Xalq yazıçısı Anar: "Son 25 ildə nəşr olunmuş 50-yə qədər kitabım üçün bir qəpik də almamışam"

 

Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anarın müsahibəsi

 

- Anar müəllim, bu yaxınlarda xatirələrinizi yazmağınız barədə açıqlamanızı oxudum. İstəyirəm müsahibəyə elə bundan başlayaq. Sizin xatirələriniz çap olunub. Məsələn, “Əsrin əsiri” kitabınızda. Yazmadığınız nələr qalıb?

 

- Əgər “Əsrin əsiri” kitabımla tanışsınızsa, razılaşarsınız ki, orda xatirələrim çap olunmayıb. Ömrümün ayrı-ayrı epizodları, məsələn, 1989-91-ci illərdə Moskvada SSRİ Xalq deputatı kimi fəaliyyətim haqqında bəzi şeyləri xatırlanır. Xatırladıramsa, bu həyatımın yalnız iki illik parçasıdır. 78 yaşlı adamın xatırlayası şeylər qat-qat çoxdurömür yolum haqqında yazmadıqlarım yazdıqlarımdan dəfə-dəfə artıqdır. İndi üzərində işlədiyim kitab isə “Keçən keçdi, olan oldu” adlı anılar, düşüncələr romanıdır.         

 

- Xatirə yazmağı ümumilikdə yazıçılığın qürubu adlandırmaq olarmı?

 

- Nəyi necə adlandırmağı sizin ixtiyarınıza buraxıram. Əgər bu zərif atmaca mənim ünvanımadırsa, bəzi şeyləri aydınlaşdırmağa məcburam. “Keçən keçdi, olan oldu” romanını hələ ötən əsrdə, daha dəqiq desək, 1997-ci ildə yazmağa başlamışam. Təəssüf ki, üzərində ardıcıl işləyə bilmədiyimçün ildən-ilə, daha doğrusu, yaydan yaya keçib. Çünki əsəsən iri yazıları yay aylarında işləyirəm. İndi 2016-cı ildir. Bu iyirmi ildə, yəni sizin təbirinizcə “yazıçılığımın qürub illərində” iki povest - “ qoç, qara qoç”, və “Göz muncuğu”, bir roman “Kərəm kimi”,  bir neçə hekayə (hekayələrimin “inşa” adlandırılması bunu deyənlərin insafına qalsın), iki tammetrajlı bədii filmin ssenarisi -  Cavid ömrü”, “Sübhün səfiri”, onlarla məqalə, esse yazmışam. Bax belə bir “yazıçılıq qürubu” yaşayıram. Xatirə romanı yazdığım müddətdə ədəbiyyatın müxtəlif başqa janrlarında da yazılar yazmaq planlarım çoxdur. Odur ki, həsrətlə qürubumu gözləyənlərin gözləri hələ çox yol çəkəcək.

 

- Xatirələrinizdə yazmısınız ki, o vaxt SSRİ Ali Sovetində Baltikyanı ölkələrin nümayəndələri üçlükdə Qorbaçovla görüşsələr də, gürcülər, ermənilər və azərbaycanlılar onunla ayrılıqda müzakirə aparırdılar. Artıq o dövrdən xeyli vaxt keçib. Qarabağ münaqişəsinin həlli istiqamətində erməni yazıçılarla dostluq yaradılması istiqamətində hər hansı görüşlər, müzakirələr təşkil oluna bilər?

 

- Zənnimcə yox. Əgər Ermənistan Azərbaycan torpaqlarının iyirmi faizini işğal edibsə, Ermənistan ərazisindən 200 min azərbaycanlı amansızcasına qovulubsa, Dağlıq Qarabağdan və ətraf rayonlarımızdan milyona yaxın insanımız yerindən-yurdundan didərgin salınıbsa və bir nəfər belə erməni yazıçısı buna qarşı etiraz səsini qaldırmayıbsa, biz kiminlə dostluq əlaqəsi qura bilərik? Amma bununla belə, bir neçə fikrimi bildirmək istərdim. Əvvəla, bugünkü Ermənistanın müharibə cinayətkarları rejiminə qarşı bütün qəzəbimizi ifadə etməklə, balayanlar kimi fitnəkarları damğalamaqla birlikdə (damğalamışıq da, həm də Moskvada, şəxsən özünün iştirak etdiyi qurultayda) bütünlüklə erməni xalqını düşmən elan etməməliyik. Hətta Stalin kimi barışmaz və güzəştsiz adam müharibənin şıdırğı vaxtında “Hitlerlər gəlib gedir, alman xalqı və alman dövləti isə qalır” demişdi. Əgər Dağlıq Qarabağın Azərbaycana qaytarılmasına inanırıqsa və burda ermənilərin yaşaması bir faktdırsa, onda bizsiz düşmənimizsiniz” deməklə nə qazanırıq? Elə ermənilərin də dediyi odur ki, bu iki xalq bir yerdə yaşaya bilməz. Əksinə, biz deməliyik ki, əsrlərlə bir yerdə yaşamışıq və yenə də yaşaya bilərək. Bir şərtlə ki, Azərbaycanın ərazi bütövlüyü təmin olunsun. Fikrimcə, təbliğatımız onu da vurğulamalıdır ki, sadə erməni xalqı, o cümlədən Qarabağ erməniləri provakatorların girovuna çevrilib.

 

Dağlıq Qarabağın Azərbaycanın tərkibində qalması həm Qarabağdakı, həm də Ermənistandakı erməni xalqının xeyrinədir. Bunu faktlarla asan isbat etmək olar. Ermənistan nə qədər diaspordan dilənə-dilənə, böyük dövlətlərin vassalı olaraq, təcrid olunmuş halda yaşaya bilər? Demoqrafik faktoru, Azərbaycanda əhali artımını, ermənilərin axın-axın ölkələrini tərk etməsini nəzərə alsaq, bir neçə il sonra Qafqazda azərbaycanlılarla ermənilərin müqayisə olunmaz nüfuz fərqi həlledici amilə çevriləcək. Bu, bir. İkincisi, çalışmalıyıq erməniləri, ilk növbədə Dağlıq Qarabağ erməniləri, siyasətçiləri arasından az-çox ayıq başla hərəkət edənlərlə münasibətlər quraq, onları bu danılmaz gerçəyə inandıraq ki, Dağlıq Qarabağ məsələsinin ədalətli həlli ermənilərin də xeyrinədir. Üçüncü vacib məsələ, Ermənistandan qovulmuş azərbaycanlıların problemidir. Biz nədənsə bu məsələni qabartmırıq, çox vaxt müdafiə mövqeyindən çıxış edirik. Məncə, ideoloji, təbliğat hücumuna keçməyin vaxtı çoxdan yetişib. Ermənistandan, dədə baba yerlərindən çıxarılmış azərilərin hüquqlarının pozulmasını, insan haqlarına təcavüz kimi beynəlxalq səviyyədə qaldırmalıyıq. Bəlkə də xüsusi bu işlə məşğul olan mötəbər qurumun yaradılmasına ehtiyac var. Qarabağ məsələsi təzə qalxanda Mərkəzi Komitədə müşavirədə çıxış edərkən “Dağlıq Qarabağın muxtariyyəti olduğu halda, biz də Ermənistanda kompakt yaşayan azərilər üçün muxtariyyət tələb etməliyik” dedim. Məni qınadılar ki, biz hələ Qarabağ məsələsini həll etməliyik, sən isə ortalığa Göyçə-Zəngəzur məsələsini çıxarırsan. O vaxt əmindim, indi də əminəm ki, Ermənistan azərilərinin muxtariyyəti məsələsində israr etsəydik, biz yox, ermənilər müdafiə vəziyyətində qalardı.

 

Bütün azərilərin Ermənistandan çıxarıldıqlarından sonra paritet məsələsi aradan qalxdı və biz bu “kozır”ımızı itirdik. Ermənistandan qovulan həmmillətlərimizin ilk on minini Dağlıq Qarabağda yerləşdirmək təklifimiz də qulaq ardına vuruldu. Əminəm ki, Ermənistandan çıxarılan ilk on min Dağlıq Qarabağda yerləşdirilsəydi, ermənilər bu işi sonacan davam etdirə bilməzdilər. Nə isə. Yazıçı sözünə kim qulaq asır kiSon vaxtlar Ermənistandan qaçıb Avropaya sığınan bir neçə erməninin Bakıya gəlməsi, bəyanatları, Xocalı soyqırımına görə üzr istəmələri, abidəyə əklil qoyub baş əymələri bəlkə də erməni şüurunda yaranan ayılmanın ilk işartılarıdır. Onları pisikdirməməliyik, əgər səmimidirlərsə, haçansa bu cür düşünən insanların Ermənistanda artacağına və gücə malik olacağına zəif də olsa ümid yaranır. Belələri ilə ünsiyyətdə olmağa hazırıq.

 

- Anar müəllim, müxtəlif ölkələrdə kitablarınız çap olunur, satılır. Həmin kitablara görə qonorar alırsınız, yoxsa siz də gənc yazıçılar kimi buşirin nemət”dən məhrumsunuz?

 

- Son iyirmi beş ildə nəinki xarici ölkələrdə, o cümlədən Türkiyədə və Rusiyada, hətta Azərbaycanda nəşr olunmuş əlliyə qədər kitabım üçün bir qəpik Azərbaycan manatı, türk lirəsi, rus rublu, dollar, ya yevro almamışam. Əksinə, Azərbaycanda bəzi kitablarımı öz hesabıma çap etdirməyə məcbur olmuşam. Gənc yazıçılardan fərqim bundan ibarətdir. Amma onlar heç olmasa yazılarını internetə qoyurlar, mən bunu da bacarmıram. Yeri gəlmişkən, bir faktı da açıqlayım. Moskvanın mötəbər nəşriyyatı öz təşəbbüsü ilə mənim bir cildliyimi buraxmaq istədi. Dedim ki, çoxdandı Moskvada nəşr olunmamışam, bir yox, iki cildliyimi buraxdırmaq istərdim. Dedilər, onda ikinci cild üçün vəsaiti özünüz tapmalısınız. Hətta nəşriyyat müdirliyi qabağa düşüb özləri Moskvada yaşayan iki azərbaycanlı milyarderə müraciət etdi. Hər ikisi müxtəlif bəhanələrlə imtina etdi. Mənə yer eləyən o oldu ki, һәmin nәşriyyat Moskvada yaşayan erməni oliqarxlarından adı bədnam Zori Balayanın kitabının nəşri üçün maddi yardım istəyəndə, erməni varlıları “bir kitab niyə?” deyə, o cızmaqaraçının səkkiz cildinə vəsait ayırıblar. Mirzə Cəlil demişkәn,  “ermənilər pis adamdır, biz yaxşıyıq”. Amma Azərbaycanda bir xeyirxahımın ikinci cildi maliyyələşdirdiyini deməyi və ona minnətdarlığımı bildirməyi borc bilirəm. Adının çəkilməsini isə özü istəmədi.

 

- Ötən müsahibəmizdə demişdiniz ki, gəncləri oxumağa vaxt tapa bilməmişəm. Üstündən bir il keçib, indi necə, gənclər sizin vaxtınıza layiq görülüblər?

 

- Mәsәlә layiq olub olmamaqlarında deyil. Bunu yalnız oxuduqdan sonra müəyyənləşdirə bilərəm ki, oxumağa dəyərdi, ya yox, oxuyub sevindim, ya sərf etdiyim vaxta heyfsiləndim. Amma vaxt qıtlığı doğrudan da mənim üçün çox ciddi problemdir.

 

Hətta bir çox çağdaş dünya yazıçıları “layiqolsalar da onları oxumağa vaxt tapa bilmirəm. Amma necə deyərlər, bala-bala bizim gəncləri də oxuyuram. Maraqlı yazılarına sevinirәm. Hәlәlik ad çәkmәk istәmirәm. Çünki kiminsə adını çəkəndə gərək bir az ehtiyatlı olum. Bir neçə il bundan əvvəl gənc şairlərdən biri kitabını mənə bağışlamışdı. Oxudum, gördüm yaxşı şeirləri də var. Bu barədə haradasa dedim. Dərhal o qədər lovğalandı, elə mənim barəmdə elə yekə-yekə danışmağa başladı ki, dedim, tövbə, mərifətinə bələd olmadığın adamlar haqqında bir iki babat yazısına görə qiymət verməyə tələsmə. Həm də sonradan məlum oldu ki, elə bir atımlıq barıtı varmış.

 

- Səhv etmirəmsə, ötən il məbləği on min manat olan Prezident mükafatı heç bir gənc yazıçıya verilmədi. Bunun səbəbi nədir və bu il nəzərə alınacaqmı?

 

- Bu mükafat tәsis olunandan sonra ilk tәqdim etdiyimiz gәnc müəllif mükafatı aldı. Keçən il təqdim etdiyimizə isə mükafat verilmədi. Bu il yenә tәqdim etmişik, görәk, necə olur. Biz ancaq tәqdim edә bilirik, son qәrarı biz vermirik.

 

- Ortaq türk dili məsələsi hələ də açıq qalır. Sizin bu məsələ ilə bağlı fikirləriniz müzakirə və tənqid olunmuşdu. Ortaq türk dilinin yaradılması  mümkündürmü?

 

- Bu barədә fikirlәrimin һarada vә kim tәrәfindәn tәnqid olunduğu şəxsən mәnә mәlum deyil. Әksinә, son illәr Türkiyədə keçirilәn bir çox tәdbirdә mәhz mәnim təklif etdiyim düstur әsas götürülür. Yәni illər boyu söylədiyim budur ki, Türkiyə türkcəsi türk xalqlarının ortaq iletişim - rabitə, ünsiyyət dili olmalıdır. Bu fikri ortaq türk dili məsələsi qaldırılandan bəri daima deyirəm və indibunun üstündə dururam. Gəlin, bu məsələyə populist, alqışlara hesablanmış cəhətdən yox, gerçəkçi yöndən yanaşaq. Çox qədimlərdən müxtəlif qollara ayrılmış türk dilləri - oğuz, qıpçaq, qarluqs. qruplar bu gün ortaq bir dillə əvəz oluna bilərmi? Hansı dillə? Qazax Türkiyə türkünə deyəcək: mən “jipək” yox, “ipək” deyim, amma sən də “yıldız” yox, “jıldız” de ki, ortaq dildə danışaq.  Əlbəttə yox, nә üçün qazaxlar, qırğızlar, özbəklər, türkmənlər, tatarlarbiz Azərbaycan türkləri ən çətin illərdə assimilyasiya cəhdlərinə qarşı duraraq doğma dilimizi qoruyub saxlamışıqsa, indi müstəqillik dövründə onun esperanto kimi şərti və süni bir dilə dəyişək?

 

Yox, əgər bu ortaq dil Türkiyə türkcəsi kimi düşünülürsə, bu da məqbul deyil, niyə görə biz Mirzə Fətəlinin, Həsən bəy Zərdabinin, Mirzə Cəlilin, Sabirin, Cəfər Cabbarlının dilindən imtina etməliyik? Mən bunu bilmirdim, son vaxtlar bildim ki, böyük Məhəmməd Əmin Rəsulzadə də bu məsələdə məhz bu mövqedə imiş. Yəni hər türk xalqının öz ana dilini yaşatmasının vacibliyini müdafiə edirmiş. Amma problemə ayrı yöndən yanaşsaq – yəni Türkiyə türkcəsinin türk xalqları arasında iletişim, ünsiyyət dili olmasını istəsək - bu tamam başqa məsələdir və bunu bütün türk xalqları qəbul edər. Çünki əhalisinin sayına görə də, ən çox müstəqillik tarixinə malik olduğuna görə də, çeşidli sahələrdə gəlişmiş, inkişaf etmiş dilinə görə də Türkiyənin buna haqqı var.

 

Belə bir ünsiyyət dili, rus dili var deyə bilərlər. Hələ uzun zaman bizə gərək olan rus dilini unutmadan bir yakut bir türkmənlə, azərbaycanlı qazaxla, çuvaş uyqurla Türkiyə türkcəsində danışa bilsə, bunun nəyi pisdir? Həm də türk dünyasının böyük sahələrində Türkiyədə, Balkanlarda, Kiprdə, İraqda, Cənubi Azərbaycanda, Çində, Əfqanıstanda yaşayan türk xalqları rus dilini bilmir. Amma hələ də Türkiyədə keçirilən tədbirlərdə keçmiş SSRİ-nin türk xalqlarının nümayəndələri (azərbaycanlılardan başqa) rus dilində çıxış edir və çıxışları onlar üçün rus dilinə çevirirlər. İyirmi beş illik müstəqillik dövründə ortaq dil haqqında xəyallara qapılmaqdansa, bu ölkələrdə Türkiyə türkcəsini öyrənmək daha faydalı olardı.

 

- Rok ifaçısı Bob Dilan Nobel mükafatına layiq görüldü. Deyəsən, tarix sizin “Qarabağın bir kəndini Nobelə dəyişmərəm” fikrinizi təsdiq edir

 

- Bob Dilanın yaradıcılığı ilə tanış deyiləm, odur ki, bu barədə bir şey deyə bilmərəm. Nobel mükafatı məsələsi son illər Azərbaycanda məşğulata çevrilib. Məndən soruşanda ki, Azərbaycan yazıçısı haçan Nobel mükafatı alacaq, deyirəm, ölkəmizin yığma futbol komandası dünya çempionu olanda.

 

- Xəyyam Mirzəzadə bizə müsahibəsində deyib ki, Yazıçılar  və Bəstəkarlar ittifaqları mahiyyətini itirib. Bəstəkarın ittihamına cavabınız nədir?

 

- Deyib-deyib də, canı sağ olsun. Yəqin Xəyyam dostumuzun Bəstəkarlar İttifaqı ilə problemi var, heç bir dəxli olmadığı Yazıçılar Birliyi də Bəstəkarlar İttifaqı ilə qonşu olduğu üçün yadına düşüb. Yazıçılar Birliyinin cəmiyyət üçün vacib mahiyyətini və fəaliyyətini yüksək dəyərləndirən unudulmaz öndər Heydər Əliyevin, Prezident İlham Əliyevin, Bəxtiyar Vahabzadənin, Çingiz Aytmatovun, İsa Muğannanın, Oljas Süleymenovun fikirləri bizimçün daha önəmlidir.

 

- Aşıqlar Birliyinin sədri Məhərrəm Qasımlı APA-ya müsahibəsində deyib ki, vaxtilə birliyə tibb bacıları, avtobus sürücüləri üzv olub, onları çıxarmışıq. Eyni hal Yazıçılar Birliyində də varmı və birlikdə bu sahədə islahat aparıla bilərmi?

 

- Yazıçılar Birliyinin iki minə yaxın üzvü sırasında tibb bacılarının, avtobus sürücülərinin olub-olmadığını deyə bilmərəm. Amma əgər varsa, onlar tibb bacısı, ya sürücü kimi deyil, bədii yaradıcılıqlarına görə üzv qəbul olunublar. İslahat, ya başqa sözlə desək birlikdən kimlərisə xaric etmək məsələsi asan deyil. Kimə və necə isbat etmək olar ki, o qalanlardan daha az layiqdi üzv olmağa?

 

O saat cild-cild kitablarını, haqqında yazılan tərifli məqalələri çıxardacaq ki, mən kimdən əskiyəm? Ədəbi islahatı Yazıçılar Birliyinin üzvlərindən yox, ümumən ədəbi mühitimizdən, mətbuatımızdan, TV və radio kanallarından, internetdən başlamaq lazımdır ki, orda qrafomanlıq baş alıb getməsin. Və qrafomanlar özləri haqqında mədhiyyələr yazdırmasın.

 

- Sizi FETÖ-çülükdə ittiham edirlər. Bu barədə geniş danışmağınızı xahiş edirəm. Bu ittiham nədən irəli gəlir?

 

- Yəni belə bir ittiham da var? Bunu ilk dəfə sizdən eşidirəm. Görünür, sizin hansısa xüsusi informasiya mənbələriniz var ki, mənim özümə məlum olmayan ittihamları çatdırırlar. Əgər baş tutarsa, gələn müsahibəmizdə mənə İŞİD-in ideoloqu olmaqda, ya Hillari Klintonun məğlubiyyətinə səbəbkar olmaq haqqında ittihamları çatdırsanız,  təəccüblənmərəm. Odur ki, belə mənasız ittihamlarageniş, nə dar cavab verməyi lazım bilirəm.

 

- Uzun müddətdir Azərbaycanda Xalq yazıçısı və Xalq şairi fəxri adları verilmir. Səbəb nədir? Ümumilikdə Siz kimləri bu fəxri adlara layiq bilirsiniz?

 

- Mən ümumiyyətlə, fəxri adların əleyhinəyəm. Bunu dəfələrlə açıq şəkildə söyləmişəm. Keçmiş sovet respublikalarından başqa dünyanın heç bir yerində belə adlar yoxdur. O da hamısında yoxdur. Məsələn, Rusiyada Xalq şairiXalq yazıçısı adları olmayıb. Ordenlər, medallar, mükafatlar var, amma bu sayaq fəxri adlar yoxdur. Madam ki, bizdə bu adlar var mənim özümə verilib, indi artistlərə, bəstəkarlara, rəssamlara, jurnalistlərə bir çox peşə sahiblərinə verilir, yazıçılara, şairlərə niyə verilməsin? Fəxri adlar siyahısını hələ iki il bundan qabaq, 2014-cü ildə XII Qurultayımız ərəfəsində təqdim etmişəm. Gözləyirik.

 

- Şabrandakı Yazıçıların Yaradıcılıq Evi məsələsi hələ açıq qalıb. Bildiyim qədər Rəssamlar Bəstəkarlar ittifaqlarının nümayəndələri ilə birlikdə münasib yer seçilib. Bu məsələ nəyə görə hələ həllini tapmır?

 

- Düz deyirsiniz, Bəstəkarlar Rəssamlar ittifaqlarının rəhbərləri ilə Şabrana gedib münasib yer seçmişdik. Bu yerdə tikiləcək yaradıcılıq evlərinin, kotejlərin layihələri tərtib olunub. Mən bu layihələrlə tanışam. Aralığa dünya iqtisadi böhranı düşdü. Ümid edirəm ki, bu məsələ öz müsbət həllini tapacaq. Fürsətdən istifadə edib bildirmək istəyirəm ki, yazıçıların mənzil, məişət qayğıları, fəxri adlar, təqaüdlər, Şüvəlanda vaxtilə qaçqınları yerləşdirdiyimiz Yaradıcılıq evimizin boşaldılması daim diqqətimizdədir. Hamısı ilə əlaqədar dəfələrlə müvafiq yerlərə müraciətlər etmişik. Bəziləri müsbət həllini tapıb, bəzilərinə cavab gözləyirik. Amma bu cari işlərimiz həllini tapmayınca, müraciətlərimiz, təşəbbüslərimiz haqqında aləmə car çəkməyi lazım bilmirik.

 

Cavid Zeynallı

 

525-ci qəzet.- 2016.- 19 noyabr.- S.8-9