəllif batal lövhələrdə dastanın ana xəttini və milli ruhunu vəhdət qayə müstəvisində təsvir edərək səhnələrin daxili və zahiri bütövlüyünə, müxtəlifliyin dinamika və rəng ahəngdarlığına nail olmuşdur.
Düşünürük ki, Azərbaycan rəssamı fırçaya aldığı gözəl və dərin məzmunlu bu lövhələr vasitəsilə dastanın etnoloji, kulturoloji və mifoloji çalarlarını eston oxucusunun təxəyyülündə ustalıqla canlandırıb dərk etdirə bilmişdir.
lll
Beləliklə, “Kitabi-Dədə Qorqud” eposunun 1978-2013-cü illərdə Baltik xalqlarının dillərində nəşr edilib yayımlanmasını, heç bir tərəddüd etmədən beynəlxalq ədəbi-mədəni hadisələrə aid etmək olar. Göstərilən tərcümələr və dastanın öyrənilib tanıdılması vektorunda Baltik ölkələrində aparılmış tədqiqat işləri, işıq üzü görmüş yazılar və nəşrlər zənnimizcə, “Kitabi-Dədə Qorqud”un dünya xalqlarının mənəvi sərvətlər xəzinəsinə daxil edilməsinin gerçəklərini əks etdirən zəngin salnamənin orijinal və qiymətli səhifələridir.
Bununla yanaşı, həmin işlərin məcmusu sayəsində Azərbaycan və Baltik xalqlarının çoxəsrlik ədəbi-mədəni və ictimai əlaqələri tarixində hər zaman aktual olaraq qalacaq xüsusi bir ədəbi-mədəni mərhələ - geniş anlamda desək, “Kitabi-Dədə Qorqud” mərhələsi təşəkkül tapmışdır. Dastanın eston, latış və litva dillərinə edilmiş tərcümələri, eyni zamanda Azərbaycan etnosunun islamaqədərki formalaşma tarixinin çox mühüm bir dövrünü əks etdirən qədim oğuz abidəsinin ekvivalentləri olaraq, türkün keçmişi və milli kimliyinin Baltik ölkələrində tanıdılması, etnokulturoloji dəyərlərimizin yayımlanması və Baltik xalqları ilə etnoslararası əlaqələrimizin adekvat modelinin qurulması istiqamətində müstəsna əhəmiyyət kəsb edir...
Vilnüs - Riqa - Tallin - Bakı,
1983-2016-cı illər
Mahir
HƏMZƏYEV
Litva Azərbaycanlıları
Cəmiyyətinin sədri, Litva Respublikası Hökuməti
yanında Milli İcmalar Şurasının üzvü
mahir.hemzeyev@post.skynet.lt
525-ci qəzet.- 2016.- 19 noyabr.- S.10-11.